Məhkəmə qərarları › İş №1(006)-532/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-532/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-532/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, 2010-cu il 13 mart tarixində vətəndaş X9 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikahdan iki qız övladları dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonralar ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Hazırda nikahlarının pozulmasına dair iddia tələbi Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Böyük qızı faktiki olaraq onunla yaşayır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində onun həyat yoldaşı X9, anası Əzəmmədova Təranə ilə birgə onun kirayə qaldığı ünvanda ona qarşı zorakılıq tətbiq edərək bıçaqla ona zərbələr endirməyə cəhd etmişdir. Bu zaman baldızı X1 ilə əllərindən bıçağı alıb eyvandan aşağı tullamışlar. Baş vermiş hadisə ilə əlaqədar o, Daxili İşlər Nazirliyinin 102 çagrı xidmətinə müraciət etmişdir. Faktla bağlı hüquq mühafizə orqanının əməkdaşları hadisə yerinə baxış keçirərək qərar da qəbul etmişlər. O vaxtdan bu günə kimi adı çəkilən hər iki şəxs ona hədə qorxu gəlir, ölümlə təhdid edir. Əsassız olaraq barəsində müxtəlif dövlət qurumlarına müraciət edərək şər və böhtan atırlar. Bu da onun normal həyat tərzini, o cümlədən konstitusion hüquqlarını kobud şəkildə pozur. Hazırda o, böyük qızı xx.xx.2011-ci il təvəllüdlü X7 və baldızı X10 ilə bir yerdə yaşayır. Belə ki, keçmiş həyat yoldaşı X11 əsassız olaraq onun barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək, guya onun tərəfindən qızı xx.xx.2011-ci il təvəllüdlü X7 və onun bacısı X5 zorakılığa məruz qaldığını bildirmişdir. Bundan əlavə onun barəsində polisə dəfələrlə əsassız şikayətlər yazmışdır. Göründüyü kimi X11 müntəzəm olaraq onun barəsində müxtəlif dövlət qurumlarına şər və böhtan olan əsassız, təhqiredici ərizələrlə müraciət etmişdir. Bu da onun hər dəfə idarə və təşkilatlara çağırılmasına səbəb olmuşdur. Sözügedən şəxsin ona qarşı şər və böhtan daşıyan ərizələri onun şəxsi nüfuzuna xələl gətirmişdir. Bundan əlavə X11 tərəfindən onun barəsində qeyd edilən ərizələrdə təhqir olunmuşdur. Sonuncu hər dəfə onun baldızı ilə birgə əxlaqsız həyat sürdüyünü qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 2-ci hissəsinə görə şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hərkəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir. Şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 148-ci maddəsində qeyd edildiyi kimi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya və ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmadır. Göstərilənlərə əsasən X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlayıb və cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X13 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onu X4 21-ci Polis Bölməsi, Nəsimi Rayon Polis İdarəsi, Baş Polis İdarəsi, Baş Prokurorluq, Ombudsman və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verdiyi şikayətə görə həmin orqanlara çağırmışlar və həmişə də şikayətə xitam verilmişdir. Bununla bağlı həmin orqanlara gedib izahat vermişdir. X11 onun əyyaş həyat tərzi yaşadığını, həmçinin bacısını qaçırtdığını bildirərək ona böhtan atır. O sonuncunun bacısını qaçırtmamışdır, həmin şəxs özü gəlib ona sığınmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsini və X4 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X11 izahatında bildirmişdir ki, X13 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmağı barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətin tam qanunsuz və əsassız olduğunu hesab edir. Belə ki, şikayət ərizəsi faktiki olaraq əsaslandırılmamış, yalnız qanunvericiliyin normaları göstərilmiş və şikayətin təsviri hissəsində onun şikayətçi barədə verdiyi əsaslı şikayət öz əksini tapmışdır, şikayət boş söz yığnağından ibarətdir. Şikayətin təsviri hissəsi ilə əsaslandırıcı hissəsinin heç bir hüquqi əlaqəsi yoxdur. Belə ki, şikayətçi qanunvericiliyi öz mülahizəsinə uyğun təhlil edərək, hansı əsaslarla qanun pozuntusuna yol verdiyini sübuta yetirməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, şikayətçi X13 əyyaş həyat tərzi sürür. Sonuncu faktiki olaraq onunla ailə həyatı sürdüyü halda, ənənələrə və mənəvi dəyərlərə zidd olaraq bacısı X10 ilə qaçaraq ikinci ailə həyatı qurmuşdur. O, evdən gedərkən böyük qızları xx.xx.2011 -ci il təvəllüdlü X3 özü ilə aparmış, faktiki olaraq onun təhsil almasına imkan vermir, məktəblərin əxlaqsızlıq yuvası olduğunu bildirir. X13 uşağına fiziki və psixoloji şiddət göstərir, bacısı və onunla ünsiyyətlərinə hər-cür maneçilik törədir. X13 onunla nikahlarının pozulmasına dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmənin qərarı ilə uşaqlar onun yanında qalmalıdır. X13 övladını qaytarmamaqla bərabər işi süni şəkildə uzatmaq məqsədilə həmin məhkəmə aktından apellyasiya şikayəti vermişdir. X6 onun və digər ailə üzvlərinin həyatına təhlükə yaradan hərəkətlər etməsi səbəbi ilə təhlükəsizliklərinin təmin edilməsi üçün hüquqmühafizə orqanlarına müraciət etmişdir. Bunlarla bərabər, X13 özü müxtəliv kütləvi informasiya vasitələri və internet resurslarında onun və ailəsinin şərəf və ləyaqətini alçaldan böhtanlar və təhqirlər yayır. Onu, qohumlarını və valideynlərini rüsvay etməklə hədələyərək ondan və anasından dəfələrlə külli miqdarda pullar almışdır. O, şikayətçi barəsində kütləvi informasiya vasitələrində heç bir təhqir və böhtan xarakterli məlumatlar yaymamışdır. Barəsində yazdığı şikayətlər onun, övladlarının və ailə üzvlərinin təhlükəsizliyinin, övladının təhsil hüququnun və qanunvericiliyin aliliyinin təmin olunması üçün dövlət və hüquq mühafizə orqanlarına ünvanlanmışdır. O, X13 barəsində yazarkən faktiki olaraq şahidi olduqları və baş vermiş hadisələri qeyd etmişdir. Şikayətləri yalnız hüquq-mühafizə orqanlarına ünvanlanmışdır. Ailələrinin dağılmasına səbəb sonuncunun bu cür davranışları olmuşdur. Şikayətçi barədə o, heç bir böhtan atmamışdır. Onunla şəxsi münasibətlərində şahidi olduğu halları həyat təhlükəsizliklərinin təmin olunması üçün hüquq mühafizə orqanlarına çatdırmağa çalışmışdır. Əks halda şikayətçi tərəfindən onun və yaxınlarının həyatı təhlükə altında qalmış olur. Bundan irəli gələrək, onun şikayətçi barəsində qəsdən və qərəzli şəkildə heç bir məlumat yaymadığı aşkar olunmuş olur. Bu isə böhtanın anlayışına uyğun gəlmir. Digər məqam, onun şikayətçi barədə bilə-bilə yalan məlumat yazmağı öz təsdiqini tapmır və şikayətçini nüfuzdan salmaq üçün və ya şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə bu barədə internet resurslarında, kütləvi informasiya vasitələrində, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, informasiya vasitəsində heç bir məlumat yaymamışdır, onun işlədiyi kollektivdə heç bir vərəqə paylamamışdır. Şikayətçi guya, onun anası ilə birgə sonuncuya qarşı zor işlətdiyini bildirir. Qadın olaraq idmançı kişiyə zor işlətməkləri qeyrimümkündür və şikayətçinin bununla bağlı hansısa tələbləri olduğu halda müvafiq orqanlara müraciət edə bilər. Buna dair X2 İşlər Nazirliyinin “102” xidmətinə zəng etdiyini göstərdiyi vaxt onu evdən döyərək qovmuş, evə buraxmadığı üçün onun həmin xidmətə zəng etdiyini görüb evə buraxıb onlar evdən çıxdıqdan sonra haralara zəng etdiyindən məlumatsızdır. Göstərilən hərəkətləri etməməyi şikayətin əsassız və qanunsuz olmasını təsdiq edir. Şikayətçi eyni zamanda şərəf və ləyaqətinin alçaldığını qeyd etmişdir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinin, 4-cü abzasında göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Həmin qərara görə şərəf və ləyaqətin alçaldılması yuxarıda göstərilən hallarda olduğu kimi, kütləvi informasiya vasitələrində, kütləvi çıxışlarda, elektron vasitələrlə internet resurslarında yayıldıqda sayıla bilər. Şikayətçi tərəfindən hazırki şikayətin verilməsinə səbəb sonuncu barəsində polisə verdiyi şikayətlərdən onu çəkindirməkdir. Şikayətçi onları şantaj edərək bacısı X10 ilə məcburi ailə qurmuş, bacısını evdə dustaq kimi saxlamış və buraxması üçün anasından külli miqdarda pullar almış, lakin buraxmamışdır. Bundan başqa, X13 dəfələrlə evlərinin yaxınlığına gəlmiş, kiçik qızı uşaq bağçasına gedərkən dəfələrlə uşağı oğurlamaq istəmişdir. Tez-tez onlara müxtəlif yollarla onsuz da uşağı onların əlindən alacağı barədə xəbər göndərir. Ala bilmədiyi təqdirdə onları məhv edəcək. X13 gizli şəkildə küçələrinə və qapılarına gələrək gizli videoçəkilişlər edir və həmin çəkilişləri sosial şəbəkələrdə üzərinə söyüş və təhqiramiz sözlər yazaraq paylaşır. Faktiki olaraq sonuncu özü cinayət əməlini törədir. Bütün bu hərəkətləri edərkən sonuncu Nəsimi rayon Polis İdarəsi ilə gizli əməkdaşlıq etdiyini, onları pul ilə ələ aldığını və ona heç nə edə bilməyəcəklərini bildirir. Beləliklə, aydın olur ki, həm qanunvericilik baxımından, həm də işin faktiki hallarına əsasən şikayət tam qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi X6 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin sadəcə sözdən ibarət olduğunu, heç bir sübut olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə ilk növbədə şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq, qeyd edir ki, şikayət ərizəsində X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi fərqləndirilməmişdir. Bundan başqa, X4 21-ci Polis Bölməsi, Nəsimi Rayon Polis İdarəsi, Baş Polis İdarəsi, Baş Prokurorluq, Ombudsman və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə şikayətlər ünvanlaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində göstərilmiş “Təhqir” və “Böhtan” cinayətinin tərkibini yaratmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində göstərilmiş “Təhqir” və “Böhtan” cinayətinin tərkibinin yaranması üçün təhqir və böhtan kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldığı təqdirdə yaranır. Beləliklə də, şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, eyni zamanda şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, şikayət verilmiş şəxs X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar