Məhkəmə qərarları › İş №1(006)-53/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-53/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-53/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Eyyub qızının Müdafiəçilər: “ ro Bono“Vəkil Bürosunun vəkilləri P Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodu A/Y ünvanında qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi, ev 05, mənzil 04-də qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən ilkin olaraq o, “www.lalafo.az” saytında guya “Pomerian Spits” cinsindən olan iki ədəd itin hər birini 400 manata satılması ilə bağlı elan yerləşdirib əlaqə vasitəsi kimi özünə məxsus 055 ***-**-** saylı mobil telefon nömrəsini qeyd etdikdən sonra 14 dekabr 2022-ci il tarixdə həmin nömrəyə “WhatsApp” proqramı vasitəsi ilə yazıb özünü itləri almaq istəyən şəxs kimi təqdim edən Zərərçəkmiş şəxs inandırmaq üçün həmin cinsdən olan itlərin fotoşəkillərini və videogörüntülərini sonuncuya göndərməklə guya itlərin Qəbələ rayonunda olduğunu və başqa müştəriyə satılmaması üçün pulun tam ödənilməsindən dərhal sonra itləri taksi ilə lazımi ünvana göndərəcəyi ilə bağlı yalan vədlər verib aldatmaqla Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartının fotoşəkilini Zərərçəkmiş şəxs göndərib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 14 dekabr 2022-ci il tarixdə, saat 16:58-də mobil bank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 4169 7385 9818 0945 nömrəli bank kartına göndərdiyi 300 manat və həmin tarixdə, saat 17:32-də ünvan 2 ünvanda yerləşən “Araz” supermarketdə qurlaşdırılmış “MilliÖn” ödəniş terminalından həmin karta göndərdiyi 500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək ələ keçirdikləri pulları aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayında imkanı zəif olduğu üçün avtoyuma məntəqəsində birlikdə işlədiyi tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə dələduzluq etmək niyyətinə gəlmişlər. Belə ki, onlar “Pomerian Şpits” cinsli itin şəklini internetdən tapmış, daha sonra onun istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsi ilə “www.lalafo.az” saytında saxta elan yerləşdirərək internet üzərindən tapdıqları şəkilləri ora qoymuş, guya həmin itin onlara məxsus olduğunu və 400 manata satdıqlarını qeyd etmişlər. Bundan sonra ona müxtəlif nömrələrdən zəng gəlmiş və itin qiyməti soruşulmuşdur. Belə zənglərdən sonuncusunda özünü Vüsalə kimi təqdim edən qadın zəng edərək iti almaq istədiyini bildirmiş, o da təmiz “Pomerian Spits” itinin özünə məxsus olmasını söyləmişdir. Daha sonra o, istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsi ilə həmin qadınla “WhatsApp” proqramı vasitəsi ilə danışıqlar aparmış, guya eyni itin bir dişi və bir erkəyi olduğunu bildirərək onların hər ikisini də satdığını demişdir. Həmin qadın itlərin hər ikisini almaq istədiyini bildirmişdir. Bundan sonra o, itlərin hazırda Qəbələ rayonunda olmasını və itlərin pulunu kart vasitəsilə göndərdiyi təqdirdə onları Bakı şəhərinə göndərəcəyini demişdir. Onlar bu barədə razılığa gəldikdən sonra həmin qadının pulu ata bilməsi üçün Ceyhun istifadəsində olan bank kartının nömrəsini ona vermiş, o da həmin kart məlumatlarını Vüsaləyə yollamışdır. 14 dekabr 2022-ci il tarixdə Vüsalə 800 manat pul vəsaitini iki dəfə olmaqla, yəni əvvəlcə 300 manat, daha sonra 500 manat pulu Ceyhunun 4169 7385 9818 0945 saylı kartına köçürmüşdür. Onlar da həmin günü metronun “Əhmədli” stansiyasının yaxınlığında bankomatdan bu vəsaiti çıxarmış, Ceyhuna 300 manat verərək 500 manatı özünə götürmüş, Vüsalənin telefon nömrəsini isə “qara siyahı”ya əlavə etmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərər ödənilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənləri təsdiq etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Eyyub qızı övladının Türkiyədə təhsil aldığını, bununla əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, vurulmuş zərərin ödənildiyini və bununla əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlardan şikayətçi olmadığını bildirdi. Tərəflərin razılığı ilə məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə internetdə özünə it almaq üçün elanlara baxmış, bu zaman “www.lalafo.az” saytında “Pomerian Spits” cinsli itin satılması ilə bağlı elan qarşısına çıxmışdır. O, dərhal həmin elanda qeyd edilən 055 ***-**-** saylı mobil nömrə ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Bu zaman o, tanımadığı bir şəxslə iti almaqla bağlı danışanda sonuncu ona itin həm erkək, həm də dişi cinsi olduğunu və hər ikisini satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən qiymət soruşduqda, sonuncu ümumilikdə 800 manata hər iki iti verə biləcəyini söyləmişdir. O, razılaşmış, lakin itləri necə əldə edəcəyi ilə bağlı sual verdikdə, bu şəxs özünün Qəbələ rayonunda olduğunu, kart hesabına 800 manat pulu göndərəcəyi təqdirdə iti taksi vasitəsilə çatdıracağını bildirmiş və daha sonra ona “Pomerian Spits” cinsli itin şəkillərin atdığı üçün o, həmin şəxsə inanmış və üzərində Təqsirləndirilən şəxs2 yazısı və 4169 7385 9818 0945 nömrələri qeyd edilən "xxxx" ASC-yə məxsus bank kartına öz mobil telefonu vasitəsi ilə 300 manat pul göndərmişdir. Sonra həmin vaxtı Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan 3-cü mikrorayon adlanan ərazidə "xxxx" ASC fillialının yaxınlığında olan mağazada “MilliÖn“ödəmə terminalı vasitəsi ilə qalan 500 manat pulu da ödəmişdir. Bundan sonra həmin şəxs onu telefon nömrəsinin “WhatsApp” proqramında “qara siyahı”ya atmışdır. Bu zaman ona qarşı dələduzluq olduğunu anlamış, bundan sonra “102” xidmətinə məlumat vermişdir (İ cild, i.v. 48-49). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Ödəniş qəbzlərinə əsasən mobil tətbiq vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 16:58-də 416973*****9362 saylı kartdan 416973*****0945 saylı (qəbul edən CE*****H****) karta 300 manat, ünvan 3 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış “MilliÖn“ ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 17:32-də 416973*****0945 saylı (qəbul edən H****C*****A****oğlu) karta 500 manat pul göndərilmişdir (İ cild, i.v.8-9); • “Sübutların qiymətləndirilməsi haqqında” 02 oktyabr 2023-cü il tarixli qərara əsasən 02 ədəd ödəniş qəbzi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (İ cild, i.v.170-177); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ödənilməmiş məhkumluğu yoxdur və onlar əvvəl cinayət məsuliyyətindən azad edilməmişlər (İ cild, i.v.36-40); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədikləri üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onların axtarışı elan edilmiş, Təqsirləndirilən şəxs1 09 mart 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs2 isə 15 mart 2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə təhvil verilmişlər (İİ cild). • “Kapital Bank“ ASC-nin xx.xx.2024-cü il tarixli, 27992 və 27300 saylı ödəniş qəbzlərinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş 500 manat ziyanın 25% miqdarında – 125 manat, Təqsirləndirilən şəxs2 tərəfindən isə cinayət nəticəsində vurulmuş 300 manat ziyanın 25% miqdarında – 75 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir (İİ cild). Beləliklə, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “Pomerian Spits” cinsindən olan iki ədəd itin satacağını yalandan vəd verərək sonuncunun 14 dekabr 2022ci il tarixdə, saat 16:58-də mobil bank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 4169 7385 9818 0945 nömrəli bank kartına göndərdiyi 300 manat və həmin tarixdə, saat 17:32-də ünvan 2 ünvanda yerləşən “Araz” supermarketdə qurlaşdırılmış “MilliÖn” ödəniş terminalından həmin karta göndərdiyi 500 manat pulu, ümumilikdə 800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə əldə edib öz aralarında bölərək Təqsirləndirilən şəxs1 500 manat, Təqsirləndirilən şəxs2 isə 300 manat pulu ələ keçirmişlər. Eyni zamanda məhkəməyə təqdim olunmuş bank sənədlərinə əsasən cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsinə, habelə vurulmuş zərərin həcminə uyğun olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında ələ keçirilmiş pulunun Təqsirləndirilən şəxs1 500 manatın 25%-ni - 125 manatı, Təqsirləndirilən şəxs2 isə 300 manatın 25%-ni - 75 manatı cinayət məsuliyyətindən azad olunması üçün dövlət büdcəsinə ödəmişlər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayətdə zərər çəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən və cinayətin törədilməsində faktiki iştiraklarının xarakterindən və dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələblərinə uyğun dövlət büdcəsinə ödəniş edildiyindən onlar cinayət məsuliyyətindən azad olunaraq barələrində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 72-73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərər çəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onlar dərhal məhkəmə iclas zalından azad olunmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 178.2.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 178.2.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 25 saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar