Məhkəmə qərarları › İş №1(006)-52/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-52/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-52/2024 25.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Nəsimi rayonunda, “Papanin” adlanan ərazidə fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman tanışı Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşıb əvvəlcədən sonuncunun barəsində mobil telefonda nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs iradlarını cüzi səbəb kimi bəhanə gətirərək sözlü mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib üzərində olan silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sonuncunun sol bud nahiyəsindən bir dəfə vurmaqla ona sol bud nahiyəsinin dərialtı hematoması ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra təxminən Bakı şəhəri, 3-cü mikrorayon dairəsində “fəhlə bazarı” adlanan yerdə fəhlə olaraq fəaliyyət göstərmişdir. “Fəhlə bazarı” adlanan yerdə Zərərçəkmiş şəxs adlı şəxs “makler” kimi fəaliyyət göstərərək vətəndaşlarla fəhlə işi ilə əlaqədar razılıq əldə etmiş və fəhlələrlə danışıb həmin razılığa uyğun olaraq onları işlətmişdir. Bir müddət Zərərçəkmiş şəxsla gördüyü işin müqabilində razılıq əldə edilsə də, nəticədə ona verilməli olan zəhmət haqqından kəsrlər olmuşdur. Bu səbəbdən sonuncu dəfə Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmış və qarşılıqlı olaraq bir-birilərinin ünvanına mobil telefonla nalayiq ifadələr işlətmişlər. Bundan sonra bir müddət “fəhlə bazarı” adlanan ərziyə gəlməmişdir. 04 avqust 2023-cü il tarixdə səhər saatlarında özünə evdə ət doğramaq üçün qara dəstəyi olan mətbəx bıçağı almışdır və kağıza büküb əlində saxlamışdır. Bundan sonra Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yolun kənarında kafedə əyləşərək pivə içmişdir. Həmin kafedə bir qədər əyləşdikdən sonra Amidin qardaşı kimi özünü təqdim edən Şahid1 ona yaxınlaşmış və kafedən çıxıb söhbət etmək istədiyini bildirmişdir. Onunla birlikdə yolun qarşı tərəfinə, yəni S.C.Pişəvəri küçəsi 5 ünvanına keçmişlər və həmin vaxt Şahid1 telefonla nalayiq ifadələr işlətməsini və hansı səbəbdən belə bir hərəkət etdiyini sual etmişdir. Bu zaman Zərərçəkmiş şəxs anidən kənardan iti yerişlə üzərinə gəlmiş və həmin vaxt Zərərçəkmiş şəxsla Şahid1 problemli şəxslər olmasını bildiyinə görə oradan uzaqlaşmaq istəmişdir. Lakin həmin şəxslər onun getməyinə mane olmuş və ona təzyiq göstərməyə çalışmışlar. Bundan sonra bıçaq arxaya dönərkən əlindən sürüşüb Zərərçəkmiş şəxs sol bud hissəsinə dəymişdir. Halbuki, onun həmin vaxt kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Bundan sonra dərhal qaçaraq yaxınlıqda olan “DOST” mərkəzinin həyətinə hasardan tullanaraq keçmişdir və orada olan mühafizə polisinin əməkdaşlarına baş verənlər barədə məlumat vermişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs fəhlə fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O fərdi qaydada təmir tikinti işləri üçün olan avadanlıqları işlədərək gəlir əldə etmiş və özü götürdüyü işlərə fəhlələr cəlb edib onlara zəhmət haqqılarını ödəmişdir. O bir neçə dəfə Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən fəhlə bazarı adlanan ərazidə Təqsirləndirilən şəxs və digər şəxləri fərdi işlərə cəlb edib onların zəhmət haqqısını vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxslə iş görüb, ona və digərlərinə 500 manat olduğu halda 600 manat artıqlaması ilə pul ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən şəxslərə onun barəsində nalayiq ifadələr işlətdiyini və guya zəhmət haqqısını kəsdiyini bildirməsini müəyyən etmişdir. Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisə mobil telefon vasitəsilə əlaqələri zamanı bir-birilərinin ünvanına nalayiq ifadələr işlədilməsi ilə nəticələnmişdir. Daha sonra Təqsirləndirilən şəxs uzun müddət görməmişdir. 04 avqust 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs görsə də, aralarında yaranmış mübahisənin üzərindən uzun müddət keçməsinə görə hər hansı reaksiya vermədən ərazidən uzaqlaşmışdır. Daha sonra həmin gün saat 11 radələrində 3-cü mirkorayon dairəsi ilə üzbəüz olan kafenin çöl tərəfində “besedka” adlanan yerdə qardaşı X2 Mustafayevin “dartışdığını” görüb dərhal həmin əraziyə iti hərəkətlərlə gəlmişdir. Həmin mübahisənin olduğu yerə gəlib Təqsirləndirilən şəxs hansı səbəbdən onun ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs anidən şalvarının bel hissəsində saxladığı bıçağı çıxararaq üzərinə gəlmiş, ilkin olaraq zərbələr endirməyə çalışsa da, o yayınmış, lakin anidən zərbənin biri onun sol bud nahiyyəsinə dəymişdir. Bu zaman Təqsirləndirilən şəxs oradan qaçaraq yaxınlıqdakı yolun qarşı tərəfindəki “DOST” mərkəzinin həyətinə hasardan tullanmışdır. Bundan sonra təcili tibbi yardım çağırılmış və həkimlərin müşayiəti ilə xəstəxnaya aparılmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs fəhlə fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O fərdi qaydada Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “fəhlə bazarı” adlanan ərazidə qaynaqçı olaraq fəaliyyət göstərir. Onun qardaşı Zərərçəkmiş şəxs fərdi qaydada təmir tikinti işləri üçün olan avadanlıqları işlədərək gəlir əldə edir və özü götürdüyü işlərədə fəhlə cəlb edib onlara zəhmət haqlarını ödəyir. Qardaşı Zərərçəkmiş şəxs Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “fəhlə bazarı” adlanan ərazidə Təqsirləndirilən şəxs və digər şəxsləri bir neçə dəfə fərdi işlərə cəlb etmiş və onlara zəhmət haqqı vermişdir. Sonuncu dəfə qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və digər fəhlələrlə iş görmüş, sonuncuya və digərlərinə 500 manat zəhmət haqqı olduğu halda 600 manat pul ödəmişdir. Bundan sonra Fərhad müəyyən dairələrdə qardaşının arxasınca söyüşlər söyürmüş guya qardaşı Amidin onun pulunu kəsdiyini deyirmiş. Qardaşı Amidin də ona deməsinə görə Fərhad ona zəng edərək səbəbsiz onu və ailəsini təhqir edirmiş. Bu mübahisədən sonra təxminən 2 ay Təqsirləndirilən şəxs “fəhlə bazarı” adlanan əraziyə gəlməmişdir. 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində 3-cü mirkorayon dairəsi ilə üzbəüz olan kafenin içərisində Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini görmüş və ona yaxınlaşaraq hansı səbəbdən qardaşının ünvanına nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs onu çöl tərəfə Nəsimi rayonu, S.C.Pişəvəri küçəsi ev 5 ünvanında yolun digər tərəfinə dəvət etmişdir. Orada yenidən hansı səbəbdən qardaşını və ailəsini təhqir etdiyini soruşmuş, bu zaman Zərərçəkmiş şəxs kənardan onları görmüş və yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs güman ki, döyüləcəyindən ehtiyat edərək bıçaq çıxarmış və həmin vaxt qardaşı Zərərçəkmiş şəxs təkidlə bıçağı yerə atmasını məsləhət görmüşdür. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs üzərinə bir neçə dəfə gəlmiş, ilkin olaraq zərbələr endirməyə çalışsa da, Amid yayınmış, lakin anidən zərbənin biri Amidin sol bud nahiyyəsinə dəymişdir. Bu zaman Fərhad oradan qaçaraq yaxınlıqdakı “DOST” mərkəzinin həyətinə hasardan tullanmışdır. Amid yarasını hiss etmədən onunla birlikdə Təqsirləndirilən şəxs saxlamaq üçün “DOST” mərkəzinin həyətinə qaçmışdır. Lakin orada olan mühafizə polisinin əməkdaşları Təqsirləndirilən şəxs saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsinin polis nəfəri Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə xidməti fəaliyyət göstərmişdir. 04 avqust 2023-cü il tarixdə saat 11 radələrində xidmət yoldaşı Şahid3 ilə xidmətdə olarkən ünvan 4 ünvanda “DOST” mərkəzinin önündə bir neçə şəxsin toplandığını görərək onlara yaxınlaşmışlar. Həmin şəxslərdən birinin üzəri qan olmuş, digər şəxslərdən biri isə “DOST” mərkəzinin həyətində olmuşdur. “DOST” mərkəzinin həyətində olan həmin şəxs şübhəli olduğu üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan ərazi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs müəyyən olunduqdan sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nə təhvil vermişlər. Hadisənin birbaşa şahid olmasa da, aldığı məlumat əsasında Təqsirləndirilən şəxs orada olan digər şəxslə mübahisə edərək ona bıçaqla xəsarət yetirdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsinin polis nəfəri Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanın qarşısıdır (i/v 7-13). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X3 31 avqust 2023-cü il tarixli 1181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - sol bud nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün X4 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 04 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür (115-116). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X3 31 avqust 2023-cü il tarixli 535/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qan qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız A antigeni alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (i/v 118-121). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” X3 04 sentyabr 2023-cü il tarixli 385/MTKŞ-2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər-hansı əlavə dəyişiklik edilməmişdir.Təqdim edilmiş bıçaq tiyəsininin üzərində məhkəmə-tibbi-bioloji ekspertiza zamanı aşkar edilmiş ləkələr qan mənbəyi ilə dinamiki kontakt nəticəsində yaxma xarakterli ləkələrdir (i/v 126-129). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 avqust 2023-cüil tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 43-44, 78- 80). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerindən götürülmüş 01 ədəd soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 135-141). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Rusiya Federasiyasında Moskva vilayətinin İstra şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə RF-nın CM-nin 158-ci maddəsinin 2-ci hissəsini “A,B,V” bəndləri ilə təqsirli bilinərək 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 1.3-cü və 11.1-ci maddələrinə əsasən məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir (i/v 99-100). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, hal-hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsi, şahidləri, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifdələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqelərinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeləri əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçinin irəli sürdükləri dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs bıçağın təsadüfən ondan asılı olmayan səbəblərdən zərərçəkmiş şəxsə xəsarət yetirməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə arasında olan nalayiq ifadələrlə bağlı mübahisə xuliqanlıq cinayətinin törədilməsi üçün fərdi olaraq təqsirləndirilən şəxsə əsaslı zəmin yaratmış və əvvəlcədən hansı səbəbdən Təqsirləndirilən şəxs üzərində bıçaq götürməsini müəyyənləşdirmək mümkün olmadan yaranmış mübahisə zamanı mövcud şəraitdə təqsirləndirilən şəxs ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən sonuncunun sol bud nahiyəsindən bir dəfə vurmaqla ona sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən yüngül zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Fides» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-452/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Fides» Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar