Məhkəmə qərarları › İş №1(006)-520/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-520/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-520/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zakir qızının, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,517 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 16:20-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,517 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 01 il olar ki, kakos adlanan narkotik vasitədən istifadə edir. 28 aprel 2025-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə ara küçələrdə olan zaman üzdən tanıdığı, adını Emil bildiyi şəxdən 10 manat ödəniş qarşılığında el arasında "Kakos” kimi tanınan narkotik vasitə heroini 01 ədəd bükümdə əldə etmişdir. O, həmin narkotik vasitəni limon duzu ilə qarışdırıb istifadə edəcəkmiş. Həmin gün Şamaxinka adlanan yerdə olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və bildirmişlər ki, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkiləridirlər. Polis əməkdaşları ona narkotik vasitələrin və ya psixotrop maddələrin daşınmasında və istifadəsində şübhəli olduğunu bildirdikdə o, onlara səmimi olaraq bildirmişdir ki, həqiqətən də onun üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onun üzərində olan narkotik vasitəni götürmüş və onu 19-cu polis şöbəsinə aparmışlar. Daha sonra onu yenidən saxlanıldığı əraziyə gətirmiş və ondan götürdükləri narkotik vasitəni yenidən ona verərək binanın arxa hissəsində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşı ona təklif etmişdir ki, əgər üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa o, həmin əşyanı təqdim etsin. Bu zaman o, əynində olan şalvarın sağ yan cibindən 02 ədəd ağ kağıza bükülmüş bükümü çıxararaq polis əməkdaşına təqdim etmiş və səmimi olaraq bildirmişdir ki, həmin 01 ədəd bükümün içərisində el arasında “Kakos” kimi tanınan narkotik vasitə heroin və digər bükümdə isə limon duzu vardır. Polis əməkdaşı həmin bükümləri götürmüş və daha sonra onun üzərinə baxış keçirməyə başlamışdır. Baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonlar və əynində olan gödəkcənin cibindən bir ədəd alışqan aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər biri tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə 19-cu Polis şöbəsinə yollanmışlar. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqları izah olunmuş və daha öncə təqdim etdiyi bükümlərə baxış keçirilməsi məqsədi ilə zərf açılmış, zərfin içərisində olan bükümlərə baxılmışdır. O, həmin bükümlərin bir ədədinin içərisində el arasında “Kakos" adlanan narkotik vasitə heroin olduğunu və digər bükümdə isə limon duzu olduğunu bildirmişdir. O, 01 ədəd bükümdə olan narkotik vasitəni Nəsimi rayonunda Şamaxinka adlanan yerdə Emil adlı şəxsdən aldığını, limon duzunu isə həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər yenidən zərfə qoyulmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, təhqiqatçı tərəfindən ona bir daha hüquqları izah olunmuş və o, ərizə ilə müraciət edərək müdafiəçinın yardımından istifadə etmək istədiyini bildirmişdir. Bir müddət sonra 19-cu Polis şöbəsinə müdafiəçi yaxınlaşmış və ona təqdim olunaraq bununla bağlı müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra o, Nəsimi RPİ-nin MSY-yə təhvil verilmişdir. Həmçinin bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olsa da, çəkisi ittiham aktında göstərilən miqdardan az olmuşdur. Daha sonra əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna o və 19-cu PŞ-nin kiçik əməliyyat inspektoru, polis serjantı Şahid2 daxil edilmişdir. Daxil olmuş məlumatda Yusif adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşqul olması göstərilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur. Beləliklə daxil olmuş məlumatda göstərilən xüsusatları yoxlamaq üçün xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi küçəsinə yaxınlaşaraq orada özlərinə mövqe seçmişlər. Həmin gün saat 16:20-də 20 Yanvar küçəsi 16 ünvanının qarşısında olan zaman bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxslə eyni əlamətlərinin olmasını görərək dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş edərək özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən anket məlumatlarını bildirməsini tələb etmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs nə üçün saxlanılması və nədə şübhəli olması barədə məlumat verib hüquqlarını izah etmişlər. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında əşyalarında və ya bədənində ola biləcək qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın cibindən 01 ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütləni və 01 ədəd içərisində ağ rəngli kristal şəkilli, kütlə olan bükümləri çıxararaq təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən 02 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd alışqan aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin 01 ədəd bükümün içərisində “kakos" adlanan narkotik vasitə və 01 ədəd bükümün içəirsində “limon duzu” adlanan kütlə vardır, həmin “kakos” adlanan narkotik vasitəni şəxsi istifadəsi üçün 10 manata Şamaxinka adlanan ərazidə Emil adlı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzərindən aşkar olunmuş mobil telefonlar sübut əhəmiyyəti daşıdığı üçün ondan götürülmüş, 01 ədəd alışqan sübut əhəmiyyəti daşımadığı üçün özünə qaytarılmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib edilməsi üçün şərait olmadığından Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət edilmişdir. 19-cu Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilməsinə başlanmışdır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər vasitə və 01ədəd ağ rəngli, kristall şəkilli kütlə vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman çəkilərək 01 ədəd CD diskə köçürülmüş videogörüntüyə baxış keçirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmış, iki ədəd “Samsung" markalı mobil telefon istintaqa təqdim edilməsi üçün götürlümüşdür. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və ya 19-cu Polis şöbəsində olan zaman hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.27); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.63-64); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 4(006)-274/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 16:20dən hesablanmışdır (i.v.83-87); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 16:20-də ünvan 2 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə o, əynində olan qara rəngli idman şalvarının cibindən 01 ədəd oükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütləni təqdim etmiş, həmin maddə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərindən 02 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan aşkar olunmuş, həmin mobil telefonlar sübut əhəmiyyəti daşıdığı üçün ondan götürlümüşdür (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd DVD diskdə olan videogörüntülərdən görünür ki, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 16:20-də ünvan 2 ünvanının qarşısında saxlanılmış Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlənin və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütlənin qablaşdırıldığı ağ rəngli zərfə və keçirilmiş əməliyyat-axtarış tədbirinin videoyazısının olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı təqdim edilmiş zərfdə 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlənin olması və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütlənin olması, DVD diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli maddənin olması məlum olmuş, həmin narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütlə yenidən qablaşdırılaraq möhürlənmişdir (i.v.13-15); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1576 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "1.Təqsirləndirilən şəxs (imza)..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,517 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,073 qram olan ağ rəngli, narın kristallardan ibarət maddə kütləsi limon turşusudur. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (i.v.39-43); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətləri aparılarkən əynində olan şalvarın cibindən aşkar edilmiş 02 ədəd “Samsung” markalı mobil telefonlara baxış zamanı həmin telefonlardan birinin “Samsung A01” markalı, digərinin isə “Samsung M14 5G” markalı mobil telefon olması müəyyən olunmuş, “Samsung A01” markalı mobil telefonun işləmədiyi, “Samsung M14 5G” markalı mobil telefonda isə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı hər hansı bir məlumat olmadığı müəyyən edilmişdir (i.v.91); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 2445 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.112-113); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 587 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.114-116); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,517 qram çəkidə olan narkotik vasitə heroin tərəfimdən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalığı qalmış 0,467 qram olan narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir (i.v.119-128); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.96-97); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 333/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixədək tutulduğu 02 gün, 16 may 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək həbsdə olduğu 01 ay 24 gün, cəmi 01 ay 26 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 02 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.99-106); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2024 saylı, xx.xx.2024-ci il tarixli hökmünə əsasən 01 il 02 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü idarənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüşdür. Cəzasının əvvəli xx.xx.2024-cü il, cəzasının sonu xx.xx.2025-ci il tarixinədir. xx.xx.2025-ci il tarixdə məhkum barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının çəkilmiş hissəsi 6 ay 12 gün, cəzasının çəkilməmiş hissəsi 7 ay 26 gün təşkil edir. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 28 aprel 2025-ci il tarixdə saat 16:20-də ünvan 3 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs üstü polis əməkdaşları tərəfindən yoxlanılır. Polis əməkdaşları və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütləni təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır və üzərindən 02 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan aşkar olunur. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm polis əməkdaşı tərəfindən qablaşdırılır. Təqsirləndirilən şəxs suallar verilir və sonuncu təqdim etdiyi 01 ədəd bükümdəki maddənin el arasında “kakos” adlanan narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan ərazidə Emil adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etdiyini, digər 01 ədəd bükümdə "limon duzu”olduğunu, üzərindən aşakar olunmuş “Samsung" markalı mobil telefonun birinin işləmədiyini, digər “Samsung” markalı mobil telefonun işlədiyini və üzərində ***-***-**-**, ***-***-**-** saylı nömrələrin olduğunu bildirir. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİnin 19-cu polis şöbəsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış bükümlər açılır, içərisinə baxılır, həmin vaxt 01 ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər vasitə olması, 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli maddə olması müşahidə edilir, daha sonra həmin bükümlər təkrar olaraq təhqiqatçı tərəfindən qablaşdırılır. Həmçinin Təqsirləndirilən şəxs saxlanılan zaman çəkilmiş videogörüntü olan 01 ədəd diskə də baxış keçirilir və Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdə saat 16:20-də ünvan 2 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılması, üstü yoxlanılarkən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər vasitənin, 01 ədəd bükümdə "limon duzu"nun və 02 ədəd “Samsung" markalı mobil telefonların aşkar olunması öz təsdiqini tapır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni saxlanılan zaman üzərində olan narkotik vasitənin miqdarının az olması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində əməlini etiraf edərək, səmimi ifadələr vermiş, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlinin qismən etiraf etməsini və peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda onun cəzasının çəkilməmiş hissəsi 07 ay 26 gün təşkil edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2445 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2024-cü il tarixindən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi RPİnin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,467 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-333/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcbur müalicə təyin olunsun və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə sübut kimi qiymətləndirilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxnılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,467 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar