Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-486/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,573 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 12:00 radələrində ünvan 4 ünvanın qarşısında Nəsimi RPİ-nin 22-ci PŞ-nin və BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın qabaq sağ kiçik cibindən 01 ədəd kağız bükümün içərisində olan 02 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,130 qram və 0,443 qram, ümumi təmiz çəkisi 0,573 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 iyun 2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsində olan zaman polislər onu saxlamış, polis bölməsinə dəvət etmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman üstündən bir büküm narkotik vasitə çıxmışdır. Həmin narkotik vasitənin çəkisi 0,130 qram olmuş və özünə məxsus olmuşdur. Həmin narkotik vasitəni “Papanin” adlanan ərazidən 20 manata almışdır. Qalan 0,443 qram çəkisi olan narkotik vasitə onun olmamışdır. Belə ki, o, həmin gün 0,500 qram narkotik vasitə almış, onun ¾-nü istifadə etmiş, qalanı qalmışdır. Bölmədə olan zaman videoçəkiliş də aparılmışdır. İkinci büküm ona məxsus olmamışdır. O, ibtidai istintaq zamanı ifadəsinə qol çəkən vaxt oxumağa halı olmamış, ifadəsinə oxumamış qol çəkmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, onlara "Kamran" adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəflərindən əməliyyat tədbiri həyata keçirilmiş və Təqsirləndirilən şəxs saxlanılmış, şöbəyə dəvət olunmuşdur. Təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində heroin aşkar olunmuşdur. Baxış və axtarış istintaq hərəkəti aparılarkən həmin narkotik vasitəni Təqsirləndirilən şəxs özü cibindən çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, "Kamran" adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlamış, şöbəyə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş, onlarla gəlmişdir. Şöbədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şalvarının cibindən narkotik vasitə olan heroin çıxmışdır. Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim etmişdir. Həmin narkotik vasitənin çəkisini xatırlamır, lakin iki bükümdə idi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid3 Cəmyət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində onlara əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbiri keçirilmiş, şəxsə yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Bölmədə üzərinə baxış keçirilən zaman şəxsin özü də səmimi etiraf etmişdir ki, narkotik vasitədən istifadə edir və üzərində var. Sonra çıxarıb təqdim etmiş, onlar da sənədləşdirmişlər. O, Baş Narkotiklərlə Mübarizə İdarəsində işləyir, gündə ən aşağısı on nəfər adam tuturlar, bu hadisə də 2-3 ay bundan əvvəl olmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə bənzər qəhvəyi rəngli maddə olmuş və siqaretin kağızına bükülmüşdür. Bir və ya iki büküm olduğu dəqiq yadında deyil. Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədəninində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs ayağa qalxaraq hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan boz rəngli cins şalvarın qabaq sağ kiçik cibindən içərisində 02 (iki) ədəd büküm olan 01 (bir) ədəd kağız bükümünü çıxarıb masanın üstünə qoyur, həmin maddənin heroin olduğunu və onu “Papanin” adlanan ərazidə hər biri 10 manat dəyərində olmaqla, iki bükümü 20 manata aldığını bildirir. Video görüntünün 15:35-ci dəqiqəsində Təqsirləndirilən şəxs masanın üstünə qoyduğu 01 (bir) ədəd kağız bükümün içərisində 02 (iki) ədəd büküm olması aydın müşahidə olunur. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 22.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.24-25); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.93-95); - Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 22.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, həmin gün narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilinərək Nəsimi RPİnin 22-ci PŞ-nin və BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilməsi, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın qabaq sağ kiçik cibindən 01 (bir) ədəd kağız bükümün içərisində olan 02 (iki) ədəd bükümlərdə qəhvəyi rəngli toz şəkilində narkotik vasitəyə bənzər “kokos” deyilən vasitənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (İ cild, i.v.46-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 23.06.2021-ci il tarixli 6/2539 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - 2 (iki) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0.130 qram və 0.443 qram, ümumi təmiz çəkisi 0.573 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (İ cild, i.v.58-62); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 16.08.2021-ci il tarixli, 2891 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v.123-124); - “Sübutların qiymətləndirilməsi haqqında” 28.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 (bir) ədəd kağız bükümün içərisində olan 02 (iki) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0.130 qram və 0.443 qram, ümumi təmiz çəkisi 0.573 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 28 avqust 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır və ekspertiza tədqiqatından sonra qalığı qalmış 0.523 qram narkotik vasitə heroinin qalığı ibtidai istintaqın yekununda saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə verilmişdir (İ cild, i.v.126-129); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 19.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 16.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.100-103). Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin bir bükümdə olmaqla 0,130 qram çəkidə olmasına dair vermiş olduğu ifadəyə tənqidi yanaşır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təkzib edilir. Məhkəmə hesab edir ki, bu ifadə özünümüdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 22 iyun 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 16 avqust 2021-ci il tarixli, 2891 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,523 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,523 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-486/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-486/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver