Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-513/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə 25 iyun 2025-ci il tarixdə keçirilmiş yekun məhkəmə iclasında təqsirləndirilən şəxs X14 Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü elan edildikdən dərhal sonra xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yaxınlığında, təqsirləndirilən şəxsin vaxın qohumlarının təşəbbüsü ilə gələcəkdə “Operativ Xəbər" adlı xəbər portalında yayımlanması məqsədilə videoçəkiliş aparılmışdır. X4 iştirakı ilə aparılan çəkiliş zamanı X10, yəni təqsirləndirilən şəxsin anası - ictimai yerdə, kütləvi informasiya nümayəndəsinin qarşısında onun ünvanına nalayiq ifadələr işlətmiş, onun şərəf və ləyaqətini qəsdən alçaltmış, böhtan və təhqir xarakterli fikirlər səsləndirmiş, ulu öndər H.Əliyevi və davamçısı X13 təhqir olunmasına şərait yaratmışdır. Daha sonra həmin çəkiliş - Miyasa Cəfərovanın onun ünvanına nalayiq və böhtan xarakterli ifadələr işlətməsi daxil olmaqla - "Operativ Xəbər" adlı xəbər portalı vasitəsilə internetdə kütləvi şəkildə yayımlanmış və sosial media platformalarında da geniş şəkildə yayılmışdır. Miyasa Cəfərovanın bu hərəkətləri onun şəxsiyyətini təhqir etməyə, nüfuzunu alçaltmağa və cəmiyyətdə mənfi rəy formalaşdırmağa yönəlmişdir. Onun bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət məsuliyyəti yaradır. Göstərilənləri nəzərə alaraq X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanması barədə qərar qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş etmişdir. Daha sonra məhkəməyə ərizə ünvanlayaraq xüsusi ittiham qaydasında qaldırdığı işdə texniki səhv olaraq Bərdə rayon Alpout və Köbər kəndi yanaşı olduğundan təqsirləndirilən şəxsin adını və qeydiyyatda olduğu ünvanı yanlış göstərmişdir. Halbuki sözügedən videoda onu təhqir edən, şəxsiyyətini alçaldan şəxs X9 həyat yoldaşı X5r. Əlavə olaraq bildirmişdir ki, X6 qızı X14 ona hədə-qorxu, şantaj edərək 40487 manat pulunu mənimsədiyi üçün CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi altında 5 il müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Adlarını qeyd etdiyi ailə üzvləri hər biri ayrı-ayrılıqda şərböhtan atmağa meylli, təhqir etməyi özlərinə peşə seçən dövlətə və dövlətçiliyə inanmayan, ali qanunları saymayan şəxslərdir. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında qaldırdığı cinayət işində təqsirləndirilən şəxsin Bərdə rayonu, Köbər kəndində qeydiyyatda olan X1 tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 şikayətin və ərizənin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin forma və məzmuna riayət olunmadan tərtib olunduğunu nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CMnin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmiş, şikayət ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, xüsusi ittihamçı X12 şikayət vermiş şəxs kimi özü haqqında məlumatları (doğulduğu ili, məşğuliyyət növünü, vəzifəsini), həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi (təhqir və böhtan xarakterli yalan məlumatların yayıldığı) ünvanı göstərməmişdir. Eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi barədə məlumatlar da natamamdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən alınmış məlumat əsasında müəyyən edilir ki, Bərdə rayon Köbər kənd sakini X11 deyil, X7r. Bununla da, X8 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-513/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-513/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver