Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-501/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X10, X14 və X2 nümayəndəsi və vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər – X15 və X5 vəkili X1 iştirakları ilə, X15 və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X10, X14 və X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN E T D İ: X15 və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X10, X14 və X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət verən şəxslər X10, X14 və X8 "xxxx" MMC-də işləyirlər. 15.08.2021-ci il tarixdə yeni binanın tikilməsi ilə bağlı söküntü işləri aparılmış, həmin işlərlə bağlı xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxslər - X11 və X15 yeni binanın həyətində tikintinin aparılmasına etiraz əlaməti olaraq şikayətçiləri kobud şəkildə, həmin yerə yığılan izdihamın içərisində təhqir etmiş, onları ağır cinayət törətməkdə ittiham edərək böhtan atmışdır. Həmin təhqir və böhtanlar “Azad söz” və “Meydan tv” media qurumları tərəfindən işıqlandırılmış və onların öz rəsmi səhifələrində “Dəhşət” adı ilə Teymur Kərimovun reportajı başlıqla videogörüntülər şəklində yayılmışdır. Həmin reportaj hazırlanarkən “Azad söz” media qurumunun əməkdaşı cərəyan edən hadisələri şərh edir. Bundan sonra həmin videolar digər sosial şəbəkələrdə Facebook və İnstagram sosial şəbəkələrində geniş şəkildə yayılmışdır. Təhqir və böhtanlar hadisə baş verən yerdə geniş kütlənin içərisində edilmiş və "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirməklə şikayətçilərin demək olar ki, bütün qohum-əqrəbaları, dost-tanışları bu hadisədə xəbər tutmuşdur. Həmin 25 dəqiqəlik videogörüntüləri əks etdirən diski məhkəməyə təqdim etməklə, orada ifadə olunan təhqir və böhtanların məzmununu açıqlayırlar, ilk öncə yayımlanan video “Azad söz” media qurumu əməkdaşının şərhi ilə başlanır. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxslər əvvəlcə öz maşınları vasitəsilə yolu bağlayır, daha sonra Məmmədli Sadıq əlində benzin dolu kapron butulka və fotoşəkillərlə binanın önünə çıxır. Həmin vaxt videonun 0:02:37 və 0:02:57-ci dəqiqələrində Məmmədli Sadıq şikayətçi Məmmədov Ziyanın şəklini göstərərək: “Oğraş, bax özünə” deyir, “Ziya oğraş bax gör balaların səni necə söyürlər” ifadələrini işlədir. X13 şəklini göstərərək çəkiliş aparan jurnalistin yanında kameraya baxaraq: “Ziya bax tanıdın özünü” deyir. Bundan sonra Rauf Məmmədli şikayətçi X2 şəklini Sadıq Məmmədliyə verir. X17 Qarayev barəsində videonun 0:03:45-ci dəqiqəsində: “Mahir tulanı veriblər qabağa” ifadəsini işlədir. Sadıq Məmmədli şikayətçi X10 barəsində videonun 0:09:24-cü dəqiqəsində: “Ziya oğraş, tula eşidirsən məni?!” təhqiramiz sözləri səsləndirir. X11 tərəfindən eyni anda, adları ayrı-ayrı çəkilməklə cəm halında videogörüntünün 0:13:27 dəqiqəsində X10, X14 və X8 barəsində: “Qəhbələr”, “Rüşvət alırlar” ifadəsi işlədilir. 0:14:43-cü dəqiqədə “Bax belə olacaq, söyüləcəksiz, mənim anama əziyyət verən oğraş söyüləcək”, “Cındırsız” ifadələri işlətməklə şikayətçiləri təhqir etmiş, onları rüşvət almaqda ittiham edərək böhtan atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 3 saylı, 21.02.2014-cü il tarixli Qərarının 8-ci bəndinə əsasən “Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir.” Həmin Qərarının 12-ci bəndinə əsasən “Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.” Hadisə ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə 02.09.2021-ci il tarixli, 561 saylı vəkil sorğusu verilmişdir. Həmin qurumdan alınan cavab məktubunda qeyd edilir ki, “Azad söz” və “Meydan TV” internet mətbu orqanlarının “az” ölkə kodlu domeni olmadığından onların qeydiyyatı aparılmır. Vəkil sorğusu və ona cavab məktubunun surəti şikayətə əlavə olunur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 3 saylı, 21.02.2014-cü il tarixli Qərarının 12-ci bəndinin ikinci hissəsinə əsasən şikayət Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilir. Qeyd olunanlar nəzərə alınaraq, X6 və X5 Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə cəlb edilmələri xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X10, X14 və X2 nümayəndəsi və vəkili Müdafiəçi şikayəti müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X15 və X5 vəkili X3 öz izahatında bildirmişdir ki, X6 və X5 anasının adına rəsmiləşdirilmiş ev "xxxx" MMC-nin səlahiyyət verdiyi şəxslər tərəfindən icazəsiz olaraq sökülmüşdür, bu barədə X9 və X7 məlumat verilsə də, həmin şəxslər rayonda olduqlarından hadisə yerinə vaxtında gələ bilməmişlər. Həmin hadisə vaxtı evdə olan əşyalar da, söküntü işləri aparılarkən yararsız vəziyyətə salınmışdır. Qeyd olunan hadisə nəticəsində X15 və X11 onlara qarşı baş vermiş haqsızlığın təsirində olduqlarından benzin götürərək haqsızlığın davam edəcəyi təqdirdə özlərini yandırmaq təşəbbüsündə olduqlarını bildirmişlər. Bununla belə, baş vermiş hadisə CM-nin hər hansı maddəsini özündə ehtiva etmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 və X11 və şikayətçilər X10, X14 və X8 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, X10, X14 və X8 tərəfindən verilmiş şikayətdə barələrində şikayət verilmiş şəxslərin məşğuliyyət növü, vəzifəsi, törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi); şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa X10, X14 və X8 xüsusi ittiham qaydasında verdikləri şikayətlərində X15 və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etsələr də, CM-nin 147 və 148-ci maddələrinin konkret olaraq hansı hissəsi (147.1 və ya 147.2) ilə cinayət məsuliyyətinə cəlb edilmələrini göstərməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X10, X14 və X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X15 və X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X10, X14 və X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan 20 gün müddətinə Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-501/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-501/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver