Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-55/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızının, onun müdafiəçisi “M.B.M” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Osmanova (Bayramova) Könül Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Osmanova (Bayramova) Könül Telman qızı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, X4 ilə müştərək qaydada 103743,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 103773,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 iyun 2021-ci il tarixli, 2(004)-2794/2021 saylı qətnaməsinin icasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(006)-3675/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 13 iyun 2023-cü il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 iyun 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Cleopatra” gözəllik salonunda saç ustası işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 400,00 manat təşkil edir. 2020-ci ilin təxminən avqust-sentyabr aylarında rəfiqəsi X3 vasitəsi ilə pərakəndə qızıl-zinət əşyaları satan Zərərçəkmiş şəxs ilə tanış olmuş, bundan sonra Humay sonuncudan nisiyə qızıl-zinət əşyaları götürüb birgə satmağı və dəyərini ödəməyi ona təklif etmiş, o, isə H.Qurbanovanın təklifini qəbul etdiyi üçün rəfiqəsi Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda cəmi 140000.0 manat dəyərində nisiyə qızıl-zinət əşyaları götürərək 32000,00 manatlıq hissəsini ona vermiş, o, isə 32000,00 manat dəyərində qızıl-zinət əşyalarından 14000,00 manatlıq hissəsini sataraq, Zərərçəkmiş şəxs ödəmiş, qalan hissəsini isə ödəyə bilməmiş, belə olan halda Zərərçəkmiş şəxs onu Humayla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 ünvanında yerləşən mənzilində məcbur edərək 103000,00 manat ikisinin ona borcu olmasına dair müvafiq sənəd imzalatmış, bir müddətdən sonra onlar həmin borcu qaytara bilmədiyi üçün onlara qarşı 2021-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 103773.0 manat məbləğində pul tələbinə dair iddia qaldırmış, Məhkəmənin 09 iyun 2021-ci il tarixli, 2(004)- 2794/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan və X1 müştərək qaydada 103743,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 103773,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasının ona aid hissədə icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(006)-3675/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edildikdən sonra icra məmuru qətnamənin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətsizliyini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan aktını özünə aid hissədə icra etməmişdir. Ödənişlər edə bilməməsinin səbəbi maddi imkanının olmaması və həmçinin talesemiya xəstəsi olan qızının müalicəsinə çoxlu xərcinin çıxdığını, buna görə də çatdıra bilmədiyini bildirmişdir. Osmanova (Bayramova) Könül Telman qızı məhkəmədə son sözündə zərərçəkmiş şəxsə 2455 manat ödəniş etdiyini, qalan məbləği isə hissə-hissə ödəyəcəyini, himayəsində xəstə uşağının olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Osmanova (Bayramova) Könül Telman qızını 2019-cu ilin təxminən aprel ayında tanışı X3 vasitəsi ilə tanımış, həmin ilin sonlarında onlar bir neçə dəfəyə ondan cəmi 111373,00 manat dəyərində satıb dəyərini ödəmək məqsədilə qızıl-zinət əşyaları nisiyə götürmüş, bir müddət sonra borclarından 7630,00 manatını ödəsələr də, 103743,0 manatını ödəməkdən boyun qaçırmışlar, belə olan halda onlara qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 09 iyun 2021-ci il tarixli, 2(004)-2794/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Osmanova (Bayramova) Könül Telman qızından və X1 müştərək qaydada 103743,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 103773,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsinin Könül Osmanovaya (Bayramovaya) aid hissəsinin icrası ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı ona dəfələrlə bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən bir mənalı olaraq imtina etdiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(006)-3675/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını özünə aid hissədə icra etməmiş, uzun illərdir qadın gözəllik salonlarında saç ustası işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyandan cəmi 2455 manat pul vəsaiti onun bank hesabına ödənilmişdir. O isə borcunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o uzun illərdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayonda yerləşən “Cleopatra” gözəllik salonunda dırnaq ustası işləməklə fərdi əmək fəaliyyəti ilə məşğuldur, Osmanova (Bayramova) Könül Telman qızı ilə orada bir yerdə işləmişlər, sonuncu həmin salonda qadın saç ustası işlədiyi üçün onun yanına çox saylı qadın müştəriləri gəlmiş və onların saçlarına aid işlərin K.Osmanova (Bayramova) tərəfindən görüldüyünün şahidi olmuşdur. Salonda olarkən eşitmişdir ki, K.Osmanova (Bayramova) kiminləsə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur, lakin qızıl-zinət əşyalarının sahibinə müəyyən məbləğdə borcları qalmışdır. Hadisə barədə tam olaraq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iki ilə yaxındır ki, həmin xanımları başqa bir salondan tanımışdır. Uzun illərdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayonda yerləşən “Cleopatra” gözəllik salonunda kiprik ustası işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Osmanova (Bayramova) Könül Telman qızı ilə orada bir yerdə işləmişlər, sonuncu həmin salonda qadın saç ustası işlədiyi üçün onun yanına çoxlu sayda qadın müştəriləri gəlmiş və onların saçlarına aid işlər K.Osmanova (Bayramova) tərəfindən görülmüşdür. Könül və Humay qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olmuşlar, lakin eşitdiyinə görə onlardan həmin qızıl-zinyət əşlarını alan şəxs onları aldatmışdır. Bu səbəbdən də zərərçəkmiş şəxsə borclarını ödəyə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Osmanova (Bayramova) Könül Telman qızından və X1 müştərək qaydada 103743,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 103773,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 iyun 2021-ci il tarixli, 2(004)-2794/2021 saylı qətnaməsinin Könül Osmanovaya (Bayramovaya) aid hissəsinin icrasının təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün ona bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə şöbəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 3(006)-3675/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətsizliyini davam etdirməklə qətnamənin icrasından K.Osmanova (Bayramova) qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2794/2021 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs və X1 müştərək qaydada 103743 (bir yüz üç min yeddi yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul olunmuşdur (i/v 11-17). İş materiallarında olan qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs vaxt müəyyən edilmiş və bununla bağlı ona bildiriş göndərilmişdir. Lakin bu müddətdə məhkəmə aktı könüllü icra olunmadığından tələbin borclunun əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqanlara sorğular edilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır (i/v 20, 21, 23-25). İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-2/2-37974/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. (i/v 94). İş materiallarında olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-3675/2022 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmiş, həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2867/2022 saylı, 07.12.202-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. (i/v 46-49, 62-69). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8(006)-365/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” qərar qəbul olunmuşdur (i/v 53-55). İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Osmanova (Bayramova) Könül Telman qızının məhkumluğu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 139). İş materiallarında olan Nəsimi rayon 33 saylı MKİS-nin rəisi M.M.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu 3-cü Alatava küçəsi 315 saylı evdə qeydiyyatsız yaşayır və onun haqqında Nəsimi rayon 33 saylı Mənzil Kommunal İstismar sahəsinə hər hansı bir yerdən heç bir şikayət və müraciət daxil olmamışdır (i/v 95). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Osmanova (Bayramova) Könül Telman qızının himayəsində 07 may 2014-cü il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 114). İş materiallarında olan “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 oktyabr 20123-cü il tarixli qərardan görünür ki, Osmanova (Bayramova) Könül Telman qızının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 169). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC-dən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs bank hesabına 2455 manat pul vəsaiti ödəniş olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda bu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsidir) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Osmanova (Bayramova) Könül Telman qızının hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Osmanova (Bayramova) Könül Telman qızı törətdiyi cinayət əməlinə görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızının ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyandan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızının cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və ilk dəfə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Osmanova (Bayramova) Könül Telman qızına onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Osmanova (Bayramova) Könül Telman qızı yaşadığı ünvan 2nını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “M.B.M” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Osmanova (Bayramova) Könül Telman qızına göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Osmanova (Bayramova) Könül Telman qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Osmanova (Bayramova) Könül Telman qızı yaşadığı ünvan 2nını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Osmanova (Bayramova) Könül Telman qızı cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Osmanova (Bayramova) Könül Telman qızı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “M.B.M” Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-55/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-55/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver