Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-529/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2001-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Masallı şəhəri, M.Talışxanov küçəsi, ev 105-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Yavər Əliyev küçəsi, 25/95, bina 8, mənzil 136-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 11 yanvar 2025-ci il tarixdə saat 22:32-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai İ30» markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsi ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıcında isə svetofor qarşısında dayandırmaq kimi tələblərini pozaraq idarə etdiyi avtomobillə «Memar Əcəmi» metrostansiyası istiqamətində hərəkət edib svetoforla nizamlanan yolayrıcına daxil olmaqla svetoforun qırmızı işığında hərəkətini davam etdirərək piyada zolağı ilə yolu keçən Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun sağ bayır topuğun qapalı, yerdəyişməyən sınığı və sol əlin arxa səthinin qançırı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa «Hyundai İ30» markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yolnəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, icarə əsasında “Hyundai İ30” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərmişdir. 11 yanvar 2025-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi “Hyundai İ30” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazi ilə üzü “Memar Əcəmi” metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə ondan başqa tanımadığı kişi cinsli müştəri olmuşdur. Avtomobillə hərəkətdə olarkən işıqforun qırmızı işığına düşməməkdən ötrü avtomobili işıqfora çatmamışdan daha sürətli idarə etməyə davam etmişdir. Həmin vaxt qarşıda piyada keçidi olsa da, həmin keçidin üzərindən keçərkən avtomobilin hər hansı şəxsə dəyməsini görməmişdir. Belə ki, həmin vaxt avtomobilin içərisində isidici sistemi qoşmuş və şüələri tam olaraq bağlamışdır. Buna görə də, avtomobilin kiməsə dəyməsini hiss etməmişdir. 04 fevral 2025-ci il tarixdə polis əməkdaşları ona zəng vuraraq hadisə törətdiyini demişlər və onu Nəsimi RPİ-yə dəvət etmişlər. O da könüllü olaraq RPİ-yə getmişdir. Daha sonra videogörüntülərə baxdıqda ehtiyatsızlıqdan avtomobili ilə bir nəfər qadını vurduğunu görmüşdür. Onun hadisə yerindən yayınmaq fikri olmamışdır. Sonradan zərərçəkmiş şəxslə əlaqə yaradaraq barışıq üçün cəhdlər etsə də, onun bütün səyləri nəticəsiz qalmışdır. Belə ki, zərərçəkmiş şəxs ondan 10000 (on min) manat pul istəmiş, o isə maddi imkanı olmadığından həmin məbləği vermək iqtidarında olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə olan cinayət təqibi üzrə bəraət verilməsini, həmin Məcəllənin 263.1-ci maddəsi ilə ona qanunvericlikdə müəyyən edilmiş ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 11 yanvar 2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq oğlunun yaşadığı ünvan 1 ünvanda axşam saatlarına kimi qalmış və saat 22 radələrində oğlunun evindən çıxaraq yaşadığı evə doğru piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 22:36-da Bakı şəhəri Nəsimi rayonu 3-ci mikrorayon ərazisində o, avtomobil yoluna çataraq piyada keçidində işıqforun qırmızı işığının yanmasını gözləmiş və qırmızı işıq yandıqdan sonra o, avtomobil yolunu piyada keçidi üzəri ilə keçməyə başlamışdır. Həmin vaxt avtomobil yolunun orta hissəsinə çatdıqda 3-cü mikrorayon istiqamətindən nömrəsini və markasını bilmədiyi avtomobil sürətlə gəlib, onun sol tərəfindən dəymiş və o, zərbədən yerə yıxılmışdır. Həmin avtomobil isə saxlamadan hadisə yerindən qaçıb getmişdir. Daha sonra orada olan tanımadığı şəxslər ona kömək etmişlər və o, birtəhər ayağa qalxıb yaşadığı evə tərəf getmişdir. Evdə olarkən oğlu İsaya baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra oğlu yaşadığı evə gəlib onu xəstəxanaya aparmış və xəstəxanada sağ ayağının topuq hissəsinin sınması məlum olmuşdur. Hadisə vaxtı o, piyada yolu keçən zaman onu vuran avtomobilin markasını və nömrəsini görməmişdir. Hadisədən uzun müddət keçsə də, təqsirləndirilən şəxs tərəfindən onunla maraqlanan olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, onunla barışmadığını bildirərək, sonuncunun barəsində cəza verilməsini xahiş edir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 yanvar 2025-ci il tarixdə protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, Cavadxan küçəsidir, həmin küçədə yol düz olmaqla asfaltbetondur, yolun eni 14 metr olmaqla yolda qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.3 üfuqi nişanlama xətti vardır, yolun sağ və sol tərəflərində şəhər tipli tikintilər vardır. Avtomobil yolunda piyada keçidi mövcuddur, yol işıqforla nizamlanır. Piyada hadisədən əvvəl avtomobil yolunda piyada keçidi ilə sağ istiqamətdən sol istiqamətə hərəkətdə olmuş, piyada vurulduğu hissəyə qədər 6 metr məsafə qət etmişdir, piyada avtomobil yolunda iti addımlarla hərəkət etmişdir. Sürücü üçün təhlükə piyadanın piyada zolağına daxil olduğu andan yaranmışdır (i/v 8-13). İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin 18 iyun 2025-ci il tarixli 3-13- 16/2-121986/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 020221 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i/v 117). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 xx.xx.2025-ci il tarixli, 80 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sağ bayır topuğun qapalı, yerdəyişməyən sınığı və sol əlin arxa səthinin qançırı küt əşyanın təsirindən, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. (i/v 53-55). İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı «Əfv» sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i/v 114-115). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/635 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai İ30 markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Bəhmənov piyadanı vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i/v 63-65). İş materiallarında olan 30 aprel 2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 03 ədəd videofayl vardır ki, həmin videofayllarda Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-024 nömrəli kameralarında 11 yanvar 2025-ci il tarixdə saat 22:31-dən saat 22:38-dək olan müddətdə qeydə alınmış görüntülər əks olunmuşdur. Videofayllara baxış aparılan zaman müəyyən olunmuşdur ki, 11 yanvar 2025-ci il tarixdə saat 22:32:04-də Bakı şəhəri Nəsimi rayonu 3cü mikrorayon Cavadxan küçəsində avtomobil yolu ilə «Hyundai İ30» markalı avtomobil hərəkət edib, saat 22:32:36-da avtomobil yolunu piyada keçidi ilə sağ tərəfdən sol tərəfə keçən qadın piyadanı avtomobilin sağ yan və sağ təkər ətrafı hissəsi ilə vurub yerə yıxır və avtomobili saxlamadan işıqforun qırmızı işığında avtomobili idarə edib hadisə yerindən uzaqlaşır, ətrafda olan şəxslər isə yerə yıxılan qadına yaxınlaşıb kömək edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan «Hyundai İ30» markalı avtomobili özünün idarə etdiyini, ifadəsində qeyd etdiyi kimi piyada qadını idarə etdiyi «Hyundai İ30» **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə özünün vurduğunu və qorxduğu üçün hadisə yerindən uzaqlaşdığını bildirmişdir (i/v 82). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 30 aprel 2025-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, “Hyundai İ30” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, avtomobilin Təqsirləndirilən şəxs qaytarılması və 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 118-125). İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 75). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 may 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 96-97). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdiyi ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq, zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş, ümumiyyətlə zərərçəkmiş şəxsi avtomobillə vurmasını bilməməsi barədə xüsusat bildirməmiş, yalnız, məhkəmə iclasları zamanı istintaqı aparılarkən özünü qismən təqsirli bilməsi barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş videodiskdən görünür ki, 11 yanvar 2025-ci il tarixdə saat 22:32:04-də Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Cavadxan küçəsində avtomobil yolu ilə «Hyundai İ30» markalı avtomobil hərəkət edib, saat 22:32:36da avtomobil yolunu piyada keçidi ilə sağ tərəfdən sol tərəfə keçən qadın piyadanı avtomobilin sağ yan və sağ təkər ətrafı hissəsi ilə vurub yerə yıxır və avtomobili saxlamadan işıqforun qırmızı işığında avtomobili idarə edib hadisə yerindən uzaqlaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü - yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdən 01 may 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri tutularaq dövlət büdcəsinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai İ30” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-529/2025 saylı, 15 iyul 2025-ci il tarixli qərara əsasən 29 iyul 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 363 (üç yüz altmış üç) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 29 aprel 2025-ci il tarixdən 01 may 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Hyundai İ30 markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 33 iş saatı üçün 363 (üç yüz altmış üç) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-529/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-529/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver