Məhkəmə qərarları › İş №1(006)-522/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-522/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-522/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Şəki rayonu, Cəyirli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, mənzil 30-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İtiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 etibarından sui-istifadə edərək sonuncuya Rusiya Federasiyasına girişinə qoyulmuş məhdudiyyətin yaxın əlaqələri vasitəsilə aradan qaldıracağını yalandan vəd verib aldadaraq, ondan bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 12 fevral 2020-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda 2.500 manat, 18 fevral 2020-ci il tarixdə, saat 18 radələrində həmin ünvanda 1.260 manat və 25 fevral 2020-ci il tarixdə, saat 15 radələrində 1.240 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsə vurulmuş ziyanın məbləğinin 2.720 manat olduğu müəyyən edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanışları Şahid1 və Şahid2 vasitəsilə tanımışdr. Qalibin xalası oğlu Kənan və onun xalası oğlu Elşən ona Qalibin Rusiya Federasiyasından deportasiya olunduğunu bildirib ondan bu məhdudiyyəti götürmək üçün tanışının olub-olmadığı ilə maraqlanmışlar. O da onlara Azərbaycanda məsələni həll etməyin mümkünsüz olduğunu, bunu sadəcə Rusiyada olan bir şəxsin edə biləcəyini söyləmişdir. O, Rusiyada yaşayan tanışları ilə bu barədə danışıb Kənan və Elşənə məsələni həll etmək üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Qalib isə 5.000 manatın çox olduğunu, məsələni ABŞ-da yaşayan qardaşı ilə danışıb ona bir xəbər deyəcəyini söyləmişdir. Daha sonra o, Rusiyada olan tanışlarına da məlumat verib Qalib ilə 3.000 manata razılaşmışdır. 2020-ci ilin fevral ayının ortalarında Qalib “Azneft dairəsi” adlanan ərazidə Elşənlə Kənanın yanında ona 1.000 ABŞ dolları, daha sonra metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında, ünvan 1 ünvanda hissə-hissə olmaqla ona 600 ABŞ dolları pul vermişdir. O, bir müddət sonra Rusiyada olan tanışları ilə əlaqə saxladıqda, onlar onu telefon zənglərinə cavab verməmişlər. O da işin alınmadığını görüb Qalibə pulunu geri qaytaracağını bildirmiş və ona dəfələrlə zəng edib 1.000 manat birdəfəlik verməyi, qalan məbləği isə hissə-hissə ödəməyi təklif etmiş, lakin sonuncu bundan imtina etmişdir. O, Qalibdən 5.000 manat deyil, 1.600 ABŞ dolları pul almışdır. Zərər çəkmiş şəxsə 500 manat pul ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2016- 2019-cu illərdə Rusiya Federasiyasının Surqut vilayətində yaşayaraq işləmişdir. 2019-cu ilin mayında onu Rusiyadan 5 il müddətinə deportasiya etmişlər. 2020-ci ilin fevral ayının əvvələrində Rusiyaya qayıtmaq istəmiş, lakin bu ölkəyə girişinə məhdudiyyət qoyulduğundan oraya gedə bilməmişdir. Məsələ barədə xalası oğlu Kənana bildirmiş, sonuncu da bu işləri həll edə biləcək Təqsirləndirilən şəxs adlı tanışının olduğunu söyləmişdir. O, Kənan vasitəsilə Nicatla görüşmüş, həmin vaxt Elşən də orada olmuşdur. Söhbət zamanı Nicat onun deportasiya məsələsini həll edə biləcəyini demiş və 5.000 manata razılığa gəlmişlər. 12 fevral 2020-ci il tarixdə, saat 18 radələrində “Azneft dairəsi” adlanan ərazidə aralarında olan razılığa əsasən o, Elşənin yanında Nicata ilkin olaraq bankdan ona ABŞ-da olan tanışının göndərdiyi 1.000 ABŞ dollarını çıxarıb manata dəyişmiş, üzərində olan, kredit olaraq götürdüyü pulu da əlavə edərək ümumilikdə 2.500 manat pul vermişdir. Sonradan 18 fevral 2020-ci il tarixdə, saat 18 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında Nicata əlavə olaraq 1.260 manat, 25 fevral 2020-ci il saat 15 radələrində isə həmin yerdə qalan 1.240 manat pulu vermiş, bu zaman onların yanında heç kim olmamışdır. Nicat ona Rusiya Federasiyasına girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığını və onun artıq oraya gedə biləcəyini bildirmiş, o da ona inanıb Rusiyaya getmək üçün Yalama sərhəd keçid məntəqəsinə gəldikdə orada saxlanılaraq girişinə qoyulmuş qadağanın götürülmədiyini bilmişdir. İşin alınmadığını görüb 5.000 manat məbləğində pulunu geri tələb etsə də, Nicat bu vaxta kimi ona pulunu tam geri qaytarmamış, sadəcə olaraq 500 manat pul vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Bununla belə məhkəmədə zərər çəkmiş şəxs sorğu-sual edilərkən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə gah 3.000 ABŞ dolları, gah da 4.700 manat verdiyini söyləmiş, əvvəlcə bu pulun kredit götürüb Təqsirləndirilən şəxs verdiyini, daha sonra krediti özü üçün hadisədən xeyli müddət əvvəl götürdüyünü bildirərək qeyri-səmimi cavablar vermişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 2019-cu il noyabr ayının əvvələrində Qalib ona zəng edib Rusiya Federasiyasından deportasiya edildiyini, bu məsələsini həll edib oraya qayıtmaq istədiyini bildirimişdir. O da Qalibə məsələni maraqlanıb ona xəbər edəcəyini söyləmişdir. Bir neçə gün sonra o, tanışı Təqsirləndirilən şəxs Qalibin işi ilə bağlı danışmış, sonuncu da onunla görüşüb söhbət etmək istədiyini bildirmişdir. Qalib o, və ortaq dostları Elşənlə bir yerdə çayçıda Nicatla görüşmüş, sonuncu 5.000 manata işi həll edəcəyini bildirmişdir. Lakin Qalib məbləğin çox olduğunu söylədikdə sonda 3.000 manata razılığa gəlmişlər. 2020-ci ilin fevral ayında “Azneft dairəsi” adlanan ərazidə Qalib qardaşının ona ABŞ-dan göndərdiyi 1.000 ABŞ dollarını bankdan çıxarıb Nicata vemişdir. Bundan sonra Qalib metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında hər dəfə 300 ABŞ dollları olmaqla, iki dəfəyə Nicata 600 ABŞ dolları pul vermişdir. Qalibə Nicatın bütün bu pulları onun və Nicatın xalası oğlu Elşənin yanında vermişdir. Sonradan Nicat işin alınmadığını görüb pulu hissə-hissə geri qaytarmaq istəmiş, ilkin olaraq Qalibə 1.000 manat təklif etmiş, sonuncu isə təkidlə bundan imtina edib tam şəkildə pulunu tələb etmişdir. Onu da qeyd edir ki, ibtidai istintaq zamanı kompyuterdə yazılmış onun izahatı və ifadəsində göstərilən məqamlar düzgün deyil, o bu sənədlərin mətni ilə tam tanış olmadan imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan:  “Şübhəli şəxsin tutulması haqqında” 17.08.2021-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokurorunun 19 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.49, 65-66, 87-89, 91-93);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.06.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.20);  Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən götürülmüş çıxarışa görə 2020-ci il fevral ayının 12-dən 25-nə kimi 01 ABŞ dollarının məzənnəsi 1,70 manat təşkil edir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd);dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda vurulmuş zərərin həcmi azaldılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda onun özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 etibarından sui-istifadə edərək sonuncuya Rusiya Federasiyasına girişinə qoyulmuş məhdudiyyətin yaxın əlaqələri vasitəsilə aradan qaldıracağını yalandan vəd verib aldadaraq, ondan bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 12 fevral 2020-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda 2.500 manat, 18 fevral 2020-ci il tarixdə, saat 18 radələrində həmin ünvanda 1.260 manat və 25 fevral 2020-ci il tarixdə, saat 15 radələrində 1.240 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyi göstərilmişdir. Lakin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X5 verdiyi izahatlarında əvvəlcə Təqsirləndirilən şəxs 5.000 manat, sonra isə gah 3.000 ABŞ dolları, gah da 4.700 manat məbləğində pul verdiyini bildirmiş, bu pulun da bir qisminin kredit götürdüyünü, bir qismini isə ona xaricdən ABŞ dolları şəklində göndərildiyini söyləmişdir. Təqsirləndirilən şəxs isə Qalib ilə işin həlli üçün 3.000 manata razılaşdıqlarını, 2020-ci ilin fevral ayının ortalarında Qalibin “Azneft dairəsi” adlanan ərazidə xalası oğlu Kənanın və onun xalası oğlu Elşənin yanında ondan 1.000 ABŞ dolları, daha sonra ünvan 1 ünvanda iki dəfəyə 600 ABŞ dolları aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Qalibin xalası oğlu Şahid2 və Nicatın xalası oğlu Şahid1 da məhkəmədə verdikləri ifadələri ilə təqsirləndirilən şəxsin dedikləri öz təsdiqini tapır. Buna müqabil olaraq məhkəmədə ittiham tərəfi təqsirləndirilən şəxsə verilmiş ittihamın həcmi ilə bağlı yaranan ziddiyyətli məqamları aradan qaldıra biləcək hər hansı təkzibedilməz dəlil irəli sürə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda dələduzluq nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin həcmi azaldılaraq 1.600 ABŞ dolları müəyyən olunmalı və hadisə baş verən ərəfədə 01 ABŞ dollarının məzənnəsini 1,70 manat təşkil etdiyindən bu zərər milli məzənnə ilə 2.720 manat qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərərin qismən aradan qaldırılması üzrə gördüyü tədbirləri Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti ictimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin ediləcək ictimai işlər növündə cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, həmin Məcəllənin 34-cü maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə səkkiz saat hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat müddətinə ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar