Məhkəmə qərarları › İş №1(006)-527/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-527/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-527/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 21 fevral 2025-ci il tarixdə saat 15 radələrində ictimai yer hesab edilən ünvan 2 ünvanda yerləşən «Səməd Vurğun» adına istirahət parkının qarşısındakı avtobus dayanacağında olarkən heç bir əsaslı səbəb olmadan tanışı X5 ilə mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə, Asim Rüstəmova zor tətbiq edib sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruq və təpik zərbələri vuraraq, ona burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi və əzilmiş yarası, sağ almacıq nahiyəsinin və sağ əlin V barmağının sıyrıqları, sol budun dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, qeyrirəsmi fəhləlik edib pul qazanır. Əvvəllər quldurluq cinayəti törətdiyinə görə məhkum olunmuş və 02 iyun 2022-ci ildə vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra rəsmi olaraq heç yerdə işləməmiş, fəhləliklə pul qazanmışdır. X3 tanımışdır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, Asim Rüstəmovla hadisədən bir gün əvvəl tanış olmuş, Asim Rüstəmov Bakı şəhəri Nəsimi rayonu 28 May metrostansiyası yaxınlığında olan avtobus dayanacağında qalmış, başqa yaşamağa yeri olmamışdır. O və tanış dostları hər dəfə Asim Rüstəmovu dayanacaqda görmüşlər və yazığı gəldiyi üçün hər dəfə sonuncuya pul vermişdir ki, özünə yemək alsın. 20 fevral 2025-ci il tarixdə dostu Asim Rüstəmova pul vermişdir ki, həm özünə, həm də onlara yemək alsın. X7 pulu aldıqdan sonra bir neçə saat gəlməmiş və buna görə dostu Asim Rüstəmovu gördükdə və onlar üçün almalı olduğu yemək barədə soruşduqda, Asim Rüstəmov dostuna «mənə pul vermisən sən» demiş və dostu etiraz etdikdə Asim Rüstəmov dostunu DİN «102» xidmətinə zəng vuracağı ilə hədələmişdir. Sonradan dostu ona bu barədə danışdıqda, o, təəccüblənmiş, lakin həmin vaxt bir söz deməmişdir. Növbəti gün yəni 21 fevral 2025-ci il tarixdə o, dayanacaqda Asim Rüstəmovu görüb dostuna dedikləri ilə bağlı soruşduqda, sonuncu dostunun yalan dediyini, özünün tutulduğu üçün onlara yemək alıb verə bilmədiyini demiş və o, özündə olan 10 manat pulu Asim Rüstəmova vermişdir ki, gedib onun üçün yemək alsın. Asim Rüstəmov getdikdən sonra gəlməmiş və təxminən saat 15 radələrində o, avtobus dayanacağında Asim Rüstəmovu görüb, pulunu istədikdə sonuncu ona da demişdir ki, «sən mənə pul vermisən». Bu zaman Asim Rüstəmovla aralarında sözlə mübahisə yaranmış və o, əsəbiləşərək şillə ilə Asim Rüstəmovun sifətindən vurmuşdur. Həmin vaxt Asim Rüstəmov çölə çıxmış və bir müddət sonra həmin yerə Asim Rüstəmov polis əməkdaşları ilə gəlmiş və onu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən o, şifahi izahat vermiş, həmçinin Asim Rüstəmov ondan şikayətçi olmadığı üçün polis şöbəsindən onu buraxmışlar. X4 polis şöbəsində olarkən də ondan şikayətçi olmaması ilə bağlı sözlər demişdir. Həmçinin sonradan Asim Rüstəmovun tanışlarından biri ilə söhbət edərkən ona demişdir ki, Asim Rüstəmov bu məsələ ilə bağlı prokurorluğa gedəcəyini və orada yenidən şikayət edəcəyini, bunun üçün 10-15 manat oradan alacağını demiş, həmçinin həmin şəxsə də onunla getməyi və şahid olmağı təklif etmişdir, lakin həmin şəxs razılaşmamışdır. Hadisə 21 fevral 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında yerləşən avtobus dayanacağında baş vermişdir. Hadisə vaxtı orada kənar şəxslər olmasını görməmişdir. Asim Rüstəmovun sifətindən 1 dəfə şillə vurmuş, başqa Asim Rüstəmova zərbə endirməmişdir. Asim Rüstəmovun məhkəmə-tibbi ekspertizasında göstərilən xəsarətləri hansı şəraitdə almasını bilmir. O, Asim Rüstəmova yalnız bir dəfə sifətindən şillə vurmuşdur. Sonda isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, bu səbəbdən barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin 07 mart 2025-ci il tarixli, 262 saylı rəyində göstərilmişdir ki, X1 bədənində aşkar edilmiş xəsarətlər - burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi və əzilmiş yarası, sağ almacıq nahiyəsinin və sağ əlin V barmağının sıyrıqları, sol budun dərialtı hematoması bərk küt əşya (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və sair) təsirindən törənə bilərdilər. (i.v.24-27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə Quba rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v.109-110); “Şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.57); “Vəsatətin müdafiə olunmasından imtina olunması haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından prokuror tərəfindən imtina olunmuşdur. (i.v.82-83); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.84-85); Müdafiə tərəfinin məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilərək bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilərək bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-527/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 32 iş saatı üçün 352 (üç yüz əlli iki) manat pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 32 iş saatı üçün 352 (üç yüz əlli iki) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar