Məhkəmə qərarları › İş №1(006)-49/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-49/2022

06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-49/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 01.08.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində şəxsiyyəti istintaqa məlum olmayan “Eliş” ləqəbli şəxsdən 40 manat nəğd pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,466 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,518 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-tədbirləri nəticəsində 02.08.2021-ci il tarixdə saat 15:10-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 85 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qısa qol dəri gödəkcənin sol yan üst cibindən təmiz çəkisi 0,466 qram olan 1 büküm narkotik vasitə heroin və təmiz çəkisi 0,518 qram olan 1 büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik maddələrin istifadəçisi olsa da, onun barəsində olan istintaq qərəzli olaraq aparılmışdır. 02 avqust 2021-ci il tarixdə, saat 15:00 radələrində çörək almaq məqsədilə ünvan 3 ünvanın qarşısında hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq şübhəli olduğunu deyərək, polis idarəsinə aparmışlar. Onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ona qarşı təzyiqlər olunmuş, videoçəkiş zamanı üzərindən çıxartdığı və polisə təqdim etdiyi psixotrop maddə ona məxsus olmamış, ona şər və böhtan atılmışdır. Qorxduğu və əvvəllər məhkum olunduğu üçün istintaq zamanı özünü təqsirli hesab etmiş, üstündən çıxardıb təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid2 yalan ifadə vermişlər. Sonda tərəfindən heç bir cinayət hadisəsi törədilmədiyindən və təqsirsiz olduğundan bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 02.08.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 85 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 85 ünvanının qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə 02.08.2021-ci il tarixdə saat 14:40-da Şahid2 ilə birlikdə Bakı şəhəri, ünvan 4 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 15:10 radələrində əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsə özlərini təqdim etmiş və üstündə narkotik vasitə saxlaması, qəbul etməsi barədə məlumat daxil olduğundan onlarla birlikdə 19-cu PŞ-nə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. 19-cu polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi məqsədilə baş idarə rəhbərliyinə raportla məruzə etmişdirlər. Daha sonra xidməti otaqların birində baş təhqiqatçı X8 Süleymanova hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmişdir, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan qısa qol dəri gödəkçənin sol yan üst cibindən bir bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütləni və bir bükümdə, ağ rəngli, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd olunan kütlələrin çəkiləri elektron tərəzi vasitəsilə psixotrop maddə metamfetaminə bənzər kütlənin 0,73 qram və narkotik vasitə heroinə bənzər kütlənin 0,72 qram olması müəyyənləşdirilmişdir. Daha sonra həmin gümüşü bükümlər zərfə qoyularaq bağlanıb möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Həmin bükümlərin içərisində olan maddələr barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində “şüşə”, digərinin isə “kokos” olduğunu bildirmişdir. Sorğu-sual zamanı isə Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, narkotik vasitə istifadə etdiyini, həmin kütlələri dünən axşam yəni ki, 01.08.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığındakı məhəllələrdən brində “Eliş” ləqəbli şəxsdən özü istifadə etmək üçün aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, təxminən 4-5 gün əvvəl dostuna ağrı çəkdiyi üçün hədiyyə kimi verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 02 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qısaqol dəri gödəkçənin yan üst cibindən 1 (bir) bükümdə, 0,73 (sıfır tam yüzdə yetmiş üç) qram çəkidə, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, 0,72 (sıfır tam yüzdə yetmiş iki) qram çəkidə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd açar, içində siqaret dənələri olan siqaret qutusu, əynində olan həmin qısa qol gödəkçənin sol yan alt cibindən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı elektron aparat aşkar olunmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüşdür, digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Eliş” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, bir dəfə tanışına hədiyyə kimi narkotik maddə verdiyini, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «SONY» markalı kamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı, Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur (i/v 29-31). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2021-ci il tarixli, 6/3258 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün № 7” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,466 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,518 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i/v 40-43). İş materiallarına əlavə edilmiş “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0,466 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,416 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,518 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,468 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 143-144). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 01 sentyabr 2021-ci il tarixli 3193 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 140-141). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli tələbnamədən və Qaradağ rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə 17.11.2020-ci il tarixdə Qaradağ rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 102-103, 105-126). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 04.08.2021-ci il tarixli, 4(006)-315/2021 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 20, 75-79). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 7(006)- 127/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərarından və Bakı şəhəri Probasiya İdarəsinin böyük İcra məmuru Nəsimi Abuşov tərəfindən məhkəməyə ünvanlanmış 28 dekabr 2021ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 1(002)-194/2020 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır və Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 04 ay 19 gün qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və qeyd edir ki, onun bu ifadəsi özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 17.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 19 (on doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,466 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,416 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,518 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,468 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-550/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərara əsasən 25 oktyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 17.11.2020-ci il tarixli, 1(002)-194/2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 19 (on doqquz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,466 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,416 qram olan narkotik vasitə heroin və ilkin çəkisi 0,518 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,468 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Nəsimi rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar