Məhkəmə qərarları › İş №1(006)-488/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-488/2022

16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-488/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 avqust 2022- ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin və Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 10:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq PB-yə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 1,956 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat təxminən 10:05 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini təqdin etmiş, sonra hərəkətlərinin şübhəli olduğunu bildirərək saat 10:20-də Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət edilmiş, üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O, əynindəki qara rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddəni masanın üzərinə qoymuş, bundan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmiş, sonra isə o, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmiş, həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə isə uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2022-ci il tarixində “Sovetski” adlanan yerdə adını xatırlamadığı şəxsdən 80 manata şəxsi istifadəsi üçün aldığını bildirmi.dir. Bundan sonra iştirakçılara həmin şəffaf sellofan içində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı möhürlənmiş və sonra protokol tərtib olunmuş, protokol oxunmuş və doğru tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, cavan olmasını, atasının İİci dərəcəli ümumi gözdən əlil olmasını, anasının Hepatit “C” xəstəliyindən əziyyət çəkməsini və açıq ürək əməliyyat keçirməsini, bacısının birinci nikahdan olan oğlunun onun himayəsində olmasını və bacısının ikinci nikahdan ərinin onların evinə gəlməsinə icazə verməməsini, evi dolandıran tək şəxs olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 avqust 2022-ci il tarixdə «Mirqurban» adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi istifadə etməsi barədə əvvəlcədən PB-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən PB-nın rəhbərliyi adına raportla müraciət olunmuş, daha sonra isə, DİN-nin BNMİ-nin İİEƏT şöbəsinin əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış və “Mirqurban” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyala keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Mirqurban” adlı şəxsin gələ biləcəyi ünvanın müəyyən edilmiş, daxil olmuş məlumat əsasında həmin tarixdə ünvan 3 ünvanın qarşısına yollanmışlar və birlikdə 11 avqust 2022-ci il tarixdə, saat 08:50 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən sonra, təxminən saat 10:05-də “Mirqurban” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirərək onun üzərinə baxış keçirilməsi məqsədilə 21-ci PB-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs Bölmənin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Nizami Hüseynov tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, DİN-nin BNMİ-nin İİEƏT şöbəsinin əməliyyat müvəkkili Şahid2 eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Bundan sonra sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədəniadə ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibidən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra sonuncuya üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, üzərində hər hansı başqa bir əşya olmadığını bildirmişdir. Sonra isə sonuncunun üzərində axtarış aparılmağa başlanılmış lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində nə olduğu soruşylduqda, o, 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu, həmin bükümü 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixində “Sovetski” deyilən ərazidən adını xatırlamadığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildimişdir. Bundan sonra iştirakçılara həmin şəffaf sello ana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərlə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin Nəsimi RPtnin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin İİEƏT şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli cins şalvarın sağ yan cibidən 01 ədəd şəffaf selofana bükülmüş büküm aşkar olunmuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-102-ci vərəqələrində olan Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi V.Hafizovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 62-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4287 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,956 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,956 qram, tədqiqata sərf edilmiş 0,1 qram, qalıq 1,856 qram olmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi əlavə Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4906 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opiodlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 132-137-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, sonuncudan aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 1,856 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə sonuncunun barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 3 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanaraq ümumi rejimli cəza-çəkmə müəssisəsində cəza çəkməsi qərara alınmışdır. Cinayət işinin 119-123-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(006)-95/2021 saylı qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 3 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanaraq ümumi rejimli cəza-çəkmə müəssisəsində cəza çəkməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-320/2022 saylı qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 52-1.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 06 ay 22 gün hissəsi 01 il 03 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün müddət azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-789/2022 saylı qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 02 (iki) ay 12 (on iki) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 57-ci vərəqəsinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə, saat 12-50dən başlıyaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 21 PB-nin inzibati binasında xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edilir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibidən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan şalvarın cibləri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu bükülünün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu, həmin bükümü 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixində “Sovetski” deyilən ərazidən adını xatırlamadığı şəxsdən 80 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirir. Cinayət işinə əlavə edilmiş Nəsimi rayon ƏSMM-nın xx.xx.2011-ci il tarixli vəsiqənin surətindən görünür ki, X3(təqsirləndirilən şəxsin atası) İİ-ci dərəcəli ümumi gözdən əlildir. Cinayət işinə əlavə edilmiş X10 xx.xx.2022-ci il tarixli X1 və xx.xx.2022-ci il tarixli analizin cavabından görünür ki, X5 (təqsirləndirilən şəxsin anası) Anti-HCV (Hepatit C) və ürək çatışmamazlıq xəstəliyindən əziyyət çəkir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, cavan olmasını, atasının İİ dərəcəli ümumi gözdən əlil olmasını, anasının Hepatit “C” xəstəliyindən əziyyət çəkməsini və açıq ürək əməliyyat keçirməsini, evi dolandıran tək şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, sonradan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 3 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-320/2022 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 52-1.5-ci maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 06 ay 22 gün hissəsi 01 il 03 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 7(002)-789/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasından 02 (iki) ay 12 (on iki) gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və hazırki cinayət işi üzrə yenidən 11 avqust 2022-ci il tarixdə cinayət törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, yenidən eyni tərkibli cinayət əməlini törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 16 dekabr 2022-ci il tarixdən saat 11:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi əlavə Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 4906 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,856 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,856 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar