Məhkəmə qərarları › İş №1(006)-55/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-55/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-55/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 08 avqust 1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 1 ünvanında yerləşən “Jasmin” gözəllik salonunun plastikdən olan giriş qapısını əli ilə fiziki güc tətbiq edib açaraq oraya qanunsuz daxil olub salonun içərisindən 1 ədəd 15 manat dəyərində “Viteks” markalı “VT- 2567 GR” modelli saç qırxan aparatı, 1 ədəd 5 manat dəyərində tünd göy rəngli, üzərində “m.f.pro” yazısı olan, 44-M ölçülü kişi üçün idman şalvarını, 1 ədəd 3 manat dəyərində üzərində “Li-ion" yazısı olan, qara rəngli işıqlandırıcını, 1 ədəd 5 manat dəyərində sarı rəngli kiçik ölçülü qazanı, 1 ədəd 1 manat dəyərində qara rəngli, naxışlı fincanı, 1 ədədinin qiyməti 50 qəpik olan, ümumilikdə 1 manat dəyərində 2 ədəd qulpu üzərində “Beautifully Flower" yazısı olan çay qaşığını, 1 ədəd 1 manat dəyərində üzərində gül rəsmi olan kasanı, 1 ədəd 1 manat dəyərində naxışlı kasanı, 1 ədəd 2 manat dəyərində üzərində mələk təsviri olan ağ rəngli süveniri, 1 ədəd 1 manat dəyərində kiçik ölçülü fincanı, 1 ədəd 50 qəpik dəyərində alt hissəsində “Germany designs” yazısı olan, ağ rəngli kiçik ölçülü boşqabı, 1 ədəd 50 qəpik dəyərində qulpu üzərində “Beautifully Flower” yazısı olan kiçik ölçülü bıçağı, 1 ədəd 2 manat dəyərində gümüşü rəngli, üzərində kvadrat formalı qara rəngli qaşı olan üzüyü, 1 ədəd 20 qəpik dəyərində saralmış vəziyyətdə iynədən ibarət, ağ rəngli sapı, 1 ədəd 20 qəpik dəyərində qara rəngli sapı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 50 manat dəyərində “Swarovski” qaşlı üzüyü, 110 manat dəyərində sırğa və üzükdən ibarət “Swarovski” qaşlı dəsti, hər birinin qiyməti 80 manat olan, ümumilikdə 400 manat dəyərində 5 ədəd “Swarovski” qaşlı qolbağı, hər birinin qiyməti 20 manat olan, ümumilikdə 80 manat dəyərində 4 ədəd tacı, 1 ədəd 50 manat dəyərində “Swarovski” qaşla bəzədilmiş boyunbağını, hər birinin qiyməti 100 manat olan, ümumilikdə 600 manat dəyərində qadın donlarını, salonda olan dəmir pul qabının içərisindən 110 manat nağd pulu və dolabın içərisində olan kitabçanın arasından 60 manat nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1498 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, bir müddət müxtəlif yerlərdə işləsə də, sonradan onun işləməsinə maneçilik törədildiyinə görə günlük xərclərini qarşılamaq üçün pulu olmamışdır. 21.07.2021-ci il tarixdə, saat 02 radələrində Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 ünvanında yerləşən “Jasmin” gözəllik salonunun qarşısından keçdikdə, həmin ünvana gecələmək məqsədilə daxil olmuş, orada bir müddət yatdıqdan sonra yuxudan oyanmış və üzərində pul olmadığından həmin salondan oğurluq etmək qərarına gəlmiş, salonun daxilinə göz gəzdirmiş və oradan ittiham üzrə qeyd edilən 1 ədəd üzük, 1 dəst komplekt (sırğa, üzük), 5 ədəd qolbaq, 4 ədəd tac, 1 ədəd boyunbağı, 6 ədəd istifadə olunmamış qadın geyimləri, salonda olan dəmir qabın içərisindən 110 manat nağd pul, bir ədəd qara rəngli “Vitek” markalı, üzqırxan adapteri ilə birlikdə, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd işıqlandırıcı, bir ədəd sarı rəngli kiçik ölçülü qazan, bir ədəd qara rəngli fincan, iki ədəd çay qaşığı, iki ədəd ağ rəngli boşqab, bir ədəd qız fiquru olan heykəl, bir ədəd kiçik ölçülü fincan, bir ədəd qab, bir ədəd ağ rəngli tiyəsi olan bıçaq, bir ədəd ağ rəngli üzərində kvadrat formasında qara daşı olan üzük və bir ədəd ağ və bir ədəd qara rəngli sapı salonun daxilində olan sellofan torbaya yığaraq, “Jasmin" gözəllik salonundan çıxmış, daha sonra “Qış parkı”nda oturacaqların üzərində gecələmiş, səhərisi günü, “Jasmin” gözəllik salonundan oğurladığı tam olaraq xatırlamadığı əşyaları tanımadığı şəxslərə sataraq pul əldə etmiş, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan polis idarəsindən onu çağırmışlar, o da könüllü şəkildə polis idarəsinə gedərək oğurluq etməsini etiraf etmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, dəymiş zərərin qismən zərərçəkmiş şəxsə ödənildiyini bildirərək, məhkəmədən barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 ünvanında yerləşən “Jasmin” gözəllik salonunu işlətmiş və həmin salonda saç kəsimi və dırnağa qulluq xidmətləri göstərilmiş, həmçinin qadın geyimləri satılmışdır. 21.07.2021-ci il tarixdə, saat 10 radələrində işlətdiyi “Jasmin” gözəllik salonunda dırnaq ustası işləyən Şahid ona zəng edərək “Jasmin” gözəllik salonun giriş qapısının açıq olduğunu görüb salondan oğurluq olması barədə DİN-nin 102 xidmətinə şikayət etdiyini bildirmiş, o, həmin vaxı Nabran rayonunda istirahətdə olduğundan, salondan oğurluq olduğunu öyrənib Bakı şəhərinə qayıdaraq, Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə şikayət etmiş, işlətdiyi “Jasmin” gözəllik salonunda baş vermiş oğurluq hadisəsi nəticəsində ekspert rəyində qeyd olunan 01 ədəd istifadədə olmuş, qutunun içərisində üzərində “Viteks” yazısı olan, Çin istehsallı, "VT-2567 GR” model saç qırxan aparat (adaptoru ilə birlikdə) - 15,00 manat, 01 ədəd istifadədə olmuş, tünd göy rəngli, üzərində “m.f.pro” yazısı olan, 44-M ölçülü kişi üçün idman şalvarı - 5,00 manat, 01 ədəd istifadədə olmuş, üzərində “Li-ion” yazısı olan, qara rəngli işıqlaııdırıcı - 3,00 manat, 01 ədəd istifadədə olmuş, diametri təxminən 16 sm, sarı rəngli kiçik ölçülü qazanın üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları) - 5,00 manat, 01 ədəd istifadə olunmuş, qara rəngli, naxışlı fincan - 1,00 manat, 02 ədəd istifadədə olmuş,qulpu üzərində “Beautifully Flower” yazısı olan çay qaşığı - 1,00 manat, 01 ədəd istifadədə olmuş üzərində gül rəsmi olan kasa 1,00 manat, 01 ədəd istifadədə olmuş naxışlı kasa 1,00 manat, 01 ədəd istifadədə olmuş, kiçik ölçülü, mələk təsviri olan,ağ rəngli süvenir 2,00 manat, 01 ədəd istifadədə olmuş kiçik ölçülü fincan 1,00 manat, 01 ədəd istifadədə olmuş, alt hissəsində “Germany designs” yazısı olan, ağ rəngli kiçik ölçülü boşqab 0,50 manat, 01 ədəd istifadədə olmuş,qulpu üzərində “Beautifully Flower” yazısı olan kiçik ölçülü bıçaq - 0,50 manat, 01 ədəd gümüşü rəngli,üzərində kvadrat formalı qara rəngli qaşı olan üzük - 2,00 manat, 01 ədəd istifadə olunmuş saralmış vəziyyətdə iynə, ağ rəngli sap - 0,20 manat, 01 ədəd istifadə olunmuş vəziyyətdə qara rəngli sap, - 0,20 manat 38,40 manat olmaqla 1 ədəd 50 manat dəyərində “Swarovski" qaşlı üzüyü, 110 manat dəyərində sırğa və üzükdən ibarət “Swarovski” qaşlı dəsti, hər birinin qiyməti 80 manat olan, ümumilikdə 400 manat dəyərində 5 ədəd “Swarovski” qaşlı qolbağı, hər birinin qiyməti 20 manat olan, ümumilikdə 80 manat dəyərində 4 ədəd tacı, 1 ədəd 50 manat dəyərində “Swarovski” qaşla bəzədilmiş boyunbağını, hər birinin qiyməti 100 manat olan, ümumilikdə 600 manat dəyərində qadın donlarının, salonda olan dəmir pul qabının içərisindən 110 manat nağd pul, digər dolabdan kitabçanın arasından 60 manat nağd pulun oğurlanması nəticəsində ona ümumilikdə 1498 manat 40 qəpik məbləğində maddi ziyan dəydiyini bildirmişdir. İfadəsinin sonunda oğurluq cinayəti nəticəsində ona təxminən 1500 manat maddi ziyanın dəydiyini, oğurlanmış əşyaların az hissəsinin ona qaytarıldığını bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın tam olaraq qaytarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 ünvanında yerləşən “Jasmin” gözəllik salonunda dırnaq ustası kimi fəaliyyət göstərmiş, həmin salonda saç kəsimi və dırnağa qulluq xidmətləri göstərilmiş, həmçinin qadın geyimləri satılmışdır. 21.07.2021-ci il tarixdə, saat 09 radələrində işlədiyi “Jasmin” gözəllik salonunun qonşuluğunda yaşayan sakinlərdən biri ona zəng edərək, salonun qapısının açıq olduğunu demişdir. O, dərhal Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 saylı ünvanında yerləşən “Jasmin” salonuna gələrək, salonun qapısının açıq olduğunu, içəri boylandıqda içərinin dağınıq olduğunu görüb, DİN-nin 102 xidmətinə zəng edərək işlədiyi Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 saylı ünvanda yerləşən “Jasmin” salonundan oğurluq olması barədə məlumat vermiş, daha sonra hadisə barədə salonun sahibi Zərərçəkmiş şəxs məlumatlandırmışdır. İş materiallarına əlavə olunmuş “Tutma protokolu”ndan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuş, 06 avqust 2021-ci il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 avqust 2021-ci il tarixdə, saat 14:00-dan hesablanmışdır (i/v 35, 69-73). İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” 06 avqust 2021-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, hadisə yerinin ünvan 2 ünvanda yerləşən “Jasmin” gözəllik salonu olması müəyyən edilmişdir (i/v 59-62). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-306/2016 saylı, 16.02.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.03.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4 və 181.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir (i/v 107-109, 111-117). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli, 9/6936 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş, qutunun içərisində, üzərində “Viteks” yazısı olan, Çin istehsallı, “VT-2567 GR” model saç qırxan aparat (adaptoru ilə birlikdə), 01 ədəd istifadədə olmuş, tünd göy rəngli, üzərində “m.f.pro” yazısı olan, 44-M ölçülü kişi üçün idman şalvarı, 01 ədəd istifadədə olmuş, üzərində “Li-ion” yazısı olan, qara rəngli işıqlandırıcı, 01 ədəd istifadədə olmuş, diametri təxminən 16 sm, sarı rəngli kiçik ölçülü qazanın üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları), 01 ədəd istifadə olunmuş, qara rəngli, naxışlı fincan, 02 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan çay qaşığı, 01 ədəd istifadədə olmuş, üzərində gül rəsmi olan kasa, 01 ədəd istifadədə olmuş naxışlı kasa, 01 ədəd istifadədə olmuş kiçik ölçülü, mələk təsviri olan ağ rəngli suvenir, 01 ədəd istifadədə olmuş kiçik ölçülü fincan, 01 ədəd istifadədə olmuş, alt hissəsində “germany designs” yazısı olan, ağ rəngli kiçik ölçülü boşqab, 01 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan kiçik ölçülü bıçaq, 01 ədəd gümüşü rəngli, üzərində kvadrat formalı qara rəngli qaşı olan üzük, 01 ədəd istifadə olunmuş saralmış vəziyyətdə iynə, ağ rəngli sap, 01 ədəd istifadə olunmuş vəziyyətdə qara rəngli sap, iynənin 2021-ci ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 38,40 manat müəyyən edilmişdir (i/v 120-122). İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə “Vitek” markalı üzqırxan adapteri ilə birlikdə, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd işıqlandırıcı, bir ədəd sarı rəngli kiçik ölçülü qazan, bir ədəd qara rəngli fincan, iki ədəd çay qaşığı, iki ədəd ağ rəngli boşqab, bir ədəd qız fiquru olan heykəl, bir ədəd kiçik ölçülü fincan, bir ədəd qab, bir ədəd ağ rəngli tiyəsi olan bıçaq, bir ədəd ağ rəngli üzərində kvadrat formasında qara daşı olan üzük və bir ədəd ağ və bir ədəd qara rəngli sap maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır (i/v 125-127). İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, “Vitek” markalı üzqırxan adapteri ilə birlikdə, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd işıqlandırıcı, bir ədəd sarı rəngli kiçik ölçülü qazan, bir ədəd qara rəngli fincan, iki ədəd çay qaşığı, iki ədəd ağ rəngli boşqab, bir ədəd qız fiquru olan heykəl, bir ədəd kiçik ölçülü fincan, bir ədəd qab, bir ədəd ağ rəngli tiy\si olan bıçaq, bir ədəd ağ rəngli üzərində kvadrat formasında qara daşı olan üzük və bir ədəd ağ və bir ədəd qara rəngli sap Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 129). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərəçəkmiş şəxs və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 03 (üç) ay 05 (beş) gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Viteks” yazısı olan, Çin istehsallı, “VT-2567 GR” model saç qırxan aparat (adaptoru ilə birlikdə), 01 ədəd istifadədə olmuş, tünd göy rəngli, üzərində “m.f.pro” yazısı olan, 44-M ölçülü kişi üçün idman şalvarı, 01 ədəd istifadədə olmuş, üzərində “Li-ion” yazısı olan, qara rəngli işıqlandırıcı, 01 ədəd istifadədə olmuş, diametri təxminən 16 sm, sarı rəngli kiçik ölçülü qazanın üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları), 01 ədəd istifadə olunmuş, qara rəngli, naxışlı fincan, 02 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan çay qaşığı, 01 ədəd istifadədə olmuş, üzərində gül rəsmi olan kasa, 01 ədəd istifadədə olmuş naxışlı kasa, 01 ədəd istifadədə olmuş kiçik ölçülü, mələk təsviri olan ağ rəngli suvenir, 01 ədəd istifadədə olmuş kiçik ölçülü fincan, 01 ədəd istifadədə olmuş, alt hissəsində “germany designs” yazısı olan, ağ rəngli kiçik ölçülü boşqab, 01 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan kiçik ölçülü bıçaq, 01 ədəd gümüşü rəngli, üzərində kvadrat formalı qara rəngli qaşı olan üzük, 01 ədəd istifadə olunmuş saralmış vəziyyətdə iynə, ağ rəngli sap, 01 ədəd istifadə olunmuş vəziyyətdə qara rəngli sapın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-562/2021 saylı, 29.10.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 29 oktyabr 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz aəkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə təyin edilmiş vaxtından əvvəl şərti azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 05 (beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsn. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Viteks” yazısı olan, Çin istehsallı, “VT-2567 GR” model saç qırxan aparat (adaptoru ilə birlikdə), 01 ədəd istifadədə olmuş, tünd göy rəngli, üzərində “m.f.pro” yazısı olan, 44-M ölçülü kişi üçün idman şalvarı, 01 ədəd istifadədə olmuş, üzərində “Li-ion” yazısı olan, qara rəngli işıqlandırıcı, 01 ədəd istifadədə olmuş, diametri təxminən 16 sm, sarı rəngli kiçik ölçülü qazanın üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları), 01 ədəd istifadə olunmuş, qara rəngli, naxışlı fincan, 02 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan çay qaşığı, 01 ədəd istifadədə olmuş, üzərində gül rəsmi olan kasa, 01 ədəd istifadədə olmuş naxışlı kasa, 01 ədəd istifadədə olmuş kiçik ölçülü, mələk təsviri olan ağ rəngli suvenir, 01 ədəd istifadədə olmuş kiçik ölçülü fincan, 01 ədəd istifadədə olmuş, alt hissəsində “germany designs” yazısı olan, ağ rəngli kiçik ölçülü boşqab, 01 ədəd istifadədə olmuş, qulpu üzərində “Beautifully Flower” yazısı olan kiçik ölçülü bıçaq, 01 ədəd gümüşü rəngli, üzərində kvadrat formalı qara rəngli qaşı olan üzük, 01 ədəd istifadə olunmuş saralmış vəziyyətdə iynə, ağ rəngli sap, 01 ədəd istifadə olunmuş vəziyyətdə qara rəngli sapın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar