Məhkəmə qərarları › İş №1(006)-520/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-520/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-520/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 16 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 15 manat nəğd pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,877 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 21:00-da Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin bir bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildən narkotik vasitələrdən istifadə edir, 16.07.2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində olan zaman ona iki nəfər polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, sonra üzərində narkotik vasitə olmasını ondan soruşduqda cavabında o, üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra onu saat 21:15-də Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində ondan üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, o, da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir, sonra isə onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra isə onun üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğu soruşulduqda, o, 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin" olduğunu bildirmiş, ondan həmin narkotik maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə, o bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir, həmin bükümü 1 gün əvvəl, yəni 16.07.2021-ci il tarixində Nəsimi rayonu “Kubinka" deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Bundan sonra iştirakçılara həmin sellofanın içində olan narkotik maddəyə bənzər bükümü eskpertiza təqdiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmiş, bundan sonra kağızın içərisində olan narkotik maddəyə bənzər büküm zərfə qoyularaq zərfin ağzı bağlanılmış və baxışda iştirak edən şəxslər tərəfindən üzəri imzalanmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsinin və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə inspektoru Şahid2 verdiyi ifadədə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən yay ayları olardı, dəqiq tarixini xatırlamadığı bir vaxtda 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1la birlikdə xidmətdə olarkən daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində bir nəfər şəxsin özünü narkotik vasitə istifadə etməklə şübhəli vəziyyətdə apardığını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin adını soruşmuşdurlar. Həmin şəxs özünü Nizami deyə təqdim etmişdir. Həmin şəxslə söhbət zamanı üzərində narkotik vasitə olmasına onda və digər əməkdaşda şübhə yaranmış və həmin şəxsdən bu barədə soruşduqda üzərində narkoik vasitə olduğunu bildirmişdir. Bundan sonra isə onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişdirlər. Həmin şəxs etiraz etməmişdir və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra onun narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə videoçəkilişlə baxış keçirilməsi bildirilmiş, Təqsirləndirilən şəxs öz etirazını bildirməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 16.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 (on beş) manata aldığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 16.07.2021-ci il tarixdə təhkim olunduğu inzibati ərazidə Nəsimi RPİ-nin 22-ci PŞ-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində bir nəfər şəxsin özünü narkotik vasitə istifadə etməklə şübhəli vəziyyətdə apardığını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin adını soruşmuşdurlar. Həmin şəxs özünü Nizami deyə təqdim etmişdir. Həmin şəxslə söhbət zamanı üzərində narkotik vasitə olmasına onda və digər əməkdaşda şübhə yaranmış və həmin şəxsdən bu barədə soruşduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra isə o, Şahid2 ilə birlikdə həmin şəxsi Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişdirlər. Həmin şəxs etiraz etməmişdir və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişdirlər və həmin raportun icrası 22-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Nicat Ədilbəyliyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Nicat Ədilbəylinin xidməti iş otağına aparmışdırlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 üçün təhqiqatçı X9 Hüseynovu PŞ-nə dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 16.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 (on beş) manata aldığını bildirmişdir. Daha sonra onların da iştirakı ilə həmin şəffaf büküm zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışdırlar (i/v 123-126). İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 22-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Nicat Ədilbəyli tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2, Nəsimi RPİ-nin KTQ-nun ekspert kriminalisti X6, şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalanmış 17 iyul 2021-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqanı və bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəklində maddə olan bükümü təqdim etmişdir. Bundan sonra əynində olan şalvarın sağ arxa cibindən 10 manatlıq pul əskinazı və 3 ədəd 20 qəpiyi çıxardaraq masaya qoymuşdur. Bütün bunlardan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa 1 əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində başqa əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının cibləri yoxlanılmış, başqa qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, o, ayaqqabılarını çıxarıb silkələmiş, əlavə olaraq heç bir qanunsuz əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz şəklində maddənin nə olduğunu soruşduqda o, həmin maddənin narkotik vasitə olan “Heroin” olduğunu bildirmişdir. O, 2012 ci il tarixdən narkotik vasitə istifadə etdiyini qeyd etmiş və həmin narkotik vasitəni 16.07.2021-ci il tarixdə “Kubinka” deyilən yerdən tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin sellofon bükülüdə olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra bir ədəd şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 43-49). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2021-ci il tarixli, 6/2938 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 190” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,877 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i/v 56-60). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 13 avqust 2021-ci il tarixli, 2857 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda OPİOİDLƏRİN və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 118-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 yanvar 2015-ci il hökmünə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 aprel 2015-ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 06 aya endirilmiş, Qaradağ rayon məhkəməsinin 18 noyabr 2015-ci il tarixli qərarı ilə CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 04 ay 02 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur (i/v 102-103, 105-114). İş materiallarına əlavə olunmuş ”Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd zərfin içərisindəki 0,877 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq hissə 0,827 qram olan narkotik vasitə heroin Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i/v 121-122). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 16 iyul 2021-ci il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 iyul 2021-ci il tarixli, 4(006)-279/2021 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 18-19, 92-95). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 109 (yüz doqquz) manat, 90 (doxsan) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,877 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,827 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-520/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qərara əsasən 04 oktyabr 2021-ci il tarixindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109 (yüz doqquz) manat, 90 (doxsan) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,877 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,827 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar