Məhkəmə qərarları › İş №1(006)-50/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-50/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-50/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Rusiya Federasiyası, Belqorod şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-531/2024 saylı hökmü ilə 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,713 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 06 mart 2024cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 09:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə xeyli miqdarda 0,713 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 06 mart 2024-cü il tarixdə səhər saat təxminən 07:00-08:00 radələrində dostu Şahid3 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov 103 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq maşına minmələrini tələb etmiş, maşının içərisində onun üzərini yoxlamış, lakin hər hansı bir qanunsuz əşya aşkar etməmiş, sonra onları 21-ci polis bölməsinə aparmışlar. Bölmədə olarkən polis əməkdaşları ona narkotik vasitə verərək cibinə qoymasını, çəkiliş zamanı təqdim etməsini tələb etmiş və bundan sonra onu buraxacaqlarını bildirmişlər. O, ilk əvvəl polis əməkdaşlarının təklifi ilə razılaşmamış, bu zaman polis əməkdaşları onu vurmuş, yalnız bundan sonra o, polis əməkdaşlarının verdiyi narkotik vasitəni götürərək ona məxsus olduğunu boynuna almağa məcbur olmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman o, polis əməkdaşlarının verdiyi narkotik vasitəni təqdim edərək ona məxsus olmasını bildirmişdir. Bundan sonra onu Nəsimi rayon prokurorluğuna aparmış, orada prokuror ondan polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmadığını soruşmuş, o da döyüldüyünü bildirmiş və daha sonra prokuror onun buraxılması ilə bağlı tapşırıq vermişdir. Döyüldüyü vaxt aldığı xəsarətlərlə bağlı ekspertizadan keçsə də, ekspert sadəcə onun üzünə baxmış və getməsini bildirmiş, həmçinin prokurorluq orqanında döyülməsi ilə bağlı izahatı alınmamış, özü də polis əməkdaşlarının hərəkətlərindən hər hansı bir orqana rəsmi şəkildə müraciət etməmişdir. Daha sonra ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə qalır. Özü tikintidə usta işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Elmarı da özü ilə tikintidə işləməyə aparmaq üçün onun yaşadığı evə gəlmiş, bu zaman Elmar evdə tək olmuş, anası işdə olmuşdur. O, Elmargilin evində olarkən iki nəfər polis əməkdaşı evə gələrək onları 21-ci polis bölməsinə aparmışlar. Evə girən polis əməkdaşları iki nəfər olsa da, əslində orada dörd nəfər polis əməkdaşı olmuşdur. Polis əmkdaşları bölmədə onların hərəsinə bir büküm verərək ciblərinə qoymalarını və çəkiliş zamanı təqdim edərək həmin bükümlərin onlara məxsus olmasını bildirmələrini tələb etmişlər. Ona verilən bükümün içərisində “şüşə” adlanan psixotrop maddə olmuş, Elmara verdikləri bükümün içərisində isə hansı maddənin olduğunu bilməmişdir. Onlar polis əməkdaşlarının təklifi ilə razılaşmadıqları üçün sonuncular tərəfindən döyülmüş, ona görə də onların dedikləri ilə razılaşmağa məcbur olmuşlar. Daha sonra videoçəkilişlə vəkillərin iştirakı ilə hər ikisinin üzərinə şəxsi axtarış aparılmış və bu zaman onlar polis əməkdaşları tərəfindən verilmiş bükümləri təqdim edərək həmin bükümlərin onlara məxsus olduğunu bildirmişlər. Çəkiliş vaxtı cinayət əməlini etiraf etdikləri üçün müstəntiqin yanında ifadə verərkən də əməli etiraf etmiş və sənədlərə qol çəkmişlər. O və Elmar həm narkotik vasitə heroindən, həm də psixotrop maddə metamfetamindən istifadə etsələr də, saxlanılan zaman üzərilərində həmin maddələrin heç biri olmamışdır. O, sonuncu dəfə saxlanılmamışdan bir gün əvvəl narkotik vasitə qəbul etmiş və həmin maddəni “Nizami” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən almışdır. Abşeron rayonu ərazisindən narkotik vasitə almamışdır. Bundan başqa polis əməkdaşları tərəfindən döyülsələr də hər hansı bir xəsarətlərinin olmadığını, həmçinin müstəntiqə döyülməkləri ilə bağlı heç bir şey demədiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Elmar» və «Nurlan» adlı şəxslər üzərilərində qanunsuz olaraq narkotik vasitəni saxlaması və daşıması ilə məşğul olurlar. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərimi həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2la birlikdə saat 09 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, ünvan 6 ünvanın qarşısında olarkən «Elmar» və «Nurlan» adlı şəxsləri görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və barələrində narkotik vasitələri üzərilərində saxlamaları ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Elmar» və «Nurlan» adlı şəxsləri Nəsimi RPİ- nin 21-ci polis bölməsinə dəvət etmişlər, onlar da razılaşaraq onlarla birlikdə 21-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən «Elmar» adlı şəxsin Təqsirləndirilən şəxs, «Nurlan» adlı şəxsin isə Şahid3 olması müəyyən olunmuşdur. Sonra raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X8a həvalə olunmuşdur. X8 tərəfindən Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutularaq onlara hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs və Şahid3 üzərinə videoçəkılişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bır əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 10 gün əvvəl Abşeron rayonu Goradil bağları adlanan ərazidə dostu Şahid3la birlikdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, Şahid3 üzərində psixotrop maddə olmasından məlumatlı olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Daha sonra Şahid3 üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, Şahid3 əynində olan qara rəngli gödəkcənin cibindən 02 ədəd bükümü və 01 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş və həmin bükümlərdə «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şahid3 təqdim etdiyi bükümlər açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Şahid3 təqdim etdiyi bükümlərdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 10 gün əvvəl Abşeron rayonu Goradil bağları adlanan ərazidə dostu Təqsirləndirilən şəxs ilə birlikdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatlı olduğunu bildirmişdir. Daha sonra Şahid3 üzərindən aşkar olunan 02 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmış və götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işinə ********* nömrə verilmişdir (i.v.26); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.50-51); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.123-124); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.144-145); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.146-147); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-cı polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddənin aşkar olunaraq götürülməsi faktı təsdiq edilir (i.v.82-86); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1348 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 189” dairəvi möhür əski, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 (bır) ədəd bükümdə təmiz çəkisi 0,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.100-104); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2454 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.169-170); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi altında aparılmışdır (i.v. 23-24); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmışdır (i.v.172-173); - “Cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs X2 Təqsirləndirilən şəxs ilə barışmaqla sonuncu tərəfindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənildiyini nəzərə alıb, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən hissəvi xitam verilmişdir (i.v.212-214); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,713 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,663 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i.v.197-210); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 28.05 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v.179-180); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-531/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixindən 10 iyul 2024-cü il tarixinədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 20 sentyabr 2024-cü il tarixdə axtarış nəticəsində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hüsablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Goradil bağları adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-50/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmiş, Təqsirləndirilən şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tətəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-50/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə, həmçinin Şahid3 məhkəmə istintaqında saxlanılan zaman onun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmaması ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs onun dostudur, sonuncu da onun kimi narkotik vasitə və psixotrop maddədən istifadə edir. Sonuncu dəfə 10 gün əvvəl dostu Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu Goradil bağları adlı ərazidə olarkən o, özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən 20 manata psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs isə istifadə etmək üçün 10 manata narkotik vasitə heroin almışdır. 06 mart 2024-cü il tarixdə saat 09:30-da dostu Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 2 ünvanın qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini onlara göstərmişlər. Daha sonra polis əməkdaşları onların narkotik vasitələrin istifadəsində, üzərilərində qanunsuz gəzdirilməsində şübhəli olduqlarını bildirib, onları Nəsimi RPİ-nin 21-cı polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-nin 21-cı polis bölməsinə gəlmişlər. Polis bölməsində olarkən ilk öncə ona hüquqlarının müdafiəsi uçün vəkil seçmə hüququnun olması izah olunmuş və o, təqdim olunan siyahıdan hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsinə etirazının olmadığım bildrmişdir. Daha sonra vəkil X5 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuş, sonra isə ona izah olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacaq. Daha sonra isə eyni qayda ilə dostu Təqsirləndirilən şəxs də şübhəli şəxs kimi tutulmuşdur. Sonra onun və dostu Təqsirləndirilən şəxs üzərinə müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə vıdeoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, Elmar əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Elmarın üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Elmar təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 10 gün əvvəl Abşeron rayonu Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən onunla birlikdə 10 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və Elmara bır ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara və Elmara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. Elmar və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə toqdim etməyi təklif olunduqda, o, əynində olan qara rəngli gödəkcəsinin cibindən 02 ədəd bükümdəki psixotrop maddə metamfetamini və Samsung markalı mobil telefonunu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümlərdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 10 gün əvvəl Abşeron rayonu Goradil bağları deyilən yerdə tanımadığı şəxsdən Təqsirləndirilən şəxs ilə birlikdə 20 manata şəxsi istifadəsi üçün aldığını, uzun müddətdir ki, narkotik vasitədən və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Bundan sonra iştirakçılara və ona iki ədəd bükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərısı iştirakçılara və ona göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra iki ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdr. O və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş onlara və hər bir iştirakçılara nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Şəxsi axtarış və götürmə zamanı onların və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs Şahid3 ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-nin 21 -ci polis bölməsində olan zaman onlara qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun və ya Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun və Təqsirləndirilən şəxs üzərinə yalnız Nəsimi RPİ-nin 21-ci polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O. narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Psixotrop maddəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, hənin şəxsi üzdən tanıyır, kim olduğunu harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq o, həmin şəxsin narkotik vasitə və psixotrop maddə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaşıb psixotrop maddə almışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-531/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-531/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-531/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı 08 iyul 2024-cü il tarixindən 10 iyul 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün, 20 sentyabr 2024-cü il tarixdə axtarış nəticəsində tutulduğu 01 (bir) gün müddət və hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 05 (beş) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2454 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,663 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, 40 saata görə cəmi 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı 08 iyul 2024-cü il tarixindən 10 iyul 2024-cü il tarixinədək tutulduğu 02 (iki) gün, 20 sentyabr 2024-cü il tarixdə axtarış nəticəsində tutulduğu 01 (bir) gün müddət və hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 05 (beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,663 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 260 (iki yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar