Məhkəmə qərarları › İş №1(006)-55/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-55/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-55/2021 03.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X5 X3 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1987-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti, 1/2 saylı evdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx.xx.1997-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 2/11 saylı evdə qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 227 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs məxsus, hərəkətsiz vəziyyətdə saxlanılmış 800 manat dəyərində “Boston Jonvay” markalı, “YY50QT-6” modelli mopedi və həmin mopedin yük yerində olan 100 manat dəyərində müxtəlif növ açar alətlərini oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmuşlar. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il fevral ayının sonlarında iş tapmaq məqsədilə yaşadığı Ağdaş rayonundan Bakıya gələrkən yolda həmyerlisi Təqsirləndirilən şəxs2 ilə görüşüb söhbət etmişdir. Elmirin də Bakıya iş tapmaq üçün getdiyini biləndə, Bakıda iş tapıb birlikdə kirayədə yaşamaq qərarına gəlmişlər. Pulları olmadığı üçün bir müddət Elmirin tanışı olan Limanın evində qalmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində Elmirlə birlikdə şəhərin mərkəzində gəzərkən yolun kənarında qırmızı rəngli mopedin dayandığını görüb onu oğurlamaq qərarına gəlmişlər. Onlar birlikdə mopedi götürüb taksiyə qoymuş, Limanın işlədiyi kafeyə gedib ondan yol pulu alaraq mopedi Ağdaş rayonuna aparıb satmağı düşünmüşlər. Kafeyə gəlib Limandan 7 manat taksi pulu alaraq mopedi kafenin yaxınlığında saxlayıb içəri girmişlər. Kafedə çay içərkən Liman onlardan bu mopedin kimə aid olduğunu soruşanda, Elmir məsələ barədə ona danışmış və mopedi satmaq üçün ondan kömək istəmişdir. Lakin Liman bundan imtina etmişdir. Bundan sonra onlar kafedən çıxıb mopedi taksi ilə Lökbatan dairəsinə gətirmişlər. Ağdaşa getmək üçün yolun kənarında avtobus gözləyərkən yanlarında qara rəngli “VAZ 21115” markalı avtomobil saxlamış, oradan tanımadığı iki nəfər şəxs düşüb onlara yaxınlaşaraq mopedi satıb-satmadıqlarını soruşmuşlar. Bu şəxslərlə razılaşıb mopedi onlara 150 manata satmış, həmin puldan 50 manatı Elmir ona vermişdir. Törətdiyi əməldən peşmandır, vurulmuş zərərin hamısı özü tərəfindən ödənilib. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənlərə uyğun ifadə verdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində laborant işləyir və onun nəzdində olan yataqxanada yaşayır. 2019-cu ilin iyul ayında 1.200 manata “Boston Jonvay” markalı, dövlət qeydiyyat nişanı olmayan moped almışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən universitetə işə gələrkən bu mopedi qarşı tərəfdə saxlamışdır. Saat 17:30 radələrində işdən çıxarkən mopedin saxladığı yerdə olmadığını görmüşdür. Mopedin yük yerində 100 manat dəyərində açar alətləri də olmuşdur. Baş vermiş hadisə barədə “102” xidmətinə məlumat vermiş, daha sonra isə ərizə ilə polisə şikayət etmişdir. Hazırda ona vurulmuş zərər Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2725 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ön sağ işıq siqnalı, yanacaq təmizləyici borusu, mühərriki işə salan qurğu, səs siqnallarının tənzimləyicisi, amartizatorun rezini, ramasından sökülmüş dəmir birkanın (satış üçün nəzərdə tutulmadığından qiymətsiz) istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 60,00 manat, ekspertiza tədqiqatına təqdim edilməyən “Boston Jonvay” markalı, “YY50QT-6” modelli normal vəziyyətdə mopedin 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.210-212); - “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla “Boston Jonvay” markalı, “YY50QT-6” model, dövlət qeydiyyat nişanı olmayan mopedin ehtiyat hissələri: ön sağ işıq siqnalı, yanacaq tənzimləyici borusu, mühərriki işə salan qurğusu, səs siqnallarının tənzimləyicisi, amartizatorun rezini və ramasından sökülmüş üzərində Model-YY50QT-6, DİSPLACEMENT-4900, VİNNO-L8YGY02A6JY580520, RATED POVER -2.0, DATE 2018/05 sözləri yazılmış dəmir birka iş üzrə maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.216-228); - “Şübhəli şəxsin tutulması haqqında” protokollara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-331/2020 və 4(006)-333/2020 saylı qərarları ilə onların barələsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (İ cild, i.v.79-80, 106-107, 173-182); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.183-185); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (İ cild, i.v.191-192); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların, Təqsirləndirilən şəxs1 tərəfindən, həmçinin, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini isə həmin Məcəlləinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzəerə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 03 ay 24 gün müddət, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzalarını yaşayış yeri üzrə çəkməli, cəzanın icrası müddətinin əvvəli isə onların hər birinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Boston Jonvay” markalı, YY50QT-6 model, dövlət qeydiyyat nişanı olmayan mopedin ehtiyat hissələri: ön sağ işıq siqnalı, yanacaq tənzimləyici borusu, mühərriki işə salan qurğusu, səs siqnallarının tənzimləyicisi, amartizatorun rezini və ramasından sökülmüş üzərində Model-YY50QT-6, DİSPLACEMENT-4900, VİNNO-L8YGY02A6JY580520, RATED POVER -2.0, DATE 2018/05 sözləri yazılmış dəmir birka sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü“maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə“(vəkilə)“ödənilən haqq hər iş saatı üçün“6“manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 İlqar oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Ağdaş şəhəri, H.Əliyev prospekti, 1/2 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası Ağdaş Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, 2/11 saylı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 cəzasının icrası Ağdaş Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İlqar oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Boston Jonvay” markalı, YY50QT-6 model, dövlət qeydiyyat nişanı olmayan mopedin ehtiyat hissələri: ön sağ işıq siqnalı, yanacaq tənzimləyici borusu, mühərriki işə salan qurğusu, səs siqnallarının tənzimləyicisi, amartizatorun rezini və ramasından sökülmüş üzərində Model-YY50QT-6, DİSPLACEMENT-4900, VİNNO-L8YGY02A6JY580520, RATED POVER -2.0, DATE 2018/05 sözləri yazılmış dəmir birka sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar