Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-546/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə saat 01 radələrində tanışı Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranının birinci mərtəbəsində, pilləkənin alt hissəsində yerləşən otaqda olarkən Zərərçəkmiş şəxs otağı tərk edib tualetə getməsindən istifadə edərək otaqda seyfin üzərində qoyulmuş sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2700 manat dəyərində 585 əyarlı qızıl metaldan hazırlanmış, 25 qram çəkidə, üzəri qara rəngli qaşla və tros formalı qızılla bəzədilmiş üzüyü, 01 ədəd 8000 manat dəyərində 585 əyarlı qızıl metaldan hazırlanmış, 100 qram çəkidə kardinal toxunuşlu qolbağı və 01 ədəd 4500 manat dəyərində 585 əyarlı qızıl metaldan hazırlanmış, 48 qram çəkidə “Luç” markalı qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 15200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22 iyul 2024-cü il tarixdə təxminən saat 23 radələrində dostu Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranında oturmuşdur. Həmin vaxt Nadir ona zəng edərək restoranın birinci mərtəbəsində özü üçün hazırlatdığı otaqda olduğunu bildirmiş və onu oraya dəvət etmişdir. O, Nadirin otağına gedib onunla görüşdükdən sonra Nadir ortaq dostları olan Şahid da zəng edərək oraya dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Hüseyn də onların olduğu otağa gəlmiş və üçü birlikdə divanda oturub söhbət etməyə başlamışlar. Artıq 23 iyul 2024-cü il tarixdə təxminən saat 01 radələrində Nadir sanitar qovşağına getmək üçün otaqdan bayıra çıxmışdır. Həmin vaxt Hüseynin mobil telefonuna zəng gəldiyinə görə Hüseyn danışmaq üçün divandan durub qapıya tərəf getmişdir. O, Nadirin özünə məxsus qızılları adətən həmin otaqdakı seyfin üzərinə qoyduğunu bildiyinə görə, Hüseyn divandan ayağa durub qapıya tərəf gedən kimi cəld şəkildə divandan ayağa durub seyfin üzərinə baxmış və Nadirə məxsus qızılların, yəni 01 ədəd qızıl üzüyün, 01 ədəd qızıl qoblağın və 01 ədəd “Luç” markalı qızıl qol saatının orada olduğunu görmüşdür. Buna görə o, həmin qızılları cəld şəkildə seyfin üzərindən götürüb əynindəki şalvarın cibinə qoymuş və cəld şəkildə qayıdıb divanda oturmuşdur. Bir neçə saniyədən sonra Hüseyn telefonla danışığı bitirmiş və gəlib onun yanında divanda oturmuşdur. Bundan bir neçə dəqiqə sonra isə Nadir otağa qayıdaraq çay sifariş edəcəyini və çay içəcəklərini bildirmişdir. Həmin vaxt o, çayla yemək üçün şirniyyat almaq adı ilə otaqdan çıxmış və Nadirin qızıllarını restoranın arxa tərəfində yerdə olan bir daşın altında gizlətmişdir. Daha sonra o, yaxınlıqda olan mağazaya gedib şirniyyat almış və təxminən 10 dəqiqə ərzində Nadirgilin yanına geri qayıtmışdır. O, otağa daxil olanda Nadir otaqdan özünə məxsus qızılların itdiyini bildirmişdir. Nadir və Hüseyn qızılları onun oğurlamasından şübhələnməsinlər deyə o, da onlara qoşulub otaqda Nadirin qızıllarını axtarmış, lakin qızılları tapa bilməmişlər. Nadir həmin vaxt Hüseyndən və ondan qızılları götürüb-götürmədiyini soruşmuş, o, qızılları görmədiyini, yəqin başqa yerdə unutduğunu bildirmişdir. Nadir isə qızıllarını həmin tarixdə günorta saat 04 radələrində otaqdakı seyfin üzərinə qoyduğunu bildirmişdir. Lakin Hüseyn və o, Nadirin qızıllarını görmədiklərini və götürmədiklərini bildirmişlər. Bundan sonra Nadir DİN-nin 102 xidmətinə zəng edərək qızıllarının oğurlanması barədə məlumat vermişdir. Hətta Nadir ondan şübhələnməsin deyə, Nadirlə mübahisə etmiş və otaqdan bayıra çıxmışdır. Daha sonra o, gedib qızılları gizlətdiyi yerdən götürmüş və tez aparıb yaxınlıqda yaşadığı evdə öz gödəkçəsinin cibində gizlətmişdir. Bundan sonra Nadir ona zəng edərək hadisə yerinə çağırmış, o, da etiraz etmədən hadisə yerinə getmiş və həmin vaxt artıq polis əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. Bundan sonra o, polis əməkdaşlarının dəvəti ilə Nəsimi rayon Polis İdarəsinə gəlmiş, lakin həbs olunmaqdan qorxduğuna görə yalan danışaraq Nadirin qızıllarını götürmədiyini bildirmişdir. Daha sonra isə cinayəti onun törətməsinin gec-tez üzə çıxacağını düşünərək törətdiyi cinayət əməlini səmimi etiraf etmək qərarına gəlmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, Cavadxan küçəsi 30 ünvanında yerləşən qeyriyaşayış sahəsini kirayələyib “Qəbələ”" restoranı adı ilə fəaliyyət göstərir. Həmin restoranın birinci mərtəbəsində pilləkənin alt hissəsində olan yeri isə təmir edib otaq düzəldərək özü adətən orada oturur. Dost-tanışları və ya digər hər hansısa bir məsələ ilə bağlı yanına gələn qonaqlarını da həmin otaqda qarşılayır. 22 iyul 2024-cü il tarixdə təxminən saat 15:30 radələrində həmin otaqda olan zaman obyektin sahibi Anar Bəbirov onunla icarə müqaviləsi bağlamaq üçün obyektin qarşısına gəlmişdir. Buna görə o, həmin vaxt üzərində olan özünə məxsus 01 ədəd 2022-ci ildə 2700 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış, qızıl məmulatının təmiz çəkisi təxminən 25 qram olan, üzəri qara rəngli qaşla və tros formalı qızılla bəzədilmiş üzüyü, 01 ədəd 2022-ci ildə 8000 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış, qızıl məmulatının təmiz çəkisi təxminən 100 qram olan kardinal toxunuşlu qolbağı və 01 ədəd 2018-ci ildə 4500 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış “Luç” markalı, qızıl məmulatının təmiz çəkisi təxminən 48 qram olan qol saatını çıxarıb otaqdakı seyfin üzərinə qoymuş və otağın qapısını bağlayıb Anar Bəbirovla notariat ofisinə gedərək icarə müqaviləsi bağlamışdır. Daha sonra o, yenidən iş yerinə qayıdıb şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Belə ki, o, obyektin bəzi təmir işləri üçün usta dəvət etmişdir. Həmin usta gələndə onu öz otağında qarşılayıb təmir işləri ilə bağlı söhbət etmiş, daha sonra ustanı yola salaraq eyni qaydada qapını bağlayıb otaqdan çıxmışdır. Bir qədər sonra restoranda işləmək istəyən bir aşpaz onun yanına gəlmişdir. O, həmin aşpazı da öz otağında qəbul edərək iş barədə söhbət etmiş, daha sonra həmin aşpazı yola salmış, lakin özü otaqda qalmışdır. Həmin tarixdə təxminən saat 23 radələrində dostları Şahid və Təqsirləndirilən şəxs onun yanına gəlmiş və onlar həmişə olduğu kimi birlikdə həmin otaqda oturub söhbət etməyə başlamışlar. Hüseyn və Asif demək olar ki, hər gün onun yanına gəlib-gedirmişlər. O, Hüseyni və Asifi təxminən 10 ildir tanıdığını və aralarında yaxın münasibət olduğunu bildirmişdir. Hüseyn və Asif adətən onun otağında olduqlarına görə özünə məxsus qızılları bəzi vaxtlarda seyfin üzərinə qoyduğunu bilirdilər və bunu görmüşdülər. 22 iyul 2024-cü il tarixdə də Hüseyn və Asif onun otağına gələndə qızıllar hələ də seyfin üzərində idi. Onlar birlikdə otaqda oturub söhbət edən zaman artıq 23 iyul 2024-cü il tarixdə təxminən saat 01 radələrində o, sanitar qovşağına getmək üçün otaqdan bayıra çıxmış, Asifgil isə otaqda qalmışlar. O, təxminən 3-4 dəqiqə ərzində təbii ehtiyacını ödəyib geri qayıdaraq otağa daxil olan anda Asif ayağa qalxıb otaqdan bayıra çıxmışdır. Asif otaqdan çıxan kimi o, seyfin üzərinə baxmış, lakin qızılların orada olmadığını görmüşdür. O, qızılları seyfin üzərinə qoyduğunu bildiyi halda, hər ehtimala qarşı masanın üzərinə də baxmış, lakin qızılların konkret olaraq orada olmadığını aşkar etmişdir. Buna görə o, Hüseyndən qızılları seyfin üzərindən kimin götürdüyünü soruşmuşdur. Hüseyn isə yəqin qızılları başqa yerə qoyduğunu bildirmişdir. Həmin vaxt Asif otağa daxil olmuş, o Hüseyn və Asifə onun qızıllarının itdiyini bildirmişdir. Asif də eyni qaydada yəqin qızılları başqa yerdə unutduğunu ona bildirmişdir. Lakin o, qızılları həmin gün saat 15:30 radələrində çıxarıb otağındakı seyfin üzərinə qoyduğunu və daha sonra qızılları oradan götürmədiyini bildirmişdir. Buna görə o, Hüseyn və Asifə qızılları qaytarmağı və bu söhbətin bağlanmasını təklif etmişdir. Lakin onlar yenə də Nadirin qızıllarını götürmədiklərini bildirmişlər. Bundan sonra o, DİN-nin 102 Xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Nadiri təxminən 15 ildir tanıyır və aralarında dostluq münasibəti vardır. Nadir uzun müddətdir ki, ünvan 2 ünvanında yerləşən “Qəbələ” restoranını icarəyə götürüb işlədir. O və digər ortaq dostları Təqsirləndirilən şəxs mütəmadi olaraq Nadirin işlətdiyi restoranın birinci mərtəbəsində olan otağına gedib birlikdə otururaq söhbət edirmişlər. 22 iyul 2024cü il tarixdə təxminən saat 23:30 radələrində Nadir ona zəng edərək iş yerinə, yəni öz otağına dəvət etmiş, o da razılaşaraq oraya getmiş, çatanda Nadirlə Asifin otaqda oturub söhbət etdiklərini görmüşdür. Bundan sonra üçü birlikdə orada oturub söhbət etməyə başlamışlar. Artıq 23 iyul 2024-cü il tarixdə təxminən saat 01 radələrində Nadir sanitar qovşağına getmək üçün otaqdan bayıra çıxmışdır. Həmin vaxt onun telefonuna zəng gəldiyinə görə oturduğu yerdən ayağa qalxıb telefonla danışmaq üçün otağın qapısına doğru getmiş və təxminən 40 saniyə telefonla danışdıqdan sonra qayıdıb divanda yerində oturmuşdur. Həmin vaxt Asif divanda oturubmuş. Bir neçə dəqiqə sonra Nadir otağa qayıdaraq çay sifariş edəcəyini bildirib. Asif də çayla içmək üçün şirniyyat almaq məqsədi ilə yaxınlıqda olan mağazaya getmişdir. Bundan sonra Nadir ayağa qalxıb otaqda öz qızıllarını axtarmağa başlamışdır. Elə həmin ərəfədə Asif şirniyyatı alıb geri qayıtmış, Asif otağa daxil olanda Nadir həmin otaqdan özünə məxsus qızılların itdiyini bildirmişdir. Buna görə o, Nadir və Asif birlikdə otaqda Nadirin qızıllarını axtarmış, lakin tapa bilməmişlər. Bundan sonra Nadir DİN-nin 102 xidmətinə zəng edərək qızıllarının oğurlanması barədə məlumat vermişdir. Polis əməkdaşları oraya gələndən sonra Nadir qızıllarını həmin tarixdə günorta saat 04 radələrində otaqdakı seyfin üzərinə qoyduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.38); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və onun barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.95- 96); - “Qətimkan tədbirinin seçilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarına əsasən Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Babək Hacıyev tərəfindən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında qəbul edilmiş 25 iyul 2024-cü il tarixli qərar ləğv edilərək Təqsirləndirilən şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i.v.103-104); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir (i.v.114-118); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.119-120); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 2 ünvanında yerləşən iş otağıdır (i.v.7-12); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi cinayət hadisəsinin baş verdiyi yerdə, yəni ünvan 2 ünvanında yoxlanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.73-82); - “Baxış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs sanitar qovşağına getməsindən və Şahid telefonla danışmasından istifadə edərək Zərərçəkmiş şəxs məxsus seyfin üstünə qoyulmuş 15200 manat dəyərində qızıl-zinət əşyalarını, yəni 01 ədəd 2022-ci ildə 2700 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış, qızıl məmulatının təmiz çəkisi təxminən 25 qram olan, üzəri qara rəngli qaşla və tros formalı qızılla bəzədilmiş üzüyü, 01 ədəd 2022-ci ildə 8000 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış, qızıl məmulatının təmiz çəkisi təxminən 100 qram olan kardinal toxunuşlu qolbağı və 01 ədəd 2018-ci ildə 4500 manata aldığı 585 əyarlı qızıl metaldan hazırlanmış “Luç” markalı, qızıl məmulatının təmiz çəkisi təxminən 48 qram olan qol saatını oğurlayaraq əvvəlcə cibinə, daha sonra şirniyyat almaq adı ilə bayıra çıxan zaman həyətdəki daşın altına, daha sonra otaqdan çıxan zaman isə yaşadığı mənzilə gedərək şkafın içərisindəki tünd göy gödəkçənin cibində gizlətmişdir. Baxış və götürmə zamanı Təqsirləndirilən şəxs qızılları oğurladığı və gizlətdiyi yerləri əyani şəkildə göstərmiş, oğurladığı qızıl-zinət əşyalarını istintaqa təqdim etmişdir (i.v. 83-84); - “Əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş sarı rəngli, üzərində “583” damğası, həmçinin qara rəngli qaşı olan 01 ədəd üzük, sarı rəngli, üzərində “583” damğası olan 01 ədəd qolbaq, sarı rəngli, kəməri üzərində “583” damğası, sferblatın iç tərəfində “Luç” yazısı, alt hissəsində “162201” rəqəmləri yazılmış 01 ədəd qol saatı xx.xx.2024-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanca verilməsi üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilmişdir (i.v. 162-163); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks məhkəmə-əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 6/3630-9/6399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sarı rəngli, üzərində “583“ damğası, həmçinin qara rəngli qaşı olan 01 ədəd üzüyün əyarı qızıl, 583/585, kütləsi 25.47 qram olmaqla qiyməti 2165 manat, qaşının dəyəri qiymətsiz, sarı rəngli, üzərində “583” damğası olan 01 ədəd qolbağın əyarı qızıl, 583/585, kütləsi 90.55 qram olmaqla qiyməti 7697 manat, sarı rəngli, kəməri üzərində “583” damğası, sferblatın iç tərəfində “LUÇ” yazısı, alt hissəsində ‘'162201” rəqəmləri yazılmış 01 ədəd qol saatının əyarı qızıl, 583/585, kütləsi 58.57 qram olmaqla qiyməti 5000 manat, hər üç əşyanın ümumilikdə 14862 manat dəyərində qiymətləndirilmişdir. Həmçinin, məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 sentyabr 2024-cü il tarixli, 6/3630-9/6399 nömrəli rəyindən görünür ki, aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrinə görə, yuxarıda qeyd edilən və ekspertizaya təqdim edilən məmulatların metalı, əyarı və digər göstəriciləri müəyyən edilmiş və həmin xüsusiyyətlər nəzərə alınaraq qiymətləndirmə aparılmışdır. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rasmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir Qeyd olunan xüsusiyyətllərə müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən ticarət şəbəkələrində, yerli internet saytlarında, zərgərlik məmulatlanının satışı mağazalarında mövcud olmuş qiymətlərdən, eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim edilmiş məmulatların hal-hazırda orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 14862,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 128,00 manat təşkil edir (i.v.150-153); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs özünə məxsus olan qızıl üzüyü arxa hissəsində olan cızıqlardan, özünə məxsus olan qızıl saatını arxa hissəsində olan qaraltılardan və özünə məxsus olan qızıl qolbağı bağlayıcı hissədə olan cızıqlardan tanımış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.154-158); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan sarı rəngli, üzərində “583” damğası, həmçinin qara rəngli qaşı olan 01 ədəd üzük, sarı rəngli, üzərində “583” damğası olan 01 ədəd qolbaq, sarı rəngli, kəməri üzərində “583” damğası, sferblatın iç tərəfində “Luç” yazısı, alt hissəsində “162201” rəqəmləri yazılmış 01 ədəd qol saatını işlək vəziyyətdə ona təhvil verilmişdir (i.v.166); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cərimə tam ödənmişdir (i.v.139-140); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.4-cü maddəsi xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 25 qram çəkidə, üzəri qara rəngli qaşla və tros formalı qızılla bəzədilmiş üzüyün, 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 100 qram çəkidə kardinal toxunuşlu qolbağın və 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 48 qram çəkidə “Luç” markalı qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 128,00 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 25 qram çəkidə, üzəri qara rəngli qaşla və tros formalı qızılla bəzədilmiş üzüyün, 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 100 qram çəkidə kardinal toxunuşlu qolbağın və 01 ədəd “583/585” əyarlı qızıl metaldan hazırlanmış, 48 qram çəkidə “Luç” markalı qol saatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-546/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-546/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver