Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-55/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, “xxxxx” MMC-də işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 97, mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 240.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “xxxxx” MMC-də nəzarətçi vəzifəsində işləməklə vəzifəli şəxs olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları”n İİİ siyahısına (Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr) daxil edilən, son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlı, təsiredici maddəsi diazepamın ümumi çəkisi 0,05 qram olan cəmi 10 tablet “Диазепекс..diazepam...5mg”, ümumi çəkisi 0,0015 qram olan cəmi 03 tablet “Хаnах...Alprozolam 0,5mg”, təsiredici maddəsi alprozolamın ümumi çəkisi 0,015 qram olan cəmi 30 həb “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatlarını və xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil edilən, son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlı, ümumi çəkisi 1,7 qram olan cəmi 17 ampul “Трамадол..Калчекс..2ml/100mg”, ümumi çəkisi 0,2 qram olan cəmi 02 ampul “Трамадол...2ml/100mg”, ümumi çəkisi 1,0 qram olan cəmi 20 kapsul “Трамадол...50mg”, ümumi çəkisi 5,0 qram olan cəmi 50 tablet “Benzonal...Benzobarbital 100mg”, ümumi çəkisi 1,25 qram olan cəmi 50 tablet “Тизерчин Levomepromazin..25mg”, ümumi çəkisi 0,6 qram olan cəmi 80 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, ümumi çəkisi 0,326 qram olan cəmi 163 tablet “ЧИКЛОДОЛ-гриндекс...triheksifenidil...2mg”, ümumi çəkisi 0,5 qram olan cəmi 50 tablet “Баклосан baklofen...10 mg”, ümumi çəkisi 1,25 qram olan cəmi 50 tablet “Баклосан...baklofen...25mg” dərman peraparatlarını əldə edib işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, məhəllə 3243-də fəaliyyət göstərən “xxxxx” aptekə daşıyaraq orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs ümumi miqdarı 0,015 qram olan 30 həb “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatını nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirində şərti alıcı qismində iştirak edən, aptek məntəqəsinə müraciət etmiş Baxşiyev Eldar Hökməli oğluna 30 manata satdıqdan sonra saxlanılmış və baxış zamanı E.Baxşiyev Təqsirləndirilən şəxs tərəfindən ona qanunsuz satılmış ümumi miqdarı 0,015 qram olan 30 həb “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatını, Təqsirləndirilən şəxs isə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirində istifadə etmək məqsədi ilə əvvəlcədən E.Baxşiyeva verilmiş və sonuncu tərəfindən “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatı alınan zaman ona təqdim olunmuş 01 ədəd B seriyalı 02121908 nömrəli 20 manatlıq və A seriyalı 54211724 nömrəli 10 manatlıq pul əsginazlarını polis əməkdaşlarına təqdim etmişdir. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, məhəllə 3243-də fəaliyyət göstərən “xxxxx” aptekə keçirilən baxış zamanı aptekin dərmanlar saxlanılan hissəsindən ümumi çəkisi 0,05 qram olan cəmi 10 tablet “Диазепекс..diazepam...5mg”, ümumi çəkisi 0,0015 qram olan cəmi 03 tablet “Хаnах...Alprozolam 0,5mg”, ümumi çəkisi 1,7 qram olan cəmi 17 ampul “Трамадол..Калчекс..2ml/100mg”, ümumi çəkisi 0,2 qram olan cəmi 02 ampul “Трамадол...2ml/100mg”, ümumi çəkisi 1,0 qram olan cəmi 20 kapsul “Трамадол...50 mg”, ümumi çəkisi 1,25 qram olan cəmi 50 tablet “Тизерчин Levomepromazin..25mg”, ümumi çəkisi 5,0 qram olan cəmi 50 tablet “Benzonal...Benzobarbital 100mg”, ümumi çəkisi 0,6 qram olan cəmi 80 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, ümumi çəkisi 0,326 qram olan cəmi 163 tablet “ЧИКЛОДОЛ-гриндекс...triheksifenidil...2mg”, ümumi çəkisi 0,5 qram olan cəmi 50 tablet “Баклосан baklofen...10mg”, ümumi çəkisi 1,25 qram olan cəmi 50 tablet “Баклосан...baklofen...25mg” dərman preparatları aşkar edilərək götürülmüşdür. İttiham tərəfinin dəlilləri: Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkiliŞahid4 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə X8 Baş X1 İdarəsinə şikayətlə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, məhəllə 3243-də fəaliyyət göstərən “xxxxx” aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərman preparatlarının, o cümlədən psixotrop tərkibli dərman sayılan “ЗОЛАМАКС” dərman preparatının 30 həbinin 30 manata satıldığını bildirərək qeyd olunan aptekdə baş verən bu cür halların qarşısının alınmasını xahiş etməklə bu işdə köməklik edə biləcəyini göstərmişdir. Ona görə də həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra qeyd olunan ünvanda qanunsuz olaraq psixotrop maddələrin satışının qarşısının alınması məqsədi ilə qərar çıxarılaraq əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, əməliyyat müvəkkili Şahid5 isə əməliyyat qrupunun üzvü təyin edilmişdir. Qəbul edilmiş qərara əsasən qeyd olunan aptekdə nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi və həmin tədbirdə Eldar Baxşiyevin şərti alıcı qismində iştirak etməsi nəzərdə tutulduğundan ona Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginazlarından ibarət 30 manat pul verilməsi, eləcə də sonradan tədbirin nəticəsi olaraq baxışda iştirak etmək üçün 02 nəfər şəxs hal şahidi qismində dəvət olunaraq onlara hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən bir ədəd seriya nömrəsi B02121908 olan 20 manatlıq və bir ədəd seriya nömrəsi A54211724 olan 10 manatlıq pul əsginazlarından ibarət 30 manat pul hal şahidlərinin iştirakı ilə Eldar Baxşiyevə verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri, hal şahidləri və Eldar Baxşiyev birlikdə qeyd olunan ünvana getmişlər. Nəticədə həmin gün, saat 13 radələrində aptekin yaxınlığına çatmış və kənarda dayanmışlar. Eldar Baxşiyev onların müşahidəsi altında aptekə daxil olmuş və təxminən 05-10 dəqiqə sonra aptekdən çıxaraq onlara yaxınlaşmışdır. Bu zaman Eldar Baxşiyev əlində olan 30 həb “ЗОЛАМАКС” dərman preparatını, həmçinin həmin dərman preparatının alınması ilə bağlı saat 13:51-də tərtib olunaraq 30 manat pulun ödənilməsi ilə bağlı ona təqdim edilmiş çeki polis əməkdaşlarına verərək bildirmişdir ki, qeyd olunan dərman preparatını ona aptekdə işləyən İlham adlı şəxs satmışdır. Dərhal aptekə daxil olmuş və içəridə həqiqətən də bir nəfər kişi olduğunu görmüşdür. Özlərini və yanlarında olan hal şahidlərini həmin şəxsə təqdim edərək ondan da özünü təqdim etməsini xahiş etmişlər. Məlum olmuşdur ki, həmin şəxs aptekdə rəsmi olaraq nəzarətçi işləyən Təqsirləndirilən şəxsdur. Onlar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul olunmuş qərarı ona göstərərək bir qədər əvvəl onun tərəfindən Eldar Baxşiyevə qanunsuz olaraq 30 həb “ЗОЛАМАКС” dərman preparatının 30 manata satıldığını bildirib həmin dərman preparatını və 30 manat pulun ödənilməsi ilə bağlı çeki ona göstərmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan aptek «xxxxx» MMC-yə məxsus lisenziya əsasında fəaliyyət göstərir, lakin aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. Həmçinin Təqsirləndirilən şəxs təsdiq etmişdir ki, bir qədər əvvəl o, vətəndaşa qanunsuz olaraq 30 həb “ЗОЛАМАКС” dərman preparatını 30 manata sataraq pulun ödənilməsi ilə bağlı çeki ona təqdim etmişdir. Daha sonra təklif olunmuşdur ki, vətəndaşdan alınmış 30 manat pul təqdim edilsin. Nəticədə Təqsirləndirilən şəxs həmin 30 manat pulu təqdim edən zaman məlum olmuşdur ki, həmin bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginazı məhz nəzarət qaydasında mal alınması əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə Eldar Baxşiyevə verilmiş pulla eynilik təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman preparatlarını təqdim edilməsi təklif olunmuş, sonuncu da aptekin dərmanlar saxlanılan hissəsindən 10 tablet “Диазепекс..diazepam...5mg”, 03 tablet “Хаnах...Alprozolam 0,5mg”, 17 ampul “Трамадол..Калчекс..2ml/100mg”, 02 ampul “Трамадол...2ml/100mg”, 20 kapsul “Трамадол...50mg”, 50 tablet “Тизерчин Levomepromazin..25mg”, 80 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, 163 tablet “ЧИКЛОДОЛ-гриндекс...triheksifenidil...2mg”, 50 tablet “Баклосан baklofen...10 mg”, 50 tablet “Баклосан...baklofen...25mg” dərman preparatlarını təqdim etmişdir. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahidX8 ifadəsində göstərdi ki, 2019-cu ilin mart ayının əvvəllərində şəxsi işləri ilə bağlı Nəsimi rayonu, 4-cü mikrorayon adlanan ərazidə olmuşdur. Bir müddət orada qaldığı üçün başında müəyyən ağrılar yaranmağa başlamışdır. Buna görə də dərman almaq üçün yaxınlıqda olan “xxxxx” aptekə daxil olmuşdur. İçəridə başqa bir neçə müştəri də var idi. Kənarda dayanaraq öz növbəsini gözləmişdir. Bu zaman aptekdə işləyən, sonradan adının İlham olduğunu öyrəndiyi şəxsin bəzi müştərilərə 30 manat müqabilində üzərində “ЗОЛАМАКС”sözləri yazılan bir qutu dərman satmasının şahidi olmuşdur. Həmin satıcı dərmanı müştərilərə verdikdə ətrafa şübhəli boylanırdı. Bu məsələ onun diqqətini cəlb etmiş və baş ağrısı üçün dərman alıb aptekdən çıxdıqdan sonra evə getmişdir. Evdə internet vasitəsi ilə “ЗОЛАМАКС”dərmanı barədə maraqlanmış, bu zaman internetdə həmin dərmanın psixotrop tərkibli maddələrə aid olmasını və onun Azərbaycan Respublikası ərazisində satışına xüsusi nəzarətin olmasını öyrənmişdir. Aptekdə olan müştərilər heç bir resept təqdim etmədən həmin dərmanları almasından və satıcının ətrafa şübhəli baxmasından aptekin bu dərmanları satmaq üçün icazəsinin olmadığını başa düşmüşdür. Belə bir dərmanın açıq-aşkar müştərilərə satılmasının gələcəkdə digər şəxslərə problemlər yarada biləcəyini düşündüyü üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. Belə hallara qarşı mübarizəni daha sərt şəkildə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən aparıldığını eşitdiyi üçün həmin xx xxxx 2019-cu il tarixdə idarəyə müraciət etmişdir. Onun ərizəsi qəbul olunmuş və daha sonra ona bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən aptekdə qanunsuz olaraq psixotrop tərkibli dərman preparatlarının satılmasının qarşısının alınması ilə bağlı əməliyyat-axtarış tədbiri keçiriləcək, onun razılığı olduğu təqdirdə o bu tədbirdə şərti alıcı qismində iştirak edə bilər. O da təkliflə razılaşmış və hal şahidlərinin iştirakı ilə ona bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginazlarından ibarət 30 manat pul verilmiş, bu barədə protokol tərtib edilmiş və pulların surəti çıxarılmışdır. Bundan sonra o, polislər və hal şahidləri ilə birgə həmin ünvana getmiş, saat 13 radələrində aptekin yaxınlığına çataraq kənarda dayanmışlar. Sonra plana uyğun əsasən o, aptekə daxil olmuşdur. Həmin vaxt aptekdə yalnız adını İlham bildiyi şəxs olmuşdur. Ona yaxınlaşaraq ondan içərisində 30 həb olan bir qutu “ЗОЛАМАКС” dərmanı istəmiş, İlham əvvəlcə ətrafa boylanmış və sonradan həmin dərmanın qiymətinin 30 manat təşkil etdiyini bildirmişdir. O da ona bu pulu verib 30 həb “ЗОЛАМАКС”dərmanı almış, verilmiş qəbzi götürmüşdür. Daha sonra aptekdən çıxaraq polislərə və hal şahidlərə yaxınlaşıb əlində olan 30 həb “ЗОЛАМАКС” dərmanını, həmçinin həmin dərmanın alınması ilə bağlı saat 13:51-də tərtib olunaraq 30 manat pulun ödənilməsi ilə əlaqədar ona təqdim edilmiş qəbzi polislərə vermişdir. Ona görə də polis əməkdaşları ilə birgə aptekə daxil olmuşlar. Polis əməkdaşları İlhama yaxınlaşaraq vəsiqələrini göstərib özlərini və digər tədbir iştirakçılarını ona təqdim edərək tədbirin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərarı eelan etmiş və bir qədər əvvəl onun tərəfindən qanunsuz olaraq 30 həb “ЗОЛАМАКС” dərman preparatının 30 manata satıldığını bildirib bu dərmanları və pulun ödənilməsi ilə bağlı qəbzi göstərmişlər. İlham da bildirmişdir ki, aptek «xxxxx» MMC-yə məxsus lisenziya əsasında fəaliyyət göstərir, lakin aptekdə psixotrop tərkibli dərman preparatlarının satılması üçün xüsusi icazə yoxdur. Daha sonra İlham ondan götürdüyü 30 manat pulu polis əməkdaşlarına təqdim etmiş, sonuncular da onun razılığı ilə aptekə baxış apararaq ondan aptekdə olan digər belə preparatların təqdim olunmasını xahiş etmişlər. İlham da orada saxladığı belə dərman preparatını gətirərək polis əməkdaşlarına vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 12 radələrində şəxsi işləri ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinin yaxınlığında olan zaman mülki geyimli bir şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib Baş X1 İdarəsinin əməkdaşı olduğunu bildirib 4-cü mikrorayonda yerləşən aptekdə keçiriləcək tədbirdə hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O da buna etiraz etməmiş və idarəyə gəlmişdir. Orada Şahid3 adlı şəxsə bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginazlarından ibarət 30 manat pul verilərək bu barədə protokol tərtib edilmiş və pulların surəti çıxarılmışdır. Daha sonra polislər, Eldar Baxşiyev, o və digər hal şahidi birlikdə həmin aptekə getmişlər. Eldar Baxşiyev aptekə daxil olmuş və təxminən 10 dəqiqədən sonra aptekdən çıxaraq onlara yaxınlaşıb əlində olan 30 həb “ЗОЛАМАКС” dərmanını, həmçinin həmin dərmanın alınması ilə bağlı ödənilmiş pulun qəbzini polislərə vermişdir. Bundan sonra polis əməkdaşları ilə birgə onlar aptekə daxil olmuş və satıcıya yaxınlaşaraq onun adını soruşmuşlar. Bu şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları tədbirin keçirilməsi ilə əlaqədar qəbul olunmuş qərarı Təqsirləndirilən şəxs göstərərək bir qədər əvvəl onun tərəfindən Eldar Baxşiyevə qanunsuz olaraq 30 həb “ЗОЛАМАКС” dərman preparatının 30 manata satıldığını bildirmişlər. Təqsirləndirilən şəxs də bunu təsdiq etmişdir. Daha sonra polislər tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Eldar Baxşiyevdən aldığı 30 manat pulu təqdim etsin, sonuncu da həmin pulu onlara vermişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs aptekdə saxladığı qanunsuz dərman preparatlarını təqdim etməsini təklif etmiş, İlham da aptekin dərmanlar saxlanılan hissəsindən adlarını dəqiq xatırlamadığı bir neçə dərman preparatı gətirərək polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları da onun və digər hal şahidinin iştirakı ilə həmin dərman preparatlarına baxış keçirib götürmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrində göstərmişdir: “ .... xx xxxx 2019-cu il tarixdə həmişə olduğu kimi saat 09 radələrində apteki açdım. xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində bir nəfər müştəri aptekə daxil olaraq məndən “Zolomaks” dərmanının olub-olmadığını soruşdu. Mən ondan nə qədər istədiyini soruşduqda mənə 30 həb istədiyini bildirdi. Mən bunun qarşılığında ondan 30 manat pul tələb etdim. Həmin müştəri pulu verdikdən sonra mən 30 həb “Zolomaks” dərmanını ona verdim və əvəzində 30 manat pul aldım. Mən aldığım pulu kassaya daxil etdikdən sonra həmin şəxsə qəbz verdim. Müştəri aptekdən çıxdıqdan bir neçə dəqiqə sonra içəri mülki geyimli bir neçə şəxs daxil oldu və xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirdilər. Onlar daxil olmuş müraciəti və qəbul edilmiş qərarı mənə təqdim etdikdən sonra 30 həb “Zolomaks” dərmanını satdığımı bildirdilər. Mən səmimi olaraq törətdiyim əməli etiraf etdim. Onlar orada olan digər iki nəfər şəxsi göstərərək həmin şəxslərin hal şahidi olduqlarını bildirdilər və məndən aptekə daxil olaraq baxış keçirmək üçün icazə istədilər. mən onlara aptekə daxil olaraq baxış keçirmələrinə etirazımın olmadığını bildirdim və onları içəri dəvət etdim. .......Mən polis əməkdaşlarının təklifindən sonra səmimi olaraq aptekdə əlavə psixotrop maddə və güclü təsir edən maddələrin olmasını etiraf etdim və 17 ampul “Tramadol Kalçeks”,02 ampul “Tramadol”,10 tablet “Diazepeks”,03 tablet “Хаnaх”,20 kapsul “Tramadol 50 mg”,50 tablet “Tizerçin”,50 tablet “Benzonal”,80 tablet “Somnol”,163 tablet “Çiklodol-qrindeks”,50 tablet “Baklosan”, 50 tablet “Baklosan...baklofen...25mg” dərman preparatlarını polis əməkdaşlarına təhvil verdim.....Mən həmin dərman preparatlarını aptekə dərman almaq üçün gələn əvvəllər tanımadığım şəxsdən almışam. Həmin şəxs dərman aldıqdan sonra mənə üzərində tərkibində psixotrop maddə və güclü təsiredici maddələr olan dərman preparatlarının olduğunu və həmin dərmanları ucuz qiymətə sata biləcəyini bildirdi. Mən ilkin olaraq narahat olsam da, sonra həmin dərmanları sadəcə tanıdığım şəxslərə satacağımı düşündüyüm üçün onun təklifi ilə razılaşdım və həmin şəxsdən dərmanları aldım” (İ cild, i.v.147-149); - “Pul vəsaitinin verilməsi barədə” xx.xx.2019-cu il tarixli protokola əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mkr-n, 3243 saylı ünvanda fəaliyyət göstərən “xxxxx” adlı aptekdə əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat xərclərindən götürülmüş 01 ədəd B seriyalı 02121908 nömrəli 20 manatlıq və A seriyalı 54211724 nömrəli 10 manatlıq pul əsginazı Şahid3 verilir (İ cild, i.v.8-10); - “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2019-cu il tarixli protokola görə Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4 mkr-n, 3243 saylı ünvanda fəaliyyət göstərən “xxxxx” adlı aptekdə Təqsirləndirilən şəxs Şahid3 aldığı 01 ədəd B seriyalı 02121908 nömrəli 20 manatlıq və A seriyalı 54211724 nömrəli 10 manatlıq pul əsginazını və satış məqsədi üçün saxladığı 10 həb “Diazepeks 5mg”, 03 həb “Хаnах 0,5mg”, 80 həb “Somnol 7,5mg”, 163 həb “Siklodol 2mg”, 50 həb “Tizerçin 25mg”, 19 ampul “Tramal 100mg”, 20 həb “Tramadol 50mg”, 50 həb “Baklosan 10 mg”, 50 həb “Baklosan 25mg” və 50 həb “Benzonal 100mg” dərman preparatlarını könüllü olaraq təqdim etmişdir. Dərman preparatları qablaşdırılaraq götürülmüşdür. Protokolda tədbirdə iştirak edən şəxslərin adlarının, habelə “Təqsirləndirilən şəxs” yazısının qarşısında imzalar əks olunmuşdur (İ cild, i.v.12-13, 16); - Ödəniş qəbzində “Bakı ş., Nəsimi r-nu, Mir Cəlal, 4 mkr., ev 3243, H/Ş “xxxxx” MMC, aptek, cəmi = 30,00” yazıları əks olunmuşdur (İ cild, i.v.14); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 6381 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “ünvan 2 mkr. Ev 3243 ünvanda fəaliyyət göstərən “xxxxx” aptekdə Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 10 həb “Diazepeks”, 03 həb “Xanax”, 80 həb “Somnol”, 163 həb “Tsiklodol”, 50 həb “Tizerçin”, 20 həb 50 mg-lıq “Tramadol’’, 19 ampula 100 mg-lıq “Tramadol”, 50 həb 10 mg-lıq və 50 həb 25 mg-lıq “Baklosan”, 50 həb “Benzonal” dərman preparatları və satışını həyata keçirdiyi 30 həb “Zolomaks” dərmanı...” əl yazıları olan qutudakı dərman preparatlarının adları, miqdarları, təsiredici maddələrinin miqdarları 1 saylı cədvəldə göstərilmişdir. Həmin preparatlardan: “Трамадол..Калцекс..2ml/100mg”, “Трамадол...2ml/100mg”, “Трамадол...50 mg”, “Tizercin... Levomepromazin..25mg”, “CОМНОЛ...Zopiklon 7,5mg”, “ЦИКЛОДОЛ-гриндекс...triheksifenidil...2mg”, “Вензонал…benzobarbital 100mg” “Баклосан…baklofen...10mg”, “Баклосан...baklofen...25mg” dərman preparatları Azərbaycan Respulikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na; “Диазепекс..diazepam...5mg”, “Хаnах...Alprozolam 0,5mg”, “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatları isə Azərbaycan Respulikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİİ) daxildir. Təqdim olunmuş dərman preperatları son istifadə tarixi göstəricilərinə görə istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 146,50 manat təşkil edir (İ cild, i.v.25-27); - “xxxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2221 saylı əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs nəzarətçi vəzifəsinə işə götürülür və onun əmək funksiyalarına məhsula aid məlumatı tam öyrənmək, təyinatına uyğun istifadə müddətinə görə yerləşdirmək, satışı izləyib analiz etmək və fəaliyyət bazarında dəyişiklikləri nəzarətdə saxlamaqdır (İ cild, i.v.41-45); - “xxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 76 saylı məktubunda qeyd olunur ki, 02-xx xxxx 2019-cu il tarixlərində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 3243-cü məhəllədə yerləşən “xxxxx” aptekin rəhbərliyi Təqsirləndirilən şəxs həvalə edilmişdir (İ cild, i.v.108-109); - “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalan 26 həb “ЗОЛАМАКС...Alprozolamum 0,5mg”, 06 tablet “Диазепекс..diazepam...5mg”, 02 tablet “Хаnах...Alprozolam 0,5mg”, 16 ampul “Трамадол..Калчекс..2ml/100mg”, 01 ampul “Трамадол...2ml/100mg”, 17 kapsul “Трамадол...50 mg”, 45 tablet “Тизерчин Levomepromazin..25mg”, 76 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, 159 tablet “ЧИКЛОДОЛгриндекс...triheksifenidil...2mg”, 45 tablet “Баклосан baklofen...10mg”, 45 tablet “Баклосан...baklofen...25mg”, 46 tablet “Benzonal...Benzobarbital 100mg” dərman preparatları iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlamakamerasına təhvilverilmişdir (İ cild, i.v.52-54); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 xx.xx.2019-cu il tarixli, 008- 1729-1219 saylı məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, məhəllə 3243-də fəaliyyət göstərən aptekə “xxxxx” MMC-yə məxsus aptekə nazirlik tərəfindən psixotrop tərkibli dərman preparatlarının satışı üçün xüsusi icazə verilməmişdir (İ cild, i.v.89); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” MMC-nin xx xxxx 2019-cu il tarixli, 03/7656 nömrəli məktubdan aydın olur ki, “xxxxx” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, məhəllə 3243-də fəaliyyət göstərən aptekə güclü təsir edən və dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin satışına xüsusi icazə alınması üçün Səhiyyə Nazirliyi tərəfindən rəy verilməmişdir(İ cild, i.v.90); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarla əməliyyat xərcləri üçün nəzərdə tutulan pul vəsaitindən ayrılaraq götürülmüş və əməliyyat tədbirində şərti alıcı qismində iştirak etmiş Eldar Baxşiyevə verilmiş bir ədəd A seriyalı 54211724 nömrəli 10 manatlıq və bir ədəd В seriyalı 02121908 nömrəli 20 manatlıq pul əsginazları və Təqsirləndirilən şəxs 30 həb “ЗОЛАМАКС...Alprozolamum 0,5mg” dərman preparatını 30 manat pulun müqabilində Eldar Baxşiyeva satarkən verdiyi qəbz cinayət işi üzrə maddi sübut hesab edilmiş, qeyd edilən qəbzin cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınmış, pul əsginazları isə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 geri qaytarılmışdır (İ cild, i.v.156-171); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx.xx.2019-cu il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.93); - Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2000-ci il, xx.xx.2001-ci il və xx.xx.2010-cu il təvəllüdlü üç övladı var (İ cild, i.v.47-49). Müdafiə tərəfinin dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2003-cü ildən dərman satışı üzrə apteklərdə çalışmışdır. Uzun zaman iş təcrübəsindən sonra özü fərdi sahibkarlıqla məşğul olmaq məqsədilə aptek açıb dərman satışı ilə məşğul olmaq istəmişdir. İlk öncə bu fəaliyyət dairəsində işləyən şəxslərdən aptek fəaliyyəti üzrə sahibkar kimi hansı işləri görməli olacağını, eyni zamanda onu bu fəaliyyət zamanı gələcəkdə gözləyə biləcək çətinliklər haqqında məlumat almışdır. Bu fəaliyyət ilə əlaqədar əldə etdiyi məlumatlar içərisində ona məlum olmuşdur ki, bu fəaliyyət zamanı bəzi qurumlar tərəfindən ona gələcəkdə əsassız manelər yaradılmaqla, eyni zamanda aylıq olaraq qanunsuz pul haqları tələb edilməsi qaçılmaz olacaqdır. O, buna baxmayaraq 2018-ci ilin iyun ayından Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi, məhəllə 3243-də aptek fəaliyyətinə başlamışdır. Fəaliyyət müddətindən təxminən 07 ay sonra özünün bildirdiyinə görə iki nəfər qara geyimdə rəsmi görünüşdə olan şəxslər aptekə gələrək ona xüsusi dövlət idarəsinin əməkdaşları olduqlarını və ona bu fəaliyyətlə məşğul olan şəxslərin onlarla işləməli olduqlarını bildirmişlər. Həmin şəxslər onunla söhbət əsnasında aylıq olaraq onların himayəsində olmaq üçün və istədiyi dərmanı satmaq məqsədilə ilə onlara haqq verməli olduğunu bildirmişlər. O isə onlara aptek fəaliyyətində uzun zaman təcrübəli olduğu, eyni zamanda özünün bu fəaliyyəti zamanı heç bir qanunsuz və xüsusi icazə tələb edən dərman vasitələri satmadığını, gələcəkdə də belə bir dərman vasitələrinin satışı ilə məşğul olmaq istəmədiyini bildirmişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində bir nəfər aptekə gələrək ürək və təzyiq xəstəliyinə aid bir neçə dərmanlar almaq istədiyini bildirmişdir. Onun təqdim etdiyi dərman reseptinə baxdığı zaman orada yazılan bütün dərmanların hazırda olmadığını, lakin 2-3 saat ərzində həmin dərmanları tam şəkildə hazır edəcəyini bildirmişdir. Dərmanları almaq istəyən şəxs onun bu təklifi ilə razılaşaraq dərman reseptini ona verərək çıxıb getmişdir. Həmin şəxs saat 14 radələrində yenidən aptekə gələrək bütün dərmanlar üçün 160 manat pul ödəyib getmişdir. Təxminən 05 dəqiqə sonra aptekə bir neçə şəxs daxil olaraq polis əməkdaşları olduqlarını deyib bildirmişlər ki, guya o, az öncə bir şəxsə narkotik tərkibli dərman satıb. Bu səbəbdən onlar aptekdə əlavə axtarış aparmaqla qanunsuz dövriyyədə olan dərman preparatlarının satışının həyata keçiribkeçirmədiyini müəyyən edəcəklərini söyləmişlər. O da ilk öncə onlara qanunsuz dərman preparatının satmadığını, sonra da onların aptekdə hər hansı araşdırma aparmalarına etirazının olmadığını bildirmişdir. Həmin şəxslər aptekdə yalnız piştaxtada olan bağlı və açıq rəflərə 10-15 dəqiqə baxış keçirdikdən sonra qanunla dövriyyəsi qadağan olunmuş narkotik və psixotrop tərkibli dərman pereparatları aşkar etməmiş və onu özləri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə aparmışlar. Həmin idarədə sonradan bilmişdir ki, aptekə gələn bütün şəxslər idarənin əməkdaşları olmuşlar. Bundan əlavə orada olduğu müddətdə ona fiziki təsir və psixoloji təzyiq göstərilərək onların yazacağı sənədlərə imza etməsini, əks halda daha böyük cinayətdə ittiham olunaraq məsuliyyətə cəlb olunacağını bildirmişlər. O, idarənin əməkdaşlarının qanunsuz tələblərini əvvəlcə qəbul etməsə də, sonradan zirzəmi kimi yerdə xüsusi otağa aparılaraq ona qarşı fiziki təsir və psixoloji təzyiq göstərilməsi, eyni zamanda həmin otaqda axşama kimi saxlanıldığı zaman yan otaqdan başqa şəxsin qışqırıq və bağırmaqla ağlamaq səsləri onu üzərinə qoyulacaq ittihamla razılaşmağa məcbur etmişdir. Bundan sonra o, heç bir sənədi oxumadan, orada nə yazıldığını bilmədən bütün sənədləri imzalamışdır. Eyni zamanda ona veriləcək ittihamın yüngül olacağını və sənədlərə etiraz etmədən imza etməsi nəticəsində onun sərbəst buraxılacağını bildirilmişdir. Belə olduğu təqdirdə o, bu ittihamın onun üçün yüngül bir ittiham olacağına, hətta gələcəkdə həbs olunmayacağına inanmışdır. Onu da qeyd edir ki, polis əməkdaşları aptekə gələn zaman orada şərti alıcı kimi təqdim olunan Şahid3 və hal şahidləri olmamışlar. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsində göstərilən məqamları araşdırmaq üçün müdafiə tərəfinin verdiyi vəsatət əsasında “xxxxxxxxxxxxxxxx”, “Bakcell” və “xxxxxxx” MMC-lərdən bəzi GSM nömrələrə daxil olan və onlardan çıxan zənglərin siyahısının təqdim edilməsi barədə qərarlar qəbul edilmişdir. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş məlumatlara əsasən Şahid3 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsinin 2019-cu ilin mart ayının 05, saat 12-16 radələrində olan müddət ərzində danışıqlar üzrə antena əhatə dairəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzi və Lökbatan qəsəbəsi göstərilmişdir. “xxxxxxx” MMC tərəfindən təqdim olunmuş məlumatlara görə Şahid1 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi 2019-cu ilin mart ayının 05, saat 11:57-16:23 radələrində müddət ərzində danışıqlar Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan rayonu, Sarvan kəndi, Cəlilabad rayonu, Seyidbazar kəndi, saat 20:58-dən sonra Sabunçu rayonu, Ramana qəsəbəsi göstərilmişdir. Şahid2 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinin isə ümumiyyətlə həmin günlərdə istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahidX8 təkrar dindirilərkən ilkin ifadəsini bir daha təsdiq etmiş, eyni zamanda istifadəsində olan 050 ***- **-** saylı mobil telefon nömrəsinin hadisə baş verən vaxtı antena əhatə dairəsinin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində göstərilməsi ilə bağlı bildirmişdir ki, həmin gün telefonu qaynanasında olmuş, sonuncu da “Binə” ticarət mərkəzində işləyir. Digər Şahid1 da təkrar dindirilərkən əvvəl verdiyi ifadəsini təsdiq etmiş, istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinin hadisə günü antena əhatə dairəsinin Bakı- Salyan soşesində üzü Astara istiqamətində göstərilməsi ilə bağlı bildirmişdir ki, o, həmin günü telefonunu qardaşına vermiş və sonuncu da rayona getmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. 2005-ci il 28 iyun tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahıları”n İİİ Siyahısında “diazepam” və “alprozolam” Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddə kimi göstərilmişdir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 240.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Bu cinayətlərin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş digər mötəbər dəlillərlə onun tərəfindən bu əməllərin törədilməsi tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 240.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 240.1 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ailə vəziyyətini, himayəsində üç uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, qalıq qalan 26 həb “ЗОЛАМАКС..Alprozolamum 0,5mg”, 06 tablet “Диазепекс...diazepam...5mg”, 02 tablet “Хаnах...Alprozolam 0,5mg”, 16 ampul “Трамадол..Калчекс..2ml/100mg”, 01 ampul “Трамадол...2ml/100mg”, 17 kapsul “Трамадол...50 mg”, 45 tablet “Тизерчин Levomepromazin..25mg”, 76 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, 159 tablet “ЧИКЛОДОЛ-гриндекс...triheksifenidil...2 mg”, 45 tablet “Баклосан baklofen...10 mg”, 45 tablet “Баклосан...baklofen...25 mg”, 46 tablet “Benzonal...Benzobarbital 100mg” dərman preparatları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməli, 01 bir ədəd A seriyalı 54211724 nömrəli 10 manatlıq və bir ədəd B seriyalı 02121908 nömrəli 20 manatlıq pul əsginazları Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 istifadəsində, 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 146,05 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 240.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, bu Məcəllənin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Yasamal Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, qalıq qalan 26 həb “ЗОЛАМАКС..Alprozolamum 0,5mg”, 06 tablet “Диазепекс...diazepam...5mg”, 02 tablet “Хаnах...Alprozolam 0,5mg”, 16 ampul “Трамадол..Калчекс..2ml/100mg”, 01 ampul “Трамадол...2ml/100mg”, 17 kapsul “Трамадол...50mg”, 45 tablet “Тизерчин Levomepromazin..25mg”, 76 tablet “CОМНОЛ...Zopiklon 7,5mg”, 159 tablet “ЧИКЛОДОЛгриндекс...triheksifenidil...2 mg”, 45 tablet “Баклосан baklofen...10mg”, 45 tablet “Баклосан...baklofen...25mg”, 46 tablet “Benzonal...Benzobarbital 100mg” dərman preparatları hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin, 01 bir ədəd A seriyalı 54211724 nömrəli 10 manatlıq və bir ədəd B seriyalı 02121908 nömrəli 20 manatlıq pul əsginazları Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 istifadəsində, 01 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın, ekspertiza tədqiqatının dəyəri 146 (yüz qırx altı) manat 05 (beş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-55/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-55/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver