Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-51/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1.12, 300.1.7, 300.5, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş cinayət əməlini törətmişdir. Belə ki, o, 03 avqust 2021-ci il tarixdə saat 17:36-da idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Kia Rio» markalı **-UT-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə 30-40 km/saat sürətlə hərəkətdə olarkən həmin küçənin 78 saylı ünvanında yerləşən “Əjdərbəy məscidi”nin qarşısına düşən yol hissəsinə çatdıqda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsində göstərilən, sürücü piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməlidir kimi tələblərinə riayət etməyərək yolu piyada keçidinin üzəri ilə onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq nəticədə ehtiyatsızlıqdan sonuncuya sağ baldır-qamış və incik sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerinidəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınıqları kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisəyə qədər cinayət məsuliyyətinə cəlb edilməmiş və hər hansı bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Özünə məxsus olan "Kia Rio" minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə gününədək taksi fəaliyyəti ilə məşğul olmuşdur. 03 avqust 2021-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Kia Rio" minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Zabitlər» bağının qarşısından üzü "Əjdərbəy Məscidi" istiqamətinə doğru saatda 40 km sürəltə yolun özünə aid olan hissəsi ilə hərəkətdə olan zaman həmin vaxt yolun sol kənar hissəsindən ağacların arxasından qəflətən şəxsiyyətini hadisə günü öyrəndiyi piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində olan yerüstü piyada keçidinə daxil olduğunu görüb avtomobilin əyləcindən istifadə etməsinə baxmayaraq hadisədən yayına bilməmiş və avtomobilin ön tərəfi ilə yolu ondan sol tərəfdən sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Zərbənin təsirindən sonra piyada Zərərçəkmiş şəxs asfalt ötrüklü yola yıxılmışdır. Bu zaman o, avtomobildən düşüb onun yanına gəlmiş və orada olan insanların köməkliyi ilə Elmira İskakovnanı avtomobilinin arxa oturcağına gətirib əyləşdirmişlər və zərərçəkmişi avtomobili ilə yaxınlıqda yerləşən Travmotologiya xəstəxanasına gətirmişdir. Bundan sonra zərərçəkmiş şəxsin dərəcəsinə görə ağır xəsarət almasını bilmişdir. Daha sonra zərəçəkmiş şəxslə barışmağa cəhdlər göstərilsə də, Elmira İskakovnanı görməmiş və onun qızı və kürəkəni ilə danışıqlar apararaq barışığa nail olmaq istəmişdir. Lakin ondan 5000 manat pul vəsaiti istənildiyinə görə maddi imkanı həmin vəsaiti ödəmək iqtidarında olmamışdır. Hal-hazırda da zərərçəkmiş şəxsə müəyyən məbləğ təklif etsə də, onun qohumları həmin məbləğlə razı olmamışlar. İfadəsinin sonunda Azərbaycanın ərazi bötüvlüyünün qorunmasında Ermənistan silahlı qüvvələrinə qarşı 2016-cı ilin aprel döyüşlərində iştirak etməsini nəzərə alaraq, barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 03 avqust 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Zabitlər” bağının qarşısında səki ilə piyada gəlib avtobus dayanacağından bir qədər aşağıda, yəni Səməd Vurğun küçəsində yolun piyadaların keçməsi üçün nəzərdə tutulan, piyada keçidinin olduğunu göstərən xəttin və nişanın qarşısında dayanmış, yolun "Zabitlər” parkı tərəfdən olan hissəsindən, yəni sağ tərəfdən sol tərəfə doğru "Əjdərbəy Məscidi" istqamətində keçmək üçün sol tərəfə baxmış və avtomobillərin gəlmədiyini görüb yolu keçməyə başlamışdır. Yolun "Təzə Bazara" tərəf olan hissəsini keçdikdən sonra yolun "Əjdərbəy Məscidinə" doğru olan hissəsinə keçmək istədikdə bu zaman şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Rio" markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən hərəkət edərək yerüstü piyada keçidində onu avtomobilin ön tərəfi ilə vurmuş, avtomobilini saxlamış və sürücü avtomobildən düşüb həmin ərazidə keçən adamlarla birlikdə onun yanına gəlmişdir. Sürücü Təqsirləndirilən şəxs orada olan şəxslərin köməkliyi ilə onu avtomobilinə əyləşdirmiş və sonra onu yaxınlıqda yerləşən Travmatologiya Xəstəxanasına aparmışdır. Xəstəxanada müayinə zamanı məlum olmuşdur ki, onun sağ ayağında avtomobilin zərbəsinin təsirindən sınıqlar əmələ gəlmişdir. Himayəsində İ qrup əlil olan qızı olduğundan stasionar müalicədən imtina etmiş və ev şəraitində müalicə olunmuşdur. Lakin təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmiş və xəsarətin ağırlığına görə 5000 manat pul tələb etsə də, Təqsirləndirilən şəxs ona həmin məbləği ödəməkdən imtina etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli, 2/22083 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə avtombili ayıq vəziyyətdə idarə etmişdir (i/v 8). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AE seriyalı, 233916 saylı sürücülük vəsiqəsinin və AE seriyalı, 089149 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, **-UT-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” minik markalı avtomobil Təqsirləndirilən şəxs məxsusdur və sonuncunun 16.01.2029-cu il tarixədək müddəti olan BC kateqoriyalı sürücülük vəsiqəsi vardır (i/v 9). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yolun üzəri asvaltlı və quru haldadır. Piyadanın vurulması “Zabitlər bağı” adlanan ərazinin qarşısında yolun hərəkət istiqamətinin sol kənarından 1.5 metr məsafədədir (i/v 13-18). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azər Paşayev tərəfindən təsdiq edilmiş 17 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs nümayəndəliyə şikayətlər daxil olmamışdır (i/v 35). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 33). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 23 avqust 2021-ci il tarixli 695 nömrəli ekspert rəyindən görünür ki, 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ baldır-qamış və incik sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerinidəyişən sınıqları, sağ incik sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Elmi Tədqiqat və Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 03.08.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər (i/v 41-42). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli 8/1932 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, «KİA RİO» markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodiki vəsaitin tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmədiyindən piyada Zərərçəkmiş şəxs hərkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir (i/v 37-39). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi İslam Mürsəlov tərəfindən tərtib edilmiş DVD diskə baxış keçirilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “DVD” diskdə 3 ədəd qovluq vardır. Qovluqlarda 03 avqust 2021-ci il tarixdə, saat 17:36 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin qeydə alndığı görüntülər vardır. Görüntülərdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsinin “Zabitlər” bağının və “Əjdərbəy Məscidinin” qarşısından keçən hissəsi əks edilmişdir. Yol iki tərəfli hərəkət istiqamətli olmaqla asfalt örtüklüdür, Zərərçəkmiş şəxs bildirmişdir ki, “Zabitlər” bağının qarşısından zolaqlanmış yerüstü piyada keçidindən piyada keçən qadın onun özüdür və o, həmin yolun “Təzə Bazara” tərəf olan istiqamətindən yolun “Əjdərbəy Məscidinə” doğru olan hissəsinə tərəf keçmişdir. Səməd Vurğun küçəsində yolun piyadaların keçməsi üçün nəzərdə tutulan hissəsində Təqsirləndirilən şəxs Flikmət oğlunun idarə etdiyi “Kia Rio” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən hərəkət edərək onu avtomobilin ön tərəfi ilə vurub yerə yıxmışdır. Bu zaman avtomobilin sürücüsü avtomobildən düşüb onun yanına gələrək ətrafda olan şəxslərin köməkliyi ilə onu yerdən qaldırıb avtomobilə gətirib avtomobildə otuzdurmuşlar. Müəyyən olunmuşdur ki, sürücü zərərçəkmiş şəxsi yaxınlıqda yerləşən tibb müəssisələrindən birinə aparmaq üçün yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidən avtomobili hərəkətə gətirərək idarə etməyə davam etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, sürücü onu Travmotologiya Xəstəxanasına gətirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, “DVD” diskdə olan görüntülər reallığı əks etdirir və “DVD” diskdə hər hansı bir montaj və əlavələr edilməmişdir. Protokol tərəfimdən ucadan oxunmuş, iştirakçılar tərəfindən protoklun tərtib edilmə qaydasına və məzmununa əlavə və qeydlər daxil olmamış, düzgün tərtib edilmişdir və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (i/v 60-64). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus «KİA RİO» markalı, **-UT-*** qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i/v 111-116). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «KİA RİO» markalı, **-UT-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və dəlil götürülməmiş, baxış başa çatdıqdan sonra avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir (i/v 75-76). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 103-104). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri Taleh Şamilov tərəfindən məhkəməyə ünvanlanmış 09 fevral 2022-ci il tarixli, 486 saylı məktub və ona əlavə edilmiş 325 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında xidməti vəzifələrini layiqincə yerinə yetirərək 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olmuşdur İş materiallarında olan 03 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Cavid Cavadov məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda – iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər aid edilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, “KİA RİO” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-552/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərara əsasən 22 oktyabr 2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 300.1.7, 300.5, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - “KİA RİO” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-51/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-51/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver