Məhkəmə qərarları › İş №1(006)-524/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-524/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-524/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X1, müdafiəçi - Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki o, 11 aprel 2024-cü il tarixdə saat 13:45-də texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekt 57 ünvanında 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-cı hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyada X2 avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun Vİİ boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişən sınığı, sağ əlin İİ və İİİ barmaqlarının dırnaq falanqalarının yerdəyişən sınıqları ilə müşayiət olunan əzilmiş cırılmış yaraları, alın nahiyəsinin sıyrığı, sol saidin, sağ budun, sağ baldırın, sağ ayağın baldır topuq nahiyəsinin qançırları nəticələnən, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarəttlər almasına səbəb olmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayında «Toyota-Prius» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında və «B», «C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etməklə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 aprel 2024-cü il tarixdə təxminən saat 14 radələrində «Toyota-Prius» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prosekti ilə «28 Mall» ticarət mərkəzi istiqamətində 50 km/saat sürətlə idarə edərkən qarşısında «Mercedes» markalı, dövlət nömrə nişanını hazırda xatırlaya bilmədiyi avtomobil hərəkətə olmuşdur. Yolun sağ kənarında olan və yolu keçmək istəyən piyada qadını isə təxminən 25-30 metr məsafədən görmüşdür. O, qarşıda yerləşən svetofordan Süleyman Rəhimov küçəsi istiqamətində sola tərəf dönmək üçün hərəkət hissəsinin sol zolağa çıxmaq istəmiş, bunun üçün avtomobili hərəkət hissəsinni sol zolağa keçirərkən yolu keçməkdə olan piyada qadın qarşında hərəkət edən «Mercedes» markalı avtomobilin qabaq tərəfindən asfalta çıxıb qaçmış və bu zaman o, hərəkəti üçün təhlükə yarandığını hiss edərək avtomobilin tormoz pedalını basmış, lakin avtomobil tormozda sürüşərək piyadaya dəymişdir. Nəticədə piyada yolun sol kənarında olan səki daşına dəyməklə başından xəsarət almışdır. O, avtomobildən yerə düşərək piyada qadını yerdən qaldırıb ona kömək etmiş və hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə gəlmiş təcili tibbi yardım həkimləri xəsarət almış piyadanı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. O, isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmiş və hadisə yerinin müayinəsində iştirak etmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 57 ünvanında yerləşən «Ledy City» qadın geyimləri mağazasında satıcı işləyir. 11 aprel 2024-cü il tarixdə təxminən saat 13-14 radələrində işlədiyi mağazadan çıxıb Azadlıq prospektindəki yolu 28 May metrostansiyası istiqamətində keçməklə yolun əks tərəfincə yerləşən mağazaya getmək istəmiş, asfalt yol boş olduğuna görə yolun sağ kənarından adi yerişlə hərəkətə başlamışdır. Yolun orta hissəsində olarkən tünd rəngli, markasını dəqiq bilmədiyi bir avtomobil sürətini azaldaraq onun yolu keçməsinə şərait yaratmışdır. O, yolun əks tərəfinə çatmağa bir qədər qalmış, həmin tünd rəngli avtomobilin arxası ilə gələn, boz rəngli, dövlət nömrə nişanını bilmədiyi «Prius» markalı avtomobil onu qabaq tərəfi ilə vurmuş və o, xəsarət alaraq asfalta yıxılıb huşunu itirmişdir. Hadisə yerinə gəlmiş təcili tibbi yardım işçiləri onu xəstəxanaya aparmaq üçün maşına mindirərkən ayılmışdır. Xəstəxanada tibbi yardım alıb müalicəsini davam etdirmək üçün evinə gəlmişdir. Aldığı xəsarət ərlə bağlı 3 ay müddətində müalicə olunmuş, lakin bu müddət ərzində hadisəni törətmiş sürücü onunla ümumiyyətlə maraqlanmamışdır. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 498 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - Vİİ boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişən sınığı, sağ əlin İİ və İİİ barmaqlarının dırnaq falanqalarının yerdəyişən sınıqları ilə müşayiət olunan əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin sıyrığı, sol saidin, sağ budun, sağ baldırın, sağ ayağın bayır topuq nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün X10 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə gorə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. E.Q.Əliyevanın bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokolizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/1448 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasər “Toyota Prius” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, cinayət işi üzrə CM-nin 263.1-ci maddəsinin dispozisiyasında birbaşa müəyyən edilmiş və ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxs, məhz ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması nəticəsində baş vermiş cinayət üzrə zərərçəkmiş şəxs olan (CM-nin 263.1-ci maddəsinin tərkibini yaradan zərərçəkmiş şəxs) X4 təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti və mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 33 saylı Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar