Məhkəmə qərarları › İş №1(006)-509/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-509/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-509/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmdəli oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 15, mənzil 21-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkən, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda - 0,516 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 08 avqust 2024-cü il tarixdə, saat 00:10-da polis əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki köynəyin cibindən bir bükümdə həmin maddə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Kubinka” anlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə metamfetamin almış, xx.xx.2024-cü il tarixdə, saat 00:10-da ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 22-ci polis şöbəsinə aparılmışdır. Orada o, üzərində olan həmin maddəni əynindəki köynəyinin cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə “Elşən” adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu məlumatın yoxlanılması üçün ondan və şöbənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onlar xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində ünvan 1 ünvanda bu şəxsi görüb məsələ barədə məlumat verib onu şöbəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs əynindəki köynəyin cibindən bir ədəd kağız bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, bükümün içərisində metamfetamin olduğunu, onu xx.xx.2024-cü il tarixdə, səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun izahat verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4035 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs götürülmüş bükülü və s.yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,516 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,466 qram, aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir (İ cild, i.v.63-66); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 5419 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.81-82); • “Sübutların qiymətləndirilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,466 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.136-142); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 422/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.104-108); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmdən aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 26 sentyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.114-116, cild İİ); • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2655/2024 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizəsi təmin edilmiş və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını, o cümlədən hazırda analoji cinayətə görə azadlıqdan məhrum etmə cəzasının çəkdiyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunsa da, o, hazırki iş üzrə cinayət əməlini həmin hökmdən əvvəl törətmişdir. Buna görə də ona cinayətlərin məcmusu üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı hazırki hökmlə təyin olunacaq cəza ilə qismən toplamaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 3-2-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 08 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,466 qram psixotrop maddə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 60 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmdəli oğluna 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə müvafiq olaraq hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,466 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmdəli oğluna 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar