Məhkəmə qərarları › İş №1(006)-489/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-489/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-489/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulduğu günədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,497 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, qanunsuz olaraq əldə etdiyi psixotrop maddə metamfetaminin 02 bükümdə 0,229 qram hissəsini 08 aprel 2025-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında tanışı Şahid2 10 manat pul müqabilində satmış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:30-da Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 231 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarının cibindən 09 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,033 qram, 0,031 qram, 0,033 qram, 0,016 qram, 0,033 qram, 0,032 qram, 0,025 qram, 0,033 qram olmaqla ümumi təmiz çəkisi 0,268 qram təşkil edən kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə metamfetamindən istifadə edir. 07 aprel 2025-ci il tarixində İran İslam Respublikası vətəndaşından bir büküm psixotrop maddə almış, həmin maddə ona xırda bükümlər şəklində satılmışdır. O, həmin maddəni onu satan şəxsə pul köçürməklə dediyi yerdən, yəni Biləcəri qəsəbəsindən gedib götürməklə əldə etmişdir. Bükümlərin sayı təxminən 7-8 ədəd olmuş, üstündən bir qədər istifadə etmiş, təxminən 5-6 büküm qalmışdır. Aldığı psixotrop maddəni 1-2 gün istifadə edəcəkdi. O, 08 aprel 2025-ci il tarixində səhər saat 10:00 radələrində birlikdə metadon suyu içməyə getmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində tanışı Şahid2 ilə görüşərkən polis əməkdaşları onlara yaxınlaşıb saxlamışlar. Ona yolun ortasında fiziki təzyiq göstərmiş, sonra onları 20-ci polis şöbəsinə aparmış və orada yenidən döymüşlər. Şöbədə təxminən 2 saat qaldıqdan sonra onları yenidən saxladıqları yerə gətirmiş və orada videoçəkilişlə üstlərinə baxış keçirmişlər. Saxlanılan zaman onun üzərində təxminən 5-6 büküm psixotrop maddə olmuşdur. O, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etsə də, polis əməkdaşları həmin maddələrdən Natiqə satmasını bildirməsi üçün ona fiziki təzyiq göstərmişlər. Daha sonra axşam tərəfi şöbədə yenidən videoçəkiliş aparılmışdır. O, narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Natiqə və yaxud başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya verməmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq olunduğu üçün o, ifadəsində Natiqə psixotrop maddə satdığını bildirmişdir. Mobil telefonunda aşkar olunan yazışmalarla bağlı verilən suala cavab olaraq həmin yazışmaları xatırlamadığını bildirmişdir. Daha sonra narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını, himayəsində iki azyaşlı uşağı olduğu üçün barəsidə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət məsuliyyətindən azad edilməklə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs və Şahid2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etmələri, özlərində saxlayaraq daşımaları, istifadəsi və satmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs və Şahid2 cinayət başında yaxalanması və cinayət əməllərinin ifşa olunmasından ötrü ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə şöbə rəhbərliyi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs və Şahid2 cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupuna rəhbər Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təyin olunmuşdur. Qrupun üzvləri isə o və şöbənin kiçik əməliyyat müvəkkili, polis sıravisi Şahid4 təyin olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid2 digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri-mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 2 ünvanın qarşısında olacaqları ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməllərinin ifşa olunması məqsədilə xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Şahid1 və Şahid4 ilə birlikdə ünvan 2 ünvanın yaxınlığında olmuşlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 11:30-da əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs və Şahid2 xarici görünüşü ilə oxşar olan şəxslər görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq adlarını soruşmuş, həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid2 kimi təqdim etmişlər. Polis əməkdaşları həmin şəxslərə özlərini təqdim etmişlər. Daha sonra Şahid4 mobil telefon ilə videoçəkilişə başlamışdır. O isə əvvəlcə Təqsirləndirilən şəxs və Şahid2 narkotik vasitə və psixotrop maddə daşımaları ilə bağlı məlumat olduğunu bildirərək bir daha özlərini təqdim etməklərini xahiş etmiş və həmin şəxslər də özləri haqqında anket məlumatlarını bildirmişlər. Daha sonra isə əvvəlcə Şahid2 üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Şahid2 da könüllü olaraq şalvarının cibindəki 02 ədəd bükümü və 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Şahid2 həmin 02 ədəd bükümdə “patı” olduğunu və yanında olan Emindən aldığını bildirmişdir, daha sonra Şahid2 üstü yoxlanılmış, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş 02 ədəd büküm qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Şahid2 məxsus “Nokia” markalı mobil telefon da götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs də könüllü olaraq şalvarının cibindəki 09 ədəd bükümü və 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olması soruşulduqda “patı” olduğunu və özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş 09 ədəd büküm də qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon da götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs və Şahid2 Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət etmişlər və sonuncular könüllü şəkildə birlikdə şöbəyə getmişlər. Polis şöbəsinə daxil olduqda Təqsirləndirilən şəxs və Şahid2 NH-də şöbəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmış və bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmişdir. Daha sonra isə videoçəkilişə Təqsirləndirilən şəxs və Şahid2 iştirakı ilə baxılmış və onun tərəfindən protokol tərtib edilmiş, protokol imzalarla təsdiqlənmişdir. Araşdırmanın davam etdirilməsi şöbənin təhqiqatçısı Rasim Əliyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs və Şahid2 təhqiqatçı Rasim Əliyevin otağına aparmışlar. Təhqiqatçının otağında olarkən videoçəkilişlə qablaşdırılaraq götürülmüş maddələrə yenidən baxış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs məxsus zərf açılmış və içində olan maddələr iştirakçılara göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən maddənin nə olması soruşulduqda özünün istifadə etdiyi metamfetamin olduğunu, 10 ildir ki, narkotik vasitələrdən, 2-3 ildir ki, metamfetamindən istifadə etdiyini, aşkar olunmuş maddəni İran İslam Respublikasının vətəndaşı Cəmşid adlı şəxsdən xx.xx.2025-ci il tarixdə əldə etdiyini, Cəmşidin M10 hesabına pul göndərdikdən sonra Biləcəri qəsəbəsindən götürürərək əldə etdiyini bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 09 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini Təqsirləndirilən şəxs və iştirakçılar imzalamışdırlar. Daha sonra isə Şahid2 məxsus zərf açılmış və içində olan maddələr iştirakçılara göstərilmişdir. Şahid2 aşkar edilən maddənin metamfetamin olduğunu, özü istifadə etmək üçün üzərində gəzdirdiyini, 3-4 ildir ki, istifadə etdiyini, aşkar edilən maddələri yanında dayanan Təqsirləndirilən şəxs göstərərək Emindən 10 manata aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs bu barədə soruşduqda “bəli” deyərək Natiqin üzərindən aşkar edilmiş maddələri özünün satdığını bildirmişdir. Daha sonra isə Şahid2 aşkar edilərək götürülmüş 02 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərini Şahid2 və iştirakçılar imzalamışdır. Bundan sonra isə videoçəkiliş dayandırılmış, videoçəkilişə baxdıqdan sonra isə protokol tərtib edilmiş və həmin protokola Təqsirləndirilən şəxs, Şahid2 və iştirakçılar imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlu və Nəsimi RPİ-nin 20-ci Polis şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 3-4 ildir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Təqsirləndirilən şəxs 1 saylı X11 metadon suyu içməyə gedib-gələn zaman tanımışdır. 08 aprel 2025-ci il tarixində Təqsirləndirilən şəxs ilə görüşən zaman 3 nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onlara fiziki təzyiq göstərmiş, Təqsirləndirilən şəxs yolun ortasında döymüş, sonra maşına mindirib 20-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində onları yenidən döymüşlər. Saxlanılan zaman onun və Eminin üzərində psixotrop maddə olmamışdır. O, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün cinayət əməlini boynuna almışdır. O, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə və ya psixotrop maddə almamış, onunla bir yerdə narkotik vasitə qəbul etməmişdir. İbtidai istintaq zamanı ifadəsinə oxumadan qol çəkmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrəsi verilmişdir (l cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.29); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir (l cild, i.v.114); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (l cild, i.v.136-137); - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 4(006)-223/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən, saat 11:30-dan hesablanmışdır (l cild, i.v.167-171); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (l cild, i.v.244); - “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (l cild, i.v.278-279); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (l cild, i.v.258-275); - “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və bir ədəd DVD diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 xx.xx.2025-ci il tarixdə saat 11:30-da ünvan 4 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 tərəfindən saxlanılaraq hüquq və vəzifələri izah olunmuş, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs və Şahid2 üstü polis əməkdaşları tərəfindən yoxlanılarkən, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmiş, bundan sonra Şahid2 cibindəki 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri, Təqsirləndirilən şəxs isə cibindəki 09 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmişdirlər, həmçinin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və Şahid2 məxsus 01 ədəd “Nokia” markalı mobil telefon da götürülmüşdür, başqa qanunsuz əşya aşkar edilməmiş, 09 ədəd və 02 ədəd bükümlər ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürülmüşdür (l cild, i.v.9-11); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və bir ədəd DVD diskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs 09 ədəd bükümdə psixotrop maddə metamfetamini, eləcə də, Şahid2 02 ədəd bükümdə psixotrop maddə metamfetamini daşımaqla özündə saxlamaları faktı təsdiq olunmuşdur (l cild, i.v.16-18); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış keçirilən zaman mobil telefonun “Whatsapp” bölməsinə daxil olunmuş, həmin bölmədə +994 50 *** ** ** saylı mobil nömrəsi “Əlişan” kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin tanışı olduğunu bildirmişdir. Həmin şəxslə “Whatsapp” yazışmalara baxdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “salam, Əlişan, yaxşı tema var istəmirsən?”; “daş istəyirsən” sms mətnlərini göndərir. Bundan başqa “Whatsapp” bölməsində +994 50 *** ** ** saylı mobil nömrəsi “Cabir” kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin tanışı olduğunu bildirmişdir. Həmin şəxslə “Whatsapp” yazışmalara baxdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “neçəlik qoyum ora?”; sms mətnini göndərir; Cabir adlı şəxs “bilməsində heç kim, qoyda pulu ataram amma pulum çox yoxdu” sms mətnini göndərmişdir. Təqsirləndirilən şəxs “20 m qoyaram 10 m atarsan” sms mətnini göndərmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxslərin anket məlumatlarını bilmir, tema və daş dedikdə psixotrop maddə metamfetamindən söhbət gedir, “m” dedikdə isə manatdan söhbət getmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin nömrələrin sahibi olan Alişan və Cabir adlı şəxslərə sms mətnləri özü yazmışdır (l cild, i.v.112-113); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,032 qram, 0,033 qram, 0,031 qram, 0,033 qram, 0,016 qram, 0,033 qram, 0,032 qram, 0,025 qram, 0,033 qram ümumi təmiz çəkisi 0,268 qram olan ağ rəngli kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65,00 (altmış beş) manat təşkil edir (l cild, i.v.81-85); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/1318 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Şahid2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,128 qram, 0,101 qram ümumi təmiz çəkisi 0,229 qram olan ağ rəngli kristallik maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (l cild, i.v.86-89); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1410 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə doqquz ədəd bükümdə ümumi təmiz çəkisi 0,223 qram olan metamfetamin ilə üzərində “Şahid2 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,149 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkilik edir. Aparılmış tədqiqatın dəyəri 65,00 (altmış beş) manat təşkil edir (l cild, i.v.225- 229); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 1984 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (l cild, i.v.207-208); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 xx.xx.2025-ci il tarixli, 456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində 08-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (l cild, i.v.217-219); - “Əşyanın maddi sübut kimi tanınması, saxlanca verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (l cild, i.v.180-181); - “Psixotrop maddənin maddi sübut kimi tanınması, saxlanca verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 09 bükümdə ümumi təmiz çəkisi 0,268 qram olan psixotrop maddə metamfetamin və Şahid2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 02 bükümdə ümumi təmiz çəkisi 0,229 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 0,178 qram qalıq hissəsi və Şahid2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 0,139 qram qalıq hissəsi saxlanılması üçün Nəsimi RPl-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (l cild, i.v.230-231); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 09 bükümdə ümumi təmiz çəkisi 0,268 qram olan psixotrop maddə metamfetaminin və xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin 0,178 qram qalıq hissəsinin və “Samsung” markalı mobil telefonun Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddələrin aşkar olunması faktı ilə bağlı görüntülərin əks olunduğu 02 ədəd DVD disk və mobil telefona baxış protokoluna əlavə edilmiş 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (l cild, i.v.258-275); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Quliyev X4 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (l cild, i.v.203-204); - AA2551481 və AA2551479 seriya və nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır (l cild, i.v.187-188). Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 xx.xx.2025-ci il tarixdə saat 11:30-da ünvan 4 ünvanının qarşısında Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid4 tərəfindən saxlanılaraq ilk əvvəl Şahid2 paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü, sağ yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim edir. Şahid2 təqdim etdiyi 02 ədəd bükümün içərisində “patı” adlanan psixotrop maddə olmasını bildirir. Bundan sonra Şahid2 üstü yoxlanılır, lakin başqa hər hansı bir əşya aşkar olunmur. Daha sonra Şahid2 təqdim etdiyi iki ədəd büküm boş zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Şahid2 üzərindən aşkar olunmuş psixotrop maddələri Təqsirləndirilən şəxs aldığını, həmçinin saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirir. Bundan sonra saxlanılan digər şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən şəffaf rəngli sellofan paketin içərisində olan 09 ədəd bükümü, sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir və bükümlərin içərisində “patı” adlanan psixotrop maddə olmasını, narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirir. Təqdim olunan bükümlər polis əməkdaşı tərəfindən sayıldıqdan sonra boş zərfə qoyularaq qablaşdırılır və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, lakin başqa hər hansı bir əşya aşkar olunmur. Verilən suala cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını bildirir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və Şahid2 məxsus 01 ədəd “Nokia” markalı mobil telefon da götürülür. Bundan sonra çəkiliş dayandırılır. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı polis mayoru Rasim Əliyev özünü təqdim etdikdən sonra 20-ci PŞ-nin əməkdaşları tərəfindən 08 aprel 2025-ci il tarixdə saat 11:30 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 231 ünvanında qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs və Şahid2 üzərindən aşkar edilmiş bükümlərin qablaşdırıldığı 02 ədəd zərfə baxış keçirilir. Təhqiqatçı tərəfindən birinci zərf açıldıqda içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 09 ədəd büküm olması, təhqiqatçı tərəfindən həmin bükümlərin içərisinə baxış keçirildikdə isə içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu müəyyən olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan, 20-ci polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki təsirə məruz qalmadığını, üzərindən aşkar olunmuş 09 ədəd bükümdəki maddənin psixotrop maddə metamfetamin olmasını, 10 ildir ki, narkotik vasitədən, 2-3 ildir ki, metamfetamindən istifadə etdiyini, həmin bükümləri Cəmşid adlı İran İslam Respublikasının vətəndaşından sonuncunun M10 hesabına pul göndərdikdən sonra Biləcəri qəsəbəsindən götürərək əldə etdiyini bildirir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən yenidən zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Digər zərf açıldıqda içərisində Şahid2 üzərindən aşkar olunmuş 02 ədəd büküm olması, təhqiqatçı tərəfindən həmin bükümlərin içərisinə baxış keçirildikdə isə içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən olunur. Verilən suallara cavab olaraq Şahid2 həmin bükümdəki maddənin metamfetamin olmasını, həmin bükümləri yanında dayanmış Təqsirləndirilən şəxs 10 manat müqabilində aldığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs Şahid2 psixotrop maddə satması barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddələri Şahid2 özünün satdığını etiraf edir. bundan sonra Şahid2 üzərindən aşkar olunmuş 02 ədəd büküm təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənir və zərfin üstü iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı şübhəli şəxslərdən aşkar olunmuş mobil telefonların sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldüyünü bildirdikdən sonra çəkiliş dayandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi və saxlanılarkən üzərində olan psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi, həmçinin psixotrop maddələri satışı ilə məşğul olmaması, Şahid2 psixotrop maddə satmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 0,268 qram psixotrop maddə metamfetamini 09 ədəd bükümlərə ayırmaqla üzərində gəzdirmişdir. Narkotik vasitənin və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi təqsirkarın həmin maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı nəzərə alınır. Bundan başqa təqsirləndirilən şəxs təqdim olunan əşyaya təhqiqatçı tərəfindən baxış keçirilən zaman, həmçinin ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində Şahid2 02 büküm psixotrop maddə satdığını etiraf etmişdir. Bundan başqa, Şahid2 da saxlanılan zaman, həmçinin üzərlərindən aşkar olunan bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilən zaman üzərindən aşkar olunan 02 ədəd bükümdəki psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs də bunu təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, həmçinin onun istifadəsində olan mobil telefonun “Whatsapp” tətbiqində aşkar olunan yazışmaların mətni ilə də təsdiq olunur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “Whatsapp” tətbiqində olan yazışmalara baxdıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Əlişan” adı ilə qeyd olunmuş +994 50 *** ** ** saylı mobil nömrəsinə “salam, Əlişan, yaxşı tema var istəmirsən?”, “daş istəyirsən” sms mətnlərini göndərmiş və ibtidai istintaq zamanı onun iştirakı ilə həmin yazışmalara baxış keçirilən zaman “tema” və “daş” dedikdə psixotrop maddə metamfetamindən söhbət getdiyini bildirmişdir. Bundan başqa “Whatsapp” bölməsində “Cabir” adı ilə qeyd edilmiş +994 50 *** ** ** saylı mobil nömrəsinə Təqsirləndirilən şəxs “neçəlik qoyum ora?” sms mətnini göndərmiş, Cabir adlı şəxs “bilməsində heç kim, qoyda pulu ataram amma pulum çox yoxdu” sms mətnini göndərmişdir. Məhkəmə istintaqında qeyd olunan yazışmalarla bağlı verilən suallara həmin yazışmaların yadında olmadığını bildirərək cavab verməkdən yayınmış, Əlişan adlı şəxsə “yaxşı tema var istəmirsən?”, “daş istəyirsən”, Cabir adlı şəxsə isə “neçəlik qoyum ora?” yazmaqla nə demək istədiyinə aydınlıq gətirə bilməmişdir. Bundan başqa, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ona psixotrop maddə satmaması, saxlanılarkən özünün və Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmaları ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, Şahid2 istər saxlanılan zaman, istərsə də təhqiqatçı tərəfindən üzərindən aşkar olunmuş bükümlərə baxış keçirilən zaman, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmçinin Şahid2 məhkəmə istintaqında verdiyi ifadəsində özünün də üzərində psixotrop maddə olmamasını qeyd etmiş, halbuki qeyd olunan fakt əsasında barəsində açılmış cinayət işi üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə o, cinayət məsuliyyətinə cəlb olunmuş və həmin hökm tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş Şahid2 hazırkı iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadə heç bir sübutla təsdiq olunmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər hesab edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını bildirməsi iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təkzib edilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 xx.xx.2025-ci il tarixli, 456 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 08-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədiyi qeyd edilmişdir. Bundan başqa Nəsimi rayon məhkəməsinin 4(006)-223/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən saxlandığı zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmadığını, ona heç bir fiziki və mənəvi təzyiq göstərilmədiyini bidirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1984 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,178 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, sübut növü kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə sübut növü kimi qiymətləndirilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,178 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 195 (yüz doxsan beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar