Məhkəmə qərarları › İş №1(006)-497/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-497/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-497/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,606 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2025-ci il tarixdə saat 15:30-da ünvan 3 ünvanında yerləşən X14 həyətində tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,606 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir Nəsimi rayonu ərazisində yerləşən X15 dövlət proqramı əsasında qeydiyyatdadır və mütəmadi olaraq 1-2 gündən bir həmin xəstəxanaya gedərək resept və icazə əsasında ağrılarına və narkotik vasitə istifadəçisi olduğuna görə verilən metadon adlı vasitəni alaraq orada istifadə edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu ərazisində qeyd etdiyi xəstəxanaya piyada təkbaşına metodon içməyə gedən zaman, səhər saatlarında Nəsimi rayonu ərazisində Papanin adlanan ərazidən tanımadığı və adını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün 01 ədəd bükümdə patı adlanan psixotrop maddə metamfetamini alaraq, şərait yarandıqda təkbaşına istifadə etmək məqsədilə əynində olan açıq boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin xəstəxanaya getmiş və metadon qəbul etdikdən sonra təkbaşına piyada olaraq xəstəxanadan evinə qayıtmaq istəyən zaman xx.xx.2025-ci il tarixdə saat 15.30-da həmin xəstəxananın həyətində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və əllərində mobil telefonla çəkiliş apararaq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bundan sonra özü də ad, soyad, ata adı və digər məlumatlarını polis əməkdaşlarına bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində narktoik vasitə və yaxud psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ağ rəngli, psixotrop maddə olan metamfetamini onlara təqdim etmişdir. Bu barədə sorğu edilmiş və bildirmişdir ki, həmin maddə metamfetamindir, şəxsi istifadəsi üçün almışdır. Daha sonra üstü yoxlanılmış və yoxlama zamanı üzərindən başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi metamfetamin boş zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Üzərindən başqa hər hansı qanunsuz əşya predmet və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra üzərindən çıxan metamfetaminin qablaşdırıldığı zərf götürülməklə çəkilişin başa çatdığı bildirilmiş və oradan polis əməkdaşları ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi məqsədi ilə Nəsimi rayonu ərazisində Papanın adlanan yerdə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manat qarşılığında əldə etdiyini bildirmişdir. Sonradan həmin bükümün içərisindəki maddənin 0,606 qram çəkidə psixotrop maddə metamfetamin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Heç bir xəsarət almamış və döyülməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili X18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X10 olmuşdur. Bununla əlaqədar 30 may 2025-ci il tarixdə saat 15:30-da Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 1 ünvanında yerləşən 1 saylı X14 həyətində Təqsirləndirilən şəxs görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etdimiş və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən saxlandığını elan etmişlər. Daha sonra 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 videoçəkiliş aparması və özünün iştirakı ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs isə bu təklifi ilə əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üstünü şəxsən yoxlamış və üzərindən əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs şalvarının cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “patı” adlandırılan psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən 1 neçə saat əvvəl, səhər saatlarında ağrılarını sakitləşdirmək üçün öz istifadəsi məqsədi ilə aldığını etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və birlikdə Nəsimi Rayon Polis idarəsinin 20-ci PŞ- nin inzibati binasına getmişlər. Orada müvafiq qaydada tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin 20-ci PŞ-nin təhqiqatçısı polis kapitanı X3 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özü, əməliyyat müvəkkili Əyyub Ağazadə və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. Təhqiqatçı həmin bükümün içərisində ağ rəngli, kristallik şəkilli psixotop maddə olan metamfetaminə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. Özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmin psixotrop maddəni saxlanılmazdan 1 neçə saat əvvəl Nəsimi rayonu ərazisində Papanin adlanan ərazidən, xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də şöbəyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X8 da şahid X18 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 30 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxstərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmin şəxsin üstünü yoxlama ünvan 3 ünvanında yerləşən 1 saylı X14 həyətində keçirilmişdir. Üstünü yoxlama zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (i/v 8-9). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 30 may 2025-ci il tarixli, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan 30 may 2025-ci il tarixli “Təqdim olunan əsyaya baxış keçirilməsi və götürmə aparılması haqqında" protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bir ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxsin ondan psixotrop maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «SONY» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır (i/v 16). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 30 may 2025-ci il tarixli, “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 28). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 01 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 78-79). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 80-81). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-6/2041 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs; İştirakçılar: “imza” 1) Ülvi Musayev; “imza” 2) Eyyub (soyad oxunmur); Tərtib etdi: “imza” V.Əliyev” yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,606 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. (i/v 47-49). İş materiallarında olan 01 iyun 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində “Whatsapp Video 2025-05-30” adlı 03 dəqiqə, 47 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X18 özünü və çəkiliş aparan Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X5 təqdim edərək 20 may 2025-ci il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Əməliyyat müvəkkili Ülvi Musayev saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunub-olunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Əməliyyatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün “patı” adlandırılan psixotrop maddə olduğunu, şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən ciyarlarındakı ağrıları sakitləşdirmək məqsədilə şəxsi istifadəsi üçün aldığını, satış məqsədinin olmadığını bildirir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən sözügedən büküm bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkilmişdir. Nəsimi RPİ- nin 20-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Ülvi Musayev tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxsin polis şöbəsinə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşmışdır. İş üzrə təqdim edilmiş ikinci diskə baxış zamanı orada bir ədəd videogörüntü olduğu müəyyən edilmişdir. Həmin faylın “Whatsapp Video 2025-05-30” adında 04 dəqiqə 34 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin 20-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Əliyev özünü təqdim etməklə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 1 saylı X14 həyətində AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən içərisində metamfetaminə bənzər maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirirlir. Həmin büküm olan zərfin açılaraq içərisinə özü tərəfindən baxış keçirildiyi elan edilir və həmin zərfi açmaqla qeyd olunan şəffaf bükümün içərisinə baxır və psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçı ilkin videogörüntüdən həmin bükümün Təqsirləndirilən şəxs götürüldüyünün aydın olduğunu bildirir, həmçinin Təqsirləndirilən şəxs bunu təsdiq edir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, “188” nömrəli möhürlə möhürlənib qabşaldırılır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir (i/v 61-62). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 02 iyun 2025-ci il tarixli, 3266 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 88-89). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad adilmişdir (i/v 99-100). İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,606 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,556 qram olan psixotrop maddə metamfetaminin Nəsimi RPİ-nin Maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 85-86). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X9 adlı iki uşağı vardır (i/v 92). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək peşman olmasını və himayəsində iki uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və və Bakı şəhəri Nəsimi RPİ-nin X11 otağında saxlanılan, ümumi təmiz çəkisi 0,606 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,556 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-497/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 30 may 2025-ci il tarixdən 01 iyun 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin X11 otağında saxlanılan, ümumi təmiz çəkisi 0,606 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,556 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 21 iş saatı üçün 231 (iki yüz otuz bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar