Məhkəmə qərarları › İş №1(006)-514/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-514/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-514/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi “M.B.M” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddəslərində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə 25 iyun 2025-ci il tarixdə keçirilmiş yekun məhkəmə iclasında təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü elan edildikdən dərhal sonra - xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində - Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının yaxınlığında, təqsirləndirilən şəxsin yaxın qohumlarının təşəbbüsü ilə gələcəkdə “Operativ Xəbər” adlı xəbər portalında yayımlanması məqsədilə videoçəkiliş aparılmışdır. X1 iştirakı ilə aparılan çəkiliş zamanı X7 - yəni təqsirləndirilən şəxsin atası ictimai yerdə, kütləvi informasiya nümayəndələrinin qarşısında onun ünvanına nalayiq ifadələr işlətmiş, onun şərəf və ləyaqətini qəsdən alçaltmış, böhtan və təhqir xarakterli fikirlər səsləndirmiş, ulu Öndər H.Əliyevi və davamçısını X9 təhqir olunmasına şərait yaratmışdır. Daha sonra həmin çəkiliş – Cəfər Cəfərovun onun ünvanına nalayiq və böhtan xarakterli ifadələr işlətməsi daxil olmaqla - "Operativ Xəbər" adlı xəbər portalı vasitəsilə internetdə kütləvi şəkildə yayımlanmış və sosial media platformalarında da geniş şəkildə yayılmışdır. Cəfər Cəfərovun bu hərəkətləri onun şəxsiyyətini təhqir etməyə, nüfuzunu alçaltmağa və cəmiyyətdə mənfi rəy formalaşdırmağa yönəlmişdir. Onun bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət məsuliyyəti yaradır. Yuxarıda göstərilənlərə əsasən, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək, 4 ildir şikayətçi olduğu şəxslərlə mübarizə apardığını, onun barəsində şikayət verdiyi şəxslər tərəfindən böhtan xarakterli məlumatların yayıldığını bildirərək X2 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X8 bildirdi ki, Xavər Babayeva barəsində nalayiq ifadələr işlədildiyini bildirsə də, bunu təsdiq edən hər hansı fakt təqdim etməmişdir. Qeyd etdiklərini və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla yanaşı xüsusi ittiham qaydasında verilmiş şikayət forma və məzmun baxımından da qanunvericliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsinin məzmunundan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin AR Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq hökm çıxarılması xahiş olunmuş, lakin həmin Məcəllənin 147-ci maddəsinin müvafiq olaraq 1-ci və yaxud 2-ci hissəsi ilə məsuliyyətə cəlb olunması konkret olaraq deyil, ümumi olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan da aydın olur ki, X6 tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə ünvanlanmış şikayət ərizəsi cinayət-prosesual qanunvericiliyində nəzərdə tutulmuş xüsusi ittiham qaydasında şikayət ərizəsinin tərtib olunmasına dair tələb olunan forma və məzmunun tələblərinə riayət olunmadan verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, həmin şəxs tərəfindən X4 barəsində ehtimal olunan cinayət əməllərinin hansı tarixdə internet resurslarında yayılması öz əksini tapmamış, xüsusi ittiham qaydasında şikayətdə ümumiyyətlə belə tarix və vaxt barədə məlumat göstərilməmişdir. Halbuki, cinayətin törədilmə vaxtının müəyyən edilməsi, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin hesablanması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə şikayətdə böhtan və təhqir xarakterli məlumatların "Operativ Xəbər" adlı xəbər portalı vasitəsilə internetdə kütləvi şəkildə yayılması göstərilsə də, lakin bu paylaşımların əks olunması barədə işə hər hansı mötəbər sübut əlavə edilməmişdir. Tədqiq edilmiş materiallarından da aydın olur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 tərəfindən verilmiş şikayət ərizəsində qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. X6 şikayətdə X2 CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsini bildirmiş, lakin şikayətdə göstərilən cinayətin törədilmə halları hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndində göstərilir ki, cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isətəqsirləndirilən şəxs qismində tanınırlar. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Tərəflər arasında mübahisə predmeti olan paylaşımlarda təhqiramiz ifadələrdən istifadə etməsinə gəlincə, məhkəmə hesab edir ki, həmin epizodlarla bağlı cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin mövcudluğu barədə məsələ ilə bağlı hazırkı işin hallarından asılı olaraq, mahiyyəti üzrə məhkəmə baxışı keçirilmədən, tərəflər dinlənilmədən və digər sübutlar tədqiq edilmədən birmənalı hüquqi mövqe nümayiş etdirilməsi mümkün deyildir. Ancaq müvafiq şikayət ərizəsində sadalanan nöqsanlara yol verilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi üçün əsasların yaranması artıq istinad edilən xüsusatların mahiyyəti üzrə araşdırılması zərurətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-515/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 hüquqlarının müdafiəsi “M.B.M” Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 göstərilmiş 6 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X5 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar