Məhkəmə qərarları › İş №1(006)-535/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-535/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-535/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, ev 203, mənzil 53 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,705 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 aprel 2025-ci il tarixdə saat 22:06-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,705 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 ildən çoxdur ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 28 aprel 2025-ci il tarixdə, saat 22:06-da ünvan 3 ünvanda olarkən, 3 nəfər mülki geyimli şəxs videoçəkilişlə ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər ona barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirib, üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin tutulduğu andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması başa salınmışdır. Daha sonra polis əməkdaşları ona əgər üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməyi təklif etdikdə, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu, onu haradan və necə əldə etdiyini soruşduqda, o, həmin bükümün “kakos" kimi tanınan narkotik vasitə olduğunu və həmin bükümü tutulmazdan 2 saat əvvəl “Sovetski” deyilən ərazidə, tanımadığı bir şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra o, üzərində olan 1 ədəd “Samsung Galaxy A20” markalı və 1 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonları, eləcə də "xxxx" ASC-yə məxsus **********773093 nömrəli bank kartını çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm götürülərək zərfdə qablaşdırılmış və zərfin üzəri onun və polis əməkdaşlarının iştirakı ilə imzalanmışdır. Daha sonra təqdim etdiyi 2 ədəd mobil telefon və bank kartı maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılmış və polis əməkdaşlarının dəvəti ilə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə getmişdir. Polis şöbəsində onun üzərinə baxış keçirilmiş, lakin başqa hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Polis şöbəsində üzərindən narkotik vasitə olan heroin aşkar olunması ilə bağlı aparılmış videoçəkiliş barədə protokol tərtib olunmuş və o, həmin protokola imza atmışdır. Daha sonra polis şöbəsində təhqiqatçı tərəfindən onun iştirakı ilə təqdim etdiyi bükümdə olan maddəyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və o, həmin protokola da imza etmişdir. Sonra təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi məqsədilə vəkil təyin olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 28 aprel 2025-ci il tarixdə daxil olmuş məlumat əsasında onun tərəfindən əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və şöbənin digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 daxil edilmişdir. Daxil olmuş məlumatda Qail adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması göstərilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur. Beləliklə, daxil olmuş məlumatda göstərilən xüsusatları yoxlamaq məqsədilə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ərazisinə yaxınlaşaraq orada özlərinə mövqe seçmişdirlər. Həmin gün saat 22:06da Ş.Əzizbəyov küçəsi 157 ünvanının qarşısında olduqları zaman bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxsla eyni əlamətlərə malik olduğunu görərək dərhal həmin şəxsə yaxınlaşmış, xidməti vəsiqələrini nümayiş etdirərək özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən anket məlumatlarını bildirməsini tələb etmişlər. Bu zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra ona nə üçün saxlanıldığı və nədə şübhəli olunduğu barədə məlumat verilmiş və sonuncuya hüquqları izah edilmişdir. Üstünə axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və ya bədənində ola biləcək qanunla qadağan edilmiş əşya varsa, təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin şalvarının sağ yan cibindən 1 ədəd “Samsung Galaxy A20” markalı və arxa cibindən 1 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonları, sol yan cibindən isə içərisində “Leo Bank" ASC-yə məxsus bank kartı olan kart qabını təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış, lakin əlavə hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə el arasında “kakos” adlandırılan narkotik vasitə heroindir və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlanılmamışdan 2 saat əvvəl “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata əldə etmişdir. O, təqdim etdiyi mobil telefonların və "xxxx" ASC-yə məxsus kartın da özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi və şübhəli şəxsin üstünün axtarışı ilə bağlı protokol tərtib edilməsi üçün şərait olmadığından Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində olduğu zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və onun təqdim etdiyi bükümə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə vardır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparıldığı zaman çəkilmiş və diskə köçürülmüş videogörüntüyə də baxış keçirilmişdir. Ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və həmin zərfin üzəri orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı zaman və 22-ci Polis Şöbəsində olan zaman hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması faktı təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı baş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.31); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.66-67); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-277/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 aprel 2025-ci il tarixdən, saat 22:06-dan hesablanmışdır (i.v.81-84); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni və daha sonra üzərində olan şalvarının sağ yan cibindən 01 ədəd “Samsung Galaxy A20” markalı və arxa cibindən 01 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonları, sol yan cibindən içərisində **********773093 nömrəli "xxxx" ASC-yə məxsus olan bank kartı olan kart qabını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin üzərindən hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra aşkar olunan büküm qablaşdırılaraq zərfə qoyulmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş kütlənin el arasında “kakos” adlanan narkotik vasitənin heroin olmasını və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlanılmamışdan 2 saat əvvəl “Sovetski” adlanan yerdə tanımadığı şəxsdən 20 manata əldə etdiyini, mobil telefonların və “Leo bank" ASCyə məxsus kartın özünə məxsus olmasını bildirmişdir (i.v.8-9); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və 01 ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd bükümə və 01 ədəd "Samsung Galaxy A20" markalı və 01 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonlara, “Leo bank" ASC-yə məxsus olan 01 ədəd bank kartına təhqiqatçı Orxan Mirzəyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər vasitə vardır. Bundan sonra aşkar olunan kütlə, 02 ədəd mobil telefonlar və bank kartı yenidən təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır (i.v.15-17); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi fizikikimyəvi ekspertizasının 29 aprel 2025-ci il tarixli, 6/1580 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №190” möhür əksi olan, "... Təqsirləndirilən şəxs..." və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.51-55); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 29 aprel 2025-ci il tarixli, 2447 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.85-86); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 583 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (i.v.88-90); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş “Samsung Galaxy A20” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının dövriyyəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmiş, “Xiaomi Mi A1” markalı mobil telefon işləmədiyi üçün aktiv vəziyyətə gətirilə bilməmişdir (i.v.113); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,705 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalığı qalmış 0,655 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 02 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişdir (i.v.126-135); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 02 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.95- 97); Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni və daha sonra üzərində olan şalvarının sağ yan cibindən 01 ədəd “Samsung Galaxy A20” markalı və arxa cibindən 01 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonları, sol yan cibindən içərisində **********773093 nömrəli "xxxx" ASC-yə məxsus olan bank kartı olan kart qabını təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır, lakin üzərindən hər hansı digər əşya aşkar edilmir. Aşkar olunan büküm qablaşdırılaraq zərfə qoyulur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş kütlənin el arasında “kakos” adlanan narkotik vasitənin heroin olmasını və həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə saxlanılmamışdan 2 saat əvvəl “Sovetski” adlanan yerdə tanımadığı şəxsdən 20 manata əldə etdiyini, mobil telefonların və “Leo bank" ASC-yə məxsus kartın özünə məxsus olmasını bildirir. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən 01 ədəd bükümə, 01 ədəd "Samsung Galaxy A20" markalı və 01 ədəd “Xiaomi Mi A1” markalı mobil telefonlara, “Leo bank" ASC-yə məxsus olan 01 ədəd bank kartına təhqiqatçı Orxan Mirzəyev tərəfindən baxış keçirilir. Baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər vasitə vardır. Bundan sonra aşkar olunan kütlə, 02 ədəd mobil telefonlar və bank kartı yenidən təhqiqatçı tərəfindən qablaşdırılaraq zərfə qoyulur və zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2447 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi qiymətləndirilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2025-ci il tarixindən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar