Məhkəmə qərarları › İş №1(006)-51/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-51/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-51/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yanardağ küçəsi, ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,178 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımış, X7 Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə, saat 11:30 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində saxlanılaraq idarəyə gətirilmiş, orada üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə, səhər saat 10 radələrində Balaxanı qəsəbəsində qonşuluqda olan yas mərasimi ilə əlaqədar qəbirstanlıqdan Tural adlı şəxslə birlikdə qayıdarkən polis əməkdaşları onlara yaxınlaşmış, Tural isə həmin anda cəld olaraq oradan qaçmışdır. Daha sonra onu X7 Polis İdarəsinə aparmışlar. Orada onun cibinə narkotik qoyulmuş və guya üzərində axtarış aparılan zaman həmin əşya ondan aşkar edilmişdir. Eyni zamanda ona bildirilmişdir ki, əgər bu çəkidə narkotiki öz üzərinə götürərsə cəmi iki ay inzibati həbs olunacaq, etiraz etdiyi halda isə ona külli miqdarla bağlı daha ağır ittiham veriləcəkdir. O da qorxaraq məcbur olub narkotiki öz üzərinə götürüb bəzi sənədlərə qol çəkmişdir. Lakin sonradan bilib ki, barəsində cinayət işi açılıb, buna görə də ibtidai istintaqa öz etirazını bildirərək sonrakı sənədlərə qol çəkməyib. Ona bəraət verilməsini xahiş edir. Məhkəmədə Dəmir Yolu X4 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə ona Sabunçu dəmir yolu stansiyasının ərazisində “Fərman” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bunu yoxlamaq üçün əməliyyat qrupu yaradılmışdır. Həmin vaxtı “Fərman” adlı şəxsin zahiri görünüşünü və harada olması yerini dəqiqləşdirib iş yoldaşı Şahid2 ilə birlikdə Sabunçu dəmir yolu stansiyasının ərazisi olan Sabunçu-Balaxanı stansiyalar arası olan istiqamətdə dəmir yolu xətlərinin kənarına getmişlər. Saat 11:30 radələrində zahiri görünüşünə görə “Fərman” adlı şəxsə oxşar, təxminən 45-48 yaşlarında şəxsin olduğunu görüb ona yaxınlaşmış, özlərini təqdim edib məsələni ona izah edərək onu idarəyə dəvət etmişlər. İdarədə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaret qutusunu, gödəkçəsinin cibindən isə bir mobil telefonu, dabankeşi, narkotiki bölmək üçün istifadə olunan bıçaq formalı dəmir parçasını və kiçik dəmir borusunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusundan bir ədəd gümüşü rəngli kağızda büküm və onun içərisində tozşəkilli maddə aşkar edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu və onu həmin günü yerdən tapıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bununla yanaşı qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında olan bir nəfər digər şəxs dərhal qaçmış, onlar da onu yaxalaya bilməmişlər. Buna görə də Təqsirləndirilən şəxs həmin şəxsə zəng vurub onun geri qayıtmasını istəmiş, lakin sonuncu zəngə cavab verməmişdir. Təqsirləndirilən şəxs Balaxanı qəsəbəsində saxlanılmasına dair ifadəsində göstərdiyi xüsusatla bağlı bildirir ki, təqsirləndirilən şəxsin müəyyən olunduğu Sabunçu-Balaxanı stansiyalar arası olan istiqamətdə dəmir yolu xətlərinin kənarı ümumilikdə Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisinə aiddir və ona görə cinayət işində bu yerin adı ümumilikdə belə göstərilib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 Polis İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2020-ci il tarixli protokola və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən öncə ona üzərində olan qeyri-qanuni əşyaları və maddələri könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən üzərində “Argo” yazılı siqaret qutusunu, qolsuz canlığın sol yan cibindən isə 01 ədəd “Samsung Duos” markalı mobil telefonu, 01 ədəd dəmir dabankeşi, 01 ədəd bıçaq və 01 ədəd dəmirdən hazırlanmış borunu çıxarıb masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar olundu. Həmin büküm açıldıqda içərisindən tünd qəhvə rəngli, spesifik iyə malik olan toz şəklində maddə aşkar olundu. Təqsirləndirilən şəxs bükümün içərisində heroin olduğunu, onu və dəmir borunu xx xxx 2020-ci il tarixdə, səhər saatlarında Sabunçu dəmir yolu stansiyası ərazisində tapdığını, bıçağı isə dırnaqlarını təmizləmək üçün üzərində gəzdirdiyini söyləmişdir (cild İ, i.v.21, disk); - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadəsindən aydın olur ki, o, xx xxx 2020-ci il tarixdə səhər saatlarında Sabunçu dəmir yolu stansiyası ərazisində gəzərkən yerdə siqaretin gümüşü kağızında büküm görüb onu götürmüş və içərisində narkotik vasitə heroin olduğunu aşkar edərək öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin günü, saat 11:30 radələrində iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu X7 Polis İdarəsinə dəvət etmişlər. İdarədə üzərində video çəkilişlə axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız büküm və s. əşyalar aşkar edilmişdir (İ cild, i.v.22, 54-56); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/721 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,178 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq çəki 0,128 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.28- 31); - xx xxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,128 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri X7 Polis İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.74); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 1940 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.110-111); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(006)- 243/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.68-71); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.83-84, 98-104); - “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 22322 saylı məktubu ilə təqdim olunan CD diskdə olan məlumatlara görə Təqsirləndirilən şəxs istifadəsində olan (özü bunu bildirib) ***-***-**-** saylı nömrə (X3 məxsusdur) ilə xx.xx.2020-ci il tarixdə 07:34-10:55 saatları arası 050 866-86-60 (X10 məxsusdur) və 050 748-22-84 (X5 məxsusdur) saylı nömrələrlə danışıqlar həyata keçirilmişdir (məhkəmədə Təqsirləndirilən şəxs bu zənglərlə nə danışıldığını xatırlamadığını bildirib). ***-***-**-** saylı nömrənin əhatə dairəsi Balaxanı qəsəbəsini göstərir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli törətməsi ibtidai araşdırma dövründən fərqli olaraq özü tərəfindən məhkəmədə inkar olunsa da, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun əməli tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Dəmir Yolu X4 saxlanılan, qalıq qalan 0,128 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Dəmir Yolu X4 saxlanılan, qalıq qalan 0,128 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar