Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-491/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi “Verdiktum” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, X1 rayon Polis İdarəsinə müraciət edərək guya o və mərhum Səfərov Xanbaba onun işlədiyi Moskva univermağında yerləşən zərgərlik sexinə gələrək onun işçilərinə silahla hədə-qorxu gələrək qızıl zinət əşyalarını götürmüşlər. Həmçinin hüquq mühafizə orqanlarına şikayət etməklə yanaşı, şikayətdə göstərdiklərini Moskva univermağında hər ikisi barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları, onun şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları yaymışdır. Bununla da işlədiyi mühitdə barələrində xoşagəlməz fikir formalaşmışdır. Baxmayaraq ki, dəfələrlə istintaq orqanı tərəfindən ümumiyyətlə cinayət hadisəsinin olmaması, həmçinin əməldə cinayət tərkibinin olmaması səbəbi ilə cinayət işinin başlanmasının rədd olunması barədə Qərarlar qəbul olunumuşdur. Həsən Qaraşov yuxarı instansiyalara həmin qərarlardan davamlı şikayətlər edərək barələrində cinayət təqibinin başlanmasına çalışsa da, buna nail ola bilməmişdir. Çünki ibtidai araşdırma zamanı tərəflərindən hər-hansısa qanunun pozunutusu halının baş vermədiyi sübutlarla öz təsdiqini tapmışdır. Lakin bütün bunlara baxmayaraq qeyd etdiyi kimi Həsən Qaraşov özünün əsas məqsədinə nail olmuşdur. O, iş yerində, ətrafda, ümumi dost tanışları və cəmiyyət arasında barələrində yalan məlumatı yaymaqla nüfuzdan salmış, bunun nəticəsi kimi müştərilərinin bir qisminin itirilməsinə və işilərin demək olar ki, dayanmasına nail olmuşdur. X8 14 may 2018-ci il tarixdə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edir ki, 2018-ci ilin mart ayının əvvəlində hər ikisi onun sexinə gələrək 4 nəfər onun işçiləri Ceyhun, Ağabəy, Dadaş və Asiman adlı şəxslərə üzərlərində olan silahla hədə-qorxu gələrək seyfdə olan ona məxsus qızılları götürüb getmişlər. Əgər həqiqətən də, onlar 2018-ci ilin mart ayında belə bir hərəkət etmişlərsə, nə səbəbdən şikayət ərizəsi iki aydan sonra verilmişdir. Nə səbəbdən Ceyhun, Ağabəy, Dadaş və Asiman adlı şəxslər bununla bağlı dərhal hüquq mühafizə orqanlarına və ya univermaqda olan şəxslərə və ya univermağın özündə xidmət çəkən polislərə müraciət etməmişdirlər. Hesab edir ki, X8 belə bir şikayət ərizəsi ilə müraciət etməkdə məqsədi barələrində böhtan xarakterli məlumatları yaymaqla onları nüfuzdan salıb, Səfərov Xanbaba ilə gördüyü iş birliyi nəticəsində mənimsədiyi pul vəsaitini və qızıl zinət əşyalarını geri tələb olunmasının qarşısının alınmasına çalışmışdır. Bundan başqa o, müxtəlif şəxsləri əleyhlərinə yalandan şahid kimi ifadə vermələrinə çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, X10 ifadəsində bildirmişdir ki, təxminən 2018-ci ilin iyun-iyul aylarında Hikmətlə "Moskva" univermağının qarşısında dayanıb söhbət edərkən, atası Həsənin Xanbabanın tanışı Süleyman barəsində yazmış olduğu şikayət ərizəsi əsasında Nəsimi RPİ-nin 19-cu PŞ-də və İstintaq şöbəsində aparılan araşdırma ilə bağlı demişdir ki, o, həmin vaxtı orada olmamışdır, eşitdiyinə görə yəni, Həsənin univermağda yaydığı söhbətlərə görə guya Süleyman silahla Xanbabanın sexinə basqın edib işçilərə hədə-qorxu gəlib orada olan qızıl-zinət əşyaları seyfdən götürüb getmişdir, sonradan ona məlum olmuşdur ki, Hikmət onun səsini yazaraq görmədiyi və bilmədiyi iş üzrə onu özü üçün şahid kimi göstərir və onun səs yazısını Süleymanın basqın etməsini subut kimi təqdim edir, o, nə Xanbabanın nə Həsənin işçisi olmamışdır, onlarla bir mağazada, bir sexdə işləməmişdir, ona və ya onun yanında hər hansı bir şəxsə qarşı heç bir quldurluq hadisəsi və ya digər zorakı cinayət olmamışdır. O, "Mc Donalds" kafesinin yanında Hikmətlə onun atası Həsənin ərizə və izahatında göstərdiyi xüsusatları müzakirə etdiyini, həmin məsələni "Moskva" univermağında işləyən hər kəsin bildiyini və o, orada açıq-aydın həmin vaxtı orada olmadığını, bu söhbətdən xəbəri olmadığını, orada Hikmətin atasının sözlərini üçüncü şəxsin adından Hikmətə dediyini, X5 Xanbabanın tanışı kimi tanıdığını, lakin Süleymanla heç bir münasibəti olmadığını, onun nə ilə məşğul olduğunu bilmədiyini qeyd etmişdir. X3 davamlı şikayətləri hüquq mühafizə orqanları tərəfindən araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması barədə qərarları olsa da, o yenə də barəsində və mərhum Səfərov Xanbaba barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yaymaqda davam etmişdir. Tərəflərindən onun əməllərinə hüquqi qiymətin verilməsi barədə müraciət olunduqdan sonra, o, barələrində yalan məlumat yaymağı dayandırmışdır. Səfərov Xanbaba dünyasını dəyişdikdən sonra X8 yenidən mətbuat nəşrlərində barəsində yalan və böhtan xarakterli məlumatları yaymağa başlamışdır. Bununla belə, onun barəsində böhtan xarakterli məlumatları yaymaqla X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tələblərini pozmuşdur. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydıqda şəxs barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsas yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Böhtan" adlanan 147-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlər üzrə" 21 fevral 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, böhtan məktub ərizə və şikayətlərlə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən yayım dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə və ya qeyri-şəxslər dairəsinə bildirmə başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-ci il tarixli, 3 saylı qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. CPM-nin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Göstərilənləri nəzərə alaraq, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib, cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X13 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 bildirmişdir ki, tərəfindən X2 qanunsuz hesab etdiyi hərəkətləri ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Lakin həmin müraciət böhtan xarakteri daşımamış, yəni kütləvilik əlamətinə malik olmamış, bu müraciət yalnız müvafiq qurumların X2 barəsində qanuni tədbirlər görülməsinin təmin edilməsi məqsədilə edilmişdir. Hətta əgər tərəfindən edilmiş həmin müraciət böhtan xarakterli olsaydı belə, müvafiq dövlət orqanına ünvanlanmış olduğundan kütləvi çıxış hesab edilə və onun əməli isə cinayət kimi qiymətləndirilə bilməzdi. Bundan əlavə şikayət ərizəsində qeyd edilən halların absurd olduğunu, yəni böhtan xarakterli hərəkətlər etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X12 yazılı vəsatətinə uyğun bildirmişdir ki, xüsusi itthamçı X2 ərizəsi CPM-nin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməlidir. Belə ki, ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 şəxsiyyətini səciyyələndirən hallar tam olaraq qeyd edilməmişdir. Belə ki, yaşayış yeri barədə, iş yeri barədə və məhkumluq barədə arayışlar və məlumatlar yoxdur. CPM-nin 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Bundan başqa xüsusi itthamçı ağır və ya xüsusilə ağır cınayətdə ittiham etməklə böhtan atma ittihamını irəli sürsə də, ərizədə hadisənin nə vaxt harada baş verməsi, necə törədilməsi, məhz hansı ağır və ya xüsusilə ağır cinayətin törədilməsində böhtan atmağı ilə bağlı ərizədə heç bir məlumat yoxdur, ərizəçinin böhtan kimi qiymətləndirdiyi hallarla bağlı 8 dəfə cinayət işi başlanmış və Nəsimi RPİ cinayət işinə xitam vermişdir. X8 dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşdür. Belə ki, 6 dəfə Nəsimi rayon prokurorluğu, 1 dəfə Bakı şəhər prokurorunun müavini Baş ədliyyə müşaviri Mehman Qocayevlə görüşmüşdür. Bundan başqa, 1 dəfə də Nəsimi Rayon Məhkəməsi eyni iş üzrə cinayət işi başlasa da, Nəsimi RPİ heç bir araşdırma aparmadan cinayət işinə xitam etmişdir. CPM-in 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Bundan başqa, ittiham olunan cinayət əməlinin məhz X8 tərəfindən törədilməsi barədə hansi təkzib edilməz sübutlarının olması barədə heç bir sübut yoxdur. CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. 293.3.4-cü maddəyə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi xüxusi itthamçının tərtib etdiyi ərizə nəinki həqiqəti əks etdirmir, hətta CPM-nin tələblərinə də cavab vermir. Onun üçün də hesab edir ki, məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, böhtan xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Çünki, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan xarakterli məlumatlar mətbuatda dərc edilsə, radio və televiziya verilişlərində səsləndirilsə, elektron vasitələrlə yayınlansa, kinoxronikal proqramlarda nümayiş etdirilsə, əsərlərdə təsvir edilsə, yığıncaq və toplantılarda deyilsə və sair üsullarla yayılsa idi, o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Göründüyü kimi şikayət ərizəsində X6 istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147.2-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-491/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-491/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver