Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-492/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 0,354 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamadla daşımış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 sentyabr 2024-cü il tarixdə saat 18:00-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2şən Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin inzibati binasına aparılmış və şöbənin xidməti otağında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,354 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, Abşeron rayonu Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Az müddətdir ki, “şüşə" adlanan psixotrop maddə qəbul edir. 04 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərindən öz istifadəsi üçün əvvəllər qiyabi olaraq tanıdığı, lakin adını bilmədiyi şəxsdən psixotrop maddə olan “şüşə” almışdır. Həmin tarixdə saat 18:00-da ünvan 4 ünvanın qarşısında olanda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərinin polis olduqlarını təqdim etdikdən sonra, ona özünü təqdim etməsini bildirmişlər. O, özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra səmimi olaraq üzərində psixotrop maddə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu şöbəyə dəvət etmiş, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin inzibati binasının xidməti otaqlardan birində o, müdafiəçi istəmiş və dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Şəxsi axtarışda video çəkiliş aparmaq üçün bir nəfər şəxs dəvət etmişlər. Ona müdafiəçinin iştirakı ilə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki tünd göy rəngdə olan şalvarının sağ cibindən 01 ədəd ağ kağız kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ona təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o, həmin bükümün içərisindəkinin psixotrop maddə olan “şüşə” olduğunu demiş və 30 manata Xırdalan şəhərindən aldığını izah etmişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuş, içərisində “şüşə” olan 01 ədəd bükümün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin üzərindən aşkar olunan psixotrop maddə olan “şüşə” ilə bağlı ona başqa hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıb-saxlamamağı barədə sual edildikdə o, da hər hansı bir əşya olmadığını bildirmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddədən istifadə etməmiş və ya heç kimə pay verməmişdir. Həmin 01 ədəd bükümdə olan psixotrop maddəni özü istifadə etmək məqsədi ilə saxlamışdır. O, hazırda yaşadığı evdə və ya başqa bir yerdə psixotrop maddə saxlamır. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə aldığı şəxsin anket məlumatlarını və ya istifadə etdiyi mobil telefon nömrəsini bilmir. O, həmin şəxsi sadəcə üzdən tanıyır, həmin şəxsin adı, soyadı, yaşadığı ünvanı və sair barədə heç bir məlumatı yoxdur. O, həmin şəxsdən əvvəllər bir neçə dəfə narkotik vasitə almış, ona görə həmin şəxsi üzdən tanımışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi RPİ-nin 19-cu PŞ-də olan zaman ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X10 ifadəsində göstərdi ki, 04 sentyabr 2024-cü il tarixdə "Fərid” adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPl-nin 19-cu PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxsin xx.xx.1991-ci il tarixdə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat onun tərəfindən raportla 19-cu Polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyatd keçirilməsi üçün qrup rəhbəri özü, üzvü 19-cu PŞ-nin əməliyyat müvəkkili polis leytenantı X11 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 18:00da Murad Rzazadə ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu A.Mustafayev küçəsi 43 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPl-nin 19-cu PŞ-nin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə, üzərində saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs dəvət edib Polis şöbəsinə aparmışlar. Polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Səbuhi Hüseynov tərəfindən Bakı şəhəri “Xəzər Konsaltinq" Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində Polis şöbəsinə dəvət olunmuş və, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarış və götürmə prosesində videoçəkiliş aparması üçün Nəsimi RPl-nin KTQ-nun inspektor kriminalisti X12 şöbəsinə dəvət olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Səbuhi Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxsyq hüquq vəvəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Səbuhi Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymuşdur.. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya vəya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddənin nədən ibarət olması və haradan əldə etməsi barədə təhqiqatçı tərəfindən suallar verildikdə, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Xırdalan şəhərində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28-29); şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 39-40); şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X6, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı X7, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx xxxx 1991-ci il tarixdə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs, Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili X4, mütəxəssis (ekspert) X3 iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür (i.v. 43-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli, 6/4433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdm edilmiş, üzərində «Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetaminin təmiz çəkisi – 0,354 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,304 qram (i.v. 51-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 77); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 6057 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 89-90); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 29,177.2.1, 29,177.2.3, 228.4, 315.2-ci maddələri ilə təqsirli bilinərək, 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. (i.v. 106-107); sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,354 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,304 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmişdir. (i.v. 114-118). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli obyektiv cəhətdən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərində ifadə olunur və qeyd olunan əməllərin törədilməsi bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi alternativ tərkibli cinayət əməli olmaqla, maddədə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi əməlin başa çatması kimi qiymətləndirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,354 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonu, Xırdalan şəhəri ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Xırdalan şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvanı (Abşeron rayonu, Xırdalan şəhəri ərazisi) axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 0,304 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-492/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-492/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver