Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-49/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 103, mənzil 03-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31C, mənzil 170-də yaşayan, məhkumluğu ödənilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə, saat 16 radələrində ünvan 1 ünvanda yerləşən “Green Hall” restoranında tanışı Zərərçəkmiş şəxs ilə aralarında pul məsələsi ilə bağlı yaranmış sözlü mübahisə zamanı heç bir əsaslı səbəb olmadan restoranda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə Zərərçəkmiş şəxs zor tətbiq edib yerə yıxaraq yumruq və təpik zərbələri ilə qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla yanaşı restoranda masanın üzərində qoyulmuş külqabı və salfet qoyulması üçün nəzərdə tutulmuş qabları silah qismində istifadə edib qəsdən sonuncunun baş nahiyəsindən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-ənsə, təpə və sol almacıq nahiyələrinin iri ölçülü dərialtı hematomaları, alın və qaşarası nahiyələrinin əzilmiş-cırılmış yaraları, alın və sağ təpə nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağmalığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, 25 iyun 2024-cü il tarixdə, saat 17 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanda yerləşən avtodayanacaqda olarkən həmin yerdə Zərərçəkmiş şəxs dayandığını görüb ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunun barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə Zərərçəkmiş şəxs zor tətbiq edib yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşaiyət olunan sol gicgah-alın nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol xayanın əzilməsi ilə müşaiyət olunan xayalığın tənasül üzvünün kökünə keçən iri ölçülü hematoması, sol diz oynağı nahiyəsinin, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək təkrarən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 02 ildən artıqdır tanıyır, onu 2022-ci ildə sosial şəbəkələrin birində müharibə iştirakçısı olan qazinin avtoyuma məntəqəsində yatdığını görüb dəstək olmaq məqsədilə onu axtarıb tapmışdır. O, Amilə əvvəllər icarə əsasında işlətdiyi Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən ofisə gətirib ona qalmaq üçün yer düzəltmiş, habelə işlətdiyi Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Green Hall” restoranında işə götürmüşdür. 2024-cü ilin iyun ayının ortalarında ona çatacaq 120 manat pulu Amilə vermişlər. Amil isə həmin pulu mənimsəyərək ona verməmişdir. Onlar Amillə 19 iyun 2024-cü il tarixdə “Green Hall” restoranında görüşdükdə o, Amildən pulunu verməsini tələb etmişdir. Həmin vaxt yanlarında qazi tanışlarından Orxan və Kənan adlı şəxslər də olmuşdur. Amil pulu almağını boynuna almamışdır. O isə pulu Amilin götürdüyünü bildirib pulu götürənin ünvanına söyüş söyəcəyini bildirmişdir. Amil ona söyüş söyənin anasının ünvanına nalayiq ifadələr işlətmişdir. O, Amilin söyüşündən əsəbləşmiş və özünü idarə edə bilməyib Amili yumruqla vurmuş və çıxıb yaşadığı evə getmişdir. Bir müddət sonra ünvan 2 ünvanda yerləşən avtodayanacaqda Amillə yenə qarşılaşmışdır. Amil orada ondan onu döydüyü üçün işləmədiyi günlərdə gündəlik olaraq 15 manat pul verməli olduğunu bildirmişdir. O, buna etiraz edib Amilə barışmaq üçün 500 manat verdiyini demiş və ərazidə xidmət edən polis əməkdaşlarını çağırıb Amilin onu təhrik edərək döyməyi üçün ona söz atdığını bildirmişdir. Polis əməkdaşları yaxınlaşanda Amildən şikayətçi olmadığını demiş, onlar da çıxıb getmişlər. Amil daha sonra onun ünvanına təhqiredici sözlər işlədərək onu vuranın, yəni onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. O, bu söyüşlərinə görə Amilin üstünə getmiş və bir-birinin yaxasından tutmuşlar. Elə həmin vaxt yenidən polis əməkdaşları gəlib onları 20-ci polis şöbəsinə gətirmişlər. Orada da o, hadisə barədə izahat verib çıxıb getmişdir. Körpünün altında o, Amili vurmamış, onun xəsarətləri 19 iyun 2024-cü il tarixdə aldığı xəsarətlərdir. O, aldığı travmalarla bağlı psixi pozuntu keçirdiyindən törətdiyi əməlin xarakterini tam dərk edə bilməmiş və əsəbləşdiyi üçün özünü idarə edə bilməmişdir. O, Vətən müharibəsi iştirakçısıdır, müharibə zamanı xəsarətlər almış, İİİ qrup əlildir. Müharibə zamanı aldığı travmalarla bağlı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla müalicə alır. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Himayəsində azyaşlı uşağının olmasını, ailəsinin tək qazanc gətirən olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır tanıyır, sonuncu özünü müharibə qazisi və qazilərə yardım edən “Varis” İctimai Birliyinin rəhbəri kimi təqdim etmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 16 radələrində o, 3-cü mikrorayon dairəsində işlədiyi parklanma ərazisində olarkən Ceyhunun xalası oğlu onun yanına gələrək Ceyhunun “Green Hall” restoranında olduğunu və onu çağırdığını bildirmişdir. O, həmin restorana getdikdə Ceyhun ondan vəsiqə məsələsini soruşmuşdur. Orada onlardan başqa Orxan və Kənan adlı tanıdığı şəxslər də olmuşdur. O, həmin vaxt Ceyhuna ona verdiyi veteran vəsiqəsinin heç bir hüquqi əsası olmadığını bildirmiş və ona verdiyi 100 manatı, bundan başqa 02 nəfər tanışına vəsiqə alması üçün verdiyi 50 manat pulu geri tələb etmişdir. Ceyhun cavab olaraq onu təhqir edərək pulu vermədiyini, kimə istəsə şikayət etməyini bildirmişdir. Bundan başqa, Ceyhun ona demişdir ki, guya o, parklanma pullarını mənimsəyir. O, Ceyhuna heç bir pul götürmədiyini, ona verdiyi pulları geri verməyini bildirmişdir. Ceyhun yenə onu təhqir edərək üstünə hücum etmiş və yerə yıxıb yumruq və təpik zərbələri ilə onu döyməyə başlamışdır. Orxan və Kənan onu Ceyhunun əlindən aldıqdan sonra Ceyhun yenə onların əlindən çıxaraq masalardan birinin üzərində olan salfet qabı və kül qabını götürüb başına vurmuşdur. Bundan sonra o, başından qan gəldiyi üçün üzünü və alnını yumağa getmişdir. O, əl üzünü yuyub çıxdıqdan sonra Ceyhunun getdiyini görmüş və döyülməyi barədə “102” xidmətinə məlumat verib 19-cu polis şöbəsində ərizə yazmış və ekspertizadan keçirilmişdir. Bundan sonra, 25 iyun 2024-cü il tarixdə, təxminən saat 16- 17 radələrində o, dostları ilə görüşmək üçün 3-cü mikrorayon dairəsinə getmişdir. Həmin vaxt Ceyhunla körpünün altında rastlaşmışdır. Ceyhun ona yaxınlaşıb oradan uzaqlaşmağını bildirmişdir. Həmin vaxt Ceyhun xalası oğlu ilə birlikdə onu zorla söhbət etmək üçün başqa yerə aparmaq istəmişlər. Lakin o, söhbəti orada etməyini bildirib heç yerə getməmişdir. Ceyhun onu bir dəfə döydüyü bildirib yenə onu döyməyə başlamışdır. Həmin vaxt xalası oğlu Amil Məmmədov adlı şəxs də ona kömək etmişdir. Ceyhun onu yerə yıxıb təpik zərbələri ilə bədəninə vurmuş, yaxınlıqda olan tanışı Rəşad, adını bildiyi Mahir adlı şəxs və tanımadığı başqa şəxslər onları ayırmışlar. Bundan sonra Ceyhun yenə ona hücum edəndə polis əməkdaşları yaxınlaşıb onları 20-ci polis şöbəsinə aparmışlar. Orada o, ərizə yazıb daha sonra tibbi ekspertizadan keçmişdir. Hazırda təqsirləndirilən şəxslə barışımış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır, Zərərçəkmiş şəxs isə 2 il olar tanımışdır. Əmək qabiliyyəti olmadığı üçün işləmədiyindən çox vaxt Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən “Green Hall” kafesində qazi yoldaşları ilə görüşüb çay içib söhbət etmişdir. 19 iyun 2024-cü il tarixdə, təxminən saat 16 radələrində o, Kənan adlı qazi yoldaşı ilə həmin kafedə görüşüb oturmuş, bir qədər sonra Ceyhun da ora gəlmiş və onların masasında əyləşmişdir. Ceyhun həmin vaxt Amili də ora çağırtdırmışdır. Amil də gəlib onların masasında oturmuş və Ceyhundan saxta vəsiqə verdiyi üçün ona verdiyi pulları tələb etmişdir. Buna görə də Ceyhunla Amil arasında mübahisə yaranmışdır. Ceyhun mübahisə zamanı Amilin özünü və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmişdir. Amil nə üçün körpə uşağını söydüyünü dedikdə, Ceyhun qəflətən Amilə hücum edərək onu yerə yıxmış və yumruqla başına vurmağa başlamışdır. Bundan sonra o, Kənanla birlikdə onları ayırıb kənarlaşdırmışdır. Ceyhun bundan sonra kənardan qaçaraq masanın üstündə olan salfet qabı və kül qabını götürüb Amilin başına vurmuşdur. Onlar yenə onları aralamış və Amilin başından qan gəldiyi üçün o, Amili əl-üzünü yumağa aparmış, geri qayıdanda Ceyhunun kafedən çıxıb getdiyini görmüşdür. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirdi ki, o, 25 iyun 2024-cü il tarixdə, təxminən saat 16-17 radələrində tanışları ilə görüşmək üçün 3-cü mikrorayon dairəsində yerləşən “Green Hall” restoranına gəlmişdir. Restoranın yaxınlığında olan zaman körpünün altında kimlərinsə münaqişə etdiyini, yaxınlaşanda isə Amillə Ceyhunun mübahisə etdiyini görmüşdür. Ceyhun Amili yerə yıxıb sinəsindən, başından və müxtəlif yerlərindən təpik zərbələri vururdu. Ətrafda olan şəxslərin köməyi ilə onları aralaşdırmışlar. Daha sonra Ceyhun yenə Amili təhqir edərək onu yerə yıxıb bədəninə təpiklə vurmağa başlamışdır. Həmin zaman ərazidə olan polis əməkdaşları gələrək onları polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid X5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur, onun köməyi ilə son 02 ildir o, metronun “Memar Əcəmi” stansiyası və 3-cü mikrorayon dairəsində avtomobillərin parklanmasına nəzarətçi kimi işə düzəlmişdir. Əsasən 3-cü mikrorayon dairəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində qalxan yolda quraşdırılmış körpünün altında olan ərazidə avtomobillərin parklanmasına nəzarət edir, Zərərçəkmiş şəxs də uzun müddətdir tanıyır. Belə ki, Ceyhun dəfələrlə Amilə qazi olduğu üçün kömək etmişdir. xx.xx.2024-cü il tarixdə tanışlarından eşitmişdir ki, Ceyhunla Amil arasında dava olub. Lakin həmin vaxtı o, orada olmamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 16 radələrində o, xalası oğlu Ceyhunla birlikdə 3-cü mikrorayon dairəsində dayanmışdılar. Həmin vaxt Amil də ora gəlib Ceyhundan ona bu ərazidən pul verilməli olduğunu bildirmişdir. Ceyhun Amilin bu təklifi ilə razılaşmadıqda əvvəlcə onlar arasında sözlü mübahisə yaranmış, təxminən 5-10 dəqiqə sonra Amil yenidən Ceyhunu qıcıqlandırıb onu mübahisəyə çəkmişdir. Onlar həmin vaxt bir-birilərinin ünvanına nalayiq ifadələr işlətmişlər. O, Amilin qolundan tutaraq ona söyüş söyməməsini, onun söydüyü halda Ceyhunun da onu söyəcəyini və bu hərəkətlərin lüzumsuz olduğunu bildirmişdir. Bundan sonra Amillə Ceyhun tutaşmağa başlamış, orada olan insanların köməyi ilə onları bir-birindən aralamışlar. Bundan sonra polis əməkdaşları gəlib Ceyhun və Amili polis bölməsinə aparmışlar. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirdi ki, o, 14 idir daxili işlər orqanlarında xidmət edir, xidməti ərazisi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ətrafındakı ərazilərdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 16 radələrində iş yoldaşı X3 ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində olan ərazidə piyada xidmətdə olan zaman körpünün altında bir neçə şəxsin toplaşdığını görüb onlara yaxınlaşmışlar. Həmin vaxt məlum olmuşdur ki, əvvəlcədən xidməti ərazidən tanıdığı Amil və Ceyhun bir-biriləri ilə mübahisə edir. O, onları nizamintizama dəvət etmiş, lakin Ceyhun və Amil öz hərəkətlərinə davam etmişlər. Dava zamanı Ceyhun Amilin başından yumruqla zərbələr endirmişdir. O, onlara yaxınlaşdıqda onlar ətrafdakı şəxslərin köməyi ilə bir-birindən aralanmışlar. Lakin sonradan Ceyhunun Amilin başına zərbələr endirdiyini görüb həmin yerə gəlmiş və onlar polis şöbəsinə aparılmışlar. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7: • 28.06.2024-cü il tarixli, 789 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-ənsə, təpə və sol almacıq nahiyələrinin iri ölçülü dərialtı hematomaları, alın və qaşarası nahiyələrinin əzilmiş-cırılmış yaraları, alın və sağ təpə nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin insan bədəninin hissələri (baş, əl, ayaq və s.) və küt əşya ilə endirilmiş zərbələrin təsirindən törənə bilərdilər, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.28-30); • 05.07.2024-cü il tarixli, 822 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilir: qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gicgah-alın nahiyəsinin iri ölçülü dərialtı hematoması, sol xayanın əzilməsi ilə müşayiət olunan xayalığın tənasül üzvünün kökünə keçən iri ölçülü hematoması, sol diz oynağı nahiyəsinin, döş qəfəsinin ön səthinin, bel nahiyəsinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Alın nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar, ayaq və.s) təsirindən əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirmələri inandırıcı deyil (İ cild, i.v.46-48); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 2183 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zaman Tərtər-Ağdərə istiqamətində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyir travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarətini alması, bundan bir müddət sonra psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən müayinə edilərək hərbi xidmətə yararsız hesab edilməsi, 2 nömrəli X1, Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar İİİ qrup əlil hesab edilməsi, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyasının rəyinə əsasən “Üzvi İİ Qarabağ müharibəsi zamanı olunmuş qapalı kəllə-beyin travması nəticəsində şəxsiyyət pozuntusu depressiv daxilolmalar, özünə xəsarətlərlə (F07.0)” diaqnozunun təyin edilməsi, həmçinin hazırki müayinə zamanı təfəkkürünün torpidliyi, xarici qıcıqlara qarşı həssaslığı, emosional dayanıqsızlığı, affektiv reaksiyalara meylliyi, proqnozlaşdırma qabiliyyətinin zəifliyi və s. sübut edir. Təqsirləndirilən şəxs qeyd edilən “üzvi şəxsiyyət pozuntusu öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirildiyindən onun əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.163-165); • “Baxış keçirilməsi haqqında” 14 avqust 2024-cü il tarixli protokollara əsasən: • hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 04 dəqiqə 07 saniyəlik həmin videogörüntüdə restoranda masanın ətrafında 04 nəfər şəxsin əyləşməsi görünür. Həmin şəxslərdən gözündə eynək olan, əynində ağ köynək və ağ şalvar olan şəxs qarşısında oturan ağ köynəkli oğlanla hansısa mövzu barədə söhbətlər aparır. Videogörüntünün 2:56-cı dəqiqəsində gözündə eynək olan şəxs ayağa qalxaraq qarşısında oturan şəxsin baş və sifət nahiyələrinə zərbələr endirib onu yerə yıxır. Yerdə olan zaman davamlı olaraq ona zərbələr endirir. Sonra orada olan şəxslərin müdaxiləsi ilə yerdə olan şəxsdən ayrılır. Yenidən yan masanın üzərinə qoyulmuş külqabını götürüb döydüyü şəxsə atır. Sonra isə oradan olan onu aralayan iki nəfərin əlindən çıxaraq oturduqları masanın üzərində olan salfet qabını döydüyü şəxsin başına vurur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində ağ köynək, ağ şalvar gözündə eynək olan şəxsin özü olduğunu və videogörüntünün ünvan 3 ünvanda yerləşən “Green Hall” restoranında Zərərçəkmiş şəxslə arasında olan mübahisə vaxtı onu döyən zaman qeydə alındığını bildirmişdir (İ cild, i.v.186); • hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 02 ədəd videogörüntü var. 1-ci videogörüntü 01 dəqiqə 41 saniyəlikdir. Həmin videogörüntüdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında körpünün altına avtomobillərin park etdiyi ərazidə qeydə alınması müəyyən olunur. Videoda qeyd olunan ərazidə bir neçə şəxsin topa şəklində yığıldığı, həmin şəxslərdən iki nəfərin mübahisə etdiyi, daha sonra onlar arasında dava olduğu və dava zamanı birinin digərinin üzərinə gedərək yerə yıxıb yerdə ona zərbələr endirməsi müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxan şəxsin özü olduğunu bildirmişdir (İ cild, i.v.187); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla cinayətin görüntülərini əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.195-210); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 391/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.135-139); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmiş, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cərimə cəzasından azad edilmişdir (İ cild, i.v.147- 148); • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əlillik haqqında arayışa əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aparılan hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələrə görə xəsarətlər alıb, İİİ dərəcəli əlildir, müddətsiz əmək qabiliyyətsiz hesab olunur (İ cild, i.v. 90); • İ-4265 nömrəli və İ-930 nömrəli vəsiqələrə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib (İİ cild); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının, özünün də əlil olmasını, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, habelə zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9, 59.1.12 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusunun olması nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və idarə etmək iqtidarından məhrum olması və nəticə etibarilə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olmasını, əlil və himayəsində azyaşlı uşağın olmasını, habelə Azərbaycan Respublikası ərazisinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək medallar ilə təltif olunmasını və ailəsinin həyat şəraitini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-49/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-49/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver