Məhkəmə qərarları › İş №1(006)-524/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-524/2023

29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-524/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, A.Əlizadə küçəsi, ev 14-də qeydiyyatda olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməyən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00-da ünvan 1 ünvanda yerləşən Azərbaycan Tibb Universitetinin X2 çamaşırxanasında iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə əli ilə qəsdən bir neçə dəfə zərbə vuraraq ona sağ qulaqaltı-çeynəmə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançırşişkinliyi xəsarətlərini yetirməklə qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Azərbaycan Tibb Universitetinin X3 təsərrüfat işçisi vəzifəsində çalışmışdır. Həmin Klinikada təsərüffat işləri ilə məşğul olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 1.000 manat borc pul almış, 3-4 ay sonra bu pulu geri qaytarsa da, Zərərçəkmiş şəxs ondan əlavə 1.000 manat da qaytarmalı olduğunu bildirdiyi üçün bununla razılaşmamışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun istifadəsində olan 051 ***-**-** saylı mobil telefon nömrəsinə mesaj yazaraq onu təhqir edərək pulu tələb etmişdir. O da onun bu hərəkətlərindən əsəbləşərək Klinikanın çamaşırxanasına gedib onunla görüşmüş, bu zaman aralarında sözlə mübahisə baş vermiş və o, Zərərçəkmiş şəxs təhqirlərinə dözə bilməyərək əli ilə bir neçə dəfə onun sifət nahiyəsinə zərbələr endirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, vurulmuş zərər ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təxminən 03 ildir Azərbaycan Tibb Universitetinin X3 təsərrüfat işçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxs borc məqsədilə ondan 1.000 manat pul istəyərək yaxın günlərdə geri qaytaracağını bildirmişdir. O da Fuadın sözlərinə inanaraq, həmçinin onun iş yoldaşı olduğunu nəzərə alaraq ona bu pulu vermişdir. Lakin, Fuadın ona söz verdiyi vaxtdan bir neçə ay keçməsinə baxmayaraq borcunu geri qaytarmadığını görüb xx.xx.2023-cü il tarixdə ona mobil telefon vasitəsi ilə mesaj yazaraq pulunun geri qaytarılmasını istəmişdir. Fuad onun dediklərinə məhəl qoymayaraq cavab mesajında ona nalayiq ifadələr işlədərək təhqir etmiş, daha sonra Klinikanın çamaşırxanasına gəlib onunla mübahisə etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə bir neçə dəfə əli ilə zərbə endirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X7 Nəsimi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1703 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ qulaqaltı-çeynəmə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançırşişkinliyi küt əşyanın təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür, şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (İ cild, i.v.24-26); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfər məhkum olunmuş, sonuncu dəfə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 10 ay 20 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, i.v.20-22). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və vurulmuş zərəri ödədiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 08 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi vəsaiti hesabına 08 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar