Məhkəmə qərarları › İş №1(006)-488/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-488/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-488/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində övlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 485 qram küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla özü ilə X17 vağzalına daşımış, X8 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 22 iyun 2021-ci il tarixdə, saat 15:50-də, Sabunçu rayonu, X17 vağzalı ərazisində saxlanılaraq X8 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və İdarənin növbətçi hissəsində həmin gün saat 16:40da, üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki qəhvəyi rəngli köynəyin qarın nahiyəsində gizlətdiyi bir ədəd qara sellofan bükümün içərisindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 485 qram olan, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, tutulduğu dövrədək narkotik vasitələrdən müxtəlif vaxtlarda istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 10 gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində zibil tullantıları olan ərazidə dəmir yığarkən yerdən qara sellofana bükülmüş vəziyyətdə bir büküm tapmış, həmin büküm diqqətini çəkdiyinə görə açıb içərisinə baxdıqda içərisində narkotik vasitə «marixuana» olduğunu görmüşdür. Həmin narkotik vasitəni yaşadığı evə aparıb həyətdə heç kimin görmədiyi yerdə şəxsi istifadəsi üçün gizlətmişdir. 22.06.2021-ci il tarixdə evdən çıxanda həmin narkotik vasitəni gizlətdiyi yerdən çıxararaq əynindəki köynəyinin qarın hissəsində gizlədib X17 vağzalı ərazisinə getmişdir. X17 vağzalında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu X8 Polis İdarəsinə gətirmişlər. Polis idarəsində polis əməkdaşlarının iştirakları ilə üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı əynindəki köynəyinin qarın nahiyəsində gizlətdiyi içərisində narkotik vasitə «marixuana» olan qara rəngli büküm aşkar olunaraq götürülmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Cinayət Axtarış Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. DYNPİ-nin CAŞ-nə, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan 30-36 yaşlı «Abas» adlı şəxsin «Sabunçu» dəmir yolu stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitənin istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuş, tədbirin keçirilməsinə icazə verildikdən sonra «Abas» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Sabunçu dəmiryolu stansiyasının xidməti ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» 22.06.2021-ci il tarixli qərara əsasən o, qrup rəhbəri, DYNPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Oqtay oğlu isə qrup üzvü təyin edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlanılmış, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn şəxs, yəni sonradan ad və soyadını bildikləri Təqsirləndirilən şəxs saat 15:50-də X17 stansiyasının ərazisində saxlanılmış, həmin şəxsə özlərini təqdim edərək narkotik vasitə barədə sorğu-sual edilərkən həmin şəxs narkotik vasitəni bədəninin qarın hissəsində gəzdirdiyini dedikdən sonra həmin şəxs DYNPİ-nin növbətçi hissəsinə gətirilmişdir. İdarədə şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli köynəyin qarın nahiyəsində gizlətdiyi bir ədəd qara sellofan büküm aşkar olunmuş, həmin büküm açıldıqda içərisindən narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə «marixuana» olduğunu, həmin «marixuana»nı tutulmazdan 10 gün əvvəl Balaxanı qəsəbəsində zibilxanadan tapdığını və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 da, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı Elnur Rzayev tərəfindən tərtib edilmiş və həmin İdarənin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, DYNPİ-nin KTQ-nun inspektoru X7, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 22 iyun 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bütün qeyri-qanuni əşya və sənədləri masanın üzərinə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli köynəyinin qarın nahiyəsindən bir ədəd qara sellofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisindən ağ rəngli bağlama aşkar olunmuşdur. Həmin bağlama açılan zaman içərisindən yaşılımtıl rəngli, kəskin iyə malik otabənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bağlamanın içərisindəki maddə narkotik vasitə olan marixuanadır, həmin narkotik vasitəni 10 gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki zibillikdən tapmış və öz şəxsi istifadəsi üçün saxlamışdır. 22 iyun 2021-ci il tarixdə, saat 15:20 radələrində X17 Vağzalının ərazisində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və narkotik vasitənin saxlanılması və istifadəsində şübhəli olduğuna görə polis idarəsinə dəvət etdiklərini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş kütlə iştirakçıların müşayiəti altında qablaşdırılaraq möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video görüntü çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır (i/v 24). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 7/586 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs götürülmüş...” sözləri yazılmış kağız paketdə qara rəngli polietilin torbanın içərisində bir ədəd sellofanda təmiz çəkisi –485,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (i/v 32-33). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 28 avqust 2021-ci il tarixli, 3131 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 99-100). İş materiallarında olan “Maddi sübut kimi tanımaq və saxlanması üçün verilməsi haqqında” 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 485,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 484,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına verilməsi qərara alınmışdır (i/v 77). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 92-93). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 4(006)-244/2021 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 21, 67-68). İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Həbsə düşən günə kimi ailəsi ilə birgə ünvan 3 ünvanda yaşayıb, onun və ailəsinin barəsində Balaxanı qəsəbə nümayəndəliyinə yazılı surətdə şikayət ərizəsi daxil olmamışdır (i/v 75). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və X8 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 485,0 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 484,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv ediməlidir Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-488/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qərara əsasən 08 sentyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və X8 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 485,0 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 484,95 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmün icrası X8 Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar