Məhkəmə qərarları › İş №1(006)-486/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-486/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-486/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1966-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,754 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 23:25-də idarə etdiyi “Renault Megane” markalı, **- SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforda dayanarkən Nəsimi RPİ-nin X2 və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli kətan şalvarının sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,754 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində, saat 23:25 radələrində tanışı X9 ilə birlikdə idarə etdiyi “Renault Megane” markalı **-SM-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində olan zaman, mülki geyimdə olan 2 nəfər şəxs avtomobilə yaxınlaşmışdır. Həmin şəxslərin yaxınlaşmasından qorxuya düşərək avtomobili sürməyə başlamış və bu zaman həmin şəxslərdən biri avtomobilin açıq vəziyyətdə olan pəncərəsindən salona daxil olmuş və avtomobili saxlamağını tələb etmişdir. Həmin şəxsin hərəkətdə olan avtomobilin içərisinə daxil olaraq ona mane olması nəticəsində idarəetməni itirmiş və avtomobil “Hyatt Regency” adlı otelin qarşısındakı dayanacağın səkisinə çırpılmışdır. Daha sonra polis əməkdaşları onları avtomobildən düşürərək onların narkotik vasitələrin saxlanmasında, istifadəsində şübhəli olduqlarını bildirərək Nəsimi RPİnə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə idarəyə həmin gün saat 23:45 radələrində getmişdir. Polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli kətan şalvarının sol yan cibindən bir ədəd polietilen sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm aşkar edilmiş, aşkar edilmiş bükümün içərisindəki maddənin “kakos” adlanan narkotik vasitə olduğunu demiş və xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində “Təzə Bazar” adlanan ərazidə “Arif” adlı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Bundan sonra ondan aşkar edilən narkotik maddəyə bənzər 01 ədəd polietilen sellofana bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq, ekspertizaya təqdim ediləcəyi bildirilmiş və şəxsi axtarışda onunla birlikdə iştirak edən şəxslər tərəfindən protokola imza edilmiş, daha sonra isə avtomobilinə baxış keçirilmiş və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşman olduğunu bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 19 avqust 2022-ci il tarixdə Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuş və məlumat nəticəsində bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Nəsimi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3, Nəsimi RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat tədbirinə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində Təqsirləndirilən şəxs və digər şəxsin olduğu avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qorxduğundan avtomobili sürərək uzaqlaşmağa çalışmış, lakin avtomobil tərəflərindən saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər şəxsə özlərini təqdim edərək, onları hansı səbəbə görə saxladıqlarını demişlər. Bundan sonra həmin şəxsləri Nəsimi rayon Polis İdarəsinə gətirmişlər və polis idarəsində videoçəkilişlə üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs özünün şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitəni götürmüşlər. Daha sonra qeyd olunan çəkiliş barədə sənədləşdirmə aparılmış və narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin NMBnin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid4, Şahid3 və X9 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid4, Şahid3 və X6 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Saleh Salahzadə tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Nəsimi RPİ-nin cinayət axtarış üzrə kiçik inspektorları Şahid4 və Şahid3, mütəxəssis X3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi əynindəki boz rəngli kətan şalvarının sol yan cibinə baxılmışdır. Həmin vaxt onun sol yan cibindən 01 ədəd polietilen sellofana bükülmüş büküm aşkar edilib götürülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra onun şalvarının sağ yan cibinə baxılmış və heç bir əşya aşkar edilməmişdir. Bundan sonra onun əynindəki köynəyinin boyun hissəsinə, şalvarının digər cibinə, habelə ayağında yay üslublu başmağına baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ayaqqabısını geyinməsini, üst başını səliqəyə salması xahiş olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli kətan şalvarının sol yan cibindən götürülmüş 01 ədəd polietilen sellofana bükülmüş şəffaf bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddə-narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin narkotik maddəyə bənzər kütlənin nə zaman, neçiyə və haradan aldığını soruşduqda o, xx.xx.2022-ci il tarixdə “Köhnə Təzə Bazar” adlanan ərazidən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə bənzər 01 ədəd polietilen sellofana bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Nümayiş ilə bağlı iştirakçılardan şikayətin olub-olmadığı soruşulduqda heç kimin şikayətinin olmadığı məlum olmuşdur. Bundan sonra çəkiliş yenidən başlanılmış və çəkilişin Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində keçirildiyi bildirilmişdir. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu idarəyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirmişdir. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 47-49). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4420 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N188” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,754 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 62-64). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki ümumi çəkisi 0,754 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra 0,704 qram qalığın saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 166-177). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 4922 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 135-136). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 gün vaxtından əvvəl şərti azad edilmiş və 08 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i/v 106-109, 119-126, 127-130). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:25-də şübhəli şəxs qismində saxlanılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-426/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 23-24, 99-102). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,754 qram olmuş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,704 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-486/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,754 qram olmuş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,704 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar