Məhkəmə qərarları › İş №1(006)-519/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-519/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-519/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili Müdafiəçi2, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 11:20-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Latio» markalı **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-45 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə hərəkətdə olub Nəsimi rayonu, Vaqif prospekti istiqamətinə dönərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt avtomobil yolunu piyada zolağı ilə keçən Zərərçəkmiş şəxsı avtomobilin sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sol bazu sümüyünün böyük qabarının və cərrahi boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən etibarnamə əsasında “Nissan Latio" markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 30 manat qarşılığında icarəyə götürərək taksi fəaliyəti ilə məşğul olur. BD 503068 seriyalı sürücülük vəsiqəsi vardır. 23 dekabr 2024-cü il tarixdə təxminən saat 11:19 radələrində idarə etdiyi “Nissan Latio" markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən 40-45 km/saat sürətlə hərəkətdə olarkən Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən işıqforun yaşıl işığının yanmasını görüb avtomobili ilə Vaqif prospektinə dönən zaman piyada keçidində hərəkətdə olan qızı avtomobilin sol tərəfi ilə vurmuş və avtomobili durdurub dərhal avtomobildən düşərək həmin piyadaya yaxınlaşmışdır. Həmin vaxtı bir neçə nəfər tanımadığı şəxslər hadisə yerinə yaxınlaşmışlar. İlk öncə həmin piyadaya su vermişlər və təcili yardım çağırmaq istəmişdir. Lakin yolda tıxac olduğunu düşünərək həmin qıza köməklik edib avtomobilinə əyləşdirmiş və onu Travmatologiya xəstəxanasına aparmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə bir nəfər tanımadığı müştəri sərnişin olmuş, lakin həmin sərnişin xəsarət almamışdır. İdarə etdiyi “Nissan Latio" markalı **-SF-*** qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. O, avtomobilini həmin vaxt təxminən 40-45 km/saat sürətlə idarə etmişdir. O, idarə etdiyi avtomobil ilə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən sol tərəfə Vaqif küçəsinə dönmə hərəkəti edən zaman avtomobilinin sol ön dayaq hissəsi görünüş məsafəsini məhdudlaşdırdığı üçün o, piyadanı görməyərək avtomobilinin sol tərəfi ilə onu piyada keçidində vurmuşdur. O, həmin piyadanı piyada zolağında hərəkətə başlamasını görməmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona dəymiş ziyanı tamamilə ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə 6 il olar ki, Azərbaycan Respublikasına gəlmişlər və o, Tibb Universitetinin tələbəsi olduğu üçün həmin gündən Bakı şəhərində yaşayırlar. 23 dekabr 2024-cü il tarixdə təxminən saat 11:19 radələrində o, piyada olaraq Koroğlu parkı ilə hərəkət edib Vaqif küçəsində olan piyada keçidinə yaxınlaşaraq piyadalar üçün nəzərdə tutulan işıqforun yaşıl işığının yandığını görüb piyada keçidi ilə yolun qarşı tərəfinə keçən zaman sağ tərəfindən ağ rəngli avtomobil onu piyada keçidində vuraraq yerə yıxmışdır. Həmin vaxtı tanımadığı şəxslər və sürücü ona yaxınlaşdıqdan sonra orada tanımadığı şəxslər sürücüyə demişlər ki, onu öz avtomobili ilə xəstəxanaya aparsın. Orada olan tanımadığı şəxslərin köməkliyi ilə onu həmin sürücünün avtomobilinə əyləşdirib Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə zamanı “Nissan Latio” markalı 77-SF- 315 dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması nəticəsində sağ ayağının topuq, sol çiyin nahiyəsində sınıqlar və bədəninin başqa nahiyələrində hematomalar olmuşdur. “Nissan Latio” markalı **-SF-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünü əvəllər tanımamışdır. Bundan başqa, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, 23 dekabr 2024-cü il tarixdə, saat təxminən 11:20 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «Nissan Latio» markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən Vaqif prospekti istiqamətində hərəkətdə olarkən, avtomobil yolunu dönən zaman piyada keçidində hərəkət edən Zərərçəkmiş şəxsı vurmuşdur. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi üzrə ********* nömrəli cinayət işi açılmış, təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs cəlb edilərək ona qaşrı ittiham aktı hazırlanmış, iş məhkəməyə göndərilmişdir. Hazırda həmin ittiham üzrə 1(006)- 519/2025 saylı cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 23 dekabr 2024-cü il tarixdə saat 11:20-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Nissan Latio» markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-45 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ilə hərəkətdə olub Nəsimi rayonu, Vaqif prospekti istiqamətinə dönərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt avtomobil yolu ilə piyada zolağı ilə keçən X5 avtomobilin sol hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sol bazu sümüyünün böyük qabarının və cərrahı boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının 18 mart 2025-ci il tarixli, 8/514 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Latio” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-cı maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin araşdırılması zamanı Məhkəmə Tibb Ekspertizası həyata keçirilmişdir. Məhkəmə Tibb Ekspertizasının 25 yanvar 2015-cı il tarixli, 1717 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxsın bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün böyük qabarının və cərrahı boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 23.12 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsi N.R Kazemzadehin müayinəsi aparıldıqdan sonra aydınlaşacaqdır. Əlavə məhkəmə-tibbl ekspertizasının 01 may 2025-cl il tarixli, 10 nömrəli rəyində göstərilmişdir ki, X4 bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün böyük qabarının və cərrahi boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işi üzrə toplanmış sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmuşdur. Həmçinin, sübut olunmuşdur ki, hadisə nəticəsində o, yüngül (az ağır) dərəcəli bədən xəsarətləri almışdır. Bu barədə tibbi ekspertiza tərəfindən verilmiş arayışda xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “sağlamlığa az ağır zərər vurma” dərəcəsinə aid olduğu müəyyən edilmişdir. Bununla belə məhkəmənin diqqətinə iş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" X6 2026.412925 saylı xx.xx.2025-ci il tarixli arayışında hadisə nəticəsində onun sağlamlığına dəyən xəsarətlərin diaqnozunu çatdırır. Həmin arayışda aşağıdakılar müəyyən olunmuşdur: Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının bitişmiş sınığı. Tendo musculus supraspinatusun bağlandığı yerdə - bitişməmiş avulsion sınığı. Sol çiyin oynağının kontrakturası (uzaqlaşma = 80 dərəcə). Sağ iç topuğun və nauikulon (ehtimal ki, navikulyar) dırnaq (ehtimal ki, qıraq) kənarının avulsion sınığı. Daimi ağrı sindromu funksiyanın pozulması. XBT - X2 (İCD): S42.2, M84.0, M24.5, S82.6 S92 2 R52.2, R26.8. Həmin arayışda göstərilən X2 (İCD) kodları bu xəsarətlərin daimi xarakter daşıdığını göstərir: R52 2 – digər davamlı ağrı - bu kod sübut edir ki, onun zədələri müvəqqəti deyil, hələ də davamlı ağrı çəkir və bu, həyat keyfiyyətinə mənfi təsir göstərir. S42 2 - çiyin sümüyünün sınığı - bu kod göstərir ki, qəza nəticəsində sol çiyinində sümük sınığı baş verib və hərəkəti məhdudlaşıb. M84.0 - sınıqla bağlı pozulma - bu kod təsdiq edir ki, sınıqdan sonra əlavə fəsadlar yaranıb və müalicə prosesi uzanıb. M24.5 - oynaqda hərəkət məhdudluğu - bu kod göstərir ki, çiynində və digər oynaqlarında hərəkət məhdudluğu var və gündəlik işlərini çətinləşdirir. S82.6 – incik (tibia) sümüyünün sınığı – bu kod sübut edir ki, ayağında ciddi sınıq olub və uzun müddət hərəkəti məhdudlaşıb. S92.2 – ayaq biləyi sümüyünün sınığı – bu kod göstərir ki, ayaq biləyi də sınıb və normal gəzməkdə problem yaşamışdır. R26.8 – digər gəzinti və hərəkət pozuntusu – bu kod təsdir edir ki, qəza sonrası normal gəzmək qabiliyyəti pozulub və hələ də tam bərpa olunmayıb. X1 da görünür ki, hadisə nəticəsində sağlamlığına dəymiş zərər müvəqqəti deyil, daimi xarakter daşıyır. Bu isə bir daha onu göstərir ki, bu hadisə nəticəsində sağlamlığına vurulan zərərdən o, ömür boyu əziyyət çəkəcək. Nəzərə alınsa ki, o, gələcəyin diş həkimidir və həkim olaraq əlləri ilə iş görəcəkdir, qolunun 30% zədələnməsi onun həyatına və peşəkar gələcəyinə ciddi təsir göstərəcək. Məhkəmənin diqqətinə çatdırır ki, təqsirləndirilən şəxsin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan aşağıdakı məbləğlərdə vurulmuşdur. Belə ki, xəsarət aldığı gündən bu günə qədər o, aşağıdakı xərcləri əlavə olaraq çəkmişdir. Halbuki, sağlamlığına zərər vurulmasaydı, bu xərcləri çəkməyəcəkdi. Ev kirayəsi - 1000 manat (2 ay, hər ay üçün 500 manat); Əlil arabası kirayəsi - 300 manat (2 ay, hər ayına 150 manat); Langet (ayaq tutacağı) - 35 manat; Travmatologiya və Ortopediya İnstitutunda müayinə - 70 manat; Taksi xidməti - 225 manat (15 dəfə həkimə, ekspert, poliklinikaya, 18 dəfə imtahana və universitetə gedilmiş, hər gediş üçün xüsusi taksi xidməti çağırılmış, 12 dəfə fizioterapevtə gedilmiş, çünki, 2 ay ərzində əlil arabası ilə hərəkətdə olmuşdur (hər gediş haqqı üçün 5 manat xərclənmişdir)); Tibb bacılarına çəkilən xərclər - 200 manat (sistem köçürülməsi, iynə vurulması - 10 manat (20 dəfədən çox bu prosedurlar həyata keçirilmişdir); Dərmanlara xərclər - 500 manat (dərmanlar İran və Türkiyədən alınmışdır); Fizioterapiya - 175 manat (7 dəfə prosedur); İdman - 500 manat (addım atmağa başladıqdan, daha dəqiq 2 ay sonra xüsusi təlimçi ilə individual idman hərəkətləri); İran İslam Respublikasına gediş - 60 manat (avtomobillə); İran İslam Respublikasından gəliş - 203 manat (qayıdış maşınla icazəli olmadığından təyyarədən istifadə edilib). İranda müayinələr - 500 manat (bunu dəqiq qeyd etməsi mümkün deyil, lakin ərizəyə əlavə edilən sənədlərdən (Xüsusi prosedurlar - MRT, rentgen, analizlər) görünür ki, o, xərc çəkmişdir); Telefon xərci - 130 manat (hadisə nəticəsində telefonuna da ziyan dəymiş); Vəkil xərcləri - 600 manat (300 manat istintaq, 300 manat məhkəmə icraatı üçün). Göründüyü kimi sağlamlığına vurulan zərərin zərurəti ilə bağlı 4298 manat məbləğində xərc çəkmiş və bunu da tələb etmək üçün tam hüququ yaranmışdır. Xərclər ilə bağlı bəzi məsələrə aydınlıq gətirməyi zəruri hesab edir. Təqdim olunan 2 aylıq 1000 manat məbləğində kirayə xərci, sağlamlığa dəyən zərər nəticəsində yaranmış məcburi yaşayış yeri dəyişikliyi ilə əsaslandırılır. Zərər dəyməmişdən öncə ailəsi ilə birlikdə yaşadığı əvvəlki kirayə evi pilləkənlərin və əlil arabası üçün əlverişsiz giriş-çıxış şəraitinin mövcudluğuna görə, yaranmış hərəkət məhdudiyyətləri ilə yaşamaq üçün tamamilə yararsız hala gəlmişdir. Bu vəziyyət, yaşayış hüququnun və sağlamlığın qorunmasının təmin edilməsi məqsədilə, onu tək və daha əlverişli bir yaşayış evinə köçməyə məcbur etmişdir. Qeyd olunan 1000 manat məbləği, məhz bu zəruri köçkünlük dövründəki 2 aylıq yaşayış xərcini əhatə edir. Xarici vətəndaş və sağlamlığı zədələnmiş bir şəxsin faktiki yaşayış yerinə olan zərurəti və əvvəlki mənzilin yararsızlığı faktı, bu məbləğin baş verməsi üçün müstəsna sübut hesab olunmalıdır. Əlil arabasından istifadə xərclərinə gəlincə, qeyd etmək lazımdır ki, bu vasitədən 2 ay ərzində faktiki istifadə zərurəti mövcud olmuşdur. Bu fakt yalnız onun tərəfindən deyil, həm ətrafındakı şəxslər, həm də universitet müəllimləri tərəfindən birbaşa müşahidə olunaraq təsdiqlənə bilər. Həmin şəxslərin ifadələri, əlil arabasının kirayə edilməsinin və müvafiq xərcin yaranmasının müstəsna və etibarlı sübutu hesab edilməlidir. Taksi xidmətinə dair xərclər, sağlamlığa dəyən zərər nəticəsində yaranan hərəkət məhdudiyyətləri ilə əlaqədar zəruri xarakter daşımışdır. Bu xərclər birbaşa olaraq həkim müayinələri, universitet, ekspert, fizioterapiya və digər müalicə prosedurları ilə bağlı gedış-gəlişlərin təmin edilməsinə yönəldilmişdir. Bu xərclərin məbləği, məhkəməyə artıq təqdim edilmiş olan həkim təyinatları, müayinə protokolları, universitetə davamiyyət sənədləri və digər müalicə ile bağlı rəsmi sənədlər əsasında tam şəkildə təsdiqlənir. Həmin sənədlər, müvafiq dövrdə taksi xidmətindən istifadənin faktiki zərurətini və məqsədini sübut edir. Tibb bacılarına çəkilən xərclər, zədələnmədən sonra yaranan xüsusi tibbi qayğı ehtiyacı ilə əlaqədar yaranmışdır. Məlumat üçün bildirir ki, sistem köçürülməsi, iynə vurulması, gips dəyişdirilməsi və çıxarılması kimi tibbi əhəmiyyətli prosedurlar, həmçinin rentgen, müayinələr və fizioterapiya zamanı köməkçi hərəkətlərin təmin edilməsi, tibb işçiləri tərəfindən həm ev şəraitində, həm də xəstəxanada heyata keçirilmişdir. Ümumi qəbul olunmuş bir faktdır ki, bu cür ixtisaslaşdırılmış xidmətlər (xüsusən də evdə göstərilən xidmətlər) ödənişsiz olmur və birbaşa tibbi müalicənin ayrılmaz hissəsidir. Bu xərclər, onun normal tibbi reabilitasiyasının təmin edilməsi üçün zəruri və ayrılmaz komponent kimi qəbul edilməlidir. Xidmətlərin faktiki icra olunduğu və onların müalicə planının tərkib hissəsi olduğu tibbi sənədlərlə dolayısı ilə təsdiqlənir. İran və Türkiyədən əldə edilmiş dərmanlarla bağlı qeyd edir ki, bu vasitələr zədələnmənin ilk və kritik dövründə həyati zərurət təşkil etmişdir. Dərmanların bu ölkələrdən gətirilməsi, onların bir qisminin Azərbaycan Respublikasında mövcud olmaması, digər qisminin isə yerli bazarda yüksək qiymətə satılması səbəbindən yaranan iqtisadi səmərəlilik məqsədi ilə həyata keçirilmişdir. Dərmanların əldə edilməsi, qiymət baxımından əlverişli olması üçün bir neçə şəxslə birlikdə, yəni toplu şəkildə təşkil edilmişdir. Nəticədə, təqdim olunan alış sənədlərində (qəbzlərdə) dərmanların siyahısı müxtəlif şəxslər üçün nəzərdə tutulmuş vasitələri əks etdirir və bu səbəbdən qarışıqdır. Lakin, tibbi zərurəti sübut edən və onun tərəfindən faktiki istifadə olunmuş dərmanlar məhz həmin vasitələrin qutularının fotoşəkilləri vasitəsilə aydın şəkildə müəyyən edilə bilər və bu dərman xərcinin onun müalicəsi üçün yarandığını müstəsna sübut edir. Sağlamlıq vəziyyətindəki ciddi problemlər və kritik ağrılar səbəbindən, zəruri müayinə və müalicə məqsədilə İran İslam Respublikasına səfər etmək məcburiyyətində qalmışdır. Səfər zamanı gediş üçün 60 AZN və qayıdış üçün 203 AZN məbləğində xərc çəkilmişdir. Qayıdışın təyyarə ilə edilməsi (maşınla icazəli olmaması), tibbi zərurət və məhdudiyyətlər əsasında qəbul edilmiş bir qərar olmuşdur. İran vətəndaşı olaraq, hadisədən sonra bəzi müalicə və müayinələrinin məcburi şəkildə bu ölkədə keçirilməsi zərurəti yaranmışdır. Ayaqda, qolda və ürəkdə yaranan ağrılarla bağlı MRT, rentgen və analizlər daxıl olmaqla, bütün tibbi prosedurlar ödənişli əsaslarla icra edilmişdir. İran ərazisində çəkilmiş tibbi xərclərin qəbzlərinin Azərbaycan məhkəməsinə təqdim edilməsi və qanuniləşdirilməsi texniki və inzibati çətinliklərə malikdir. Lakin bu vəziyyət, xərclərin faktiki baş verməsi gerçəyini dəyişmir. Əksinə, o, xeyli məbləğdə müalicə və dərman xərcləri çəkmişdir. Bütün bu xərclərı təsdiqləyən əlavə sənədlər (tibbi hesabatlar, reseptlər və s.) iddia ərizəsinə əsaslı sübutlar kimi əlavə olunur. Telefon xərci ile bağlı qeyd edir ki, avtomobilin dəyməsi nəticəsində cihaz zədələnmişdir. Bu faktiki zədələnmə səbəbindən, telefonun normal istifadəsini bərpa etmək uçun təmir işləri zəruri olmuş və həyata keçirilmişdir. Bundan əlavə, aldığı xəsarətlər nəticəsində həkimlərin rəsmi məsləhəti ilə xüsusi qidalanma və qulluq rejiminə həyati ehtiyac duymuşdur. Daha dəqiq desə, sümüklərin birləşməsi və möhkəmləndirilməsi üçün xüsusi rejim və intensiv qulluq zəruri olmuşdur. Bu əlavə qıdalanma və qulluqla bağlı xərclər bir ildən artıq müddətdir davam etdiyindən, dəqiq məbləğin sənədləşdirilməsi prosesi inzibatı baxımdan çətinlik yaradır. Lakin, bu xərclərin zəruriliyi onun tibbi vəziyyəti və müalicə planı əsasında dolayı yolla təsdiqlənir. Məlumat üçün bıldırir ki, qeyd olunan zəruri xərclərin heç biri üçün ona nə sığorta şirkəti, nə də təqsirləndirilən şəxs tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Nəzərə çatdırır ki, o, ali təhsil müəssisəsinin tələbəsi olaraq hər il 4000 ABŞ dolları məbləğində təhsil (xidmət) haqqı ödəyir. Bu yol-nəqliyyat hadisəsi məhz imtahan dövrünə təsadüf etmişdir. Aldığı xəsarətlər - sol çiyin nahiyəsində vətər zədəsi və aşağı ətraflarda sınıqlar - gündəlik fəaliyyətinə və təhsil prosesinə ciddi təsir göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, əmək qabiliyyəti 30% həcmdə məhdudlaşmışdır. Hadisə ilə bağlı təhsil müəssisəsindən akademik tətil almaq üçün müraciət etsə də, bu, mümkün olmamışdır. Buna görə də, imtahanlara əlil arabası və qol tutacağı (langet) ilə gedib-gəlmək məcburiyyətində qalmışdır. İmtahan dövründə ağrı və hərəkət məhdudluğu səbəbindən təhsilində və praktiki məşğələlərində böyük çətinliklər yaşamışdır. Bütün bu müddət ərzində hər an başqa şəxslərin köməyinə ehtiyacı olmuşdur. Təəssüflər olsun ki, ailəsi və dostlarından başqa, ona heç bir rəsmi qurum və ya təqsirləndirilən şəxs tərəfindən köməklik gösterilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt; hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sağlamlığa zərər vurulması nəticəsində dəymiş ziyanın təzminatı təkcə faktiki çəkilmiş xərcləri deyil, həm də onun gələcəkdə ehtiyac duyacağı müalicə, bərpa və protezləşdirmə xərclərini əhatə etməlidir. Məhkəmə-tibbi ekspertizasının rəyləri və diaqnozlar (xüsusilə davamlı ağrı sindromu, qolun 30% məhdudlaşması və sümük fraqmentinin xaric edilməsi zərurəti) onun sağlamlığına dəyən zərərin daimi və proqressiv xarakter daşıdığını aşkar şəkildə təsdiqləyir. Buna görə də, tələb olunan təzminatın həcminin müəyyən edilməsi üçün gələcək müalicə, reabilitasiya, təkrar cərrahi əməliyyatlar (sümük fraqmentinin xaric edilməsi) və daimi qulluq xərclərinin proqnozlaşdırılması və hesablanması qətiyyətlə tələb olunur. Əks halda ona dəyən zərər tam həcmdə təzmin edilməmiş hesab olunacaq. Bu tələb təsadüfi xarakter daşımır, əksinə, birbaşa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbləri ilə əsaslandırılır. Həmin maddə qəti şəkildə göstərir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən mütləq şəkildə tam həcmdə ödənilməlidir. Təqsirləndirilən şəxsin qanun pozuntusu nəticəsində ona dəymiş zərər təkcə faktiki maddi xərclərlə və fiziki zədələrlə yekunlaşmır. Vurulan zərərin mənəvi, peşəkar və həyati fəsadları dərəcəsi xüsusi olaraq qeyd olunmalı və bu amil təzminatın həcmində əsas kimi nəzərə alınmalıdır. Stomatologiya fakültəsinin tələbəsi olaraq, hər ay ödədiyi 4000 ABŞ dolları məbləğindəki yüksək təhsil haqqı ile gələcək peşəkar həyatına investisiya edərkən, təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində baş verən bu hadisə məhz həlledici imtahan dövrünə təsadüf etmişdir. Nəticə etibarı ilə, gələcək diş həkimi kimi peşəkar fəaliyyəti tamamilə iflic vəziyyətinə düşmüşdür. Bu hadisə həm illərlə çekdiyi zəhməti heçə endirmiş, həm də ödədiyi böyük maliyyə vəsaitlərini (təhsil haqqını) geri qazanmaq imkanını kritik təhlükə altına atmışdır. Aldığı ağır travmalar — sol çiyin vətərinin zədələnməsi, aşağı ətrafların sınıqları nəticəsində Məhkəmə-Tibbi Ekspertizasının rəyi ilə əmək qabiliyyəti 30% həcmdə daimi olaraq məhdudlaşmışdır. Hazırda bitişməyən sınıqları, gələcəkdə də ona əlavə xərc çəkməyini məcbur edəcək. Travma nəticəsində əsas sümükdən ayrılaraq qopmuş sümük fraqmentinin (və ya qırığı) gələcəkdə əlavə cərrahi müdaxilə yolu ilə orqanizmdən xaric edilməsi zərurəti ilə qarşıqarşıyadır. Hazırkı dövrdə qolunun tam funksiyasının bərpa olunmaması da məhz bu sümük fraqmentinin aradan qaldırılmasının zəruriliyini təsdiqləyən əsas göstəricidir. Diş həkimi kimi gələcək peşəkar fəaliyyətinin birbaşa əl funksiyalarından asılı olduğunu nəzərə alsaq, bu, onun bütün gələcək həyatına və karyerasına birbaşa qoyulmuş qadağa deməkdir. Fiziki ağrılara baxmayaraq, təhsil haqqını ödəmək məcburiyyətində qaldığı və akademik tətil almaq imkanı olmadığı üçün, imtahanlara əlil arabası ilə getmək kimi ağır mənəvi təzyiq yaradan və dözülməsi çətin bir vəziyyətlə üzləşmişdir. Bu cür fiziki çətinliklər ona təhsilində böyük çətinliklər yaratmış, praktiki məşğələlərinə ciddi mane olmuş, daimi stress və iztirablara səbəb olmuşdur. Bütün bu müddət ərzində o, tamamilə başqalarının köməyinə möhtac qalmışdır. Lakin bu kritik dövrdə nə təqsirləndirilən şəxs, nə də hər hansı rəsmi qurum tərəfindən ona zəruri dəstək göstərilməmişdir. Yalnız ailəsi və dostlarının köməyi ilə bu çətin günləri aşmaq zorunda qalmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində onun sağlamlığına vurulan az ağır zərərin daimi nəticələrini, peşəkar gələcəyə təsiri ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir. Cinayət işinin istintaqına və hazırki məhkəmə icraatına görə hüquqi yardımla bağlı da xərc çəkmişdir, əlavə olaraq da bu iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəyəcəkdir. Yuxarıda göstərdiyi zərərlə bərabər bu məbləğlər də cavabdehdən alınaraq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097 və 1099-cu maddələrinə əsasən cavabdeh Təqsirləndirilən şəxs onun (Zərərçəkmiş şəxsı) xeyrinə maddi ziyana görə 4298 manat, mənəvi ziyana görə 10 000 manat kompensasiyanın və ödənilmiş 600 manat hüquqi yardımın, 134,69 manat dövlət rüsumunun, ümumilikdə 15032,69 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.82-83); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.95-96); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş, hadisə yerinin sxemi çəkilmiş və bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.6-11); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Latio" markalı **-SF-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və baxış zamanı avtomibilin sol yan güzgüsününün sınması müəyyən edilmişdir (i.v.17-19); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:27-də sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.20); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə olan TŞ 6-008-1 videogörüntüsü 1 dəqiqə 31 saniyə olmaqla, videogörüntünün 38-ci saniyəsində, yəni xx.xx.2024-cü il tarixdə, saat 11:19:07 saniyəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Latio” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən Vaqif prospekti istiqamətinə dönmə hərəkəti edən zaman piyada zolağında yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxsı vurması və sonuncunun yerə yıxılaraq xəsarət alması müşahidə edilir. Həmin diskdə olan TŞ 6-008-3 videogörüntüsü 1 dəqiqə 30 saniyə olmaqla, video görüntünün 37-ci saniyəsində yəni xx.xx.2024-cü il tarixdə saat 11:19:07 saniyəsində də Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Latio” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsindən Vaqif prospekti istiqamətinə dönmə hərəkəti edən zaman piyada zolağında yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxsı vurması və sonuncunun yerə yıxılaraq xəsarət alması aydın şəkildə müşahidə edilir. Qeyd olunan videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış aparılan zaman sonuncu videogörüntülərdə “Nissan Latio” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobili özünün idarə etdiyini və yolnəqliyyat hadisəsi törətməklə piyadanı vurduğunu bildirmişdir (i.v.30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli 1717 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün böyük qabarının və cərrahi boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cıi il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi başa çatdıqdan və təkrar müayinəsi aparıldıqdan sonra aydınlaşacaqdır (i.v.31-34); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2025-ci il tarixli, 10 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu sümüyünün böyük qabarının və cərrahi boynunun qapalı, yerdəyişən sınıqları, sağ qamış sümüyünün iç topuq hissəsinin sınığı, boyun, sol bazu və hər iki bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cıi il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (i.v.67-71); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/514 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Nissan Latio markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (i.v.42-45); - Nəsimi rayon X7 şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 121986/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan BD503068 nömrəli «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək qüvvədədir və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində hər hansı bir məlumat qeydə alınmamışdır (i.v.106); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Nissan Latio” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış, avtomobilin Təqsirləndirilən şəxs qaytarılması, diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v.107-114); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.64); - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu diskə baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 11:19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Latio” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindən Vaqif prospekti istiqamətinə dönmə hərəkəti edən zaman piyada zolağında yolu keçməkdə olan piyada Zərərçəkmiş şəxsı vurması müşahidə olunur. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və ona qarşı şikayəti yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata xitam verilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Nissan Latio” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 32 saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Nissan Latio” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar