Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-495/2021 01.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib özündə saxlamaqla daşımış və 29 iyun 2021-ci il tarixdə saat 14:55-də ünvan 2 yaşayış binasının qarşısında əlində olan çantasında gəzdirərkən Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman təqdim etdiyi boz rəngli çantanın içərisindən 01 ədəd 1979-cu ildə “İjevsk” mexaniki zavodunda istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli “AK-74” markalı, “840284” №-li, saz vəziyətdə, istifadəyə (atəşə) yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş yivli, odlu, avtomatik, döyüş silahı, 01 ədəd “AK-74”, “AKS- 74”, ”AKS-74U” modelli avtomatlarda, “RPK-74”, əl pulemyotlarında və sairə uyğun kalibrli yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş sandıqca (daraq) və 11 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrlə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və sairə yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş döyüş sursatları olan patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29.06.2021-ci il tarixdə, saat 14:55-də ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ad və soyadını soruşmuşlar. Özünü təqdim edəndən sonra polis əməkdaşı ondan üzərində hansısa qanunsuz əşyanın olub-olmadığını soruşmuş, o, könüllü olaraq əlindəki boz rəngli çantanın içərisində Kalaşnikov tipli avtomat, ona dair 1 ədəd patron darağı və 11 ədəd patronlar olduğunu bildirmişdir. Sonra həmin polis əməkdaşları ondan silahın olduğu çantanı alıb onu öz avtomobillərinə əyləşdirib Nəsimi RPİ-nə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmiş və bunun üçün video çəkilişdən istifadə edəcəklərini demiş, o isə etiraz etməmişdir. Axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarış zamanı əlində olan boz rəngli çantanın içərisindəki Kalaşnikov tipli avtomat, ona dair 1 ədəd patron darağı və 11 ədəd patronlardan başqa heçnə aşkar edilməmişdir. Polis əməkdaşları həmin silahları hardan tapdığını soruşanda onlara cavab olaraq həmin silahı bir ay əvvəl Sumqayıt şəhəri, “Nasosnu” deyilən ərazidəki qəbiristanlıqdan tapdığını bildirmişdir. Saxlanılan zaman və sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən fiziki və ya digər təzyiqə məruz qalmamışdır. Sumqayıt şəhərində yaşamasına baxmayaraq, 29.06.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə silahı satmaq üçün gəlmişdir. Daha sonra atasının vəfat etməsini, anasının xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin İnternet informasiya ehtiyatlarında əks tədbirlər şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 29 iyun 2021-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin məlumatın yoxlanılması məqsədilə raportla DİN-nin Nəsimi RPİ-nin rəhbərliyinə müraciət edib, müvafiq icazənin verilməsini istəmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə müvafiq icazə verildikdən sonra o, Nəsimi RPİ-nin CAŞ-da əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 29.06.2021-ci il tarixdə saat 14:55-də təqsirləndirilən şəxsin ünvan 3 ünvanın qarşısında dayandığını görüb sonuncuya yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsdən ad və soyadını soruşmuşlar. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ondan üzərində hansısa qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs könüllü şəkildə əlində olan boz rəngli çantasının içərisində Kalaşnikov tipli avtomat, ona dair 1 ədəd daraq və 11 ədəd patron olduğunu bildirmişdir. Silahı Təqsirləndirilən şəxs alıb sonuncunu öz avtomobillərinə əyləşdirib Nəsimi RPİ-nə gətirmişlər. Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının cibində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmadığını və əlində olan çantanın içərisində bir ədəd avtomat tipli odlu silahın, 1 ədəd daraq və 11 ədəd patronun olduğunu bildirmişdir. Həmin əşyaları haradan əldə etməsi soruşulduqda 1 ay əvvəl Sumqayıt şəhəri, “Nasosnu” adlanan yerdən tapdığını demişdir. Sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması” haqqında 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respubliksı CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.23); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.89-92); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 30.06.2021-ci il tarixli, 21/426R rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 840284 №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 11 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur, istifadəyə və atəş üçün yararlıdırlar.
4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında sizə məlumat əlavə veriləcəkdir (İ cild, i.v.54-60); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli 3/1179 nömrəli rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah , 1979-cu ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş “Kalaşnikov” konsturuksiyalı, 5,45 mm kalibrli “AK-74” markalı, “840284” №-li, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyətdədir, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrlə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”,AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabiniııdə və.s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- döyüş sursatıdır, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və.s dəyişikliklər edilməmişdir. Təqdim edilmiş 08 (səkkiz) ədəd patron 7,62 mm kalibrli olduğu üçün, təqdim edilmiş 5,45 mm kalibrli, “AK-74” markalı, “840284” №-li avtomat silahdan atılması nəzərdə tutulmamışdır.
3. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “AK-74” ,”AKS-74”,”AKS-74U” modelli avtomatlarda, “RPK-74”, əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır) istifadəyə yararlıdır, üzərində təyinatım dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (İ cild, i.v.64); - Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir; - “Sübutların qiymətləndirilməsi haqqında” 04.09.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus boz rəngli əl çantasından aşkar edilərək götürülmüş sonuncuya məxsus bir ədəd 840284 nömrəli, 5x45 mm kalibrli, Kalaşnikov konsturiksiyalı AKM modelli avtomat, 1 ədəd daraq və 11 ədəd 7,62x39 mm kalibrli patronlar 04.09.2021-ci il tarixdə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd 840284 nömrəli, 5x45 mm kalibrli, Kalaşnikov konsturiksiyalı AKM modelli avtomat, 1 ədəd daraq və 5 ədəd 7,62x39 mm kalibrli patronlar saxlanılması üçün Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilmişdir (İ cild, i.v.127-131); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 08.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 31.01.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 234.1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 05 ay 29 gün müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. 30.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(İ cild, i.v.98-100). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “ “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 29 iyun 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd 840284 nömrəli, 5x45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, 1 ədəd daraq və 05 ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd 840284 nömrəli, 5x45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, 1 ədəd daraq və 05 ədəd 7,62x39 mm kalibrli patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva