Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-524/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Müdafiəçi və partnyorları’’ Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmən hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 132 ünvanının qarşısında, Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəminində sonuncunun sağ göz nahiyəsindən yumruqla qəsdən vuraraq ona sağ göz qapaqlarının və gözaltı nahiyənin, həmin gözün ağlı qişasına qansızma, qançır-şişkinlik halında əzilməsi və sağ gicgah nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2002-ci ildən qeydiyyatda olduğu və yaşadığı evin bir otağını obyekt edərək mağaza kimi işlədir. Özü və oğlu orada satıcı kimi işləyir və bu yolla dolanıb ailəni saxlayırlar. Şikayətçi Zərərçəkmiş şəxs qonşu kimi uzun müddətdir tanıyır, ara-sıra o işlətdiyi mağazadan alış-veriş edir. Mağaza yerləşən küçə ensiz olduğundan yolun kənarında avtomobil saxlayanda artıq digər avtomobillərin hərəkətinə mane olur. 04.09.2021-ci il tarixdə, saat təxminən 16:30 radələrində Zərərçəkmiş şəxs “Opel” markalı avtomobil ilə gəlib, avtomobilini mağazanın qarşısında saxlamışdır. Avtomobil mağazanın qarşısında olan zaman, kənardan hərəkət edənlər, orada mağaza olduğunu görmədiyi üçün o, satış edə bilmir. Bu səbəbdən avtomobildən düşüb siqaret çəkən Zərərçəkmiş şəxs yaxınlaşıb avtomobili oradan götürməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona etiraz edib, avtomobili oradan çəkməyəcəyini və müştəri gözlədiyini söyləmişdir. O, yenidən Tərlandan avtomobili çəkməsini tələb etdikdə, sonuncu ona kobud şəkildə cavab vermişdir. Bu səbəbdən o, əsəbiləşib Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 04.09.2021-ci il tarixdə saat 16:30 radələrində icarəyə götürdüyü “Opel Astra” markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadığı məhəllədən çıxmış və taksi proqramını telefonda qoşmaq üçün avtomobili Bəşir Səfəroğlu küçəsi 132 ünvanında, orada yerləşən “Nicat” marketin qarşısında saxlamışdır. Telefonda proqramı yandırıb avtomobildən düşmüş və sifariş gözləyən zaman ”Nicat” marketini işlədən Təqsirləndirilən şəxs ona yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, sonuncunun işlətdiyi mağaza yaşadığı evin yaxınlığında yerləşdiyi üçün tez-tez onun mağazasından alış-veriş edir. Təqsirləndirilən şəxs ona yaxınlaşan zaman onu acılayıb avtomobili onun mağazasının qarşısında saxlamamağı bildirmişdir. O, avtomobili yolun kənarında saxladığını və hərəkətə mane olmadığını bildirəndə Təqsirləndirilən şəxs onu söyüb təhqir etmişdir. Bu zaman onu söydüyü söyüşü geri qaytaranda Təqsirləndirilən şəxs üzərinə gəlib onun sağ göz nahiyəsindən yumruqla vurmuşdur. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X1 20.09.2021-ci il tarixli, 839 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ göz qapaqlarının və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi və sağ gicgah nahiyənin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 8-12 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 04.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli 365-14967A-3221 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş “Müdafiəçi və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Müdafiəçi və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Müdafiəçi və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Müdafiəçi və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Müdafiəçi və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-524/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-524/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver