Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-547/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Bərdə rayonu Hüseynallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 iyul 2024-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 2 ünvanında yerləşən “Retro” telefon mağazasının qarşısına gəlib kənar şəxslərin onu görmədiyi şəraitdə mağazanın qapısının kilidini istintaqla müəyyən edilməyən alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub satış üçün vitrinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd 60 manat dəyərində “Huawei Y6 2019” markalı, 01 ədəd 120 manat dəyərində “X3 9” markalı, 01 ədəd 90 manat dəyərində “Samsung Galaxy A10” markalı, 01 ədəd 280 manat dəyərində “Poco X3 Pro” markalı, 01 ədəd 100 manat dəyərində “Samsung Galaxy A11” markalı mobil telefonları gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində olan zaman maddi vəziyyəti yaxşı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə, o, həmin küçədə yerləşən bir neçə telefon mağazasının qapısına yaxınlaşaraq əlində olan nazik dəmir ilə qapıların kilidlərini açmaq istəsə də, bu mümkün olmamışdır. Daha sonra Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 222 ünvanında yerləşən “Retro” telefon mağazasının qapısının üzərində dəmir hissəsinə qıfılın bağlandığını görmüşdür. Qapının qıfıl keçirilən hissəsini üzərində olan dəmir vasitəsi ilə sındırmışdır. Belə ki, əlində olan dəmiri qıfılın qapıya keçən boşluq hissəsinə salıb bir qədər güc verdikdə qapının dairəvi dəmir olan hissəsi qırılmış və qapı açılmışdır. O, həmin qapını sındırdığı dəmiri xatırlamadığı əraziyə tullamış, qıfıl isə qapının üzərində qalmışdır. Mağazaya daxil olduqdan sonra orada olan telefon vitrinini açaraq orada olan 01 ədəd “X3 9”, 01 ədəd “Samsung Galaxy A10”, 01 ədəd “Samsung Galaxy A11”, 01 ədəd “Huawei Y6 2019", 01 ədəd “Poco X3 Pro” markalı ümumilikdə 5 ədəd mobil telefonları götürüb şalvarının cibinə qoyaraq mağazanı tərk etmişdir. Mağazadan oğurluq etdikdən sonra yaşadığı Lev Tolstoy küçəsi 160 ünvanında yerləşən hostelə getmişdir. Hosteldə telefonları yoxlayan zaman hər bir telefonun işlək vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində beş ədəd telefonu götürərək “20 Yanvar” metrostansiyasi yaxınlığında telefon mağazalarına satmaq üçün getmiş və orada “Huawei Y6 2019” markalı mobil telefondan başqa digər telefonları satmışdır. O, telefonları bir neçə telefon mağazasına girib satmaq istəsə də, həmin mağazalar telefonları almaq istəməmişdir. Lakin həmin mağazalara gəlmiş müştərilərdən 4 nəfər şəxsə ayrı-ayrılıqda həmin mobil telefonları satmışdır. Belə ki, “X3 9” markalı mobil telefonu 70 manata, “Samsung Galaxy A11” markalı mobil telefonu 25 manata, “Poco X3 Pro” markalı mobil telefonu 15 manata, “Samsung Galaxy A11” markalı mobil telefonu 40 manata tanımadığı şəxslərə satmışdır. Mobil telefonları satdıqdan sonra müvəqqəti yaşadığı hostelə geri qayıtmışdır. O, telefonları sataraq əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin telefonları satdıqdan bir neçə saat sonra polis əməkdaşları tərəfindən polis orqanına dəvət edilmiş və o, “Huawei Y6 2019” markalı mobil telefonu özündə saxladığı üçün polis əməkdaşlarına təqdim etmişdir. O, telefonları satdığı şəxslərə həmin telefonların özünə məxsus olduğunu bildirmiş və telefonları alan şəxslərin oğurluq yolu ilə əldə etməyi barəsində heç bir məlumatları olmamışdır. O, mobil telefonların dördünü ümumi olaraq 150 (yüz əlli) manata satmış və bir ədəd mobil telefonu isə sata bilməmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 2 ünvanında yerləşən “Retro” telefon mağazasını işlətmişdir. Həmin mağazada işlənmiş mobil telefonlar və mobil aksessuarlar satılmışdır. xx.xx.2024-cü il tarixdə saat 20:00-da mağazanı bağlayıb evinə getmiş, xx.xx.2024-cü il saat 09:45-də mağazaya gəldikdə mağazanın qıfılının sındırıldığını və içəridən 5 ədəd mobil telefonun oğurlandığını aşkar etmişdir. Mağazadan 01 ədəd 130 manat dəyərində “X3 9” markalı, 01 ədəd 100 manat dəyərində “Samsung Galaxy A10” markalı, 01 ədəd 100 manat dəyərində “Huawei Y6 2019” markalı, 01 ədəd 100 manat dəyərində “Poco X3 Pro” markalı və 01 ədəd 80 manat dəyərində “Samsung Galaxy A11” markalı mobil telefonlar oğurlanmışdır. O, mağazanın kameralarına baxdıqda xx.xx.2024-cü il saat 05:00 radələrində tanımadığı bir nəfər şəxsin mağazanın qıfılını qıraraq içəri daxil olduğunu və mağazaya daxil olduqdan sonra üzbəüzdə yerləşən vitrindən telefonları oğurladığını aşkar etmişdir. Ümumilikdə, hadisə vaxtı ona 510 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, buna görə də, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 08 iyul 2024-cü il tarixli hadisə yerinə müayinə keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Retro” telefon mağazasıdır. (i/v 7-10). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 47). İş materiallarına əlavə olunmuş “təqdim edilən əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək 01 ədəd tünd göy rəngli “Huawei Y6 2019” markalı mobil telefon Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Oruc Əliyev tərəfindən götürülmüşdür (i/v 18). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 11 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 78-79). İş materiallarında olan 05 sentyabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD formatlı diskdə 01 ədəd videofayl vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 10 dəqiqə 54 saniyə davam edir. Həmin videogörüntüdə 03 yanvar 2024cü il tarixdə saat 00:50-də bir nəfərin əlindəki alətlə boz rəngli dəmir qapının kilidini açmağa çalışdığı görünür və həmin şəxs videogörüntünün 2 dəqiqə 46 saniyəsində qapının kilidini sındıraraq içəri daxil olması, 10 dəqiqə 40-cı saniyədə həmin qapıdan bayıra çıxıb qapını bağlayaraq hadisə yerini tərk etməsi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki başında papaq, əynində boz rəngli köynək, açıq rəngli şalvar, idman ayaqqabısı olan şəxs onun özü olduğu Bakı şəhəri, Dilarə Əliyeva 222 ünvanında yerləşən “Retro” telefon mağazasına daxil olub oradan 05 ədəd mobil telefon oğurlayaraq ciblərinə yığıb cəld şəkildə oradan uzaqlaşdığını və əlindəki aləti xatırlamadığı yerə atdığını bildirmişdir. (i/v 108). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 80). İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd CD disk və 01 ədəd “Huawei Y6 2019” markalı mobil telefon maddi sübut kimi tanınmış və CD diskin cinayət işinin materiallarında saxlanılması, 01 ədəd “Huawei Y6 2019” markalı mobil telefonun isə zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i/v 128-138). İş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 05 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən “Retro” telefon mağazasından 01 ədəd “X3 9” markalı, 01 ədəd “Samsung Galaxy A10” markalı, 01 ədəd “Huawei Y6 2019” markalı, 01 ədəd “Poco X3 Pro” markalı və 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefonları hansı qaydada oğurladığını hadisə yerində əyani olaraq göstərmişdir. (i/v 111-114). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinərək N ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir (i/v 88-89). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli 9/6385 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Huawei Y6 2019” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin iyul ayına orta bazar qiyməti təxminən 60 manat, təqdim edilməyən 01 ədəd “X3 9” markalı mobil telefon 120 manat, 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon 90 manat, 01 ədəd Poco X3 Pro” markalı mobil telefon 280 manat, 01 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon 100 manat olmaqla, 4 ədəd mobil telefonlar 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada 590 manat müəyyən edilir. (i/v 120-122). İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan “Huawei Y6 2019” markalı mobil telefonu təhvil almışdır. (i/v 140). Zərərçəkmiş şəxs Əadlət oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, halhazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Huawei Y6 2019” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-547/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərara əsasən 07 noyabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Huawei Y6 2019” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-547/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-547/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver