Məhkəmə qərarları › İş №1(006)-49/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-49/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-49/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1961-ci ildə Ağstafa rayonu, Tatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan “Səidə” adlı tanışı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X3 həbsdə saxlanılan övladı X4 həbsdən azad edilməsinə dair köməklik göstərəcəkləri barədə ona yalan vəd verib Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə onu aldatmış, bununla bağlı olaraq Zərərçəkmiş şəxs vahid niyyətlə 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sahil Bağı” adlanan ərazidə 10.000 manat məbləğində və 23 iyun 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən ofisdə 30.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs əlbəəl verdikdən sonra Təqsirləndirilən şəxs aldığı pulu cinayətkar qrupun digər üzvləri “Səidə” adlı tanışı və qeyriləri ilə öz aralarında bölərək verdikləri vədə əməl etməyib zərərçəkmiş şəxs X5 xeyli miqdarda, yəni 40000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayında Habil adlı şəxs onunla əlaqə saxlayaraq X3 oğlunun tutularaq həbsdə olmasını və onun azadlığa buraxılması üçün kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Şahid3 onu vəkil olaraq tanımış, lakin onunla əvvəlcədən yaxın münasibəti olmamışdır. O, vəkil olmamasına baxmayaraq, özünü vəkil kimi təqdim edərək qısa müddət ərzində həbsdə olan şəxsi azad edə biləcəyini bildirmişdir. Daha sonra Şahid3 ona Zərərçəkmiş şəxs nömrəsini ataraq əlaqə saxlamasını xahiş etmişdir. Bundan sonra özünün istifadə etdiyi mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamışdır. Əlaqə zamanı Səfiyyə X1 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs olunduğunu, bu işdə ona vəkil kimi köməklik etməyini xahiş etmişdir. O isə zərərçəkmiş şəxsə narahat olmamağını və oğlunun azadlıqda olacağını bildirmişdir. Lakin bunun müqabilində zərərçəkmiş şəxsdən 40000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs ilk əvvəl məbləğin yüksək olduğunu, maddi vəziyyətinin həmin məbləği qarşılamaq üçün yetərli olmadığını bildirmişdir. Lakin o, təkidlə 40000 manat pulun ödənilməsinin zəruri olduğunu qeyd etmişdir. Sonda Zərərçəkmiş şəxs qızına məxsus evi sataraq yekun olaraq 35000 manat pul düzəldə biləcəyini bildirmişdir. Bundan sonra iyun ayının 8-də Zərərçəkmiş şəxs zəng edərək ilkin olaraq 10000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə razılaşdıqdan sonra iyun ayının 8-i təxminən 17-18 radələrində Səbail rayonu icra hakimiyyətinin qarşısında yerləşən “Sahil bağı” adlanan ərazidə Səfiyyə Məmmədli, həyat yoldaşı Şahid2 və qızı Şahid1 ilə birgə onlarla görüşmüşdür. Orada bir müddət söhbət etdikdən sonra bağlamanın içərisində ona 10000 manat pul verilmişdir. Həmin vaxt Şahid3 da həmin yerə gəlmişdir. Daha sonra həmin 10000 manat pulu götürərək Habillə birlikdə oradan uzaqlaşmışdır. Şahid3 onu “Qara Qarayev”də yerləşən tanışı Şahid4 evinə gətirmiş, özü isə getmişdir. Həmin vaxt Elmira adlı şəxsə zəng edərək Sərxan Məmmədlinin məsələsini ona bildirmiş və bunu necə həll edə biləcəyini, yəni, prokurorluqda və yaxud digər hüquq-mühafizə orqanlarında tanışının olub-olmamasını ondan soruşmuşdur. Elmira adlı şəxs 2-3 gün keçdikdən sonra bu məsələnin “Səidə” adlı şəxs tərəfindən düzəldilə biləcəyini bildirmişdir. Həmin şəxsin kimliyini soruşduqda qeyd olunan şəxsin Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və bu məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra ilkin olaraq götürdüyü 10000 manat məbləğində pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən iyun ayının 18-19 aralığında tanışı ünvan 5 ünvanındakı mənzildə “Səidə” adlı şəxslə görüşmüşdür. “Səidə” adlı şəxs Sərxan Məmmədlinin həbsdən azad olunması məsələsindən xəbərdar olduğunu bildirib qısa müddətdə sonuncunu azadlığa çıxara biləcəyi barədə söz vermiş, lakin bu məsələdə 30000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt “Səidə” adlı şəxs DTX-da işləyən tanışlarının olduğunu və onların köməklik edə biləcəyini bildirmişdir. Daha sonra təxminən iyun ayının 22-23 aralığında Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 4-cü mikrorayon ərazisində yerləşən “Sığorta” ofisində Zərərçəkmiş şəxs ona həyat yoldaşı Şahid2 və qızı Şahid1 yanında 30000 manat pulu vermişdir. Daha sonra Şahid4la birlikdə 30000 manat pulu götürərək oradan uzaqlaşmışdır. Həmin gün Şahid4 evində “Səidə” adlı şəxsə 30000 manat pul vermişdir. Qeyd olunan vaxt “Səidə” adlı şəxs məbləğdən 3200 manat pulu ona vermişdir. O həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. “Səidə” adlı şəxs pulu ondan aldıqdan sonra deməsinə görə DTX-da işləyən “Aslan” adlı bir nəfərə zəng etmiş və telefonla danışdıqdan sonra işi həll edəcəyini, buna görə də, həmin gün saat 8-də “Aslan” adlı şəxs ilə görüşəcəyini bildirmişdir. “Xalid” adlı şəxs daha sonra “Səidə” adlı şəxsi onun dediyi ünvana aparmış və “Səidə” adlı şəxs bir nəfərlə Səbail RPŞnin yaxınlığında görüşərək pulu ona vermişdir. Lakin sonradan işin alınmadığını görərək “Səidə” adlı şəxsə zəng etmiş, lakin sonuncu hər dəfə bir bəhanə gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra “Səidə” adlı şəxsi axtarmış, lakin tapa bilməmişdir. 19 iyul 2023-cü il tarixdən Şahid4 yaşadığı mənzildə qalmış, lakin barəsində şikayət olduğunu bilməmişdir. Daha sonra BMCMİ-yə gəldikdən sonra barəsində cinayət işi başlanılmışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə oğlu X2 miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ittihamı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində həmin Baş idarədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Sərxan Məmmədli tutulduqdan sonra oğlunun günahsız olduğunu düşünərək kömək edilməsi üçün yollar axtarmışdır. Buna görə də, Sərxan Məmmədlinin dostu Şahid3la qızı Şahid1 köməklik göstərilməsi barədə danışmışdır. Qeyd olunan danışıq zamanı Şahid3 köməklik göstərilməsi məqsədilə vəkil tapmaq lazım olduğunu bildirmişdir. Bundan sonra Şahid3 onları Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Şahid3 Təqsirləndirilən şəxsla danışmış və söhbət zamanı Təqsirləndirilən şəxs Sərxan Məmmədlini həbsdən azad etmək üçün 35.000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Şahid1 özünün Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evi 35.000 manata satmışdır. Pul əldə edildikdən sonra Təqsirləndirilən şəxsla görüşmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə ilk dəfə o, həyat yoldaşı Şahid2, qızı Şahid1 və Şahid3la birlikdə 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sahil Bağı” adlanan ərazidə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs pul tam verildikdən sonra Sərxan Məmmədlini ev dustaqlığına çıxararaq məhkəmədə bəarət alacağını bildirmişdir. Bu xəbərdən sonra özü ilə gətirdiyi 10.000 manat pulu Təqsirləndirilən şəxs özünə əlbəəl olaraq vermişdir. Pulu verməsini həyat yoldaşı, qızı və Şahid3 şəxsən görmüş və həmin pul verildikdən sonra oradan uzaqlaşmışlar. 18 iyun 2023-cü il tarixdə Şahid3 ona zəng edərək işin 35.000 manata deyil, 40.000 manata başa gələcəyini bildirmişdir. O isə qeyd olunan məbləği də verəcəyini bildirmişdir. 23 iyun 2023-cü il tarixdə 30.000 manat pulu vermək üçün Şahid1 işlədiyi ünvan 4 ünvanında yerləşən ofisinə getmişdir. Ofisdə həyat yoldaşı Şahid2 və qızı Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs ofisə daxil olduqdan sonra yenə də işin həll olunacağı barədə vədlər vermişdir. Həmin vaxt 30.000 manat pulu əlbəəl olaraq Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra X13ni 03 iyul 2023-cü il tarixdə həbsdən azad edəcəyini və ev dustlaqlığına çıxaracağını bildirmişdir. 05 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs xəbər olmadığını görüb ona zənglər etmiş və mesajlar yazmışdır. Təqsirləndirilən şəxs isə telefon zənglərinə cavab verməmişdir. Daha sonra soraqlaşaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və orada Təqsirləndirilən şəxs oğlu ilə danışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu telefonla sonuncu ilə əlaqə saxlamış və həmin vaxt Təqsirləndirilən şəxs yenə də yalan vədlər vermişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində BMCMİ-yə şikayət etmişdir. İstintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın 13000 manatı ödənilmişdir. Ziyanın tam olaraq ödənilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə çıxışında ona dəymiş 40000 manat ziyandan 34000 manatının ödənildiyini, qalan 6000 manat məbləğində pula dair təqsirləndirilən şəxsin qohumları ilə razılıq əldə edərək borc müqaviləsi bağladıqlarını və həmin məbləği ödəyəcəklərinı söz verdiklərini bildirdi. Bu baxımdan da, hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, veriləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 15 may 2023-cü il tarixdə qardaşı X2 miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ittiham olunduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində həmin Baş idarədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. X10 tutulduqdan sonra cəzadan azad edilməsi məqsədi ilə yollar axtarmışdır. Buna görə də, qardaşının dostu Şahid3 Yəmən oğluna zəng etmiş və sonuncu onun işlədiyi ofisinə gəlmişdir. Şahid3la ofisdə söhbət zamanı qardaşının həbsdən azad edilməsi üçün vəkil axtardığını bildirmiş və Şahid3 bununla bağlı bir nəfərlə danışacağını qeyd etmişdir. 20 may 2023-cü il tarixdə Şahid3 onun işlədiyi ofisə gələrək Təqsirləndirilən şəxs adında bir nəfərlə onları tanış edəcəyini, həmin şəxsin vəkil olduğunu və köməklik göstərəcəyini bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxsla danışıb görüşmək istədiyini bildirmiş və bu barədə valideynlərinə də məlumat vermişdir. Şahid3 Təqsirləndirilən şəxs əlaqə nömrəsini vermişdir. Təqsirləndirilən şəxs ilə görüşməmişdən əvvəl Şahid3 Elşənin özü ilə danışmış və söhbət zamanı Təqsirləndirilən şəxs X10ni həbsdən azad etmək üçün 35.000 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də, pul əldə etmək üçün özünün yaşadığı ünvan 7 ünvanında yerləşən evini 35.000 manata satmışdır. Pul əldə edildikdən sonra Təqsirləndirilən şəxs ilə görüşmək qərarına gəlmiş və Təqsirləndirilən şəxs ilə ilk dəfə o, atası Şahid2, anası Zərərçəkmiş şəxs və Şahid3la birlikdə 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil Bağı” adlanan ərazidə görüşmüşdür. Təqsirləndirilən şəxs söhbət zamanı pul tam verildikdən sonra Sərxan Məmmədlini ev dustaqlığına çıxararaq məhkəmədə bəarət alacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 10.000 manat pulu “Sahil bağı”nda Təqsirləndirilən şəxs özünə əlbəəl olaraq vermişdir. Pul verildikdən sonra oradan uzaqlaşmışdır. 18 iyun 2023-cü il tarixdə Şahid3 anası Zərərçəkmiş şəxs zəng edərək işin 35.000 manata deyil, 40.000 manata başa gələcəyini bildirmişdir. 22 iyun 2023-cü il tarixdə 30.000 manat pulu düzəldib onun işlədiyi ünvan 4 ünvanında Təqsirləndirilən şəxs vermişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs X10ni 03 iyul 2023-cü il tarixdə həbsdən azad edəcəyini və ev dustlaqlığına çıxaracağını bildirmişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs söhbəti bitirib ofisdən çıxıb getmişdir. 05 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb ona zənglər etmişlər və mesajlar yazmışlar. Təqsirləndirilən şəxs isə telefon zənglərinə cavab verməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 15 may 2023-cü il tarixdə oğlu X2 miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ittiham olunduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində həmin Baş İdarədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. X13 tutulduqdan sonra məsuliyyətini yüngülləşdirmək və cəzadan azad edilməsi məqsədi ilə yollar axtarmışdır. Buna görə də, Şahid3 Yəmən oğlu ilə əlaqə yaradılmışdır. Şahid3 qızı Şahid1 ilə danışmış və Şahid3 onları bir nəfərlə tanış edəcəyini, həmin şəxsin vəkil olduğunu və köməklik göstərəcəyini bildirmişdir. Buna görə də, Şahid3 əvvəlcə Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu isə X13ni həbsdən azad etmək üçün 35.000 manat pul lazım olduğunu, həmin pulun 10.000 manatını əvvəlcədən, qalan 25.000 manatını isə bir neçə gün ərzində vermək lazım olduğunu bildirmişdir. Buna görə də, pul əldə etmək üçün Şahid1 yaşadığı mənzili 35.000 manata satmışdır. Bundan sonra 35.000 manat pulu vermək üçün Təqsirləndirilən şəxs ilə görüşmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə ilk dəfə o, qızı Şahid1, anası Zərərçəkmiş şəxs və Şahid3la birlikdə 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonunda yerləşən “Sahil Bağı” adlanan ərazidə görüşmüşdür. Təqsirləndirilən şəxs söhbət zamanı Sərxan Məmmədlini ev dustaqlığına çıxararaq məhkəmədə bəarət alacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs özü ilə gətirdiyi 10.000 manat pulu Təqsirləndirilən şəxs əlbəəl olaraq vermişdir. Pul verildikdən sonra hər kəs oradan uzaqlaşmışdır. 18 iyun 2023-cü il tarixdə Şahid3 həyat yoldaşı Zərərçəkmiş şəxs zəng edərək işin 35.000 manata deyil, 40.000 manata başa gələcəyini bildirmişdir. Bundan sonra 22 iyun 2023-cü il tarixdə 30.000 manat pulu qızı Şahid1 işlədiyi ünvan 4 ünvanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra X13ni 03 iyul 2023-cü il tarixdə həbsdən azad edəcəyini və ev dustlaqlığına çıxaracağını bildirmişdir. 05 iyul 2023-cü il tarixədək Təqsirləndirilən şəxs xəbər çıxmadığını görüb ona zənglər etmişlər və mesajlar yazmışlar. Lakin Təqsirləndirilən şəxs telefon zənglərinə cavab verməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına şikayət edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun dostu Sərxan Məmmədli narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ittihamı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində cinayət işi başlanılaraq həbs edilmişdir. Bundan sonra, Sərxan Məmmədlinin bacısı Şahid1 ilə görüşmüş və söhbət zamanı sonuncu qardaşının həbsdən azad edilməsinə köməklik edilməsi üçün vəkil axtardığını bildirmişdir. O, bu işdə Təqsirləndirilən şəxs kömək ola biləcəyini düşünüb, bununla bağlı sonuncu ilə danışacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu Sərxan Məmmədlini həbsdən azad etmək üçün 35.000 manat pul lazım olduğunu bildirmişdir. O, qeyd olunan söhbət barədə Zərərçəkmiş şəxs və digər ailə üzvlərinə məlumat vermişdir. Daha sonra Şahid1 evini sataraq 35.000 manatı düzəltmişdir. 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Sahil Bağı” adlanan ərazidə Şahid2, Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə gedib Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs söhbət zamanı pul tam verildikdən sonra Sərxan Məmmədlini ev dustaqlığına çıxararaq məhkəmədə bəraət alacağını bildirmişdir. Zərərçəkmiş şəxs özü ilə gətirdiyi 10.000 manat pulu “Sahil bağı”nda Təqsirləndirilən şəxs özünə əlbəəl olaraq vermişdir. 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işin 35.000 manata deyil, 40.000 manata başa gələcəyini bildirmişdir. Buna görə Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs oğlunun azadlığa çıxması üçün 30.000 manat pulu verəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək 30.000 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Lakin 30.000 manat pulun verilməsinin birbaşa şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 20 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşı olmuş, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs anası Elmira Məmmədovanın işlədiyi yerdə sonuncunun müdiri kimi tanımışdır. Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olduğuna görə gediş-gəlişləri olmuşdur. 23 iyun 2023-cü il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 8 ünvanında yerləşən ofisə gəlmiş və orada avtomobildə gözləmişdir. Təqsirləndirilən şəxs isə həmin yerdə olan ofisə daxil olduqdan 20-25 dəqiqə sonra avtomobilə qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə “Səidə” adlı şəxslə danışaraq onlara gəlməsini xahiş etmişdir. Daha sonra mənzildə “Səidə” adlı şəxslə Təqsirləndirilən şəxs qonaq otağına girib söhbət etməyə başlamışdır. Lakin həmin vaxt Təqsirləndirilən şəxsla “Səidə” adlı şəxs arasında olan söhbətlərdən və pulun verilib-verilməməsi məsələsindən xəbəri olmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ilə birlikdə evdən çıxdıqda “Səidə” adlı şəxsdə birlikdə çıxaraq onuda aparmasını xahiş etmişdir. İlk əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına gətirmiş, daha sonra isə “Səidə” adlı şəxsi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin yaxınlığına gətirmiş, daha sonra “Səidə” adlı şəxsi götürüb yaşadığı ünvana aparmışdır. O, Təqsirləndirilən şəxs barəsində şikayət olduğunu və polis əməkdaşları tərəfindən axtarıldığını bilməmişdir. İş materiallarında olan 28 iyul 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Mahir Gülməmmədli tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 43- 44, 86-90). İş materiallarında olan “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs üzünə qarşı dediklərini təsdiq etmişdir (i/v 60- 65). İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 40000 manat puldan 5000 manatı Şahid4 tərəfindən istintaqa gətirilmiş və həmin pul Zərərçəkmiş şəxs təhvil verilməsi üçün BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Mahir Gülməmmədli tərəfindən götürülmüşdür (i/v 94). İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 40000 manat puldan 5000 manatı istintaqa təhvil verildiyindən həmin pul Zərərçəkmiş şəxs BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Mahir Gülməmmədli tərəfindən təhvil verilmişdir (i/v 122). İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 40000 manat puldan 8000 manatı Lalə İsmayılova tərəfindən istintaqa gətirilmiş və həmin pul Zərərçəkmiş şəxs təhvil verilməsi üçün BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Mahir Gülməmmədli tərəfindən götürülmüşdür (i/v 123). İş materiallarında olan “maddi ziyanın ödənilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 40000 manat puldan qalıq qalan 35000 manat pulun 8000 manatı istintaqa təhvil verildiyindən həmin pul Zərərçəkmiş şəxs BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi Mahir Gülməmmədli tərəfindən təhvil verilmişdir (i/v 125). İş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyi 15 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2023-cü il tarixli 259 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında qeydiyyatdadır (i/v 115-117). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSRİ Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə 03 il əməyə mütləq cəlb edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09 yanvar 1992-ci il tarixdə Azərbaycan respublikası Milli Məclisinini xx.xx.1991-ci il tarixli amnistiya qərarının “V” bəndinə əsasən azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ağstafa rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159.4.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 800 misli miqdarında cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə qazancının 10 (on) faizi dövlət nəfinə pul tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarına əsasən Şamaxı rayon məhkəməsinin 17 aprel 2016-cı il tarixli qərarı ləğv edilərək azad olunmuşdur (i/v 126-128). Məhkəməyə zərərçəkmiş şəxs X7 tərəfindən təqdim olunmuş notariat qaydasında təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam ödənilmiş, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, gələcəkdədə olmayacaqdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Müdafiəçi1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-448/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Müdafiəçi1 göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar