Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-54/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 8/12, mənzil 68-də qeydiyyatda olmaqla yaşamış, Xəzər rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq, təkrarən özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi saxlanc yeri hesab olunan piştaxtaya qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin qiyməti 20 manat, 7 ədədinin qiyməti 140 manata olan 7 ədəd kişi şalvarını, hər birinin qiyməti 40 manat, 4 ədədinin qiyməti 160 manata olan 4 ədəd kişi gödəkcəsini, hər birinin qiyməti 10 manat, 100 ədədinin qiyməti 1000 manata olan 100 ədəd kişi köynəyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04:10 radələrində ünvan 2 saylı ünvanda yerləşən 081 saylı kioskun saxlanc yeri hesab olunan küçədəki soyuducusunun qıfılını sındıraraq oraya qanunsuz daxil olaraq oradan ümumilikdə 260 manat dəyərində 10 ədəd hər birinin qiyməti 3,30 manat olan ümumi qiyməti 33 manat olan “Efes” markalı pivələri, 10 ədəd hər birinin qiyməti 3,30 manat olan ümumi qiyməti 33 manat olan “Kuller” markalı pivələri, 10 ədəd hər birinin qiyməti 2,20 manat olan ümumi qiyməti 22 manat olan “Yaquar” markalı spirtli enerji içkisini, 10 ədəd hər birinin qiyməti 2,20 manat olan ümumi qiyməti 22 manat olan “Mamedof” markalı spirtli enerji içkisini, 10 ədəd hər birinin qiyməti 5 manat olan ümumi qiyməti 50 manat olan böyük ölçülü “Redbull” markalı enerji içkilərini, 10 ədəd hər birinin qiyməti 4 manat olan ümumi qiyməti 40 manat olan kiçik ölçülü “Redbull” markalı enerji içkilərini, 10 ədəd hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 10 manat elan “Hell” markalı enerji içkilərini və 10 ədəd hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 10 manat olan “Bizon” markalı enerji içkilərini, 30 ədəd hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 30 manat olan “Lipton” markalı meyvə şirələrini, 10 ədəd hər birinin qiyməti 1 manat olan ümumi qiyməti 10 manat olan “CocaCola” markalı içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 260 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə xx.xx.2019-cu il tarixli Xəzər rayon məhkəməsinin hökmü ilə 02 il 06 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin o, cəzasını çəkib qurtarmamış, işsiz olduğundan və maddi çətinlikləri yarandığından yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxx 2019-cu il tarixdə Nizami rayonu ərazisində yerləşən “Göynük” adlanan bazara gəlmiş və həmin bazarda yerləşən piştaxtalardan birinin qarşısında olan çadırı qaldıraraq piştaxtaya daxil olmuşdur. Oradan 100 ədəd kişi köynəyi, 7 ədəd kişi cins şalvarı, 4 ədəd kişi gödəkçəsini oğurlayıb həmin piştaxtadan uzaqlaşmışdır. Daha sonra həmin geyimləri, yəni köynəkləri birini 5 manat, gödəkçələri 33 manat, şalvarları isə 15 manat olmaqla sataraq pul vəsaiti əldə etmişdir və həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. O, təxminən 10 gün sonra yenidən həmin piştaxtanın yerləşdiyi bazara tərəf gedərkən bazarda işləyən şəxs adını və soyadını sonradan bildiyi Şahid1 ona yaxınlaşmış və ofisə dəvət etməklə aparıb Zərərçəkmiş şəxs1lə görüşdürmüşdür. Zərərçəkmiş şəxs1 ona baxıb “videogörüntüdəki oğurluq edən şəxs sən idin, sən 08 dekabrda piştaxtadan oğurluq etmisən” demişdir. Bundan sonra o, törətdiyi cinayət əməlini etiraf etmişdir və onu ofisdən birbaşa 24-cü polis şöbəsinə aparmışlar. Bundan başqa o, maddi ehtiyaclarını qarşılamaq üçün oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən qəzet köşkünün qarşısında qoyulan soyuducunun içərisindən müxtəlif markalı içkiləri oğurlamışdır. Həmin oğurluq malları “Sabunçu” adlanan bazarda 85 manata satıb əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hal-hazırda törətdiyi əməllərdən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında kişi paltarlarının satışı ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində o, işlədiyi Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarının giriş hissəsində yerləşən “Göynük” adlanan bazardakı piştaxtaya gələrkən naməlum şəxsin oraya qanunsuz daxil olaraq oradan hər biri 18-20 manat dəyərində olan 7 ədəd kişi şalvarlarının, hər biri 35-40 manata olan 4 ədəd kişi gödəkçəsinin və hər biri 6-15 manat dəyərində olan 100 ədəd kişi göynəklərinin oğurlanmasını aşkar etmişdir. O, dərhal baş vermiş oğurluq hadisəsi barədə bazarın müdiriyyətinə məlumat vermişdir. Daha sonra isə müşahidə kamerasına baxdıqda onlar xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı bir nəfər uzun boylu şəxsin piştaxtanın qarşısında olan çadırı qaldırb içəriyə daxil olaraq oradan qeyd etdiyi malları oğurlayaraq hadisə yerini tərk etməsini görmüşlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 23:30 radələrində bazarda işləyən Şahid1 ad və soyadlı şəxs ona zəng edərək həmin oğurluq etmiş şəxsi görərək saxladığını bildirmişdir. O, dərhal bundan sonra bazara getmiş və həmin oğurluq etmiş şəxsi, yəni Təqsirləndirilən şəxs görmüşdür. Həmin şəxs də adının Nicat olduğunu, həqiqətən də 08 dekabr tarixdəki oğurluq hadisəsini törətdiyini səmimi olaraq etiraf etmişdir. Daha sonra onlar həmin şəxsi Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparmışlar. Hadisə nəticəsində ona ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Lakin sonradan ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən, ona təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 isə işlədiyi Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarının giriş hissəsində yerləşən “Göynük” adlanan bazardakı satıcı kimi tanıyır. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi ticarət mərkəzində Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü piştaxtadan oğurluq olmuş və oradan 1300 manat dəyərində kişi geyimləri oğurlanmasından məlumatlı olmuşdur. Həmin oğurluq hadisəsi müşahidə kameralarında əks olunmuş və onlar həmin oğurluq edən şəxsi kamera görüntülərində görmüşlər. Hadisədən bir müddət sonra onlar həmin oğurluq edən şəxsi ticarət mərkəzində görmüşlər və ona yaxınlaşaraq ofisə dəvət etmişlər. Bundan sonra ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyini səmimi etiraf edərək təsdiq etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ofisə dəvət edərək onu hadisəni törədən şəxslə birlikdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 isə işlədiyi Nizami rayonu ərazisində yerləşən “8-ci km” bazarının giriş hissəsində yerləşən “Göynük” adlanan bazardakı satıcı kimi tanıyır. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi ticarət mərkəzində növbədə olarkən Zərərçəkmiş şəxs1 icarəyə götürdüyü piştaxtadan oğurluq olmuş və oradan 1300 manat dəyərində kişi geyimləri oğurlanmışdır. Həmin oğurluq hadisəsi müşahidə kameralarında əks olunmuş və onlar həmin oğurluq edən şəxsi kamera görüntülərində görmüşlər. Hadisədən bir müddət sonra onlar həmin oğurluq edən şəxsi bazarda görmüşlər və ona yaxınlaşaraq ofisə dəvət etmişlər. Bundan sonra ad və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdiyini səmimi etiraf edərək təsdiq etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1lə birlikdə hadisəni törədən şəxsi Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tağı Tağıyev tərəfindən tərtib edilmiş Təqsirləndirilən şəxs və müdafiəçi Şöhrət Allahmanov tərəfindən imzalanmış “Diskə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, görüntülərə baxış zamanı diskdə “VVatsapp video 2020-02- 27 at 10.56.45” yazılmış bir qovluq olmuşdur. Qovluğa baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs soyuducuya yaxınlaşaraq oranın qapısındakı qıfılı qırmış, daha sonra isə müxtəlif içki məhsullarını özü ilə gətirdiyi qaba yığaraq hadisə yerindən uzaqlamışdır. Videogörüntüyə baxan Təqsirləndirilən şəxs həmin şəxsin özü olmasını bildirmişdir (cild 2, i/v 33). Məhkəmə baxış iclası zamanı həmin diskə baxış keçirilərkən diskdə “VVatsapp video 2020-02-27 at 10.56.45” yazılmış bir qovluq olduğu müəyyən edilmişdir. Qovluğa baxış zamanı naməlum şəxsin soyuducuya yaxınlaşaraq oranın qapısındakı qıfılı qırdığı, daha sonra isə müxtəlif içki məhsullarını özü ilə gətirdiyi qaba yığaraq hadisə yerindən uzaqlaşması müşahidə edilmişdir. İş materiallarına əlavə olunmuş “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə 01 ədəd disk maddi sübut kimi tanınmışdır (cild 2, i/v 34). İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli tutma protokolundan və “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2019-cu il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 42-43, 63). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, i/v 67-69, 209-216). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 4(006)- 77/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, i/v 108- 111). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 305/2020 saylı, xx xxxx 2020-ci il tarixli və həmin məhkəmənin 4(006)-459/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarından görünür ki, xx xxxx 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-305/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, 205-207, cild 2, 130-132). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2793 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 260,0 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir (cild 2 , i/v 134-136). İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılmaqla ibtidai istintaqının davam etdirilməsi, ********* nömrəli cinayət işinin ayrılaraq ayrıca icraata götürülməsi, ərazi aidiyyəti üzrə Xəzər rayon Polis İdarəsinin istintaq Şöbəsinə göndərilməsi barədə qərar qbul edilmişdir (cild 1, i/v 250-265). Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(003)-25/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 il 03 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən taplanılmış və ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmışdır. Məhkəməyə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru Qılıc Hüseynov tərəfindən ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 183743/2019-16-17/596 saylı məlumatdan görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-374/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, lakin məhkum olunmuş Təqsirləndirilən şəxs icra şöbəsində qeydiyyatdan keçmədiyindən cəzasının icrası müddəti 02 il 06 ay 18 gün təşkil etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir və bu səbəbdən, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-25/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-25/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-286/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-25/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-54/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-54/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver