Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-512/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, “X5” MMC-də sosial işçi vəzifəsində işləyən, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 29-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00-da işlədiyi ünvan 1 ünvanda yerləşən köşkün arxasında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun baş və sifət nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona sol təpə və ənsə nahiyələrinin iri ölçülü dərialtı hematomaları, sağ gicgah - almacıq və sol gözaltı nahiyələrinin, boyun nahiyəsinin qançırları, sağ yanaq nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, o, 2016-cı ilin avqust ayının 31-də Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, lakin evləndiyi gündən ailədaxili məsələlərə görə tez-tez sözlə mübahisələri olmuşdur. Bu səbəbdən də onlar boşanmışlar. Bundan sonra o, ikinci dəfə qeyri-rəsmi olaraq Nərmin adlı qadınla ailə həyatı qurmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 11:00-da işlədiyi Nəsimi rayonu, Mirqasımov küçəsi, 01 saylı ünvanda yerləşən köşkdə olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs həmin yerə gələrək ondan nə səbəbə görə Nərminin ona mesaj yazdığını soruşduqda, o, Zərərçəkmiş şəxs həmin mesajlarda onun təhqiredici ifadələrə yol verdiyini, bu səbəbdən də Nərminin cavab olaraq mesaj yazdığını bildirmişdir. Bu zaman onların arasında sözlə mübahisə baş vermiş və o, Zərərçəkmiş şəxs təhqirlərinə dözə bilməyərək əli ilə bir neçə dəfə onun sifət və başının arxa tərəfindən zərbələr endirmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, vurulmuş zərər ödənilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2016-cı ilin avqust ayının 31-də Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və evləndiyi gündən son 01 ilə kimi onların münasibətləri normal olsa da, sonradan Təqsirləndirilən şəxs onunla kobud rəftar edib ona xəyanət etmişdir. Bu səbəbdən də onlar rəsmi olaraq boşanmışlar. Buna baxmayaraq Təqsirləndirilən şəxs onunla yenidən barışmaq üçün cəhd göstərsə də, o, ikinci dəfə rəsmi olaraq ailə həyatı qurmuş və Səxavətə bir daha onunla barışmayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ikinci arvadı Nərmin adlı şəxs ona mobil telefon vasitəsilə mesaj yazaraq nə səbəbə onun haqqında şər-böhtan xarakterli xoşagəlməyən ifadələr işlətdiyini soruşduqda, o həmin şəxsə “nə demişəm düzgün demişəm, məndən əl çəkin sözlərini deyərək əsəbləşib Təqsirləndirilən şəxs işlədiyi köşkə getmişdir. Həmin günü saat 11:00-da o, Təqsirləndirilən şəxs nə səbəbə Nərminin onu narahat etdiyini soruşduqda, Təqsirləndirilən şəxs Nərminin belə sözlər işlətmədiyini ona bildirmişdir. Bu zaman onların arasında sözlə mübahisə baş vermiş və Təqsirləndirilən şəxs onun sifət və başının arxa nahiyəsinə bir neçə dəfə əli ilə zərbə endirmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1657 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol təpə və ənsə nahiyələrinin iri ölçülü dərialtı hematomaları, sağ gicgah-almacıq və sol gözaltı nahiyələrinin, boyun nahiyəsinin qançırları, sağ yanaq nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.21-23); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2019-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət işinin başlanılması rədd olunmuşdur (İ cild, i.v.18- 19B); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2017-ci və xx.xx.2018-ci il təvəllüdlü iki övladı var (İ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin baş müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2019-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəllənin 128-ci maddəsi üzrə bu norma artıq bir dəfə tətbiq edilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, habelə zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmədə onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-512/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-512/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver