Məhkəmə qərarları › İş №1(006)-527/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-527/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-527/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1961-ci il tarixdə ermənistan respublikası, vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs A.H.Əmiraslanov zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, A.H.Əmiraslanov 12.09.2021-ci il tarixdə, saat 18 radələrində, ünvan 2 ünvanında, arvadı Zərərçəkmiş şəxs ilə, ailə-məişət münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı, əynində olan şalvarın kəməri ilə sonuncunu qəsdən vuraraq ona, təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, sağ bazu oynağı nahiyəsində, sağ qulaq seyvanı, boyun, bel nahiyələrinin qançırları, sağ saidin sıyrığı ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Təqsirləndirilən şəxs A.H.Əmiraslanov məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1985-ci ildə S.F.Əmiraslanova ilə ailə həyatı qurmuş və birgə nigahdan 3 övladları var. İki qızı ailə qurub ayrı yaşadıqları üçün oğlu X1, arvadı X2 ilə birlikdə, ünvan 3 ünvanında yaşayırlar. Spirtli içki qəbul etməsi səbəbindən ailəsində teztez mübahisələri olur. Sonuncu dəfə 12.09.2021-ci il tarixdə işdən çıxdıqdan sonra yaşadığı evin yaxınlığında yerləşən kafedə spirtli içki qəbul etmiş və evə getmişdir. Evə daxil olan zaman, arvadı Zərərçəkmiş şəxs onun yenidən sərxoş olduğunu gördüyü üçün aralarında mübahisəsi yaranmışdır. Mübahisə zamanı Sora onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün, əsəbiləşərək əynində olan şalvarın üzərindən kəməri çıxardıb, kəmər ilə arvadını döymüş, Sona ağlayıb yerə yıxıldıqdan sonra bir anlıq ayılmış və evdən çıxıb getmişdir. Daha sonra özünü təqsirli bilməsini və barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs A.H.Əmiraslanovun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs S.K..Əmiraslanova ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs uzun müddətdir spirtli içki aludəçisidir, hər gün spirtli içki qəbul edib evə gəlir. Özü 54 saylı MKTB-də 20 ildir xadimə işləyərək Nərimanov rayonu ərazisində küçələri süpürür. Təqsirləndirilən şəxs evin ehtiyaclarını heç vaxt qarşılamayıb və özü əziyyət çəkərək övladlarını böyütmüşdür. Abuzər tez-tez spritli içki qəbul etdiyi üçün ailədə mübahisələr olur. Sonuncu dəfə 12.09.2021-ci il tarixdə saat təxminən 18-də işdən çıxıb evə gəlmiş və bir neçə dəqiqə sonra Abuzər də evə qayıtmışdır. Onun sərxoş vəziyyətdə olduğunu görmüş və iradını bildirmişdir. Oğlu fərdi olaraq paketçi kimi işlədiyindən həmin zaman evdə olmamışdır. Əri ilə aralarında bu səbəbdən mübahisə yaranmış və əri yataq otağında, şalvarının üzərində olan toqqasını çıxardıb, toqqanın dəmir hissəsi ilə başına, bədəninə zərbələr vurmuşdur. O çətinliklə ərinin əlindən çıxıb mənzildən qaçmış və sonra Təcili Tibbi yardım çağırmışdır. Təcili Yardım həkimləri onu müayinə edib Sabunçu rayon xəstəxanasına aparmış, xəstəxanada başına 3 tikiş qoyulduqdan sonra öz istəyi ilə evə qayıtmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda əri Təqsirləndirilən şəxs şikayətçidir, əvvəllərdə onu döydüyü üçün işləri məhkəməyə düşüb lakin o, ərini bağışladığı üçün cinayət işinə xitam verilmiş bu səbəbdən də Təqsirləndirilən şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 28-30-cu vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 835 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə-ənsə nahiyəsinin əzilmiş yaraları, sağ bazu oynağı nahiyəsində, sağ qulaq seyvanı, boyun, bel nahiyələrinin qançırları, sağ saidin sıyrığı küt əşyanın təsirindən müayinədən, qərarın təsviri hissəsində göstərilən 12.09.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Sadələşdirilmiş icraat materialının 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 17 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, A.H.Əmiraslanov Bakı şəhəri Nəsimi Rayon Məkəməsinin 08 dekabr 2016-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, tərəflərin barışığı nəticəsində cinayət təqibinə xitam verilmişdir. Sadələşdirilmiş icraat materialının 65-66-cı vərəqələrində olan 26 sentyabr 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd kəmər maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs A.H.Əmiraslanovun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs A.H.Əmiraslanova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla A.H.Əmiraslanova cəza təyin edərkən təqsirini səmimi olaraq etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən A.H.Əmiraslanovun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs A.H.Əmiraslanov Nəsimi Rayon Məkəməsinin 08 dekabr 2016-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin eyni maddəsi ilə yəni, 128-ci maddəsi ilə təqsirli bilinmiş, tərəflərin barışığı nəticəsində cinayət təqibinə xitam verilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs A.H.Əmiraslanova cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs A.H.Əmiraslanovun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs A.H.Əmiraslanovun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs A.H.Əmiraslanova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübutla bağlı məsələni araşdırararq hesab edir ki, maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin növbətçi hissəsində saxlanılan və Təqsirləndirilən şəxs məxsus olan bir ədəd kəmər sonuncuya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs A.H.Əmiraslanovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, A.H.Əmiraslanova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin növbətçi hissəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd kəmər sonuncuya qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar