Məhkəmə qərarları › İş №1(006)-484/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-484/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-484/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində şəxsiyyəti istintaqa məlum olmayan «Akif» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,208 qram narkotik vasitə heroini 10 manata əldə edib özündə saxlayaraq daşımış və həmin tarixdə saat 12:40 radələrində Nəsimi RPİ- nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPl-nin 19-cu PŞ-yə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan «Argo» markalı siqaretin içərisindən 01 bükümdə təmiz çəkisi 0,208 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadəsində göstərmişdir ki, 27.05.2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində «Akif» adlı şəxslə görüşərək ondan narkotik vasitə olan «heroini» 10 manata almışdır. Həmin günü saat 12:40-da ünvan 6 ünvanın qarşısında olarkən mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ondan üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığını soruşduqda, o, məsuliyyətdən yayınmaq üçün guya üzərində qanunsuz heçnə olmadığını bildirmişdir. Buna baxmayaraq həmin polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparacaqlarını, bunun üçün video çəkilişdən istifadə edəcəklərini bildirmiş və o, buna etiraz etməmişdir. Bundan sonra video çəkiliş aparılmağa başlanmışdır. Çəkiliş zaman polis əməkdaşları bir daha ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuş və bu zaman o, məcburiyyət qarşısında qalıb üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra o, masaya yaxınlaşaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan «Argo» markalı siqaretin içərisindən sarı gümüşü kağıza bükülmüş 1 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünü açdıqda isə onun içərisində narkotik vasitə olan heroin olmuşdur. Polis əməkdaşları ondan narkotik vasitəni hardan əldə etdiyini soruşmuş və o, bildirmişdir ki, heroini Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində «Akif» adlı şəxsdən 10 manata almışdır. Sonra həmin maddə boş zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Onlar həmin görüntüyə baxmış, bu barədə protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilməsini, məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, 27.05.2021-ci il tarixdə «Həsən» adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, özündə saxlayaraq daşıması və onu qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılmas məqsədilə 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlə bağlı o və əməliyyat müvəkkili Şahid2 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsinə gedib əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Saat 12:40-da həmin küçədə 68 nömrəli ünvanın qarşısında «Həsən» adlı şəxsin dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan üzərində qanunsuz hər hanı bir əşyanın olub-olmadığını soruşmuşlar. Həmin «Həsən» adlı şəxs üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirsə də, onlar sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPl-nin 19-cu PŞ-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1-da qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 16 B, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs 19-cu PŞ-nin inzibati binasındakı xidməti otaqların birində PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elçin Bədəlzadə tərəfindən müdafiəçi təyin edilmiş və Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata alınması üçün mütəxəssis dəvət edilmişdir. Onun, PŞ-nin əməliyyat müvəkkili Şahid2, PŞ-nin təhqiqatçısı Elçin Bədəlzadənin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssis Hasil Həsənlinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan «Argo» markalı siqaretin içərisindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim edib masanın üzərinə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu Nəsimi rayonu, Cavadxan küçəsindən «Akif» adlı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi büküm məhkəmə- kimyəvi ekspertizasına təqdim edilməsi üçün boş zərfin içərisinə qoyulub qablaşdırılaraq DİN-in 187 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PB-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu göy rəngli cins şalvarın sağ yan cibində olan «Argo» markalı siqaretin içərisindən siqaretin gümüşü rəngli iç kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 101-104-cü vərəqələrində olan 29 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla başqa terə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 161-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 avqust 2021-ci il tarixdən hesablanmaqla 20 sentyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 219-220-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 60-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2021-ci il tarixli 6/2118 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) ...M sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Narkotik vasitə olan heroinin təmiz çəkisi 0,208 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş və 0,158 qram qalıq qalmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı qəpik) müəyyən edilmişdir. Cinayət işinin 112-113-cü vərəqəsində olan 31 may 2021-ci il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertiza keçirildikdən sonra qalmış 0,158 qram narkotik vasitə olan “heroin” maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin 171-177-ci vərəqələrində olan 26 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 169-170-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X1 ekspert komissiyasının 23.08.2021-ci il tarixli 3014 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asililiq siniromu (narkomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 iyun 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 26 may 2017-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinin 147-151-ci vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPl-nin 19-cu PŞ-nin xidməti otaqların birində polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə 27 may 2021-ci il tarixdə saat 14-30 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində olan «Argo» markalı siqaretin içərisindən sarı gümüşü kağıza bükülmüş 1 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir və o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparmağa başlanılmışdır, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümlü açılaraq həmin bükümün içərisindəkinin nə olduğunu deməyi ona təklif olunmuşdur və o həmin bükümün içərisində olan narkotik vasitənin "heroin” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, haradan, necə və nə məqsədlə əldə etməyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və məhkumluğunun olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 03 avqust 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 23 avqust 2021-ci il tarixli, 3014 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan 0,158 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsnin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,158 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar