Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-509/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,263 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının kiçik sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,263 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir, hal hazırda heç bir yerdə işləmir. O, uzun müddətdir ki, 2013-2014-cü ildən narkotik vasitə qəbul edir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “Papanin” adlanan ərazidən, tanımadığı şəxsdən, 35 manata şəxsi istifadəsi üçün “kokos” adlanan narkotik vasitə almışdır. xx.xx.2022-ci tarixdə, Nəsimi rayonu, Cavadxan küçəsi 12 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmiş və onu Nəsimi RPİnin 19-cu PŞ-yə dəvət etmişlər. Orada otaqların birində onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibində olan “kokos” adlanan narkotik vasitəni təqdim etmişdir. Videoçəkilişlə üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Elnur’" adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ilə ünvan 4 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Elnur” adlı şəxsin gəldiyini görüb saat 15:30-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsi üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmişlər. Daha sonra Nəsimi RPİnin 19-cu PŞ-nin inzibati binasındakı xidməti otaqların birində özünün, Nəsimi RPİ-nin 19cu PŞ-nir baş əməliyyat müvəkkili Şahid2, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Cəmaləddin Mehvalıyevin və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə şəxsiyyəti sonradan onlara məlum olan vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızında olan bükülünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya aşkar edilməmişdir. Sonra həmin şəxsdən həmin bükülünü haradan əldə etdiyi və nə məqsəd ilə üzərində gəzdirdiyi barədə soruşduqda, sonuncu qeyd edilən narkotik vasitəyə bənzər maddəni Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş materiallarında olan: - “ Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.22); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-476/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.90-93); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5018 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (i.v.55-57); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5703 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.109-110); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 1,263 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1,213 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəssinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 1,263 qram narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v.123-131); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. “Amnistiya aktının tətbiq edilməsi barədə” Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir (i.v.114-116); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının kiçik sağ yan cibindən narkotik vasitə heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur. Odur ki, həmin videoçəkilişin qeydə alınıb yazıldığı 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v.44-49); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki tünd göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd qızılı rəngli siqaret kağızında olan bükülünü çıxarıb stolun üzərinə qoymuş, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra 01 ədəd qızılı rəngli siqaret kağızından ibarət bükülünün içərisində “kokos” deyilən narkotik maddə olduğunu, həmin narkotik maddəyə bənzər kütləni xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidə, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 35 manata aldığını bildirmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və səmimi peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 sentyabr 2022-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 5703 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,213 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-509/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-509/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver