Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-541/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,741 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2025-ci il tarixdə saat 02:50-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,741 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 20 may 2025-ci il tarixdə gecə saatlarında “sovetski” deyilən yerdən üzdən tanıdığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə heroini (kakos) əldə edib əynində olan göy rəngli qısa qol gödəkçənin sol yan cibinə qoymuş və 20 may 2025-ci il tarixdə, saat 02:50 radələrində tək olaraq ünvan 4 ünvanının qarşısında üç nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirdikdən sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxtı fasiləsiz video çəkiliş aparılaraq onun üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyi təklif etdikdən sonra saxlanıldığı yerdə əynində olan göy rəngli qısa qol gödəkçənin sol yan cibindən bir ədəd sellofanda bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra ondan üzərində əlavə hər hansı bir qanunla qadağan olunmuş əşya və predmetin olubolamadığı soruşulmuş, o isə üzərində hər hansı bir əlavə əşya və predmetin olmadığını bildirdikdən sonra üzəri yoxlanılmış və heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi narkotik vasitə heroin (kakos) zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra onu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə aparmışlar və şöbədə otaqların birində fasiləsiz video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra sənədləşmə aparılmış və heç bir etirazı və şikayətinin olmadığını bildirərək üzərindən aşkar olunmuş narkotik vasitə açılaraq baxıldıqdan sonra yeni zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra ona bildirilmişdir ki, ondan aşkar olunmuş kütlə hansı maddəyə xas olub-olmamasının yoxlanılması üçün Məhkəmə-Ekspertizası mərkəzinə göndəriləcəkdir. Protokol tərtib olunaraq iştirak edən digər iştirakçılarla birlikdə protokolu imzalamışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. İfadəsinin sonunda “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını, cinayət məsuliyyətindən azad edilməsini və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, 20 may 2025-ci il tarixdə “Zair” adlı şəxsin Nəsimi rayonu ərazisində xeyli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat raportla rəhbərliyə məruzə olunduqdan sonra, ondan, şöbənin əməliyyat müvəkkili Şahid və polis sahə inspektoru Simran Allahverdiyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 02:50-də ünvan 3 ünvanın qarşısında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfindən saxlanılmış, fasiləsiz video çəkiliş aparılaraq həmin şəxsə özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşularaq və olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli qısa qol gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə içində qəhvəyi rəngli heroinə bənzər kütləni, eləcə də şəxsi əşyalarını təqdim etmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin əlavə hər hansı bir iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün “Sovetski” deyilən yerdən 20 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış və daha sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına dəvət olunmuş, sonuncu razılaşaraq onlarla birlikdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına getmişdir. İnizbati binada xidməti otaqda videoçəkiliş aparılaraq PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra zərf açılmış və Təqsirləndirilən şəxs həmin maddəni haradan və kimdən, eləcə də nə üçün əldə etdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin vasitəni 20 may 2025-ci il tarixdə səhər saatlarında öz şəxsi istifadəsi üçün “Sovetski” adlanan yerdən 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin vasitə yeni zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 20 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 02:50-də Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokoldan görünür ki, fasiləsiz video çəkiliş aparılmaqla Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşlarına Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli maddə kütləni təqdim etmiş və hüquq və vəzifələri izah olunmaqla kustar üsulla hazırlanmış narkotik vasitəyə bənzər kütlənin aşkar olunaraq götürülməsi, zərflərdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərflərin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu həmin vasitənin istifadəçisi olduğunu, aşkar edilən vasitənin polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxladığını bildirdiyi müəyyən edilmişdir. (i/v 9-11) İş materiallarında olan 20 may 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş Təqsirləndirilən şəxs üzərindən olan zərfdən 01 ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş və daha sonra bir ədəd DVD-yə HP kompüterdə baxış keçirilməsi və DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. (i/v 17-18) İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2025-ci il tarixli 6/1878 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 0,741 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i/v 49-51) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 2947 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i/v 106.107) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 0,741 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq hissəsinin Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. (i/v 96-97) İş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 31) İş materiallarında olan “vəsatətin müdafiə olunmasından imtina olunması haqqında” 21 may 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina edilmişdir. (i/v 85-87) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 88-89) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 101) “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 may 2010-cu il təvəllüdlü X8, 12 sentyabr 2012-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı üç uşağı vardır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə, amnistiya aktının tətbiq edilməklə barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16-cı bəndinə əsasən Bu Qərar qüvvəyə mindiyi günədək öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. (“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir.) 7-ci hissəsinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər (CM-in 234.1-ci maddəsi nəzərdə tutulmamışdır); 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60cı, 65-ci və 191-1ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19-cu hissəsi və 19.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən amnistiya bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,741 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,641 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 56 iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344-349, 356, 358 və 384-385-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12, 1.16, 5.1-ci bəndləri, 6, 7, 10 və 19-cu hissələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ilkin çəkisi 0,741 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,641 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 56 iş saatı üçün 616 (altı yüz on altı) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-541/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-541/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver