Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-537/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X11 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, İnspover maliyyə şirkəti 2022-ci ilin avqust ayından Bakı şəhərində başlamasına dair məlumatı olmuşdur. Bu zamana qədər həmin şirkətin nə işlə məşğul olduğunu və fəaliyyətlərinə dair heç bir məlumatı olmamışdır. Həmin şirkətin Lisa və Cessika adlı menecerləri Honkong şəhərində fəaliyyət göstərdiklərini bildirərək qardaşı Mirzəfər Qənbərova işgüzar təklif edib, qardaşından Bakı şəhərində onlara rəsmi şirkətin filialının və ya nümayəndəliyinin açılmasını və lazım olararsa dövlət orqanları ilə bütün rəsmiləşdirmə işlərinin aparılmasını xahiş etmişlər. Mirzəfər də onlardan şirkətlərinin rəsmi təsisçi sənədlərini istəmiş, onlar isə yalnız lisenziya göndərmişdir. Bu isə Bakı şəhərində beynəlxalq şirkət açmaq üçün kifayət deyildi. Həmçinin, onlar artıq Orxan və Leyla adlı şəxslərlə şirkətin marketinq işinə başladıqlarını və ofis üçün ilkin icarə yeri tutduqlarını qeyd etmişlər. Qardaşı isə şirkətə bildirdi ki, belə fəaliyyət qanunsuzdur. Rəsmi şirkət açılmalı və işçilərə rəsmi maaş verilməlidir, çünki polis və vergi xidməti ilə problem yaşaya bilərlər. Onlar isə bildirmişlər ki, hər şeyi rəsmi etmək və sənədləşdirmək üçün onların hüquqşünas kimi xidmətindən yararlanmaq istəyirlər. Həmçinin Azərbaycanda qiymətli kağız bazarına daxil olub, qiymətli kağızların emissiyası ilə də məşğul olmaq niyyətindədirlər. Həmin ərəfədə menecerlər qardaşına bildirmişdilər ki, hazırda təsisçilər Dubaydadır və Bakı şəhərinə gəlib Alov qüllələrində rəsmi ofis icarəyə götürəcəklər və qardaşını da rəsmi olaraq işə qəbul edəcəklər. Şirkətin bütün təsisçi sənədlərini də özləri ilə gətirəcəklər. Qardaşı da Bakıda rəsmi şirkət açmağa və onların hüquqi işləri ilə məşğul olmaqda onlara köməklik edəcəkdik. Bu şərtlər çərçivəsində aralarında şifahi razılıq olmuşdur. Razılaşmaya əsasən bütün sənədlərin tərtibat işlərini o görməli idi, qardaşı isə həmin sənədləri müxtəlif orqanlara təqdim etməli və prosesi təqib etməli, bu barədə ona və şirkəti açmaq istəyən şəxslərə məlumat verməli idi. qardaşıyla onların razılaşmalarına əsasən Cessika həmin gün pulu qardaşı Mirzəfərə göndərməli idi. Nümayəndəlik açıldıqdan sonra isə qardaşımı aylıq 10 min manat rəsmi maaşlı işlə təmin edəcəklərini bildirmişdilər. Ödəniş məsələsi ilə bağlı onlara təklif etdilər ki, ödənişlər bank hesabı üzərində olmalıdır və bu yöndə rəsmi qəbz təqdim edildikdən sonra işə başlanılacaqdır. Lakin onlar bildirdilər ki, əcnəbi olduqları üçün hələ bank hesabı açmamışlar və əməliyyatın bu yöndə aparılması üçün onların əlində hüquqi mexanizm yoxdur. Ancaq ödənişi elektron ödəniş vasitəsilə, yəni PashaPay MMC-nin M10 tətbiqi vasitəsilə 46 min manat pulu beh kimi də göndərə bilələr. Daha sonra onlar məbləği qardaşının elektron tətbiqinə göndərdilər. Razılaşmaya əsasən məbləğ tam ödənilkdikdən sonra qardaşı işə başlamalı idi. Qalan 54 min manatı isə şirkətin rəsmi işçiləri Dubaydan gəldikdən sonra rəsmi müqavilə imzalanan kimi təsisçi sənədləri ilə birlikdə verəcəklərini qardaşına bildirmişdilər. Ümumilikdə hüquqi xidmətlərə görə qardaşına 100 min manat pul ödənilməli idi. Bu səbəbdən qardaşı məcbur qalıb razılaşdı və şirkətin əsl işçilərinin etibarnamə və təsisçi sənədləri ilə gəlməsini gözlədi. Nəticə olaraq ilkin avans hesaba oturmuşdu. Qardaşı sadəcə sənədləri və təsisçinin xaricdən gəlməsini gözləyirdi. O da ingilis dilini yaxşı bildiyi üçün qardaşına köməklik etməli idi. Onlar üçün müqavilə hazırladılar, Alov qüllələrində ofis icarəsi ilə də maraqlandılar. 5 gün sonra yəni xx.xx.2023-cü il tarixdə onların sistemi qəfil dayandırıldı. Səbəbini soruşduqda Lisa 2 günə düzələcəyini bildirdi. 1 gün sonra qardaşından ödədikləri pulun geri qaytarılmağını tələb etdi. Qardaşı da ona pulu kredit borclanna xərclədiyini bildirdi. Bundan sonra qardaşına cavab vermədilər. xx.xx.2023-cü il tarixdə Leyla bildirdi ki, qeyri-qanuni fəaliyyətlərinə görə şirkət bağlanıb və əri Orxan da həbs edilib. Belə ki, İnspover şirkətinin dələduzluq fəaliyyəti ilə bağlı şikayət edildiyini bildirdi. Qardaşı şirkətlə əlaqə yarada bilmədiyinə görə BMCMİ-nə getdi. Daha sonra Orxanın atası Rasim ondan oğlu və gəlini Leylanın işi ilə maraqlanmağını xahiş etdi. O da Rasimlə müqavilə bağlayıb onların işi ilə maraqlandı. BMCMİ-də olarkən müstəntiq Ceyhun müəllimə orderləri təqdim etdi. İdarənin rəisi Emin müəllim də onu qəbul etdi. Ondan Orxan və Leylanın buraxılmasını xahiş etdi. Onun xahişi ilə Leyla 1 saata sərbəst buraxıldı. Həmin vaxt müstəntiq orderləri ona qaytardı və dedi ki, başqa işləri var. Həmçinin ər və arvada eyni anda vəkili olmağını qəbul edə bilməz və daha sonra onu çağıracaq. Həmçinin, Orxanı da çıxartmaq üçün Mirzəfər və vakil dostu Adəm müəllimlə birlikdə sübutlar toplayıb yenidən gəlməli idi. Lakin Leyla bildirdi kl, müstəntiq Ceyhun müəllim sonradan ona deyib ki, şirkətin qardaşına ödədiyi 46 min manat pulu qardaşından alıb ona versin. Qardaşı Leylaya pulu müstəntiqə verməkdən imtina etdiyini bildirdikdə, Leyla da ondan qardaşından və Adəm müəllimdən imtina etdiyini dedi və qardaşından şirkətin göndərdiyi pulu ona verməsini tələb etdi. O isə bildirdi ki, pulu şirkət göndərib. O pul şirkətə məxsus olub, pul sənin deyil. Leyla isə bildirdi ki, pul onun M 10 hesabı vasitəsi ilə göndərilib. Sonra isə dedi ki, guya pulu özü şəxsən göndərib. Halbuki Leyla yalan danışdırdı. Çünki, əgər şirkətin pulunu harasa göndərmək səlahiyyətləri Leylaya verilsə o, gedib digər problemlərini də həll edərdi. Bildirmək istəyir ki, Leylanın M10 hesabı həm onun telefonunda həm də Cessikanın telefonunda aktiv olub. Cessika da Leylaya həmin M10 hesabına daxil olmağı qadağan etmişdir. Bir neçə dəfə Leyla ora daxil olanda ona xəbərdarlıqlar da edilib. Çünki orada daim külli miqdarda pullar olurdu. Həmin şirkətin aylıq dövriyyəsi 1-2 milyon manat civarında idi. Bu səbəbdən o şirkət 100 min manatı asanlıqla verirdi. Qardaşı da belə pul qazanan şirkətin işlərini ucuz etməyə borclu deyildi və həmçinin şirkətin qiymətli kağızlar bazarına girmək istəməsi və qardaşını gözləyən kompeks işləri nəzərə aldı. Qardaşı şirkətlə iş görməyə razılaşanda onun hər hansı dələduzluq fəaliyyəti və cinayət əlaqəsinin olmasını bilməmişlər. Hətta, qardaşı bu məsələ ilə bağlı ona köməklik edilməsi və izah verilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixində DİNnə müraciət etmişdi. Pulu yalnız qardaşından şirkət özü rəsmi qaydada məhkəmə yolu ilə tələb edə bilər. Qardaşı Leylaya qanunvericiliyin tələblərini izah etdi və öhdəliyin şirkət tərəfindən pozulduğunu bildirdi, şirkətin ödədiyi pulu qardaşından yalnız mülki qaydada məhkəmə yolu ilə şirkət tərəfindən tələb etmək hüququnun olduğunu bir daha bildirdi. Qardaşı da aralarında əqdi pozmağına görə və pulu tam həcmdə ödəmədiyinə şirkət barədə məhkəməyə şikayət etmək hüququnun olmağını bildirdi. O isə ona öyrədilənləri təkrar etməyə başladı. Məlum oldu ki, Leyla və qohumları şirkətin bağlanmağından sui istifadə edib özlərinin olmayan pulu qanunsuz olaraq geri almaq istəyirlər. O, Leyladan 1 manat da pul almamışdır. O, özü tapşırığı icra edən insan olub. Kasıb ailədirlər onların o məbləğdə pul verməyə imkanları yoxdur. Bu zəmində aralarında sözlü narazılıq yarandıqdan sonra Leyla əvvəlcə Vəkillər Kollegiyasına müraciət edərək 46200 azn pulun ona məxsus olması və mənimsəməyi ilə bağlı yalan dolu şikayət ərizəsi yazdı. Bu barədə əvvəlcə Baş İdarədə araşdırma getdi. Qardaşının da baş idarəyə göndərdiyi müraciətlər ərazi üzrə Nəsimi RPİ-nə göndərildi və orada xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Şirkətin Qardaşına göndərdiyi behin qaytarılması ilə bağlı iddianın mülki xarakterli olması barədə tərəflərə izah da verildi. Öhdəçilik məhz şirkət tərəfindən pozulduğuna görə qardaşı şirkətin korporativ hüquqşünas kimi ödədiyi behi nə Leylaya, nə də ki şirkətə qaytarmağa borclu deyildi. Çünki o, bu işdən pul əldə etməmişdir. Pul barədə şirkətlə və digər şəxslərlə danışan və pulu alan da qardaşı Mirzəfər olub. Onlara dəfələrlə izah etmişlər ki, şirkətin bağlanması və digər öhdəlikləri pozması qardaşının problemi deyil. Mülki Məcəlləyə əsasən öhdəlik onlar tərəfdən pozulduğuna görə beh geri qaytarıla bilməz. Qardaşı yenə də öz sözünün arxasındadır. Xidmət haqqı tam həcmdə ödənilsin, etibarnamə və təsisçi sənədləri göndərilsin. Qardaşı ilə İnspover üçün rəsmi şirkət yaratsınlar. Sonuncu 200 manat isə Əlinin sənədlərini Gəncə şəhərindən Şirvan şəhərinə aparmaq üçün göndərilmiş taksi puludur. Bunu da Leylaya demişdir ki, pulu şirkətə desin onlar da göndərsinlər. Pulu da Nəsimi rayonunda şirkət Mirzəfərə göndərib o da pulu həmin rayonda kartla almışdır. Leyla isə şirkətin bağlanmasından sui-istifadə edib pulu mənimsəmək istəyir. Belə ki, X15 RPİ-də 46200 pulu ona məxsus olmamasını bildirsə də sonradan 46200 manat pulu məndən almaq üçün təkrar Səbail RPİ-də və Yasamal RPİ-də, o cümlədən Vəkillər Kollegiyasında pulun ona məxsus olması ilə bağlı yalan dolu şikayət ərizələri yazaraq ona böhtanlar atdı. Nəticədə onun Vəkillik fəaliyyəti dayanmış və vəkillikdən xaric edilmə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət ünvanlanmışdır. Leylanın böhtan dolu ərizələri nəticəsində biləbilə onun şərəf, ləyaqət və işgüzar nüfuzuma xəlil dəymişdir. Belə ki Leyla onu tanıyan insanlar, kollektiv arasında nüfuzdan salmağa, qəsdən mənfi rəy yaratmaq, mənim bir insan kimi şərəf və ləyaqətinə ləkə yaxmışdır. 1. Leyla şikayət ərizələri yazmadan öncə ona aşağıdakı hədə-dolu səsləri atmışdır: (11 mart səhər saatlarında) “Sabahınız xeyir olsun. İndi Sizə bir sözə deyəcəm. Dünən də gec gəldik deyə bilmədim telefonum da yoxdu ki hər hansısa nəsə göndərim qaynım evə gəldi onun telefonu ilə şey edirəm, Deməli dünənlərim biz oradan getdik, dedilər ki bu Mirzəfər di Zəfər di kimdir? Bu sizə niyə kömək edir? Niyə Sizi aparıb ordan-bura burdan-ora yerləşdirir? Bu 50 000, 46 000 söhbəti nədir? Orxanı da zatən göndəriblər Kürdəxanıya, dünən məhkəməsi də olub. Heç kim də mənə demədi. Mən də yəni hər şeyi olduğu kimi danışdım. Sonra o (müstəntiq) dedi ki, otur rəsmi şəkildə ərizə yaz. Mən də dedim ki, dəfələrlə onlara deməmiş, onlara danışmamış rəsmi ərizə təqdim edən deyiləm. Yenə də dedi ki (yəni Müstəntiq) rəsmi ərizəni təqdim et. O yan bu yan xahiş yalvarışla mənə iki gün vaxt verdi. Deyir ki, iki günün içində həmin 46000 alırsan bura gətirirsən. Əks halda rəsmi ərizəni bura təqdim edirsən. Mən orda dəfələrlə dedim ki, Aytac xanım orda Orxanın vəkilliyi üçün, Əlinin vəkilliyi üçün əlindən gələni edib. Mənə də kömək edib. Yəni Aytac xanımın heç bir əlaqəsi yoxdur. Dedi ki mən başa düşürəm sadəcə mənə o rəsmi ərizəni təqdim edin. O, iki gün ərzində o 46000 bura gətir. Yəni mən məcburam ki, ora aparam. Ya da guya deyir ki, elə sizin adınıza rəsmi şəkildə ərizə təqdim etməliyəm”. 2. (12 mart axşam saatlarında) “Mən də yorulmuşam elə. Bir həftədir mənim işimə normal baxılmır. O onun üstünə atır, bu bunun üstünə atır. O deyir mən belə edəcəm, Bu deyir mən belə edəcəm. Yəni qalmışıq ortalıqda. Orxan qalıb bir tərəfdə, mən qalmışam bir tərəfdə. O ondan qırğın edir, Bu bundan qırğın edir. Hə, neçə vaxtdır iki dənə vəkil var. O ordan var, Bu burdan var. Bir dənəsi olsun məni əlaqələndirib danışdırmayıb. Nurlandan xahiş etmişəm, Nurlan bilmirəm kimi tapıb, hardan tapıb, axın adam tapıb. Orxan bu gün danışmışam. O da danışmaq deyil də yəni, bir kəlmə o uşaqla mən danışa bilmədim. Mənlə o boyda kişi ağlıya-ağlıya danışdı. Mən ilk dəfə idi ki, onu ağlaya-ağlaya gördüm. Mən onu o vəziyyətdə gördüm. Onu o vəziyyətdə gördümsə, bundan sonra mənə heç kim maraqlı deyil. Mən də yanmışam, Orxan da yanıb. Bundan sonra heç nə vecimə deyil e mənim. Onsuzda məni də tuturlarsa qoy tutsunlar, günahım varsa qoy tutsunlar. Mən bilirəm ki, təmizəm, günahım yoxdur. Tutacaqlar, lap yaxşı gedib yataram içəridə. Orxan onsuzda yanıb ona qoyulan maddələrdən xəbəriniz yoxdur ki, hansı maddələr qoyulub ona. O kimdən pul alıb ki, ona gətirib o şeyləri gətirib qoyublar ki, Nə bilim əlbəəl pul almısan. Hansı maddələr qoyulub ora. 3 ildən nə bilim, neçə ilə, 5 ildən neçə ilə. Lap yaxşı yatacaqsa qoy yatsın. İndi şeydi onsuzda Ceyhun müəllim də demişdi ki, ərizəni yazmaq istəyirsənsə gəl yaz. Mən sabah yəni ərizəmi gedib yazacam. şikayətimi də edəcəm kimdən varsa kimdən yoxsa. Hamısını yəni. Onsuzda günahkar deyiləm, nə də bir şey deyiləm. Onsuz hər şeyin düzünü, zatən düzünü demişəm. Yenə də təzədən yazılı şəkildə təqdim edəcəm. Yəni belə bir şey de var ki, onu versəz, yəni mənim M10-uma gəlib, problem də orasındadır ki, mənim M10-uma gəlib, şirkət tərəfindən mənim M10-uma gəlib. Məndən sizə çıxıb. Orda da görünür ki, filankəsə gedib. Yəni siz də mənə təqdim edirsiniz, mən də aparıb Ceyhun bəyə necə təqdim edirəm. O ortıq mənə qalıb da yəni. O da özünüz lap məni alacaq pulu camaata verəcək ya, məni alacaq pulu camaatı basacaq içəri, O artıq Ceyhun bəyə qalacaq da. Əsas odur ki, məndən çıxacaq pul, məndən də dövlətə qayıtsın.”. 3. Qohumu Nurlanın səs yazısı "Aytac xanım, salam. Mən Orxanın xalası oğluyam da bilirsiniz. Gəlin bir gün vaxt edək, Siz mənlə görüşün. Yəni dünən axşam sözün açığı qardaşın çox gözəl oyun oynuyur. Bilmir ki, onun qarşısında duranlar, imkansız ola bilər, Orxan saf ola bilər, atası saf ola bilər, yəni məni heç kim aldada bilməz. Mənim əlimdə yetəricə faktlar var. O 46000 hara gedib, guya şirkəti nə bilim yarsı kimisə türmədən çıxartdırmaq olub, həbsdən, nə bilim şirkət rəsmiləşdirməsi olub guya. Qardaşın mənimlə ağzına gələn tərzdə danışır. Kişi-kişi danışır. Səni nə bilim didərəm, səni nə bilim belə edərəm. Bilmirəm sənin qardaşın kimə arxayındı. Kimə güvənib. Amma qardaşın hələ də yatıb yuxuda görməyib ki, iki gündür mən qardaşına suallar verib, sənin qardaşının bütün səsini yazmışam. Qardaşın nələr danışıb, nələr edib, nə hoqqalar çevirib. Ay nə bilim bu qədər lazımdı Orxana, nə bilim neynəmək lazımdır. Yəni hər bir şeyi çox gözəl təfərrüatı ilə bilirəm. Bildiniz məni, Aytac xanım. Gəlin səmimi olaq, yəni bizə guya vəkilin kartına 2000 manat pul verib. Birincisi, bunun vəkili deyil o. Bunun vəsiqəsi olmaya-olmaya nətər buna etibarnaməsiz vəkillik edə bilər. Bunların qanundan başı çıxmasa da. Yəni mən bu işi də belə qoymayacam. Lazım olacaq bütün səs yazılarına kimi, ortaya qoya bilərəm ki, gəlin indi bunu araşdırın. Görək bu 46000 hara gedib. Nətər gedib. Adam öldürüb bu, neyniyib ki bu adam? 46000 verilib buna qurtarıb, şirkətin rəsmiləşdirilməsinə gedib. Kimi axmaq yerinə qoyub bu.” 4. Babazadə Vəkillər Kollegiyasının İntizam Komissiyasının iclaslarında pulu özü mənə yolladığını və onun bununla bağlı sübutları olduğunu bildirir. Halbuki mən ********** mobil nömrə ilə qeydiyyatda olan m10 hesabının qardaşıma aid olması ilə bağlı sübutlar təqdim etmişəm. Lakin Leyla hər yerə mənimlə bağlı böhtan atarkən hələ də ********** nömrəli m10 hesabının ona məxsus olması ilə bağlı heç bir hüquq mühafizə orqanına və ya Vəkillər Kollegiyasının İntizam Komissiyası haqqında mötəbər sübut təqdim etməmişdir. 6. Ən əsası Səbail RPİ-nin istintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və iş üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarından və Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X4 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, Leyla Babazadə polis idarəsində sərbəst şəkildə verdiyi izahatında Cessika və Lizanın onun kart hesabına 50000 manat pul göndərdiyini, həmin pulun ona məxsus olmadığını və Aytac Cəfərovadan pulu tələb etməkdə məqsədinin əri Orxanın tutulduğu üçün zərərçəkmişlərə dəymiş ziyanı ödəmək olduğunu bildirmişdir. Göründüyü kimi, Leyla Babazadə araşdırma zamanı düzgün izahat versə də, daha sonra həmin pulu mənimsəmək və bizdən almaq qərarına gəlmiş və müxtəlif yollarla (zəng edərək, whatsapp mobil tətbiqində səs göndərərək və mesaj yazaraq) həmin pulu məndən almaq istəmişdir. Səs yazıları da sübut edir ki, Leyla, yalan məlumat Vəkillər Kollegiyasında və intizam Komissiyasının iclasında həmçinin 02 oktyabr tarixində internet saytlarında yayımlanmış xəbərlərdə yayarkən birbaşa qəsdinin olduğunu anlamış, onun yaydığı məlumatların həqiqi olmadığını bilmiş və həmin məlumatları yayarkən niyyəti onun şərəf və ləyaqətini ləkələmək və onu nüfuzdan salmaq olmuşdur. Qeyd edilənlərə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması məhkəmədən xahiş olunur. Sonradan – xx.xx.2024-cü il tarixdə, “AZEMİS” Elektron Məhkəmə İnformasiya X1 müdafiəçisi Müdafiəçi etirazla müraciət edərək bildirmişdir ki, xüsusi ittihamçı X2 Leyla və onun əri Orxan ilə İnstapover şirkətinin Azərbaycan Respublikasında qeydiyyata alınması ilə əlaqədar tanış olmuşdur. Bundan sonra Babazadə Orxan həmin şirkətin qanunsuz fəaliyyəti ilə barəsində CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri verilmişdir. Tərəflər müxtəlif vaxtlarda biri-birindən şikayət verərək digər tərəf barəsində cinayət işinin açılmasını tələb etmişlər. Təqdim olunan sənədlərdən görünür ki, X3 rayon Polis İdarəsinə müraciət edərək tanışı Leyla adlı şəxs tərəfindən hədə-qorxu yolu ilə 46000 manat pulun tələb etməsi ilə bağlı məlumat vermişdir. Bununla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmış və Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Xüsusi ittihamçı X11 2024 cü ildə yenidən Nəsimi rayon Polis İdarəsinə eyni məzmunlu şikayətlə müraciət etmiş və xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan əlavə olaraq, xüsusi ittihamçı X11 qeyd edir ki, Babazadə Leyla 46000 manat pulun ona qaytarılması barədə Vəkillər Kollegiyasına müraciət etmiş və Leylanın şikayəti əsasında onun vəkillik fəaliyyəti dayandırılması barəsində qərar qəbul edilmişdir. Hər üç halda Xüsusi ittihamçı X11 tərəfindən qərarların haqsız qəbul edildiyini mübahisələndirməmişdir. Xüsusi ittihamçı X11 məhkəməyə internet resusrlarından şəkillər təqdim edərək guya Leyla tərəfindən onun nüfuzuna zərər vurması görüntüsünü yaratmaq istəyir. Halbuki, həmin xəbər saytlarından da görmək olur ki, Leyla həmin məhkəmə iclaslarında iştirak etməmişdir. Sadəcə olaraq orada jurnalistlər tərəfindən açıq məhkəmə iclasında vəkil tərəfindən səsləndirilin vəsatətlərdir. Orxan Babazadənin vəkili prossesul hərəkətlər keçirməkdə, onun müdafiəsini təşkil etməyə haqlıdır və bütün bu hallar Babazadə Leylanın çıxışı kimi yozula bilməz. Eyni zamanda təhqirlə bağlı xüsusi ittihamçı X11 tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. Babazdə Leyla tərəfindən cinayətin törətməsi sübuta yetirilmir. Hər hansı inzibati orqana şikayət cinayət kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xüsusi ittihamçı X11 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayət ərizəsində göstərilənləri müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda çıxış edərək X5 verdiyi xüsusi ittiham qaydasında olan şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması və şikayət ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəblərinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndinə görə CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yuxarıda göründüyü kimi yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymanın cinayət tərkibi yaratması üçün zəruri element onun yayılmasının kütləviliyidir ki, hazırki iş üzrə şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması iddia edilən məlumatların kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması müəyyən edilməmişdir. Buna görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olmaması qənaətinə gəlir. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə CPM-in 293.3.6-cı maddəsinin tələbləri pozulmaqla verildiyi tarix (il, ay və gün) və tərtib edildiyi yer qeyd edilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-in: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-537/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-537/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver