Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-50/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Ağdam rayonu, Ağdam şəhəri, Sərdarov küçəsi ev 40-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,405 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 iyul 2023-cü il tarixdə saat 13:30-da Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis idarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 0,405 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə etmir və buna görə də, müalicə olunmaq məqsədilə metadon qəbul etmək üçün mütəmadi olaraq “Semaşko” xəstəxanasına getmişdir. 10 iyul 2023-cü il tarixdə yenidən “Semaşko” xəstəxanasına getmiş və oranı saat 11 radələrində tərk edərək 10 metr irəli gedən vaxt “zam naçalnik” və Əli adlı şəxslər ona yaxınlaşaraq salamlaşmışlar. Bundan sonra qeyd olunan şəxsləri tanımadığını qeyd edən zaman ona sonradan tanış olacaqlarını bildirmişlər. Həmin vaxt bir nəfər uşaq ona “kola” almasını təklif etmiş, o da “kola”nı əlinə aldıqdan sonra ehtiyatsızlıq edib “kola”nı yerə salaraq şüşəsini qırmışdır. Bundan sonra “zam naçalnik” və Əli adlı şəxslərə həmin uşağa mağazadan “kola” alıb verəcəyini bildirmişdir. Bu məqsədlə yaxınlıqda yerləşən mağazaya doğru gedərkən anidən “zam naçalnik” və Əli adlı şəxs onu avtomobilə əyləşdirərək 19-cu polis şöbəsinə aparmışlar. Orada ona izi olmayan fiziki təzyiqlər və psixoloji təsirlər edərək narkotik vasitələrdən istifadə etməsi barədə ifadə verməsini tələb etmişlər. Belə ki, ona həm fiziki təzyiqlər olmuş, həm də onun “sumka”sına baxaraq “deyəsən mal satansan” deyərək psixoloji təzyiqlər etmişlər. O razı olmadıqdan sonra onu polis idarəsinin rəisinin yanına aparmışlar. Həmin vaxt “rəis” ona təzyiq edərək narkotik vasitələrdən istifadə etməsi barədə ifadə verməsini tələb etmişdir. O da əlacsız olduğundan polisin tələb etdiyi formada ifadə verəcəyini bildirmişdir. Bundan sonra videoçəkiliş həyata keçirilmiş, ona orada necə “davranmalı” olduğu barədə təlimatlar əvvəlcədən bildirilmiş və videoçəkiliş üç dəfə dayandırılıb yenidən çəkilmişdir. Polis əməkdaşlarının qeyd etdiyi formada videoçəkiliş aparıldıqdan sonra onu prokurorluğa gətirmişlər. Orada onun “X7” veteranı olduğunu soruşduqdan sonra gözlətmişlər və sonradan müvafiq sənədləşmələr aparılaraq buraxılmışdır. İfadəsinin sonunda cinayət əməlini törətmədiyini bildirərək, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 10 iyul 2023-cü il tarixdə “Mübariz” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin daşıması barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Bundan sonra o, xidmət etdiyi şöbənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu təşkil etmiş və həmin gün günorta saatlarında ünvan 3 ünvanın qarşısında verilən məlumatlara uyğun şəxsə yaxınlaşaraq şəxsiyyəti barədə sorğu-sual etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyəti tam olaraq müəyyən edilərək Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Həmin vaxt ***-***-**-** saylı mobil nömrə onun istifadəsində olmuşdur. İnzibati binada X3 üzərinə şəxsi axtarış keçirilmiş və axtarış nəticəsində sonuncu şalvarının cibindən özü qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroini masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddəni “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büküm qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs şəxsən saxlayaraq 19cu polis şöbəsinə digər xidməti polis əməkdaşı ilə aparmış və sonuncuya qarşı hər hansı fiziki və ya psixoloji təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 10 iyul 2023-cü il tarixdə “Mübariz” adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin daşıması barədə mötəbər mənbədən məlumat daxil olmuşdur. Bundan sonra onun xidmət etdiyi şöbənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu təşkil edilmiş və həmin gün günorta saatlarında ünvan 3 ünvanda “Waikiki” və “Başkənt” adlı obyektlərin qarşısında verilən məlumatlara uyğun şəxsə yaxınlaşaraq şəxsiyyəti barədə sorğu-sual etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyəti tam olaraq müəyyən edilərək Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs “lomkada” olduğunu bildirərək uca səslə heç yerə getmək istəmədiyini bildirmişdir. Həmin vaxt ***-***-**-** saylı mobil nömrə də onun istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs sonradan müharibə iştirakçısı olduğunu bildirmiş və buna görə də, ona hörmət edilmiş və hər hansı təzyiqə məruz qalmamışdır. X5 polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış nəticəsində sonuncu şalvarının cibindən özü qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroini masanın üzərinə qoymuşdur. Həmin büküm qablaşdırılmış və ekspertizaya göndərilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş Babaşov Rəşad Mahir oğlu və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 10 iyul 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının cibindən bir ədəd gümüşü rəngli kağızın içərisindəki büküm aşkar olunaraq götürülmüşdür. (i/v 46-51). İş materiallarında olan 10 iyul 2023-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 24). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i/v 71-72). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 11 iyul 2023-cü il tarixli Nəsimi rayon prokuroru Həsən Hənifəyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (i/v 85-86). İş materiallarında olan “qətimkan tədbiri seçilməsi barədə” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i/v 87-88). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-346/2021 saylı, 24 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. (i/v 99-100, 102-109). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 3- 16-16/2-6/3727 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №187» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan 1 (bir) ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,405 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir (i/v 57-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 27 sentyabr 2023-cü il tarixli, 6166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Halhazırda X3 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v 114-115). İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd təmiz çəkisi 0,405 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,355 qram hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. (i/v 93-94). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əfqanıstan və X4 Birliyi tərəfindən verilmiş 046 saylı vəsiqənin surətindən və Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyi tərəfindən verilmiş 00710 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əfqanıstan və X4 Birliyinin üzvüdür və İİ qrup müharibə əlilidir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən məhkəmə daxil olmuş cavab məktubundan və ona əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə xx.xx.2019-cu il tarixdən deaktivdir, həmin nömrədə 10 iyul 2023-cü il tarixdə, saat 10:30-14:00 intervalında zəng və SMS qeydə alınmamışdır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten məlumatları 10 iyul 2023-cü il tarixdə 12:58:46-dan 12:58:50-dək müddət ərzində Süleyman Rüstəm 35 ünvanını, 12:26:56-dan 12:40:04-dək müddət ərzində M.Qaşqay küçəsi 47 ünvanını, 12:40:14-dən 12:52:45-dək müddət ərzində Ceyhun Hacıbəyli küçəsi “AFCOM PLAZA” ünvanını, 13:52:34-dən 12:58:45-dək müddət ərzində 2 & 3 mikrorayon, Hüseynbala Əliyev ünvanını, 12:24:33-dən 12:24:39-dək müddət ərzində ünvan 4 ünvanını, 12:12:57-dən 12:24:20-dək müddət ərzində ünvan 5 ünvanını, 13:24:44dən 13:58:33-dək, 11:29:37-dən 12:12:56-dək müddət ərzində müddət ərzində 20 Yanvar küçəsi, Qızıltac restoranı ünvanını göstərir. Bundan əlavə, Şahid2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə üzrə anten məlumatları 10 iyul 2023-cü il tarixdə 11:08:31-də 20 Yanvar küçəsi, Qızıltac restoranı ünvanını, 11:16:08-də 2 & 3 mikrorayon, Hüseynbala Əliyev ünvanını, 11:19:53-də 2 & 3 mikrorayon, Hüseynbala Əliyev ünvanını, 12:37:32-də k/t Dostluq ünvanını, 13:28:44-də A.Məhərrəmov küçəsi və Məmməd Cəfər küçəsi ünvanlarını, 13:30:39-da A.Məhərrəmov küçəsi və Məmməd Cəfər küçəsi ünvanlarını, 13:35:24-də 20 Yanvar küçəsi, Qızıltac restoranı ünvanını göstərir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla razılaşmaması, onu 10 iyul 2023-cü il tarixdə saat 11 radələrində ittiham aktında qeyd edilən ərazidə deyil, “Semaşko” xəstəxanasının yaxınlığında “zam naçalnik” və Əli adlı şəxslər tərəfindən saxlanılaraq 19-cu polis şöbəsinə gətirmələri və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, işdə tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən məhkəmə daxil olmuş cavab məktubuna əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, şahidlərin anten məlumatlarının 10 iyul 2023-cü il tarixdə, saat 11:00-da fərqli əraziləri göstərməsi müəyyən olunmadığından, Təqsirləndirilən şəxs isə istifadəsində olduğunu qeyd etdiyi mobil nömrənin 2019-cu ildən etibarən deaktiv olması müəyyən edildiyindən sonuncunun irəli sürdüyü dəlillər təkzib edilmişdir. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin inzibati binasına aparıldığını bildirmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə şahid ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, yalnız, məhkəmə iclasları zamanı istintaqı aparılarkən ona iz buraxmayan fiziki təzyiqlər və psixoloji təsirlər edildiyi üçün özünü təqsirli bilməsi barədə ifadə verdiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə fiziki təzyiqlər edilməsi və psixoloji təsirlər edilməsi digər sübutlarla öz təkzibini tapmışdır. Ambulator X2 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitələri inyeksiya yolu ilə əzələ daxilinə vurmaqla istifadə etdiyini bildirmişdir. Müayinə zamanı narkotik vasitələrə və psixotrop maddələrə qarşı patoloji meyl formalaşdığı, narkotik vasitələrin və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılığı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilməsi, xəsarət alması və polis bölməsində döyülməsi barədə məlumat bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və “İ Qarabağ Müharibəsi” iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 90 (doxsan) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,405 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,355 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 90 (doxsan) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,405 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,355 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-50/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-50/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver