Məhkəmə qərarları › İş №1(006)-519/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-519/2022

30.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-519/2022 30.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-cı ildə Kürdəmir rayonu, Qarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi, ev 49-da yaşayan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,243 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 01 sentyabr 2022-ci il tarixdə, saat 08:20 radələrində ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 ildir narkotik istifadə edir və onu çox vaxt tanımadığı İran İslam Respublikasının vətəndaşından alırdı. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində “Tarqovı” adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından şəxsi istifadəsi üçün 20 manata bir sellofan bükümdə heroin almış və əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Lakin həmin günü saat 08 radələrində ünvan 1 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələri əldə edib istifadə etdiyi üçün onlarda məlumat olduğunu söyləyib onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə videoçəkiliş vasitəsilə axtarış aparılan zaman o, şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 01 sentyabr 2022-ci il tarixdə “Ramin” adlı şəxsin üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə ondan və şöbənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin günü saat 08:20 radələrində ünvan 1 ünvanın qarşısında olarkən “Ramin” adlı şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Orada olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Polis şöbəsində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildimişdir ki, bükümün içərisində heroindir, onu “Tarqovı” adlanan ərazidə İran İslam Respublikasının vətəndaşından 20 manata almışdır. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4695 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,243 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 1,193 qram, aparılmış tədqiqatın dəyəri 88 manat təşkil edir (İ cild, i.v.59-62); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında xx.xx.2022-ci il tarixli, 6097 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.120-121); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-448/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.102- 105); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,193 qram çəkidə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (İ cild, i.v.122-129); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə bu cəza 04 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.109-110). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 01 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,193 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 88 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,193 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar