Məhkəmə qərarları › İş №1(006)-50/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-50/2022

24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-50/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin bank kartı hesabına göndərdiyi 30 manat pul müqabilində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.477 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 02 avqust 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-yə gəlirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin 01 ədəd sellofan bükümdə əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 02 avqust 2021-ci il tarixdə səhər saat 09:00-09:30 radələrində evdə oturmuşdur. Təmir getdiyindən qapı açıq olmuşdur. Evə 7-8 nəfər daxil olmuş, evi axtarmışlar. Ona əməliyyat olduğunu və onlarla getməli olduğunu bildirmiş, onu 21-ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları ona sənədlərə qol çəkməsini demişlər. Həmin sənədlər hardasa yarım qram, bir qram narkotik vasitənin üzərində olması ilə bağlı idi. Ona 3 aydan sonra amnistiyaya düşəcəyini, buraxılacağını, qol çəkməsə onu CM-nin 234.3-cü maddəsi ilə təqsirləndirilərək tutacaqlarını demişlər. Anasını da bu məsələ ilə bağlı narahat etmişlər, anası da ona zəng edib həmin sənədlərə qol çəkməsini demişdir. O da qol çəkmişdir. Prokurorluğa da şikayət etmişdir. O, 2019-cu ildən narkotik vasitədən istifadə etmir, narkoloji dispanserdə qeydiyyatdadır və metadonla müalicə olunur. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, “Rasim” adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi və gəzdirməsi ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq üçün ondan və DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən aparılmış əməliyyat tədbiri nəticəsində “Rasim” adlı şəxs ünvan 5 ünvanının qarşısında saxlanılmışdır. Həmin şəxsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən bir büküm narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd “Samsung” markalı telefon və 2 manat pul aşkar olunmuşdur. Şəxs həmin narkotik vasitəni 30 manat müqabilində onlayn şəkildə İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 12 avqust 2021-ci il tarixdə saat təxminən 12:30 radələrində ünvan 7 ünvanında küçədə piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmiş, üzərinə baxış keçirilmişdir. Əynində olan boz rəngli şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd telefon və 2 manat pul aşkar edilib götürülmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu, bir gün əvvəl “instaqram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adı ilə tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin maddə sənədləşdirilib ekspertizaya göndəriləndən sonra müəyyən olunmuşdur ki, həqiqətən narkotik vasitə olan heroindir. Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində olması ehtimal edilən, qanunla qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 02 manat pul vəsaitini, 01 ədəd “Samsung” markalı mobil telefonunu, sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoyur, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsi ilə, Bakı şəhəri, Əhmədli qəsəbəsi ərazisindən bir gün öncə götürdüyünü, həmin narkotik vasitəyə görə “Məhəmməd” adlı şəxsin dediyi plastik karta 30 manat pul göndərdiyini, saxlanılan zaman və polis bölməsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 02.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v. 96-100); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 02.08.2021-ci il tarixli 6/3253 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,477 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 91,76 manat təşkil edir (i.v. 49-54); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 20.09.2021-ci il tarixli, 3529 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.130-131); - “Sübutların qiymətləndirilməsi haqqında” 04.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə çəkisi 1,477 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatının nəticəsində, 0.05 qram istifadə edildikdən sonra qalıq qalan 1.427 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. 02.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə, kustar üsulla hazırlanmış narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürülməsi istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmişdir. (i.v.135-139); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 17.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.108-111); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli 07(006)-141/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərdən müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu üzərində hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümdəki maddənin heroin olduğunu və onu şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadələri təyziq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli 7(006)-141/2021 saylı qərarı ilə onun barəsində “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, həmin cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci bəndinə görə Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 02 avqust 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20.09.2021-ci il tarixli, 3529 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,427 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 91,76 manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,427 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar