Məhkəmə qərarları › İş №1(006)-515/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-515/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-515/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, "xxxx" MTK-da mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2vanında yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanında yerləşən “Memar Əcəmi metrostansiyası”nın çıxışında tanış olmaq üçün yaxınlaşdığı Zərərçəkmiş şəxs rədd cavabına qarşılıq olaraq sonuncunu ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edib əl zərbələri ilə sonuncunun baş və bədən nahiyələrinə qəsdən zərbələr vurmaqla ona başın təpə nahiyəsində dərialtı hemotomaları, çiynin qurşağı nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Telegram” sosial şəbəkəsinin istifadəçisidir. Sosial şəbəkədə müxtəlif qruplar mövcuddur ki, o, adını bilmədiyi qrupa daxil olmuş və həmin qrupun üzvləri qrupa əyləncəli videolar ataraq əylənir, zarafat edirmişlər. Həmin qruplardan birində əvvəldən tanımadığı Mətanət adlı şəxslə yazışmış, sonuncuya görüş təyin etmiş, lakin Mətanət razılaşmamışdır. Mətanət öz şəkillərini sosial şəbəkədə paylaşdığı üçün sonuncunu zahirən tanımışdır. O, xx.xx.2024cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi “Memar Əcəmi” metrostansiyasının yaxınlığında küçədə yumruq zərbəsinin gücünü ölçmək üçün quraşdırılan alətə ödəniş edərək yumruq atıb əyləndiyi zaman orada yerləşən mağazaların birindən bir qadının çıxdığını görüb həmin qadının Mətanət olduğunu bilmişdir. O, Mətanətə yaxınlaşaraq özünün “Telegram” sosial şəbəkəsində ona yazan Sabir olduğunu, söhbət etmək istədiyini bildirmiş, Mətanət imtina etdikdə, o, əsəbləşərək sonuncunu təhqir etmişdir. Mətanət ona cavab qaytardığı üçün o, əsəbləşib sonuncunun küçədə baş və bədən nahiyələrinə müxtəlif əl zərbələri ilə vuraraq döymüşdür. O, hadisənin təxminən 5-10 dəqiqə ərzində davam etdiyini, həmin zaman küçədə tanımadığı insanların olduğunu, hadisə zamanı heç bir xəsarət almadığını bildirmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Telegram” sosial şəbəkəsinin istifadəçisidir. Sosial şəbəkədə müxtəlif qruplar mövcuddur ki, o, adını bilmədiyi qrupa daxil olmuş və həmin qrupun üzvləri qrupa əyləncəli videolar ataraq əylənir, zarafat edirmişlər. Həmin qrupların birində əvvəldən tanımadığı Sabir adlı şəxs ona yazaraq görüşmək istədiyini demiş, lakin o, bu təkliflə razılaşmamışdır. O, sosial şəbəkədə öz şəkillərini paylaşdığı üçün Sabir onu üzdən tanımışdır. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən mağazaların birindən çıxıb evinə gedən zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq söhbət etmək istədiyini demiş, o isə etiraz etmişdir. Həmin şəxs sosial şəbəkədəki Sabir olduğunu ona bildirmiş və ona qarşı küçədə təhqiramiz ifadələr işlətmişdir. O, Sabirin təhqirlərinə cavab verdiyi üçün sonuncu əsəbləşərək küçədə insanların gözü qarşısında onun baş və bədən nahiyələrinə əl zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək Sabirin onu döyməsi barədə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları həmin ünvana gələrək onu 19-cu Polis Şöbəsinə dəvət etmiş və o, şikayət ərizəsi ilə müraciət etmişdir. O, hadisənin təxminən 5-10 dəqiqə ərzində davam etdiyini, həmin vaxt küçədə insanların olduğunu, hadisə zamanı Sabirə xəsarət yetirmədiyini və ona maddi ziyan dəymədiyini ibildirmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəldən tanımadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi “Memar Əcəmi” metrostansiyasından çıxaraq evə gedən zaman metrostansiyanın yaxınlığında yumruq zərbəsinin gücünü ölçmək üçün quraşdırılan alətin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uca səslə danışdığını, daha sonra əsəbləşərək onun metrostansiyanın çıxışında küçədə baş və bədən nahiyələrinə əl-zərbələri ilə vurduğunu, qadının ağlamağa başladığını, qadını vuran şəxsin öz hərəkətləri ilə ətrafdakı insanların diqqətini öz üzərinə cəlb etdiyini, tutulan iradlara məhəl qoymadığını, daha sonra oradan uzaqlaşaraq getdiyini bildirmiş, hadisə zamanı orada təxminən 7-8 nəfər şəxsin toplaşdığını bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəldən tanımadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi “Memar Əcəmi” metrostansiyasından çıxaraq dostu ilə görüşməyə getdiyini, metrostansiyanın yaxınlığında yumruq zərbəsinin gücünü ölçmək üçün quraşdırılan alətin yanında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə uca səslə danışdığını, daha sonra əsəbləşərək onun metrostansiyanın çıxışında küçədə baş və bədən nahiyələrinə əl-zərbələri ilə vurduğunu, qadının ağlamağa başladığını, qadını vuran şəxsin öz hərəkətləri ilə ətrafdakı insanların diqqətini öz üzərinə cəlb etdiyini, tutulan iradlara məhəl qoymadığını, daha sonra oradan uzaqlaşaraq getdiyini bildirmiş, hadisə zamanı orada təxminən 7-8 nəfər şəxsin toplaşdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Vüqar Sultanov tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli 1283 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsində dərialtı hematomaları, çiynin qurşağı nahiyəsinin sıyrıqları vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvəl əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v.30-32); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.27). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməsi özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar