Məhkəmə qərarları › İş №1(006)-521/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-521/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-521/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 34-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, səhər saatlarında ünvan 1 ünvanın qarşısında avtomobilin içərisində olan zaman qızı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı sonuncunun boynundan tutub əli ilə üz nahiyəsinə vuraraq sonuncuya sağ gözün üst və alt qapaqlarının, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin və boynun sağ yarısının qançırları, üst dodağının selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, o, qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Keçmiş arvadı Günay Allahverdiyeva ilə 2022-ci il tarixdə boşanmış və sonuncu onlardan ayrı yaşayır. O, qızına dəfələrlə anasının yaşadığı yerə getməməyi tapşırsa da, qızı buna əməl etməmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında qızını avtomobili ilə işə aparan zaman onlar arasında yenə də bu mövzuda söhbət açılmışdır. Söhbət zamanı o, əsəbləşmiş və qızının üzərinə qışqırmışdır. Bu zaman qızı avtomobildən düşmək istəmiş, lakin o, icazə verməmişdir. Daha sonra o, qızının qolundan tutmuş, əsəbi olduğu üçün Zəhranın üzünə bir dəfə şillə də vurmuşdur. Bu zaman Zəhra onu itələmiş və avtomobildən düşmüşdür. Bundan sonra o da avtomobildən düşüb qızından avtomobilə minməyi tələb etsə də, sonuncu etiraz etdiyindən o, avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Qızı ilə barışmaq istəsə də, buna imkan verilmir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, atası Təqsirləndirilən şəxs ilə anası X1 02 il öncə boşanmışlar. O, dəfələrlə valideynlərini barışdırmağa cəhd etsə də, atası ona anasının yaşadığı yerə getməyə icazə verməmişdir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında atasının avtomobili ilə işə gedərkən yenə də bu mövzuda söhbət açılmış və o, ağlamağa başlamışdır. Bu zaman atası avtomobilin saxlanc yerindən salfet götürüb onun üzərinə atmış, o isə avtomobildən düşmək istəsə də, atası onun boynundan tutaraq içəri çəkmiş, üz nahiyəsinə əli ilə xəsarət yetirmişdir. Atasından şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1285 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ gözün üst və alt qapaqlarının, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları-şişkinlik halında əzilməsi, sağ gözaltı nahiyənin və boynun sağ yarısının qançırları, üst dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.23-25); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 1 saylı Bakı “ASAN” xidmət mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-13-12-1/2-A/2278xx/xx/2024 saylı arayışı və hökmə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-308/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (İ cild, i.v.53-56); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)- 156/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından cinayət məsuliyyətindən azad edilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasını, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar